T Ü R K O L O G İ Y A
№ 1
2016
FAİQ ƏLƏKBƏROV (Azərbaycan)
*
AZƏRBAYCANDA 90 İL ÖNCƏ
TÜRKOLOJİ QURULTAYIN KEÇİRİLMƏSİNİN
ƏSL MAHİYYƏTİ HAQQINDA
X ü l a s ə
Məqalədə 1926-cı ildə Bakıda keçirilən Türkoloji Qurultayın qarşısında duran
əsas problemlərdən birincisi, milli əlifba və milli dil məsələsi təhlil edilir. Türkoloji Qu-
rultayın keçirilməsinin əsas təşəbbüsçüləri isə Yeni Türk Əlifbası (YTƏ) Komitəsi və
Azərbaycanı Araşdırma və Öyrənmə Cəmiyyəti idi. Türkoloji Qurultayda ərəb əlifbasın-
dan latın əlifbasına keçilməsi çağırışına cavablar dinlənilmişdir. Qurultaya qatılan 131
nümayəndədən 93-ü türkdilli, qalanları digər xalqların təmsilçiləri olmuşlar. Maraqlıdır
ki, qurultayda ərəb əlifbasının islahatı və latın əlifbasının qəbul edilməsiylə yanaşı, milli
terminologiyanın yaradılması və türkdilli xalqlar üçün ədəbi dil, ana dilinin tədrisi
metodikası, türk dillərinin orfoqrafiyası haqqında məsələlərə də yer verilmişdir. Yeni
türk əlifbası məsələsində iki cərəyan: 1) latınçılar və 2) islahatçılar (ərəb əlifbası tərəf-
darları) mövcud olmuşdur. Məqalədə həmin cərəyanın tərəfdarlarının fikirləri ilə yanaşı,
ərəb əlifbasından latın, daha sonra kiril əlifbasına keçilməsinin səbəbləri də izah
olunmuşdur.
Açar sözlər: Türkoloji Qurultay, Azərbaycanı Araşdırma və Öyrənmə Cəmiyyəti,
Yeni Türk Əlifbası Komitəsi, latın əlifbası tərəfdarları, ərəb əlifbası
tərəfdarları
90 il bundan öncə – Bakıda 1926-cı il fevralın 26-dan martın 5-dək davam
edən türkdilli xalqların Türkoloji Qurultayının qarşısında duran əsas problem-
lərdən biri milli əlifba və milli dil məsələsi olmuşdur. Türkoloji Qurultayın keçi-
rilməsinin əsas təşəbbüsçüləri isə Yeni Türk Əlifbası (YTƏ) Komitəsi və Azər-
baycanı Tədqiq və Tətəbbö Cəmiyyəti (Azərbaycanı Araşdırma və Öyrənmə
Cəmiyyəti) idi. Türkoloji Qurultayda ilk növbədə ərəb əlifbasından latın əlifba-
sına keçid çağırışına cavablar dinlənilmişdir. Çünki Türkoloji Qurultayı keçir-
məkdə əsas məqsəd ərəb əlifbasından latın əlifbasına keçmək zərurətini müza-
kirə etmək, bu məsələdə türk ziyalılarının dəstəyini almaq idi.
*
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Fəlsəfə və Hüquq İnstitutu, fəlsəfə doktoru, dosent.
E-mail: faikalekperov@mail.ru
Azərbaycanda 90 il öncə Türkoloji Qurultayın keçirilməsinin əsl mahiyyəti haqqında
101
Eyni zamanda qurultayda latın əlifbasının qəbulu, ən pis halda ərəb əlifba-
sının islahatının aparılmasına dəstək əldə etməklə yanaşı, milli terminologiyanın
yaradılması və türkdilli xalqlar üçün ədəbi dil, ana dilinin tədrisi metodikası,
türk dillərinin orfoqrafiyası haqqında məsələlərə də yer verilmişdir. Başqa sözlə,
Türkoloji Qurultay türk dilini alınma sözlərdən, xüsusilə ərəb-fars kəlmələrindən
təmizləməyi də əsas məsələ kimi müzakirə obyekti seçmişdir. Bu zaman türk di-
linin hansı dialektinə daha çox üstünlük verilməsi, yaxud da əski türk dilinə mü-
raciət olunması diqqət mərkəzində idi.
Qurultaya qatılan 131 nümayəndə heyətinin 93-ü türkdilli xalqların nüma-
yəndələri, digərləri başqa xalqların təmsilçiləri idilər. İştirakçıların əksəriyyəti
latın əlifbasına keçidin tərəfdarı olsa da, əleyhinə çıxanlar da vardı [1.S.231].
1920-ci illərdə türkdilli xalqların milli əlifba və milli dil məsələsinin Tür-
koloji Qurultay adı altında geniş şəkildə gündəmə gətirilməsi, ən əsası, bu pro-
sesdə Azərbaycanın ön plana çıxarılması təsadüfi olmamışdır. Hər halda SSRİ-
nin coğrafiyasının və əhalisinin xeyli qisminin türk coğrafiyası və türk
xalqlarından ibarət olması bu addımın atılmasında mühüm rol oynamışdır. Sovet
ideoloqlarının ərəb əlifbasından latın qrafikasına keçilməsi, milli terminologiya,
milli orfoqrafiya məsələsini gündəmə gətirməsi birmənalı şəkildə imperiya
maraqlarına hesablanmışdı. Halbuki ilk baxışda SSRİ-nin milli əlifba və milli
terminologiya məsələsi “xeyirxah” niyyət, Türkoloji Qurultayın keçirilməsi isə
bunun bariz nümunəsi kimi dəyərləndirilirdi. Əslində isə sovet Rusiyasının yeni
əlifba siyasəti Azərbaycan, Tatarıstan, Başqırdıstan və Orta Asiya türklərini is-
lam-türk dünyasından ayırmaq üçün əvvəlcədən düşünülmüşdü [2.S.9].
Azərbaycan Xalq Cümhuriyyətinin siyasi müstəqilliyinə son qoyan sovet
Rusiyası Yeni Türk Əlifbası adı altında latın qrafikasını Azərbaycan, Tatarıstan,
Başqırdıstan, Krım və Türküstanda tətbiq etməklə türk xalqlarının milli mədə-
niyyətlərini zərbə altında qoyurdu. Bu baxımdan sovet ideoloqları üçün bu, müs-
təmləkəçiliyə hədəflənmiş “yenilik” idi. Başqa sözlə, tələm-tələsik yeni əlifbaya –
latın əlifbasına keçid bütün türkdilli xalqların keçmişi ilə gələcəyi arasında
körpünün yandırılmasına, eyni zamanda dünənə qədər onunla eyni əlifbanı pay-
laşan türk-müsəlman xalqları, xüsusilə Türkiyə ilə mənəvi və siyasi bağların qı-
rılmasına hesablanmışdı.
Maraqlıdır ki, sovet ədəbiyyatında da yeni türk əlifbasının ortaya çıxması-
nın birinci mərhələsində (1920-1929) bununla bağlı iki cərəyanın: 1) latınçılar
(latın əlifbası tərəfdarları) və 2) islahatçıların (ərəb əlifbası tərəfdarları) olduğu
iddia edilirdi [3.S.10]. Əslində, əlifba məsələsi ilə bağlı “latınçılar” və “islahat-
çılar” adlanan iki cərəyandan bəhs olunması SSRİ-nin əsl niyyətini gizlətmək
üçün uydurulmuş terminlər idi. Hər halda, çar Rusiyasında, eyni zamanda Os-
manlı imperiyasında XIX əsrdən başlayaraq milli əlifba və milli dil məsələsinin
gündəmə gətirilməsi öncədən düşünülmüş antitürk konsepsiyanın ilk maddələri
olmuşdur. Deməli, bu məsələlərin dərininə vardıqda görürük ki, burada problem
zahirən gerilik və tərəqqiçi anlamında köhnə əlifbada qalmaq, ya da yeni
əlifbaya keçmək məsələsi olmamışdır. Ona görə də məsələni tam dərk etmək
üçün XIX əsrin ortalarından başlayaraq “latınçılar” və “islahatçılar”ın milli əlif-
ba və milli dil məsələsi ilə bağlı irəli sürdükləri mülahizələrə, ən əsası, onların
Faiq Ələkbərov
102
hansı siyasi-ideoloji dünyagörüşünə və nəzəri-fəlsəfi ideyalara əsaslanmalarına
qısaca diqqət yetirmək zəruridir.
Qeyd etdiyimiz kimi, XIX əsrin ortalarından başlayaraq Azərbaycanda,
Osmanlı imperiyası və digər türk ellərində “latınçılar”ın ortaya çıxdığını və dai-
ma onlara qarşı olan “islahatçılar”ı görürük. Azərbaycanda ərəb əlifbasında isla-
hatlar aparılması, ya da latın qrafikasına keçməyin öncülləri arasında Mirzə
Fətəli Axundzadə xüsusilə fərqlənmişdir. M.F.Axundzadə Rusiya Elmlər Akade-
miyasının üzvü B.Dorna məktubunda yazırdı: “Sivilizasiyanın indiki sürətli nai-
liyyətləri dövründə yazının belə qeyri-təbiiliyi mədəni dünyanın Şərq ədəbiy-
yatına sarı gedən yolunu həmişəlik bağlaya bilməzdi, onun əlifbasında mütləq
dəyişiklik əmələ gəlməli idi” [4.S.50]. Bu işin təşkilatçısı olan çar Rusiyası hiy-
ləgərcəsinə Axundzadəyə yol göstərirdi ki, öncə Türkiyə və Qacarlar ərəb əlifba-
sında islahatların mümkünlüyü məsələsini müzakirə edərək müəyyən bir qərar
qəbul etməlidir. Bu məqsədlə 1863-cü ildə Türkiyəyə səfər edən M.F.Axundza-
də ölkənin baş naziri Fuad paşa, eləcə də Türkiyə Elmlər Akademiyasının
üzvləri ilə görüşsə də, məqsədinə çatmır. Qacarların Maarif Nazirliyi də ona
“yox” cavabı verərək yazır: “Əlifbamızı dəyişdirməyə əsla ehtiyacımız yoxdur”
[4.S.101]. Bundan sonra çar Rusiyası ideoloqlarının təsiri altında M.F.Axund-
zadədə yeni fikir yaranır: “Mən iki cür əlifba düşünmüşəm. Onlardan biri latın
əlifba hərflərindən seçilərək tərtib edilməlidir ki, onu soldan-sağa yazmaq lazım
gələcəkdir. İkincisi isə, hazırkı əlifbamız əsasında qurulmalıdır ki, onu hazırda
olduğu kimi sağdan-sola yazmaq olar” [4.S.172].
Əlifba məsələsində Axundzadənin yolunu davam etdirən Məhəmməd Ağa
Şahtaxtlı XIX əsrin sonlarında yeni əlifba layihəsi hazırlamış və bir müddət bu-
nun üçün çalışmışdır. Ancaq çar Rusiyasının ideoloqları həmin dövrdə bunu hə-
yata keçirməyin mümkünsüzlüyünü görüb, A.Şahtaxtlıya ciddi dəstək verməmiş-
dilər. Bunun “nisgilini” yaşayan A.Şahtaxtlının SSRİ dövründə Azərbaycanın la-
tın əlifbasına keçməsini dərhal müsbət qarşıladığını görürük [5.S.20-30; 231].
Şübhəsiz, ilk baxışda mütərəqqi mahiyyət daşıyan ərəb əlifbasında dəyişikliklər
edilməsi, ya da latın əlifbasına keçilməsi ideyası müsəlman-türk birliyini parça-
lamağa yönəlmişdi. Bu səbəbdəndi ki, M.F.Axundzadənin, Mirzə Kazım bəyin,
M.A.Şahtaxtlının “əlifba və dil islahatları” rus-Avropa alimləri tərəfindən rəğ-
bətlə qarşılanmış və onlara lazımi dəstəklər verilmişdi. Hər halda, onların ortaq
türk dili əvəzinə məhəlli türk dilini müdafiə etmələri, eyni zamanda ortaq
əlifbanın aradan qaldırılması prosesində müəyyən əməkləri danılmazdır. Çar
Rusiyası maraqlı idi ki, burada yaşayan türk-tatarların vahid millət (türk-tatar:
azərbaycanlı, başqırd, özbək, qazax və b.), vahid dil (türk dili: Azərbaycan, tatar,
qazax və s.), vahid əlifba (ərəb əlifbası: kiril, latın, ərəb və s.) fikri aradan
qaldırılsın və parçalansın. Vaxtilə Əlibəy Hüseynzadə bu “islahatlar”ın antiislam,
antitürk mahiyyətini görərək bildirmişdi ki, “əlifba islahatı” tərəfdarlarının
(M.F.Axundzadə, M.A.Şahtaxtlı) Tiflisdən bunu bəyan etmələri çox düşündürü-
cüdür: “Üç yüz milyon islamın əlifbasının altmış-yetmiş milyon türkün imlasını
bir hökmi-qaraquş ilə türkün, islamın mərkəzindən uzaq olan yuvalarından bir-
dən dəyişmək istəyirlər! Halbuki böylə mühüm bir əmr üçün kəndilərində lazım
gələn məlumatdan əsər belə yox! Türkün imlasının islahı üçün deyil, sərf və
Azərbaycanda 90 il öncə Türkoloji Qurultayın keçirilməsinin əsl mahiyyəti haqqında
103
nəhvi mükəmməl bilmək, bəlkə bütün türklərin tarixinə, ədəbiyyatına, etno-
qrafiyasına, fonologiyasına haqqı ilə aşina bulunmaq tələb edər” [6.S.360].
Fikrimizcə, Ə.Hüseynzadə haqlı idi ki, ortaq türkcədən ayrı Azərbaycan
türkcəsinin inkişafında, eləcə də əlifba islahatı məsələsində əvvəlcə çar Rusiyası,
sonralar sovet Rusiyasının maraqlı və icraçı olmaları təsadüfi olmamışdır. Hər
iki halda məqsəd çar Rusiyası-sovet Rusiyası müstəmləkəsi altında yaşayan türk-
ləri, o cümlədən Azərbaycan türklərini türk dünyasından, xüsusilə Güney Azər-
baycan və Türkiyədən ayırmaq idi. Bu ona işarə idi ki, “islahatlar” məsələsində
M.F.Axundzadə və M.A.Şahtaxtlı hansısa sifarişləri bilərəkdən və ya bilməyə-
rəkdən gündəmə gətirirdilər. Çünki əlifba və dil “islahatı”nın əsas müəllifləri çar
Rusiyası və Avropa ideoloqları idilər. Onlar müsəlman-türk xalqlarının “oyanışı-
na”, “maariflənməsinə xidmət” adı altında ərəb əlifbasında və türk dilində “islahat-
lar” etmək niyyətində idilər. Bunu inandırıcı etmək üçün də elə bir şərait yarat-
mışdılar ki, həmin ideyaları məhz müsəlman-türk mütəfəkkirləri irəli sürürdülər.
Doğrudur, Qərb mədəniyyətinin təsiri altında milli demokratlar da vaxtilə
Azərbaycan Cümhuriyyəti (1918-1920) dövründə ərəb əlifbasından latın əlifba-
sına keçməyi təklif etmişdilər. Bu məqsədlə Azərbaycan parlamentində bir ko-
missiya təşkil olunmuş və bu komissiya latınlaşmış türk əlifbasının layihəsini
parlamentə də təqdim etmişdi [7.S.70]. Ancaq bir tərəfdən “İslam birliyi” ideyası
ilə çıxış edən “ittihadçı”ların, digər tərəfdən isə bolşevizmin gündən-günə
Azərbaycan Cümhuriyyətinə qarşı yönəlmiş təzyiqləri nəticəsində latın əlifbası-
na keçid məsələsi həmin dövrdə öz həllini tapmamışdı. Eyni zamanda Azər-
baycan Cümhuriyyəti latın əlifbasına keçidlə bağlı Türkiyə Cümhuriyyəti ilə
ortaq addım atmaq niyyəti də güdmüşdü. Həmin vaxt isə Türkiyə və Azərbaycan
Cümhuriyyəti üzərinə olan “mühafizəkar” basqılar bu məsələnin öz həllini tap-
masına əngəl olmuşdu.
Sovet dövründə ərəb əlifbasında dəyişikliklər edilməsinin tərəfdarı kimi
çıxış edən “islahatçılar”, əslində, həmin milli qüvvələr idi. Vaxtilə ərəb əlifba-
sından imtina edib latın əlifbasına keçmək istəyən Azərbaycan milli qüvvələrinin
sovet işğalı dövründə bunu istəməməsi təsadüfi deyildi. Əslində, milli-demokra-
tik qüvvələri narahat edən latın qrafikasına keçmək deyil, latın əlifbasına keç-
mək adı altında ifratçılığa varılması, millətlər arasında ayrı-seçkilik edilməsi, gə-
ləcəkdə kiril əlifbasına keçmək üçün bir vasitəyə çevrilməsi idi. Çünki SSRİ
xüsusilə əsarət altına aldığı türk xalqlarını özünəməxsus “beynəlmiləl siyasət”lə
assimilyasiya etmək niyyəti güdürdü. Bu baxımdan sovet Rusiyasının Azər-
baycanın, Tatarıstanın, Başqırdıstanın, Orta Asiyanın türk dövlətlərinin ərəb əlif-
basından latın qrafikasına keçməsinə bilavasitə şərait yaratmasında məqsədləri
yalnız türk millətlərini maarifləndirmək, elm və biliklərini inkişaf etdirmək ola
bilməzdi. Əgər SSRİ, yəni rəsmi Moskva belə səmimi niyyət güdürdüsə, nə üçün
yeni əlifba məsələsinə, əsasən, türk-müsəlman xalqları cəlb edilmişdi?! Yoxsa
Rusiya üçün ermənilər, gürcülər və başqa millətlər ikinci dərəcəli idilər? Deməli,
bu məsələdə Rusiyanın başlıca məqsədi türkdilli xalqları SSRİ-nin əsarətindən
kənarda qalan türk-müsəlman ölkələrindən, xüsusilə Türkiyə türklərindən ayır-
maq olmuşdur [8.S.192].
Faiq Ələkbərov
104
SSRİ ideoloqları bu planı birdən-birə həyata keçirə bilməzdi və bu,
mərhələli şəkildə nəzərdə tutulmuşdu. Həmin dövrdə milli qüvvələr də məhz so-
vet Rusiyasının bu ikiüzlü siyasətini ifşa etmişdilər ki, onların bu baxışları
bolşeviklər tərəfindən latın qrafikasının əleyhinə olan mülahizələr kimi dəyər-
ləndirilmişdi. Əslində, onların bu etirazı əlifbanın latınlaşdırılmasından daha çox
kirilləşdirilməyə (ruslaşdırmaya) qarşı idi. Azərbaycanın milli ideoloqu
Məhəmməd Əmin Rəsulzadə sonralar yazırdı ki, o zaman (1921-1922-ci illər)
bolşeviklərin bu niyyətindən xəbərdar idilər: “Bolşeviklərin ərəb hərflərini latın
hərfləri ilə əvəz etdirmək xüsusunda gizli və əsl fikirlərini bildiyimizdən (ki, bu
fikir sonradan həyata keçirilmiş, ərəb hərfləri öncə latın hərflərinə, sonra da rus
hərflərinə təbəddül edilmişdir) bir məqalədə türk elləri arasındakı mədəni
əlaqələri tamamilə kəsdirməmək üçün yazılanı daha asan oxutdura bilmək
məqsədini təmin edən inqilabçılara haqq verirdim” [9.S.85]. Yəni Rəsulzadə də
bolşeviklərin əməllərindən xəbəri olduğu üçün latın əlifbasına keçilməsini deyil,
ərəb əlifbasında islahatlar aparılmasını müdafiə etmişdir. M.B.Məmmədzadə də
milli qüvvələrin əvvəlcə ərəb əlifbasından latına keçilməsinə etiraz etmələrinə
səbəb olaraq bolşeviklərin məkrli niyyətlərini və bunun Azərbaycan ilə türk
dünyası arasında əlaqələrə zərbə olmasını göstərmişdi [10.S.56].
Ərəb əlifbasında islahatlar aparılmasını məqsədəuyğun hesab edən “isla-
hatçılar” latın qrafikasına keçilməsi ilə Azərbaycan xalqının türk-islam mədə-
niyyətindən uzaq düşməsi, dini və milli birliyin aradan qalxması məsələsini daha
çox qabartdılar. Bizə elə gəlir ki, bu cür mülahizələrin səslənməsi də təsadüfi
olmamışdır. Bütün hallarda yeni əlifbaya keçidlə bağlı imperiyanın maraqları
olduğu kimi, bunun əleyhinə çıxan “islahatçılar”ın da öz mövqeləri olmuşdur.
“İslahatçılar” ədəbi dilin yazısında ərəb əlifbasını saxlamaqla yalnız islah edil-
məsini, yəni bəzi dəyişikliklər aparılmasını məqsədəuyğun hesab edirdilər. Onlar
deyirdilər ki, yeni əlifba qəbul edilərsə, bununla da əski ədəbiyyat məhv olacaq,
“islam birliyi” pozulacaq və türk dilini öyrənmək çətin olacaqdır [3.S.13]. Milli
qüvvələrin əlifba məsələsində fikir dəyişdirməsinin əsl mahiyyətinə varmayan
bolşeviklər bunu tamamilə başqa yerə yozurdular.
Ərəb əlifbasının əleyhinə çıxış edən “latınçılar” bir tərəfdən yeni əlifbaya
keçməni daha çox mədəni inqilab kimi qiymətləndirir, digər tərəfdən bunu mark-
sizm-leninizmin qələbəsi kimi qələmə verirdilər. Xüsusilə F.Ağazadə, B.Çoban-
zadə, M.Şahtaxtlı, R.Axundov, S.Ağamalıoğlu ərəb əlifbasında islahatlar apa-
rılmasının mümkünsüzlüyünü irəli sürərək latın əlifbasının qəbul edilməsini
zəruri hesab edirdilər. Məsələn, Fərhad Ağazadə yazırdı ki, əlifbanı yarımçıq is-
lah etmək olmaz; ya gərək hamısı islah edilsin, birdəfəlik bu qüsurlardan yaxa-
mız qurtarsın, ya da ki, heç əl vurulmasın: “Şərq dillərinin üstündə ağalıq etmək
istəyən “müqəddəs” ərəb dili türkcəmizi öldürmək istədisə də, öldürəmədi, an-
caq yarımcan qıldı. Bir dil ki onun yer üzündə yüz milyonluq sahibi ola, aya, o
dil ölərmi? Əlbəttə ölməz!” [11.S.11].
Həmin dövrün mətin bolşeviklərindən Sultan Məcid Əfəndiyev hesab
edirdi ki, millətçilər qısqanclıqdan bu məsələyə müsbət yanaşmırlar. Belə ki, əv-
vəllər ərəb əlifbasından latın əlifbasına keçmək istəyən millətçilər indi bunu
həyata keçirənin bolşeviklər olduğu üçün yeni əlifba məsələsini tənqid edirlər
Azərbaycanda 90 il öncə Türkoloji Qurultayın keçirilməsinin əsl mahiyyəti haqqında
105
[12.S.177]. S.M.Əfəndiyevin fikrincə, millətçilərdən fərqli olaraq, islamçı ruha-
nilər isə ərəb əlifbasından daha çox onun təsiri baxımından möhkəm yapışırlar
[12.S.70]. S.Ağamalıoğlu da, S.M.Əfəndiyev kimi, latın qrafikasına keçməyin
əleyhdarları olan “islahatçılar”a cavab olaraq yazırdı: “O adamlar ki yeni türk
əlifbası barəsində deyirlər: “Əgər bu əlifba həyata keçsə, din birliyi əldən gedə-
cəkdir” – bu, əqlə uymayan cəfəngiyatdır. Tarix bizə göstərdi ki, din birliyi yox
imiş, yox olan şey təzədən bir də nə cür yox ola bilər?!” [13.S.32].
Fikrimizcə, birincisi, Əfəndiyev, Ağamalıoğlu və onların silahdaşları bu
halda da bolşevik əqidəsindən çıxış etdikləri üçün din birliyinin millətlərin
həyatında oynadığı mühüm rolu görə bilməmişlər. Çünki hər millətin həyatında
mənəvi dəyərlərdən biri kimi din birliyi də mühüm yer tutur. İkincisi, latın
qrafikasının əleyhdarları yalnız “din birliyi əldən gedəcək” demirdilər, onlar
həm də SSRİ-nin əsarəti altında yaşayan Azərbaycan, başqa türk dövlətləri və
millətləri ilə imperiyadan kənarda qalanlar arasında bir sədd çəkiləcəyinə
inanırdılar. Bu fikirlər 1926-cı ildə Bakıda keçirilən Türkoloji Qurultayda Kazan
türkləri tərəfindən də səsləndirilmişdir. Həmin qurultayda çıxış edən S.Ağama-
lıoğlu isə onlara cavab olaraq deyir: “Yeni əlifbanın əleyhinə olanlar, xüsusən
“Yeni əlifbanın qəbulu ilə 500 illik ədəbiyyatı itiririk” deyən kazanlılar
bilməlidirlər ki, qonşu cümhuriyyətlərin, o cümlədən Azərbaycanın da
özünəməxsus keçmiş ədəbiyyatı vardır…
Ümumi savadlılıq yolu ilə ədəbiyyatı canlandırmaq və onu xalq malı et-
mək mümkündür” [14].
Ancaq S.Əfəndiyev, S.Ağamalıoğlu və onların digər silahdaşları başa düş-
məli idilər ki, zahirən latın qrafikasının əleyhdarları kimi çıxış edən bəzi Azər-
baycan, Kazan və başqa türk ziyalılarının əksəriyyətini, əslində, narahat edən din
birliyi və mühafizəkarlıq deyil, daha çox mənəvi-mədəni türk birliyinin aradan
qalxması idi. Ancaq bütövlükdə onlar Azərbaycan, Türkmənistan, Özbəkistan və
başqa türk dövlətlərində ərəb əlifbasından latın qrafikasına keçid məsələsində
Moskvanın əsl məkrli niyyətini görə bilməmiş, əksinə, bunu bolşevizmin nailiy-
yəti kimi təbliğ etmişlər [15.S.156-157].
Ancaq türk-tatar xalqlarının ərəb əlifbasından latın əlifbasına keçmək
məsələsində SSRİ-nin siyasi manevr etdiyi, əsl məqsədinin türk xalqlarına kiril
əlifbasının qəbul etdirilməsi olması çox keçmədən məlum oldu. Belə ki, sovet
ideoloqları milli əlifba və milli dil məsələsində də, “milli müqəddərat” məsələ-
sində olduğu kimi, türk-müsəlman xalqlarının ərəb əlifbasından birbaşa rus (ki-
ril) əlifbasına keçməsinin təhlükəli olduğunu nəzərə alaraq, bunu mərhələli
şəkildə reallaşdırmaq niyyəti güdmüşlər. Əgər SSRİ 1920-ci illərdə yeni əlifbanı
rus qrafikasına keçidlə həll etsəydi, şübhəsiz, “xilaskar” donu geyinmiş rus
bolşeviklərinin bu addımı istər işğal edilən ölkələrdə, istərsə də dünyada bir-
mənalı qarşılanmayacaqdı. İlk mərhələdə latın əlifbasından istifadə edən bir çox
Avropa dövlətlərinin də maraqlarına cavab verən bir addım atılmışdı. Lakin
imperiya ideoloqları yaxşı anlayırdılar ki, ərəb əlifbasından imtina etməklə
SSRİ-nin tərkibindəki türk dövlətləri islam-türk dünyasından müəyyən dərəcədə
uzaqlaşsa da, digər tərəfdən, eyni əlifbanı qəbul edən Türkiyə ilə bir o qədər
yaxınlaşacaqlar. Bunun gələcəkdə SSRİ üçün böyük bir təhlükə mənbəyi
Faiq Ələkbərov
106
olduğunu görən, eyni zamanda başdan imperiya əsarəti altında olan türk-tatar və
müsəlman xalqlarının istər Türkiyə, istərsə də Avropa dövlətləri ilə əlaqəsində
qətiyyən maraqlı olmayan sovet ideoloqları 1920-ci illərin sonu, 1930-cu illərin
əvvəllərindən etibarən türk dövlətlərinin və xalqlarının gələcəkdə rus-kiril əlif-
basına keçə bilməsi ideyasını yaymağa başladılar.
Maraqlıdır ki, latın əlifbasını türk əlifbası adlandıraraq bir müddət onu
müdafiə edənlər, rus əlifbasının məcburi tətbiqi meylini hiss etdikdən sonra bəzi
beynəlmiləlçi bolşeviklər həm türk anlayışından, həm də müdafiə etdikləri türk
əlifbasından imtina etdilər. S.Ağamalıoğlu 1929-cu ildə bütün Azərbaycanın
SSRİ və Şərqdə ilk dəfə olaraq rəsmən latın qrafikasına keçməsini böyük qələbə
saydığı halda [13.S.36], həmin hadisənin üstündən bir il ötməmiş türk əlifbası
adlandırdığı latın qrafikasından rus əlifbasına keçməyin zəruriliyindən bəhs edir:
“Azərbaycanlıların yeni latın əlifbasına keçmək yolu gələcəkdə onların rus əlif-
bası üzrə düzəldilmiş yeni əlifbaya keçmək işini bir qədər asanlaşdıracaqdır”
[13.S.37]. Artıq türk əlifbası beynəlmiləlçiliyin içində əriyərək yox olur, onun
yerini isə rus əlifbası tuturdu. Beləliklə, yarım əsr ərzində bir millətin üç
əlifbadan istifadə etmək məcburiyyətində qalması faciəsini görmək, bunu
obyektiv qiymətləndirmək və etiraz etmək əvəzinə bəzi Azərbaycan ziyalılarının
bu cür mövqe tutması ancaq təəssüf doğurur.
Sovet ədəbiyyatında 1940-cı il yanvarın 1-dən latın qrafikasından rus əlif-
basına keçilməsi belə əsaslandırılırdı ki, bu qrafika ümumiliyi rus dilindən söz
və terminləri düzgün yazmağa kömək edəcək: “Bundan başqa, qrafika
ümumiliyi nəşriyyat-mətbəə işlərini də asanlaşdırar, əlavə xərc və işləri azaldar”
[3.S.14]. Burada rus əlifbasına keçməyin zəruriliyi ilə bağlı gətirilən “arqument-
lərə” təəccüb etməyə bilmirsən. Daha sonra oxuyuruq: “Əgər birinci dövrdə bir-
birinə zidd cərəyanlar əmələ gəlmişdisə, ikinci dövrdə belə bir vəziyyət olma-
mış, hamı rus qrafikasına keçmək təşəbbüsünü bəyənmişdir. Lakin müzakirə-
lərdə əsas iki fikir nəzərə çarpır. Bir çoxları dilimizin fonetik tərkib və xüsusiy-
yətinə uyğun olaraq bəzi dəyişikliklə rus əlifbasını qəbul etməyi, bəziləri isə rus
əlifbasında heç bir dəyişiklik aparmadan, onu olduğu qaydada qəbul etməyi
təklif edirdilər” [3.S.15].
Fikrimizcə, rus əlifbasının olduğu kimi qəbul edilməsinin tərəfdarı olanlar
yaxşı anlayırdılar ki, mərkəz məhz bu qərarın üzərində dayanacaq və göz-
lənildiyi kimi də oldu. Sovet ideoloqları Azərbaycan dilinin başına bu cür oyun
açmaqla nə etdiklərini yaxşı anlayırdılar. Bununla da Azərbaycan insanı rus in-
sanı kimi düşünməyə, rus insanı kimi yazmağa və rus insanı kimi kommunizm
xəyalı ilə yaşamağa məhkum və məcbur edilirdi. Başqa sözlə, “yeni əlifba”
oyunu ilə sovet imperiyası Azərbaycan (türk) millətini öz mədəniyyətindən,
mənəviyyatından və ən əsası, dilinin saflığından uzaqlaşdırırdı.
Bizə elə gəlir ki, Azərbaycanda latın əlifbasından rus əlifbasına keçilməsi
ilə bağlı ciddi etirazların olmaması iki başlıca amillə bağlıdır:
1) milli ziyalıların böyük əksəriyyətinin kütləvi şəkildə 1937-1938-ci illər-
də repressiya olunması;
2) rus əlifbasına etiraz edə biləcək istənilən ziyalının həmin aqibətə düçar
olmaq qorxusu.
Azərbaycanda 90 il öncə Türkoloji Qurultayın keçirilməsinin əsl mahiyyəti haqqında
107
Bəzi ziyalılar yalnız bəzi dəyişikliklərlə rus əlifbasına keçilməsinin doğru
olacağını deyə bilir, bundan artığına cəsarət edə bilmirdilər.
Doğrudur, rus əlifbasının Azərbaycanda ilkin variantda tətbiqinə 1958-ci
ildə son qoyulmuş və bəzi islahatlar aparılaraq rus qrafikalı Azərbaycan əlifbası
müəyyən qədər təkmilləşdirilmişdi. Ancaq bütün hallarda “Leninin dili” olan rus
dili və rus əlifbası Azərbaycan xalqının həyatında bir çox sahələrdə mənfi iz
buraxmışdır ki, onun fəsadları bu günə qədər də hiss olunmaqdadır. Bunlardan
biri də rus əlifbasına keçməyə məcbur edilməklə Azərbaycanla Türkiyə arasında
ən önəmli bağ olan eyni əlifba bağının qırılması idi. Türkiyə alimi Məşkurə Yıl-
mazın yazdığı kimi: “Böyləcə Türkiyədən fərqli bir əlifba kullanmalı olan azəri
türklərinin Anadolu türklüyü ilə yazılı əlaqə qurmaları və ortaq milli kültür gə-
lişdirmələri əngəllənmək istənmişdir. Ayrıca ruslar kiril əlifbasını rus kültür ara-
cı olaraq görmüş və sovet rejimi ortaq kültürünün bu əlifba ilə yapılacağını
düşünmüşlərdir” [16.S.243].
Gördüyümüz kimi, çar Rusiyası və Avropa ideoloqlarının maraqlı olduğu
“əlifba və dil islahatlarını” SSRİ həyata keçirmiş oldu. Yazıqlar olsun ki, sovet
ideoloqlarının əvvəlcədən planlaşdırılmış “islahatlar” oyununda M.A.Şahtaxtlı,
N.Nərimanov, C.Məmmədquluzadə, S.Ağamalıoğlu və başqaları yaxından işti-
rak etmişlər. Türk-müsəlman xalqlarının həyatında reallaşdırılan “islahatlar”
nəticəsində ilk növbədə əlifba ayrılığı baş verdi. Bununla yanaşı, çar Rusiyası
dövründə təməli qoyulan ortaq türk dilinə qarşı yönəlmiş dil fərqlilikləri SSRİ
dövründə daha da sürətləndirildi. Əgər XX əsrin əvvəllərində türkdilli xalqlar
ortaq əlifbadan istifadə edir, az-çox bir-birinin dillərini başa düşür və ortaq türk-
cədə danışa bilirdilərsə, artıq SSRİ dövründə aparılan ruslaşdırma-avropalaş-
dırma siyasəti nəticəsində onlar bir-birini anlamayacaq vəziyyətə salınmışdılar.
Xüsusilə türklərin böyük əksəriyyətinin yaşadığı Rusiyada ortaq türk dilinin rus
dili ilə əvəzlənməsi və rus-kiril əlifbasına keçid bu məsələdə mühüm rol oynadı.
Leninin dili olan rus dili bir tərəfdən ortaq türk dilinin ayrı-ayrı dialektlər
şəklində formalaşmasına, digər tərəfdən həmin dillərin də ruslaşdırılmasına
səbəb oldu. Bütün bunların nəticəsidir ki, hazırda postsovet məkanında türkdilli
dövlətlərin liderlərindən tutmuş alimlərinədək hamı rus dilində ünsiyyət qurur.
Hələ də kiril əlifbasından dövlət səviyyəsində istifadə edən türkdilli xalqlar
(qırğızlar, qazaxlar və b.) var.
Türkoloji Qurultayda müzakirə olunan əsas məsələlərdən biri də milli ter-
minologiya məsələsi, daha doğrusu, milli dilin təkmilləşdirilməsi olmuşdur.
Sovet müəlliflərinin yazdığına görə, 1920-1936-cı illərdə milli dilin təmizlənmə-
si və formalaşması ilə bağlı üç fikir cərəyanı mövcud idi:
1) türk dilinin qədim və yeni türk sözləri əsasında təmizlənməsi (ortaq
türkcədən çıxış edən türkçülük – millilik tərəfdarları);
2) türk dilini rus və rus dili vasitəsilə Avropa dillərindən alınmış sözlərlə
zənginləşdirmək istəyənlər (bizcə, beynəlmiləlçilik – rus bolşevizminə xidmət
edənlər);
3) ərəb və fars mənşəli sözlərin saxlanılaraq, yeni terminlərin də onların
əsasında formalaşdırılmasını istəyənlər (islamçılıq – dini birliyə meyil edənlər)
[3. S.130-131].
Faiq Ələkbərov
108
Bizim fikrimizcə isə, həmin mərhələdə (1920-1936) milli dilin təmiz-
lənməsi və formalaşması uğrunda əsas mübarizə ilk iki cərəyan – türkçülük-
millilik və sovet beynəlmiləlçiliyi (ilk dövrlərdə “beynəlmiləlçilər” milli yol tut-
salar da, sonralar mərkəzin təsiri altında onların əksəriyyəti mövqeyini dəyişdi)
arasında getmişdir.
Bu dövrdə dildə türkçülük-millilik tərəfdarları milli dil məsələsində qədim
türkcə ilə xalq dilinin uzlaşmasına önəm vermişlər (B.Çobanzadə, F.Ağazadə,
H.Zeynallı, C.Cabbarlı, V.Xuluflu və b.). Onlar 1922-ci ildə Azərbaycan Mər-
kəzi İcraiyyə Komitəsi (MİK) yanında təşkil olunmuş istilah komissiyasının
hazırladığı cəbr, hesab, həndəsə, coğrafiya və təbiyyat lüğətlərində ədəbi dildə
mövcud olan terminlərin uyğun olaraq dəyişilməsini təklif edirdilər [3.S.44].
Milli dilin mühüm tərkib hissəsi olan terminologiya ilə bağlı Azərbaycan
aydınlarının əksəriyyətinin mövqeyi belə idi ki, ərəb və fars mənşəli, eləcə də
beynəlxalq terminləri dilimizdən çıxararaq yerində qədim türkcədə olan sözləri,
yaxud da türk dilinə uyğun yeni sözləri işlətmək lazımdır. 1926-cı ildə Bakıda
keçirilən I Ümumittifaq Türkoloji Qurultayda, eləcə də həmin dövrdə Bakıda nəşr
olunan bir sıra qəzet və jurnallarda bu ideya ciddi şəkildə dəstək qazanmışdı.
Həmin dövrdə milli ədəbi dilin qədim türkcə və yeni sözlər əsasında for-
malaşmasının tərəfdarları bu fikirlərini sübuta yetirmək üçün bir sıra əsərlər və
məqalələr yazmışlar. Onlar bu əsərlərində (Azərbaycan dilinin) qədim türkcənin
bir parçası olduğunu iddia edirdilər. Məsələn, bu fikri müdafiə edən dilçi
alimlərdən Bəkir Çobanzadəyə görə, türk dili türk-tatar dilinin bir parçası, bir
budağıdır. Türk-tatar dilinin abidələri isə Orxon-Yenisey abidələri (VII-VIII
əsrlər), “Qutadğu Bilig”, “Divanü Lüğat-it-Türk” və başqaları olmuşdu [17.S.66-
67]. O yazırdı ki, hazırda milli dilin formalaşması ilə bağlı üç cərəyan var: 1) Xal-
qın dilində yazmağa üstünlük verənlər (“mollanəsrəddinçilər” və b.); 2) İstanbul
ədəbi şivəsinə üstünlük verənlər (H.Cavid və b.); 3) Orta mövqe tutanlar –
xalqın canlı danışıq dili və klassik ədəbi dilin bütövlüyündən çıxış edənlər. Ona
görə ilk iki cərəyanın irəli sürdüyü prinsiplər əsasında Azərbaycanda ədəbi dil
yarana bilməz. Çünki birincisini ədəbi sistemə salmaq mümkün olmadığı kimi,
ikincisi də Azərbaycan türk dilinin xüsusiyyətlərini kifayət qədər əks etdirmir.
Bu baxımdan “xalqın canlı danışıq dili və klassik ədəbi dilin bütövlüyündən
çıxış edənlərin ədəbi dili istiqbala malikdir” [17.S.76-77].
Bu dövrdə dilçi alimlərdən B.Çobanzadə, F.Ağazadə də hesab edirdilər ki,
dilimizdə minlərcə əcnəbi kəlmə var ki, onları türkləşdirmək mümkün deyil.
Ona görə də türkləşə bilməyən kəlmələrin qədim türkcəsi var; onları canlan-
dırmaq və dilimizə gətirmək lazımdır. Qədim türkcədə qarşılığı olmayan sözləri
isə başqa türk dillərindən (cığatay, altay və s.) almaq lazımdır. F.Ağazadə qeyd
edirdi ki, vaxtilə başqa dillərin təsiri altında yarımcan qalmış türk dili indi
dirilmək istəyir, köhnə zənginliyinə qayıtmaq fikrindədir: “Buna dəlil türk ellə-
rindəki dil hərəkətləridir: bir yerdə dili türkləşdirirlər, o biri yerdə saflaşdırırlar,
hətta Azərbaycanda istilahları da türkləşdirmək fikrinə gəlmişlər. Bəs “türkcə-
miz çoxdan itirdiyi yatağına qayıtmaq istəyirmi?” [11.S.10-11]. Hənəfi Zeynallı
isə “Azərbaycanda el ədəbiyyatı” məqaləsində (1926) yazırdı ki, Azərbaycanın
işğalçıların əsarəti altında olduğu “zamanında xalq yaradıcılığının bir qismi olan
Azərbaycanda 90 il öncə Türkoloji Qurultayın keçirilməsinin əsl mahiyyəti haqqında
109
el ədəbiyyatı, el söz və ahəngi, el vəzni, el düşünüşünün büsbütün xatirələrdən
silinməsinə çalışılmışdır. El sözünü işlətmək istəyənlər bu elin yağıları nüfuzuna
tabe olaraq sapqın mülahizələrə uymuşdular. Hətta o dərəcəyə varmışdılar ki,
həqarətlə “türk demişkən” demədikcə öz ana dilindəki bir sözü işlətməyə cəsarət
edə bilməzmiş” [18.S.120].
Milli aydınlar tərəfindən irəli sürülən Azərbaycan türk ədəbi dilinin ərəb,
fars, rus, eləcə də digər əcnəbi terminlərdən təmizlənməsi və qədim türkcə
əsasında formalaşması ideyasının ictimaiyyət arasında, o cümlədən mətbuatda
bu qədər dəstək görməsi SSRİ rəhbərliyini və sovet ideoloqlarını ciddi şəkildə
narahat etmişdi. Eyni zamanda sovet ədəbiyyatında puristlər adlandırılan
[3.S.131] milli fikrin tərəfdarları rus mənşəli sözləri də dəyişməyi təklif edirdilər
ki, bu da sovet imperiyası üçün dözülməz idi. Həmin dövrdə, eləcə də sonralar
sovet ideoloqları və onların Azərbaycandakı təmsilçiləri bu təklifləri pantürkizm,
millətçilik kimi qiymətləndirir və tənqid edirdilər.
Ancaq milli terminologiya məsələsində türkcənin milliləşdirilməsinin –
qədim türkcəyə müraciət edilməsinin əleyhinə olanlar əsasən milli dil məsə-
ləsində “mollanəsrəddinçilər”in mövqeyini müdafiə edirdilər. Buna səbəb “mol-
lanəsrəddinçilər”in 27 aprel işğalından öncə də dil məsələsində ortaq türk dilinin
deyil, Azərbaycan türklərinin danışıq dilinin inkişafına çalışmaları və bu zaman
rus və Avropa mənşəli sözlərə meyil etmələri idi. Sovet beynəlmiləlçiliyinin
tərəfdarları üçün Azərbaycan türk ədəbi dilinin formalaşmasında ən yaxşı variant
“mollanəsrəddinçilər”in yolu idi [12.S.70].
1920-ci illərdə “mollanəsrəddinçilər”in əsas siması olan Cəlil Məmməd-
quluzadə “Molla Nəsrəddin” jurnalının SSRİ dövründə nəşr olunan saylarının bi-
rində dərc olunmuş “Təmizləmək” məqaləsində Bakıda keçiriləcək Türkoloji
Qurultayla bağlı dil məsələsinə toxunaraq yazırdı: “İndi Türkoloji Qurultay da
bir belə sil-süpürə, yır-yığışdıra başlayacaqdır. Amma bu qurultayın təmizlə-
yəcəyi ev deyil, dildir və özü də türk dilidir. Bəziləri dildə nə zibil ola biləcəyini
soruşa bilərlər. Dərd elə burasındadır ki, heç bir evdə bizim dilimizdə olan qədər
zibil yoxdur. Əlifba zibili, əruz vəzni zibili, ərəb dili zibili, fars dili zibili, din zi-
bili və başqaları. Türk dilini bütün bu zibillərdən təmizləmək lazım gəlir”
[19.S.632].
Maraqlıdır ki, yerli “beynəlmiləlçilər” milli dilin xalqlaşması dedikdə,
xalqın danışdığı türkcəni nəzərdə tutduqlaru halda, sovet ideoloqları “xalqlaş-
maq” adı altında türk dilinin əsas mahiyyətinin və məzmununun bəsitləşdirilməsi
və sonralar bunun əvəzində türk dilinin rus və Avropa mənşəli sözlərlə doldurul-
masını qarşılarına məqsəd qoymuşdular. Başqa sözlə, S.M.Əfəndiyevin təbirincə
desək, 1930-1940-cı illərdə bir tərəfdən türk dili “ərəbçilik və farsçılıq təsirindən
müvəffəqiyyətlə azad edilir” [12.S.334], digər tərəfdən, sürətlə ruslaşdırılır və
beynəlmiləlləşdirilirdi. Bu baxımdan “mollanəsrəddinçilər”in xalqa yaxın yol
tutmasını əlində bayraq edərək, onların İstanbul şivəsini və qədim türkcəni tən-
qid etməsini təqdir edənlər “Azərbaycan dili” adı altında bu dilin ruslaşdırılması
və avropalaşdırılması məsələsində eyni mövqe tutmurdular. Halbuki millilik-
türkçülük tərəfdarları deyil, məhz sovet “beynəlmiləlçilər”i türk dilini xalqın
dilindən ayırır, onu “beynəlmiləlləşdirirdi”.
Faiq Ələkbərov
110
Çünki milli dil məsələsinin müzakirəsində yerli “beynəlmiləlçilər” əvvəl-
cə dildə “xalqlaşmaq” – xalqın danışdığı türk dilində milli dil yaratmaq yolu
tutsalar da, 1930-cu ilin ortalarından etibarən bu fikrin nümayəndələrindən
bəziləri deyirdilər ki, türk dilindəki ərəb və fars mənşəli sözləri rus və Avropa
mənşəli sözlərlə əvəz etmək lazımdır. Çox təəssüflər olsun ki, bununla da
dilimizə əsasən rus, qismən də Avropa mənşəli terminlər daxil oldu. Bununla da
“məzmunca sosialist, formaca milli mədəniyyət yaradılması”, “Lenin dilinin
öyrənilməsinin vacibliyi” devizləri altında azərbaycanlılar milli mənəvi
dəyərlərindən uzaqlaşdırılırdı. Beləliklə, Azərbaycan dilinin əlifba vasitəsilə
türkləşməyə başladığı 30-35 illik bir dövr geridə qalır, onun yerini “böyük, xilas-
kar qardaşın” əlifbası və rus terminləri tuturdu. Bu baxımdan M.B.Məmmədza-
dənin fikri olduqca düşündürücüdür: “Sovet ideoloqları ruslaşdırma nəticəsində
yarı rusca, yarı türkcə olan “internasional” dil yaradırdılar [20.S.574-575]. Çünki
artıq 1926-cı ildə Bakıda keçirilən Birinci Türkoloji Qurultay iştirakçılarının də-
fələrlə Azərbaycandan danışarkən türk respublikası kimi vurğuladıqları bu öl-
kənin [21.S.27; 297] həm zahirində, həm də mahiyyətində sovet ideoloqları ciddi
dəyişikliklər etmişdilər”.
Milli terminologiyanın ruslaşdırılması siyasəti o qədər güclü olmuşdu ki,
1930-cu illərin axırları, 1940-cı illərin əvvəllərində bəzi ziyalılarımız ifrata
vararaq rus və Avropa terminlərini (alqebra, qradus, nerv, prosent, şar, muskul,
pauza, avtor, epos, tragediya, kultura, stilistika, minus, vertikal, evolyusiya, qeo-
qrafiya, qeometriya və s.) türk dilinin qayda-qanunlarına uyğunlaşdırılmadan tət-
biq olunması təklifini irəli sürürdülər. Çox təəssüf ki, o vaxt Azərbaycan ziyalı-
larından bəziləri (repressiyanın qurbanı olmayanlar) bu prosesin kor-koranə
təbliğatçısına çevrilmişdilər. Artıq 1940-cı illərin ortalarında, bəzi ziyalıların öz-
lərinin də etiraflarına görə, ruslaşdırma siyasəti nəticəsində Azərbaycan dili rus
və Avropa mənşəli sözlərlə xeyli korlanmışdı.
Beləliklə, Azərbaycanda “milli terminologiya” məsələsinə münasibətdə
sovet rəhbərləri və ideoloqları bu mərhələdə bir tərəfdən “türk dili” anlayışını
xalqın yadından çıxarmağa və müstəqil “yeni dil” – “Azərbaycan dili” anlayışını
formalaşdırmağa çalışdıqları halda, digər tərəfdən “Azərbaycan dili”ni formal
bir dil halına gətirərək, faktiki olaraq, rus dilini rəsmi dil səviyyəsinə qaldırmağa
cəhd göstərmişlər. Şübhəsiz, hər iki məsələni öz müstəmləkə maraqlarına uyğun
şəkildə həll etmək üçün sovet Rusiyası Azərbaycan alimlərindən, ziyalılarından,
dövlət xadimlərindən və başqalarından da maksimum faydalanmağa çalışmışdır.
Ə D Ə B İ Y Y A T
1. Azərbaycan tarixi. Yeddi cilddə. VI cild (aprel 1920 - iyun 1941). Bakı,
“Elm”, 2008.
2. Azərbaycan türk xalq şivələri lüğəti. 1 cild. 1-ci buraxılış. “A” hərfi. Bakı,
“Az.DETİ”, 1930.
3. Azərbaycan ədəbi dili tarixi (sovet dövrü). III cild. Bakı, “Elm”, 1982.
4. Axundzadə M.F. Əsərləri. Üç cilddə. III cild. Bakı, “Şərq-Qərb”, 2005.
Azərbaycanda 90 il öncə Türkoloji Qurultayın keçirilməsinin əsl mahiyyəti haqqında
111
5. Şahtaxtlı M. Seçilmiş əsərləri. Bakı, “Çaşıoğlu”, 2006.
6. Hüseynzadə Ə. Seçilmiş əsərləri. 2 cilddə. II cild, Bakı, “Çaşıoğlu”, 2008.
7. Балаев А. Этноязыковые процессы в Азербайджане в XIX-XX вв. Баку,
2005.
8. Erzurumlu K. Türklüye baxış. İstanbul, 2006.
9. Rəsulzadə M.Ə. Stalinlə ixtilal xatirələri. Bakı, “Elm və təhsil”, 2011.
10. Məmmədova F. Azərbaycan mühacirətinin kulturoloji irsində dil problemi.
Bakı, “Elm”, 2007.
11. Ağazadə F. Türk dilinin dirilmək və zənginləşdirilmək yolları (tükənəklər).
Bakı, 2006.
12. Əfəndiyev S.M. Seçilmiş əsərləri. İki cilddə, II cild, Bakı, 1990.
13. Nəcəfov X. Səmədağa Ağamalıoğlu. Bakı, “Azərnəşr”, 1966.
14. “Yeni yol” qəzeti, № 56, 7 mart 1926-cı il.
15. Axundov R. Seçilmiş əsərləri. Bakı, “Azərnəşr”, 1977.
16. Yılmaz M. Tarixi, siyasi ve kültürel yönleriyle Türklerin dünyası ve
Türkiyenin dış türkler politikası. Ankara, Kripto, 2010.
17. Çobanzadə B. Seçilmiş əsərləri. V cild. Bakı, “Şərq-Qərb”, 2007.
18. Zeynallı H. Seçilmiş əsərləri. Bakı, “Yazıçı”, 1982.
19. “Molla Nəsrəddin” jurnalı. VI cild. Bakı, “Çinar ÇAP”, 2010.
20. Mehmetzade M.B. Sovyet Azerbaycanda Türk dilinin ruslaşdırma ve imha
siyaseti hakkında. Kurtuluş, Berlin, 1936, № 20.
21. Nərimanoğlu K.V. 1926-cı il Bakı Türkoloji qurultayı. Bakı, “Çinar-ÇAP”,
2006.
Фаик Алекперов
Об истинном значении проведения Тюркологического съезда в
Азербайджане 90 лет назад
Р е з ю м е
В статье отмечается, что основными вопросами, стоящими перед Первым
тюркологическим съездом, состоявшимся 26 февраля – 5 марта 1926 г. в Баку,
были вопросы связанные с национальным алфавитом и национальным языком. Ос-
новными инициаторами созыва съезда были Комитет нового тюркского алфавита
и Общество обследования и изучения Азербайджана. На Тюркологическом съезде
были заслушаны доклады по переходу с арабского алфавита на латинский. Из 131
участника Съезда 93 делегата были представителями тюркских национальностей.
Интересно, что на съезде, наравне с принятием латинского алфавита и реформой
арабского алфавита, были также рассмотрены вопросы создания национальной
терминологии, а также вопросы связанные с литературным языком, методикой
преподавания родного языка и орфографией тюркских языков. По вопросу о тюрк-
ском алфавите выделялись два направления: латинисты и реформаторы (т.е. сто-
ронники арабского алфавита). В статье также исследуются причины перехода с
арабского алфавита на латинский, а в последствии на кириллицу.
Faiq Ələkbərov
112
Ключевые слова: Первый тюркологический съезд, Комитет нового тюрк-
ского алфавита, Общество обследования и изучения
Азербайджана, арабский алфавит, латинский алфавит
Faig Alekberov
On the Real Essence of Holding the Turkological Congress
in Azerbaijan 90 Years Ago
A b s t r a c t
In the paper the problem of national alphabet and national language is analyzed
as one of the main problems in the Turkological Congress held in Baku in 1926. The
main initiators of the Turkological Congress were the Committee of New Turkish
Alphabet ( NTA) and Azerbaijan Research and Learning Society. The responds
concerning the challenge for changing the Arabic alphabet into the Latin one were
discussed in the Congress. 93 representatives out of 131 countries joining the Congress
were Turkic-speaking, but the rest of them were members of other peoples. The main
thing is that besides the reforms in the Arabic alphabet and acceptance of the Latin
alphabet, the problems of formation of National terms and Literary language for Turkic-
speaking peoples, teaching methods of Mother tongue, some problems concerning
Orthography of Turkic languages were also touched upon in the Congress. There existed
two main trends in New Turkish alphabet: 1) supporters of Latin alphabet; and 2)
reformers ( supporters of Arabic alphabet). Besides the arguments of supporters of these
trends, the reasons of transition from Arabic alphabet into Latin, and then into Cyrillic
alphabet are also explained in the paper.
Key words: Turkological Congress, Azerbaijan Research and Learning
Society, the Committee of New Turkish alphabet, supporters of
Latin alphabet, supporters of Arabic alphabet
____________
Dostları ilə paylaş: |