Öz adi iLƏ BÖYÜYƏ BİLMƏYƏNLƏr araz güNDÜZ



Yüklə 60 Kb.
tarix27.06.2017
ölçüsü60 Kb.
ÖZ ADI İLƏ BÖYÜYƏ BİLMƏYƏNLƏR
ARAZ GÜNDÜZ

İki yoldaş avtobusla Bakıdan evə qayıdırdıq, bir kənddən olduğumuzdan yanaşı yerə bilet alıb oturmuşduq. Bir yandan isti bizi təntitmişdi, bir yandan da sürücü avtobusu lap dəli kimi sürürdü. Sözün düzü, evə tez çatıb sərinlənmək də istəyirdik, ancaq bir yandan da ürəyimizi yeyirdik, birdən bir iş çıxarar, bizim bu dəliqanlı sürücümüz. Sürücü yolun yarısında, kölgəlik bir yerdə avtobusu saxlayıb: yarım saata çaydan-çörəkdən yeyin, sonra gedək, dedi. Özümüzə ağac kölgəsində qoyulmuş bir masada elə yenicə yer eləmişdik, bizimlə yaşıd olası ortayaşlı bir kişi yaxınlaşıb: bu boş stulda oturmaq olarmı, deyə soruşdu. Oturun, dedik. Yeməkpaylayan gələndə nə yeyəcəyimizi dedik, tanımadığımız kişi ancaq bir çaynik çay istədi, yeməkpaylayan aralanandan sonra: çalışın, yolda yemək yeməyəsiniz, görürsən, boyat yeməkləri gətirib verirlər, yeyib altını çəkirsən.


Yeməyimizi dinməzcə yeyib çay içməyə başlayanda, mən sözə körpü salmaq üçün, bir az qıraqda oturmuş avtobus sürücüsünü göstərib: ancaq yaman pis maşın sürür ha, dedim. Tanımadığımız kişi gülümsündü: düz deyirsən, yaman dəliqanlı adama oxşayır, dedi. Bir az susqunluqdan sonra dilləndi:

–Bu sürücünü görəndə bizim kənddə bir Abış vardı, onu andım, elə bil bir almanı yarıya bölüblər. Torpağı sanı yaşayasınız, mənim adı anılası nənəm deyərdi, insanlar bu dünyaya qoşa gəlirlər, yəni kimsə burada doğulursa, deməli onun bir tayı, tən oxşarı olan birisi də, haradasa doğulur, yoxsa, dünyanın dəngəsi(tarazlığı) pozular. Mən sonradan nənəmin bu sözünün üstündə çox düşünmüşəm, məncə bu keçmişlərdə olmuş hansısa bir inancla bağlıdır, ancaq hansıyla, bax bunu tapa bilmirəm. İndi bayaqdan bu sürücüyə baxıram, elə bil Abışı itələyib, durub yerində, adam-adama necə də oxşayarmış! Başağrısı olmasa, sizə Abışdan bir az danışım.

Biz ikimiz də bir ağızdan:

–Başağrısı niyə olur, buyurun danışın,-dedik.

–Siz məndən yaxşı bilirsiniz, indi bu yaşadığımız çağda, yoxsul kişinin oğlu olub dikbaşlıq eləmək olası bir iş deyil. Dikbaşlıq deyəndə, mən yetənə yetib, yetməyənə bir daş atmağı demirəm ha, yəni kiminsə qabağında alçalmamağı, mənliyini qorumağı, nə düşünürsənsə onu da üzə deməyi başa düşürəm. Ancaq sovet dönəmində belə işlər olurdu, görünür, onda adamları indiki təki çörək sınağı ilə sonacan sındıra biməmişdilər, bir yandan necə olsa da, onda bu vəzifəlilərin nədənsə bir qorxusu da vardı, ortada dəvədən böyük fil də vardı, yəni ən azından başlarının üstündə Moskva vardı, oradan qorxub çəkinirdilər, ancaq deyəsən ötən yüzilin 70-ci illərindən sonra bunlar, onların da dilini-ağzını pulla bağlaya bildilər, necə deyərlər Moskvanın da zayı çıxdı, dedilər, gedin nə bilirsiniz eləyin, can sizin, cəhənnəm tanrının, nə isə...
Tanımadığımız adam bir az duruxdu, özünə çay töküb, sözünün ardını gətirdi:

–Mən indi sizin üçün burada bir-iki ad çəkəcəyəm, bilirəm döşünüzə yatmayacaq, deyəcəksiniz, çoban-çoluq adıdır: Əsi, Kələş, Əliş, Təriş, Kəriş, Ağış, Abı, Abış. Mənə inanmırsınız, açın “Əski Türk Sözlüklərini”, baxın: Əsi–külək, Kələş–yaraşıqlı, Əliş–usta, Təriş–ağsaqqal, soyunu bir yerə toplayan, Kəriş–döyüşkən(birini vurmaq üçün dartınan adama kərəzləndi deyilməsi buradandır), Ağış–xəzinə, Abı–ruh, könül, Abış–dizin üstü deməkdir. Yoxsa indi kimi dindirsən durub deyəsidir, Kəriş–Kərimin, Abı–Abdullanın, Ağış–Ağahüseynin çoban-çoluqlaşmış biçimidir, o biri adlar da bunun təki. O da düzdür, bizlər elə: Ağahüseyinə–Ağış, Abdullaya–Abı, Kərimə–Kəriş deyirik, habelə bunun kimi, o biri adları da el arasında başqa sayaq çağırırıq, ancaq bunun niyəsi, indiyənəcən adımıza yamaq olmuş bu yad sözlərə alışa bilməməyimizdəndir. Deməyim odur, görün ha öz kökümüzə, keçmişimizə, haracan yadlaşmışıq, belə gözəl adlar indi bizə bayağı, gülünc görsənir.


Biz iki kəndçi yerimizdə qurcalanıb, altdan-altdan biri-birimizə baxırdıq, ikimizin də üzündən: “bu kişi nə sayaqlayır?” deyən bir sorğu oxumaq olardı. Deyəsən, tanımadığımız kişi də nəsə anlamışdı, bir az duruxub, sonra dilləndi:

–Darıxmayın, indi bu adları sadalamağımın niyəsini sizə deyəcəyəm. Abışın atasının adı Kəriş idi, ancaq necə deyərlər, lap mikroskopla axtarsan da, onda adına yaraşan nəsə tapa bilməzdin, olduqca yoxsul, dilsiz-ağızsız, necə deyərlər, başıqapazlının birisi idi, işi-gücü də kolxozun naxırını otarmaq idi. Nə başınıızı ağrıdım, Abış evin böyüyü idi, ancaq kənddə bir kimsə də onun işindən baş aça bilmirdi, Abışın davranışı, hamı üçün, dönüb olmuşdu bir tapmaca: görəsən, Kəriş kimi yazıq, başıaşağı bir kişinin oğlu nədən belə dikbaş, ötkəm olmuşdu? Düzdür, Abış da öz adının anlamına görə, diz üstündə sayqılanaraq, yağ içində böyrək kimi bəslənməmişdi, bir qarın ac, bir qarın tox yaşayırdılar, axtarsan, kənddə onlardan ac-yalavacı tapılmazdı da. Bizim kənd adamı da, allah göstərməsin, bir kimsəni ayamasız qoymazdı qalsın, bu Kərişin də üzdə öz adını deyərdilər, ancaq daldada onu “sərçətutan” çağırardılar. Bu ayamanın da kökü Kərişin birinci evliliyinə gedib çıxırdı. İş belə olmuşdu, günlərin bir günü, kolxoz sədri kənddə bir kimsənin yiyə durmaq istəmədiyi ayağısürüşkən bacısını Kərişə sırımışdı. Toy gecəsi, gəlinin üzüqara çıxdığını görən yengə, Kərişi küncə qısnamışdı, o da evin damında yuva quran sərçələrdən tutub, ikisinin-üçünün boğazını üzüb, gərdək döşəyini qana bulamış, gəlinin üzünü ağ eləmişdi. Sonra elə o yengə də, bu olayı bütün kəndə yayıb, dilə-ağıza salmışdı. Kəriş də gəlini çox saxlamamışdı, kəndin başbilənlərindən kimsə onu başa salmış, o da gəlinin gününü göy əskiyə düyüb pisikdirmiş, başından eləmişdi.


Abışın birinci igidliyi mənim gözümün qabağında olmuşdu... O günü kəndə hay düşmüşdü, deməyəsən, ferma müdiri Ağış Kəriş kişini nəyə görəsə bərk döyüb. Axşam üstü, şöünük vuran çağı(bizim kənddə qaranlığın düşməsinə belə deyirlər), bütün kənd adamı fermanın yanına yığışar, örüşdən qayıdan sürüdən qoyunlarını ayırıb aparardılar. Biz də durub sürünün qayıtmasını gözləyir, altdan-altdan bizimlə yanaşı dayanmış Abışa göz qoyurduq, atasının döyülməyinə görə, çoxumuzun ona ürəyi yanırdı, ancaq elə arsızlar da vardı, ona baxıb bığaltı qımışırdılar. Abış da nəsə yerində oyur-oyur oynayır, tez-tez fermaya sarı baxırdı, bir də onda gördük, Abış yerə sinə-sinə fermaya sarı gedir, biz də nəsə anlamadan ona göz qoyuruq, görəsən bu niyə belə eləyir, birdən Abış bir göz qırpımında, pişik kimi sıçrayıb, özünü fermanın qabağında sağıcılarnan danışan ferma müdirinə yetirdi, yetirməyi ilə əlindəki çomağı var gücü ilə onun başına çalmağı bir oldu, ferma müdiri Ağış tarappadan dəydi yerə, gəlib gördük haçandı ürəyi gedib, başı-gözü də qan içində. Sağıcı qadınların qışqırığından qulaq tutulur, Ağışın üzünə su səpib ayıldan kim, xısın-xısın gülən kim, Abış isə gözə dəymirdi, qarışıqlıqda qaçıb aradan çıxmışdı. Bu olayı çox da açıb-ağartmadılar, kolxoz sədri Ağışa demişdi, milisə şikayət verərsən, sənin Kərişi döyməyinin üstü açılar, onsuz da Kərişin nəyi var, ondan nə də alsınlar, ancaq girəvəyə salıb səni soğan kimi soyarlar, bu sistem işçiləri.
Bu olaydan sonra Abış bizim kənd uşaqlarının Koroğlusu oldu. Düzdür, Koroğlunun atası naxırçı yox, ilxıçı olmuşdu, onu Kəriş kişi kimi ferma müdiri döyməmişdi, Həsən xan götürüb kişinin gözünü çıxarmışdı, ancaq nə olsun, bizim üçün Abış da elə Koroğluya tay olan bir igid idi, necə də olsa atasının öcünü almışdı. Qaldı Koroğlunun Qıratına, sizə gülmək gəlməsin, Abışın da öz “Qıratı” vardı, düzdür, bu Qıratdan çox balaca, boz bir eşşək idi, ancaq Abış bu boz eşşəyin üstündə elə oturardı, onu kənd yolunda toz qopara-qopara elə çapardı, onun bu boz eşşəyi bizim üçün elə Qıratın yerini verərdi. Onu da deyim, Abışın biz yeniyetmələrdən iki “üstünlüyü” də vardı. Birincisi, bizim aramızda gizlində yox, göz qabağında papiros çəkən tək o idi, deyilənə görə, atası da bununla öyünürmüş, onun Abışa: “oğul papruz(papiros) pulun qurtaranda, utanma de”, söylədiyini öz qulaqları ilə eşidənlər vardı. İkincisi, Abış kənddə “toxunulmaz” eşşəyi olan tək yeniyetmə idi. Abışın, “Qıratın” yerinə mindiyi boz eşşəyi özünün idi, ondan başqası: nə atası, nə başqa biri olsun, bu eşşəyi minə bilməzdi.
Hamısını danışsam uzun çəkər, qısa eləyirəm, Abışın kənddə istədiyi qız da vardı, burada da Abış hamımızdan seçilərdi, utanıb-qızarmadan istədiyi qızın adını çəkər, “qoy bir özümə gəlim, atası verməsə götürüb qaçacağam”, deyərdi. Qız da kim olsa yaxşıdır, kolxozun baş aqronomu, kənddə hamının tük saldığı Kələşin qızı. Bu Kələş, müharibədə minaya düşmüşdü, sol ayağının barmaqlarını qəlpə aparmışdı deyin, çəliklə gəzərdi, veteran olduğuna görə də ondan çəkinərdilər, çəkinməyəni də, görərdin, çəliyini başına çaxıb, “qandırardı”. Bildiyimizə görə, qız Abışı istəmirdi, Abışın yoxsulluğu onu qızın gözündən elə salmışdı, necə deyərlər, fələk oğlu kələk də gəlsəydi bu işi yoluna qoya biməzdi.
Abış orta məktəbi qurtarıb Bakıya, peşə məktəbinə getdi, o çağlar rayonlarda peşə məktəbləri olmazdı. Üç-dörd ay sonra tətilə gələn Abış, kənd arasında elə yeriyirdi, deyərdin indi ayağı altında yer yarılacaq. İndiki kimi gözümün qabağındadır, peşə məktəbindən ona göy-bozumtul bir kostyum vermişdilər, onu geymişdi, boynuna da bir şarf dolayıb, bir ucunu çiyninə atmışdı, Abış yeriyir, iki addım atandan sonra şarfın ucu çiynindən sürüşüb düşür, Abış başını dik tutub dayanır, şarfın ucunu saymazyana çiyninə tolazlayır, yenə iki-üç addım atır, yenə də şarfını düzəldir, mən moda sözünü ilk dönə onda eşitdim, deyirdilər, Abış “modalı” oğlan olub, Bakıda hamı onun kimi şarfla gəzir. Bir il keçmiş, kəndə hay düşdü, Abış Bakıda evlənib, açığı, bu bizim üçün bir az anlaşılmaz oldu, biz evlənməyi toyla, zurna-qavalla görmüşdük, sonradan başı çıxanlar bizə dedilər, ora Bakıdır, orada kim-kimi bəyəndi, qurtardı getdi, çal-çağırsız, zurna-qavalsız, olurlar ər-arvad. Abışın anası da başına yığışan kənd arvadlarına baxıb, üzünə bir az qayğılı, bir az qüssəli görkəm verib deyibmiş: Uşaq keçinə bilməyib də, neynəsin, bunun əyin-başı, yemək-içməyi var, gərək kimsə qulluğunu tuta da. Bir də bilirsiniz, uşağım beyniqanlıdır, özünü tutub saxlamayacaqdı ha, düyə him eləməsə, buğa sıçramaz... Ancaq bilənlərin deməsinə görə, Abış orada ayağısürüşkənin birinə ilişibmiş, sonradan da ayrılıbmış.
Kişi çaydan bir qurtum alıb bizdən soruşdu:

–Sizi yormuram görəsən?

Biz ikimiz də: Oturmuşuq da onsuz, sözünüzü danışın, dedik.
–Abış əskərliyini çəkib gələndən sonra kolxozda ona iş vermədilər, sürücü işləmək üçün Abış gərək kolxoz sədrinə ən azı 5-6 yüz manat pul verib maşın gətizdirəydi, Abışın pulu nə gəzirdi? Bir az sonra Abış şəhərdə, Yol idarəsində işə düzəldi, bir sınıq-salxaq “Zil” maşın vermişdilər, iki gün işləyəndə beş gün təmirə dayanırdı. Ancaq deyilənə görə, Abış orada idarənin müdiri ilə dil tapmışdı, onun “ürəkli oğlan” olduğunu görüb, adına yalandan iş yazıb, pulunun çoxunu özlərinə götürür, bir azını da ona verirdilər. Bu qalsın, onu deyim, onda mən Bakıda institutda oxuyurdum, yay tətilinə gələndə, gecə yarıya kimi oturub kitab oxuyar, aradabir qapıya çıxıb papiros çəkərdim, qapı qonşumuz rayonda, Statistika İdarəsində rəis müavini işləyirdi, gecənin hansı çağı papiros çəkməyə çıxırdım, görürdüm, qapıda var-gəl eləyir. Bir yol mənə yaxınlaşıb, ürəyini açdı: Qonşu, sözün düzü, qorxudan gözümə yuxu getmir, bu köpəyuşağı elə işlər görürlər, mən elə kağızlara qol çəkirəm, birinin üstü açılsa, allah bilir mənə neçə il iş verərlər. Koxoz 100 litr süd verir, yazdırırlar 300 litr, min ton üzümü eləyirlər beş min ton, sənə hansını deyim, qalmışam içimdə qırıla-qırıla... Bax o dediyim, ötən yüzilin 70-ci illəri beləydi, Abış da düşmüşdü bu alçaqların tələsinə, ömründə pul görməyən Abış ola, boş yerdən cibinə pul qoyalar... Nə başınızı ağrıdım, Abış oldu şəhərin ən yeyib-içən cayıllarından biri, sonu da o oldu, içki düşkünü olub getdi, sovet dağılandan sonra əlinə pul gəlmədi, qurşandı qondarma araqlara, günlərin birində də elə bu əldəqayırma araqdan da partlayıb öldü...
Kişi susdu, bir az düşüncəyə daldı, sonra saatına baxıb, dilləndi:

–Deyəsən beş dəqiqəmiz qalıb getməyə. Mən mistikaya qapılan adam deyiləm, ancaq sonradan nənəmin dediyi o: “insan dünyaya qoşa gəlir” sözünün üstündə düşünəndə ağlıma bir şey gəldi, yaxşı, tutalım, insanlar dünyaya qoşa gəlib onun dəngəsini pozulmağa qoymurlarsa, onda bunlardan biri öləndə gərək o biri də ölsün, yoxsa dəngə pozulmazmı? Nənəm də sağ deyildi soruşam, bu necə olur? Sonra, sizə gülməli gəlməsin, özüm bunun açmasını tapdım, qoşa gələnlərdən biri öləndə, sağ qalan onun da yükünü çəkməli olur, bunun başqa yolu yoxdur.


Siz də bilərsiniz, birinin uşağı doğulub, başqaları bundan soraq tutanda, ondan uşağın adını soruşar, sonra da belə deyərlər: adı ilə böyüsün! Yəni, bu uşaq ona qoyulan ada yaraşan bir ömür sürsün. İndi deyirəm, götürüb düzgün bir statistika aparasan, görəsən bu uşaqlardan neçəsi öz adı ilə böyüyür? Mənə elə gəlir, yüzdən onu öz adına uyğun böyüsə böyük işdir. Lap götürün elə bu, indi dilimizə yamaq olmuş ərəb-fars adlarını: görürsən birinin adını qoyublar Qüdrət, baxırsan, ölüvayın biridir, o birinin adını qoyublar İlham, düşünüblər bu “ilhamlanıb” şair olasıdı, sevgi şeiri yazasıdı, bir gün də bunun sorağı gəlir, hansısa kazinoda olan-qalanını uduzub, sevimli arvadını da girov qoyub! Biz tələbə olanda, kimsə götürüb bir satira yazmışdı, çoxunu unutmuşam, ancaq belə bir yeri vardı:
Babəkin– bazarda göyərti satır,

Koroğlun–Bayılda türmədə yatır,



Nə günə qalmısan, can Azərbaycan...
Dədə-babalarımızın işiylə-gücüylə tanınmayan birisinə ad qoymamağı, elə-belə deyildi ha! Aha, avtobus getmək düdüyünü çaldı, yolçu yolda gərək, getdik...
Avtobus yola düşdü, ancaq məni də, elə yoldaşımı da, bu tanımadığımız kişinin danışığı elə tutmuşdu, ikimiz də evə çatana kimi, bizi qaplayan dərin düşüncələrdən ayrıla bilmədik... Yoldaşımın nə düşündüyünü deyə bilmərəm, ancaq mənə ən çox çöçün gələn bir də o idi, indiyənəcən bir kimsədən belə sözlər eşitməmişdim, görəsən o kişi bunları haradan bilirdi?!..
Avtobusdan şəhərə çatmamaış düşəcəkdik. Kəndimizə çatanda sürücünü haraylayıb, avtobusu saxlatdıq. Düşəndə, bizdən üç sıra qabaqda oturan tanımadığım kişi ilə əl verib sağollaşdım, özümü saxlaya bilməyib: Bağışlayın, sizin adınızı da bilmədik, dedim. Kişi gülümsədi: Adım Əməndir, əski türkcədə palıd deməkdir,-dedi,- ancaq deyəsən mən də elə adıma görə böyüməmişəm, görkəmimdə palıda oxşarlıq yoxdur...
13-15 mart 2012-ci il.

Yüklə 60 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə