Neft-qaz yataqlarının işlənmə sistemi



Yüklə 14,5 Kb.
tarix22.04.2017
ölçüsü14,5 Kb.
#15572


Neft-qaz yataqlarının işlənmə sistemi

Qaz, özlülüyün çox az, elastikliyinin yüksək olması ilə neftdən fərqlənir. Qazın hərəkətetmə qabiliyyəti də çox yüksəkdir. Buna görə də qaz yataqları istismar olunarkən onun qaz papağında olan təzyiqi bütün lay boyu tez paylanır və eyni qiymətə malik olur. Qaz quyuları arasında məsafə neft quyularına nisbətən böyük olur. Quyuların yerləşdirilməsi zamanı yatağın rejimi mütləq nəzərə alınmalıdır. Əgər subasqı rejimi mövcuddursa, istismar quyuları qazlılıq konturuna paralel cərgələrdə yerləşdirilir. Əgər lay bircins deyilsə, istismar quyuları qeyri-bərabər şəbəkələr üzrə yerləşdirilə bilər.

Keçmiş Sovetlər İttifaqında qaz yataqlarının istismarı zamanı quyular arasında məsafə 400-2500 m, ABŞ-da isə 150-1000 m-ə qədər qəbul edilmişdir. Təbiidir ki, quyular arasında məsafə layların bircinsli olub-olmamasından asılıdır.

Adətən, qaz yataqlarını istismar edən quyulardan maksimum həcmdə qaz almağa çalışırlar. Lakin yüksək təzyiqli kənar suların, təzyiqli suların olması quyulardan alınan qazın miqdarının məhdudlaşdırılmasını tələb edir. Əks halda yataq vaxtından əvvəl sulaşır, laylar isə sıradın çıxır.

Çıxarılabilən qazın miqdarı ilə nəql edilən qazın miqdarı arasında müəyyən əlaqə olmalıdır. Əgər çıxarılan qaz magistral qaz xətlərinə kompressorsuz verilirsə, quyu ağzında təzyiq 4-5 MPa-dan az olmamalıdır. Əgər qaz baş kompressor qurğularına verilirsə, quyuağzı təzyiq bundan da az ola bilər.

Qaz yataqlarında neft zolağı olarsa, ilk növbədə neft hissəsi istismar edilir, sonra qazın çıxarılmasına başlanılır. Bəzən isə neft ilə qazın eyni zamanda çıxarılmasına başlanılır. Lakin belə hallarda lay təzyiqi bütün istismar müddətində həm neftli hissədə, həm də qaz papağında eyni olmalıdır. Əks halda neft qazlı hissəyə daxil olur və quru süxurlar üzərində nazik təbəqəciklər əmələ gətirir ki, bu neftvermə əmsalını xeyli azaldır.

Çoxmərtəbəli qaz yataqlarının istismar prinsipi çoxmərtəbəli neft yataqlarının istismar prinsipinə analojidir. Yüksək hasilatlı laylar olduqda istismar kəmərində müqaviməti azaltmaq və quyu hasilatını artırmaq məqsədilə böyük diametrli quyular qazılır.

Müəyyən geoloji şəraitdə qaz tərkibində həll olmuş halda maye karbohidrogenləri olan qaz yığımları qaz-kondensat yatağı adlanır. Belə yataqlarda lay təzyiqi 25-70 MPa və lay temperaturu 900C-dən böyük olur. Qaz-kondensat yataqlarının işlənilməsi zamanı lay təzyiqinin düşməsi ilə əlaqədar olaraq əks-kondensə prosesi nəticəsində müəyyən miqdar maye komponentlər qazdan ayrılır və laylarda çıxarılmamış qalır. Odur ki, qaz-kondensat yataqlarının istismarı zamanı aşağıdakılara əməl edilməlidir:

- quyular arasında məsafə 800-1000 m-dən az olmamalı;

- lay daxilində təzyiq əks-kondensə prosesi gedən təzyiqdən az olmamalıdır, bunun üçün işlənilmə prosesini lay təzyiqinin saxlanılması üsulunun tətbiqi ilə yanaşı aparmaq, yəni, yataqdan çıxarılan qazı yenidən laya vurmaq lazımdır. İşlənilmə dairəvi işlənilmə prosesi sxeminə uyğun aparılır, qaz quyudan kondensat qurğusuna daxil olur, müəyyən təzyiq və temperaturda maye komponentlər ayrılır. Sonra quru qaz kompressora daxil olur, orada quyuağzı təzyiqdən 15-20% yüksək təzyiq altında sıxılır. Həmin təzyiqdə vurucu quyular vasitəsilə laya qaytarılır. Belə işlənilmə zamanı bütün qaz-kondensat ehtiyatının 85-90%-i realizə edilə bilər. Əgər qaz-kondensat yatağında lay təzyiqinin saxlanılması üsulu tətbiq edilmirsə, onda quyular üzrə hasilatı elə məhdudlaşdırmaq lazımdır ki, istismar zamanı quyudibi təzyiqi maksimum kondensəolma təzyiqindən az olmasın. Bu halda kondensat hasilatı 75%-ə çatdırıla bilər.



Çox zaman kondensat yataqlarında kiçik neft zolağı olur. Əcər laya süni təsir üsulu tətbiq edilmirsə, nefti qazdan əvvəl istismar etmək olmaz, çünki qaz papağında təzyiqin azalması nəticəsində maye karbohidrogen qazdan ayrılır. Lakin bəzi hallarda qaz papağı istismar olunursa, neft həmin hissəyə daxil ola bilər. Odur ki, istismar zamanı elə etmək lazımdır ki, neft və qaz birlikdə çıxarılarkən qazlılıq sərhədi hərəkətsiz qalsın.
Yüklə 14,5 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin