«Türkologiya».–2011.-№1.–S.69-75.
TÜRK DİLLƏRİNDƏ ORTAQ TERMİNOLOGİYANIN YARADILMASI
CƏMİLƏ BABAYEVA
Xülasə. Məqalədə türk xalqları arasında dil birliyi üçün vacib olan ortaq terminlərdən bəhs olunur. Bununla
yanaşı, termin yaradıcılığında türk dillərinə əsalanaraq ortaq terminologiyanın yaradılması yollarından, həmçinin bu
sahədə görüləcək işlər və irəli sürülən təkliflərdən danışılır.
Açar sözlər: türk dünyası, türk dilləri, dil birliyi, ortaq, terminologiya
XI-XIl əsrlərdən etibarən Azərbaycan dilinə külli miqdarda ərəb və fars sözləri daxil olmuş və bu proses
təxminən XVIII əsrin əvvəllərinə qədər davam etmişdir. XIX əsrdə artıq şərq dillərindən gələn sözlər azalmağa
başlamış, rus dilindən və bu dilin vasitəsilə Avropa dillərindən alınan terminlər çoxluq təşkil etmişdir. XX əsrdə
Azərbaycan dilinin lüğət tərkibinə ictimai-siyasi, elmi-texniki tərəqqi ilə bağlı olaraq, yeni-yeni terminlər daxil
olmuşdur. Bu terminlərin əsas hissəsini Avropa mənşəli sözlər təşkil edir. Azərbaycan dili, ingilis, alman, fransız,
italyan, ispan və s. dillərlə birbaşa təmasda olmadığından, həmin terminlər rus dili vasitəsilə dilimizə daxil
olmuşdur. Rus dili, Avropa dilləri ilə Azərbaycan dili arasında bir növ vasitəçi rolu oynamışdır. Bu səbəbdən
dilimizə rus dilinin özündən də ictimai-siyasi və elmi-texniki tərəqqi anlayışı ilə bağlı olan sözlər keçmişdir.
N. Cəfərov qeyd edir ki, «XX əsrin əvvəllərində, xüsusilə sovet dövründə, bir sıra rus alınmalarının milli
tələffüzə uyğunlaşması daha əvvəlki dövrlərin təcrübəsindən gəlir və vaxtilə rus dilinə keçmiş türk mənşəli sözlər
rus dili ilə müxtəlif türk dillərinin leksik kontaktını asanlaşdırır. Bununla belə, xüsusilə sovet dövründə, rus dilinin
ümumittifaq ünsiyyət vasitəsi səlahiyyətindən sui-istifadə olunmuş, türk ədəbi dillərinə, o cümlədən Azərbaycan
türk ədəbi dilinə heç bir tarixi əsası olmadan külli miqdarda rus və Avropa sözləri doldurulmuşdur» [1. S. 100].
Bildiyimiz kimi, dil başqa dillərdən alınan sözlərlə zənginləşir. Elm və texnologiya sahələrindəki inkişafla
əlaqədar olaraq, bir çox əcnəbi terminlər dilə daxil olur. Amma əcnəbi terminləri qəbul etməzdən əvvəl dilin
mövcud imkanlarmı araşdırmaq lazımdır.
Məlumdur ki, alınma terminlər dilimizə mənsub olduğu dilin qrammatik qayda-qanunlarını, fonetik
xüsusiyyətlərini gətirir. Halbuki əcnəbi dillərdən gələn terminlərin Azərbaycan dilində qarşılıqları vardır, ya da türk
dilləri bunları qarşılayacaq yaradıcı imkanlara malikdir.
Hər hansı bir dilin elm dili olması üçün əvvəlcə o dilin beynəlxalq səviyyədə elm və texnologiya sahəsindəki
termin və ifadələri qarşılayacaq söz xəzinəsinə sahib olması mütləqdir.
Azərbaycan dilinin quruluşu elmi terminləri qarşılayacaq xüsusiyyətə malikdir. O öz-özünü kökündən yarada
bilən, işləndikcə zənginləşən bir dildir. Qrammatik xüsusiyyətlər baxımından Azərbaycan dili qədər düzgün
qaydalarla təchiz edilmiş başqa bir dil yoxdur. «Başqa dillərdə olduğu kimi, Azərbaycan dilində də
terminologiyanın yaradılması və zənginləşdirilməsi üçün ən əlverişli yol dilin daxili imkanları əsasında terminlərin,
termin-söz birləşmələrinin yaradılmasıdır. Ona görə də elm və texnikanın müxtəlif sahələrində meydana gələn yeni
anlayışların ifadəsi üçün terminlər yaradılarkən ən əvvəl ana dilinin lüğət tərkibinə nəzər salmaq, onun daxili
imkanlarından səmərəli istifadə etmək lazımdır» [2. S. 64-65].
Müstəqillik illərində termin yaradıcılığında əsas mənbə kimi türk dillərindən istifadə edilməkdədir. Eyni
soydan gələn, eyni tarixi, dil və mədəniyyəti paylaşan türk dövlətləri ilə 1990-cı ildən sonra iqtisadi, mədəni, siyasi
əlaqələrin inkişafı dilimizə qonşu türk dillərindən, əsasən də Türkiyə türkcəsindən külli miqdarda terminlərin daxil
olmasına səbəb olmuşdur. Azərbaycan dilində termin yaradıcılığının əsas istiqamətlərini araşdıran X. Qasımova
yazır ki, «eyni kökdən olan Azərbaycan və Türkiyə türkcəsi üçün ortaq olan, lakin rus dilinin uzunmüddətli təsiri
nəticəsində lüğət tərkibimizdə işlək olmayan bir sıra ortaq türk sözləri alınmaların qarşılığı olaraq işlənməyə
başlandı. Terminlərin işlənməsində paralellik meydana gəldi. Hər bir sözün yenicə daxil olduğu dilə uyğunlaşması,
adaptasiya prosesi başlandı» [3. S. 28].
Hal-hazırda müstəqil Azərbaycan, türkmən, qazax, özbək və qırğız xalqları ilə Türkiyə arasında əlaqələrin
həcmi və intensivliyi durmadan artmaqdadır. Hərtərəfli əməkdaşlığın inkişafı, bu qohum dillərin lüğət tərkibinə də
öz təsirini göstərir. Tarixi-mədəni, təhsil, iqtisadi-siyasi, diplomatik, beynəlxalq və s. sahələrlə bağlı söz alıb söz
verirlər. Məlumdur ki, Türkiyə türkcəsinə Avropa dillərinin təsiri böyükdür. Bu dilə fransız, ingilis, italyan və s.
dillərdən külli miqdarda sözlər keçmişdir. Alınmalar zamanı bu tip sözlərdən mümkün olduqca uzaq olmaq, türk
mənşəli sözlərdən istifadə etmək daha məqsədəuyğundur.
Əvvəlki dövrlərdə terminalmada rus dili mühüm rol oynayırdısa, müasir dövrdə Qərbi Avropa, xüsusən
ingilis dilinin, həmin funksiyanı yerinə yetirdiyini görürük. Bu proses milli terminlərin yaranmasına mənfi təsir
göstərir. Bunun qarşısını almaq üçün türk dillərinin geniş funksional imkanlarından yararlanmaq lazımdır. Dilimizi
xarici dillərin təsirindən qorumaq, inkişaf etdirib, zənginləşdirmək üçün onu şüurlu bir şəkildə öz qayda və
qanunlarına uyğun olaraq istifadə etməliyik.
Təbii ki, türk dillərinə əsaslanaraq ortaq terminlər yaradarsaq, dilimizə daxil olan əcnəbi söz və ifadələrin
qarşısını almaq asanlaşar. Bunlara qarşılıq tapmazsaq Azərbaycan dilində düşünə bilmərik və əcnəbi dillərin türk
dilləri üzərindəki hökmranlığı daha da artmış olar. Bu gediş türk. dillərinin inkişaf edib zənginləşməsinin qarşısını
almaqla yanaşı, türk elminə və mədəniyyətinə də mənfi təsir göstərər.
Müstəqillik qazandıqdan sonra türk dövlətləri arasında ortaq ünsiyyətə xidmət edəcək dilin yaranması
zamanın tələbinə çevrilmişdir. Bu istiqamətdə atılacaq ilk addımlardan biri ortaq əlifbaya nail olmaqdırsa, digəri
ortaq terminologiyanın yaradılmasıdır.
Uzun müddət bir-birindən ayn düşmüş türk xalqlarının yaxınlaşması üçün ilk növbədə onların dillərinin
yaxınlaşması vacib şərtdir. Türk dillərinin yaxınlaşması üçün bu dillərin lüğət tərkibində ortaqlıq yaratmaq
lazımdır. Dil birliyi üçün ortaq terminlərin yaradılması qarşıda duran vacib şərtlərdəndir.
Terminləri türk mənşəli söz köklərindən yaratmaq lazımdır. Türkcənin bir elm dili kimi inkişafı bundan
aslıdır.
Türk xalqlarının soykökünə qayıtması və terminologiya sahəsində birlik əldə olunması üçün ortaq termin
sözlüklərinin hazırlanması böyük rol oynaya bilər. Bu baxımdan türk dillərindəki terminləri ehtiva edən ortaq türk
terminoloji lüğətlərin nəşr edilməsi son dərəcə vacibdir. Bu terminləri istifadə edən türk dünyası ölkələri bu sahədə
də yaxınlaşmış olar və beləliklə türk dilləri arasında birlik bir qat daha güclənər.
1993-cü ildən keçirilən türk dövlət və cəmiyyətlərinin dostluq, qardaşlıq və əməkdaşlıq qurultayında türk
dünyasını narahat edən məsələlər, onların həlli yolları, ortaq türkcə problemləri əsas mövzuya çevrilmişdir.
Keçirilən qurultaylar zamanı türk dillərində ortaq terminologiyanın yaradılması müzakirə olunan əsas məsələlər
sırasında olmuşdur. Türk dövlət və cəmiyyətlərinin dostluq, qardaşlıq və əməkdaşlıq qurultayı terminlərlə bağlı bir
sıra qərarlar qəbul etmişdir.
I qurultayda dil-əlifba komissiyası, türk dillərində terminləri birləşdirmək məqsədiylə ayrı bir terminoloji
iclasın qurulması və terminoloji komissiyanın yaradılması fikrini irəli sürmüşdü [4. S. 3].
Türk dövlət və cəmiyyətlərinin FV Dostluq, qardaşlıq və əməkdaşlıq qurultayında hüquq komissiyası türk
dövlətləri arasında hüquq sahəsində də termin birliyi yaratmaq üçün «Türk ləhcələri hüquq terminləri lüğəti»nin
hazırlanmasını qərara almışdır [4. S. 97].
Bundan başqa qurultay qərarları içərisində təhsil terminologiyasında ortaqlığı təmin etmək məqsədilə ortaq
ixtisas komissiyasının qurulması, həmçinin türk dünyasında dil, ədəbiyyat, incəsənət, elm, texnika və idman kimi
müxtəlif sahələrə aid mümkün olduqca ortaq terminlərin yaradılması fikri yer almaqdadır [4. S. 35].
Türk dövlət və cəmiyyətlərinin V Dostluq, qardaşlıq və əməkdaşlıq qurultayında mədəniyyət komissiyası
türk dünyasında termin birliyi sahəsində aparılan işlərin sürətləndirilməsini, bununla bağlı olaraq türk dövlət və
cəmiyyətləri tərəfindən elmi iclaslar keçirilməsini və nəticələrin ictimaiyyətə çatdırılmasını tövsiyə etmişdir [4. S.
115].
Türk dövlət və cəmiyyətlərinin V Dostluq, qardaşlıq və əməkdaşlıq qurultayının yekun sənədində türk
dünyasında termin birliyini təmin etmək məqsədilə əlaqədar sahələrdə mütəxəssislərin qatılacağı elmi iclasların
keçirilməsi qərarı qəbul edilmişdir [4. S. 131].
2007-ci ildə Bakıda keçirilən türk dövlət və cəmiyyətlərinin XI Dostluq, qardaşlıq və əməkdaşlıq
qurultayında təhsil və elm adamları ortaq terminologiyanın yaradılmasına dair tövsiyə və təkliflərini irəli sürmüşlər.
B. Əsgərov «Türk ölkələri birliyi: ortaq hüquq terminləri» ilə bağlı qurultaydakı çıxışında vurğulamışdır ki,
«müzakirələrdə iştirak edən hər bir ölkə təmsilçisi istəyəcəkdir ki, onların termini qəbul olunsun. Buna görə də hər
bir ölkədən hüquq və dilçilik üzrə elm adamları dəvət olunmalı, işçi qrupu yaradılmalı, bu istiqamətdə müzakirələr
aparılmalıdır.
Müzakirə əsnasında mühüm əhəmiyyət kəsb edən məsələlər ön plana çıxarılmalı, bu sahədə bir sistem
qurulmalıdır. Bunun üçün terminyaratmada və terminologiyada mövcud olan nəzəri və praktiki biliklərə əsaslanmaq
lazımdır. Termin üçün xarakterik ünsürlər əsas götürülərək, seçim aparılmalıdır. İlk olaraq terminin milli mənşəli
olmasına diqqət yetirilməlidir. Daha çox ölkədə özünə yaşamaq haqqı qazanmış, yəni, türk dövlətlərinin çoxunda
işlədilən eyni bir termin seçilməlidir» [5. S. 259]. Sonra o, belə bir təklif irəli sürür: «Anadolu türkcəsi daha çox
topluma xidmət edir, Türkiyə kimi qocaman bir dövlətin dövlət dilidir. Eyni zamanda Türkiyənin dövlətçilik
ənənəsi daha qədimdir, onun imkanları daha genişdir. Bunlar nəzərə alınaraq, Türkiyə türkcəsindəki hüquq
terminləri əsas götürülə, kiçik dəyişiklik, əvəzləmələr aparılmaqla, bütün türk dövlətləri üçün ortaq terminlərə
çevrilə bilər» [5. S. 260].
F. Ağasıoğlu XI qurultayda bu məsələyə münasibət bildirərək qeyd edir ki, «ayrı-ayrı elm sahələrinə aid
terminoloji lüğətlərin ortaq dildə tərtibi, bir tərəfdən, həmin elmlərin inkişafına xidmət edər, digər tərəfdən, ortaq
türk dilinin zənginləşməsinə səbəb olar. Beynəlxalq qurultay, forum, simpozium və sair toplantılarda danışılan dil
qarşılıqlı anlaşmaya yardım etməlidir. Bunun üçün ən gözəl vasitə yenə də ortaq dildir. Ona görə müxtəlif sahə
uzmanları dilçi alimlərlə birlikdə gecikmədən konkret sahələr üzrə terminlər sözlüyünün tərtibinə başlamalıdırlar»
[5. S. 290].
Dil birliyi üçün ortaq terminlərin yaradılması haqqında deyilənləri qısaca belə ümumiləşdirmək olar:
-ortaq terminlər milli mənşəli olmalıdır;
-termin yaradıcılığında əsas mənbə kimi türk dillərindən istifadə edilməlidir;
-türk dövlətlərinin çoxunda işlədilən eyni bir termin seçilməlidir;
-ortaq terminoloji lüğətlər hazırlanmalıdır.
Türk: dillərində ortaq terminologiyanın yaradılması dil birliyimizin əsas göstəricisidir. Söz yaradıcılığının
bütün uğurlu yollarından faydalanıb, dilimizə yeni ortaq terminlər qatmalıyıq.
Məqalənin elmi yeniliyi və tətbiqi əhəmiyyəti. Məqalənin elmi yeniliyi və tətbiqi əhəmiyyəti ondan
ibarətdir ki, türk dilləri üçün ortaq terminologiyanın yaradılması, türk xalqlarının və onların ədəbi dillərinin
birliyini reallaşdırmaq baxımından əhəmiyyətli ola bilər. Həmçinin bu proses türk dillərinə daxil olan əcnəbi
terminlərin qarşısını almaqda mühüm praktik əhəmiyyət kəsb edir.
Ə D Ə B İ Y Y A T
1. Cəfərov Nizami. Seçilmiş əsərləri. Bakı: Elm, 2007. C. 1.
2. Sadıqova Sayalı. Azərbaycan dili terminologiyasının nəzəri problemləri. Bakı: Elm, 2002.
3. Qasımova Xanım. Müstəqillik illərində Azərbaycan dilində termin yaradıcılığının əsas istiqamətləri. Bakı:
Elm, 2009.
4. 9. Türk Dövlət Toplulukları Dostluk, Kardeşlik ve İşbirliği Kurultayı. TÜDEV. Ankara, 2006.
5. Türk dövlət və cəmiyyətlərinin XI dostluq, qardaşlıq və əməkdaşlıq qurultayı. Bakı, 2008.
ДЖАМИЛЯ БАБАЕВА
СОЗДАНИЕ ЕДИНОЙ ТЕРМИНОЛОГИИ ТЮРКСКИХ ЯЗЫКОВ
Резюме
В статье говорится о важной дня всех тюркских народов проблеме создания единой терминологии, о
намеченных в этой области действи ях, а также о некоторых путях претворения в жизнь этих действий.
Ключевые слова: тюркский мир, тюркские языки, языковое единство, совместный, терминология
JAMILA BABAYEVA
THE WAYS OF CREATION COMMON TERMINOLOGY ON TURKIC LANGUAGES
Summary
In the article is spoken about the common terms which are necessary for language unit among Turkic people.
The ways of creation common termino logy, based on Turkic languages, are shown in tenn creativity. There is also
spoken about the works to be done and the suggestions to be offered in this field.
Key words: Turkic world, Turkic languages, language union, community, terminology