Mühazirə 12. Təhsil sisteminin informasiyalaşdırılmasının əsas məqsəd və
vəzifələri. İnformasiya prosesləri.
PLAN:
1. Təhsil sisteminin informasiyalaşdırılmasının əsas məqsəd və vəzifələri.
2. İnformasiyanın təyini, ölçülməsi, saxlanması, emalı, ötürülməsi.
Təhsil sisteminin informasiyalaşdırılmasının əsas məqsədi müasir
informasiya
mədəniyyətinə malik şəxsiyyətlər yetişdirmək, ölkənin təhsil sistemini vahid
informasiya məkanında birləşdirməkdir. Vahid təhsil informasiya məkanı
aşağıdakı məqsədlərin həyata keçirilməsini təmin etməlidir:
-Təhsilin kefiyyətinin artırılması;
-Yeni informasiya mədəniyyətinin formalaşdırılması;
-Vətəndaşların bütün pillələrdə təhsilalma imkanlarının bərabərləşdirilməsi;
-Təhsil sisteminin dünyanın təhsil, elm, mədəniyyət və informasiya məkanına
inteqrasiyasının təmin edilməsi;
Qarşıya qoyulan bu məqsədlərə nail olmaq üçün aşağıdakı mühüm vəzifələrin
kompleks şəkildə həll olunması zəruridir:
-Ölkədə fəaliyyət göstərən təhsil informasiya sistemlərini, habelə təhsilin
idarəetmə, servis, elmi-tədqiqat, metodiki-tədris və texnoloji mərkəzlərini
birləşdirməklə Vahid Təhsil İnformasiya sisteminin yaradılması.
-İnformasiya texnologiyalarının tədris prosesinə inteqrasiyasının təmin edilməsi.
Bu məqsədlə milli elektron dərsliklərin hazırlanması və onların tədrisə tətbiqi,
elektron dərs vəsaitlərinin ənənəvi dərs vəsaitləri ilə inteqrasiyası, habelə köməkçi
metodiki vəsaitlərin hazırlanması və s. kimi vacib elmi və texnoloji proseslərin
yerinə yetirilməsinə nail olunmalıdır.
-Təhsil müəssisələri üçün İKT biliklərinə sahib pedaqoji kadrların hazırlanması və
onların daimi təkmilləşdirilməsi üçün müvafiq şəraitin yaradılması. Bu məqsədlə
ilkin mərhələdə regional mərkəzlər yaradılmalı, həmin mərkəzlər zərurui texnoloji,
elmi pedaqoji və s. vasitələrlə və ən əsası ixtisaslı kadrlarla təchiz olunmalıdır,
onlarda tədris prosesində istifadə edilən ən yeni informasiya texnologiyalarından
istifadə etmək bacarığının aşılanmasına yardım etmək vəzifələri qoyulmalıdır;
-Təhsil müəssisələrinin müasir İKT avadanlığı və İnternet şəbəkəsi ilə təmin
olunması;
-İKT sahəsi üzrə terminalogiyanın işlənib hazırlanması və onun vahid standart
kimi tətbiq olunması;
-Təhsilin informasiyalaşdırılması prosesinin elmi təminatının və informasiya
texnologiyalarına əsaslanan müasir təlim üsullarının hazırlanması;
-Təhsil sahəsində dövlət idarəçiliyi və tənzimləmə sisteminin vahid informasiya
infrastrukturunun yaradılması;
-İnformasiya təhlükəsizliyinin təmin olunması və təhlükə doğuran halların aradan
qaldırılması üçün kompleks tədbirlərin həyata keçirilməsi. Yalnız lisenziyali
proqramlardan istifadə olunmasına keçid.
Təhsil sisteminin informasiyalaşdırılmasında əsas vəzifələrdən biri də ölkə
miqyasında müəllimlərin, şagirdlərin, valideynlərin və təhsillə maraqlanan hər bir
kəsin mənafeyinə
xidmət edən, özündə təhsil-tərbiyə proseslərinin müxtəlif
aspektləri barədə məlumatları cəmləşdirən vahid təhsil şəbəkəsinin yaradılması və
təhsil müəssisələri arasında operativ informasiya mübadiləsinin təmin edilməsidir.
Bu istiqamətdə hər məktəbin internet saytının yaradılması, həmin saytda
məktəb, pedaqoji heyət, oxuyanlar haqqında ətraflı məlumatların yerləşdirilməsi,
müəllim, uşaq və valideynlər üçün xüsusi forumların təşkil edilməsi, forumlarda
təhsilin
aktual problemləri, yeniliklər, təzə kitablar və s. haqqında müzakirələrin
aparılması mühüm əhəmiyyətə malikdir. Məktəbin internet saytında dərs
planlarının, cədvəllərinin, məktəbdə keçiriləcək tədbirlər barədə məlumatların və
soraq xarakterli informasiyaların yerləşdirilməsi də məqsədəuyğundur. Vahid
təhsil şəbəkəsinin ümumdünya informasiya məkanına inteqrasiya etdirilməsi isə
müəllim və şagirdlərin təhsil üçün faydalı olan dünya internet resurslarına
daxil
olmasına, virtual kitabxanalardan, fayl arxivlərindən, verilənlər bazasından istifadə
etməsinə və xarici təhsil müəssisələri ilə yaxından əlaqə saxlamasına əlverişli
şərait yaradacaqdır. Valideynlər təhsil şəbəkəsindən öz uşaqlarının davamiyyəti və
müvəffəqiyyəti barədə də operativ informasiya ala biləcəklər.
Bütün bunlardan əlavə, İKT-dən istifadə etməklə təhsildə idarəetməni də xeyli
təkmilləşdirmək mümkündür. Məktəbin informasiya bazasında toplanmış
məlumatları analiz etməklə, rəhbərlik tədrisin hansı səviyyədə getdiyini, dərs
proseslərinin necə keçdiyini izləyə bilər və çatışmazlıq aşkar etdikdə operativ
tədbirlər görməklə onları aradan qaldıra bilər.
Göründüyü kimi İKT-nin təhsil sisteminə səmərəli
tətbiq etməklə tədris
prosesinə tamamilə keyfiyyətli yeni təhsil modelini qurmaq olar. Lakin, bütün
bunlara nail olmaq göründüyü qədər də asan məsələ deyildir. Bir faktı nəzərə
almaq lazımdır ki, bu gün texnoloji avadanlığın sürətlə köhnəlməsi prosesi gedir.
Əgər, əvvəllər məktəblərin yalnız kompyuterlə və internetlə təchiz olunması
nəzərdə tutulurdusa, bu gün isə artıq söhbət noutbukların, interaktiv lövhələrin
alınmasından, simsiz rabitə sistemlərinin qurulmasından gedir. Dünya
standartlarına uyğun müasir növ İKT vasitələrinin alınması isə,
təbii ki, böyük
maliyyə vəsaiti tələb edir.Bir məsələni də qeyd etmək lazımdır ki, təhsil
müəssisələrində mövcud olan texnologiyadan, o cümlədən kompyuter və
internetdən səmərəli istifadə olunmaması elektron təhsil quruculuğuna ləngidici
təsir göstərir. İKT-nin sağlamlığa zərər vurması, uşaqlarda kompyuter asılılığının
əmələ gələ bilməsi barədə cəmiyyətdə mənfi fikirlərin olması, elektron təhsildə bir
sıra müəllimlərin öz avtoritetlərinin aşağı düşəcəyindən qorxması, yaşlı
müəllim
heyətinin kompyuterdə işləməyə az meyilli olması da neqativ amillərdəndir.
Bunlardan əlavə, bəzən məktəblilərin, xüsusən yuxarı sinif şagirdlərinin
kompyuterdən istifadə qaydalarını müəllimlərdən daha yaxşı bilməsi dərs zamanı
uşaqların əylənməsinə yol aça bilər. Artıq belə problem MDB məktəblərində
ortaya çıxır. Məlum olub ki, bəzi məktəblərdə interaktiv rejimdə aparılan
tədrislərdə şagirdlər dərslə deyil, bir-birlərinə mesaj
göndərməklə və ya oyun
oynamaqla məşğul olurlar. İnformatik savadı aşağı olan müəllimlərin isə
şagirdlərin belə “hiylələrindən” xəbəri olmur. Ona görə də bu gün pedaqoqların
Microsoft Windows XP əməliyyat sistemi, MS Office paketi, multimedia, qrafika,
dizayn proqramları ilə yaxından tanış olması, interaktiv lövhədə işləmək və
internetdən səmərəli istifadə etmək qaydalarını yaxşı bilməsi artıq zamanın
tələbidir. Kompyuterin bütün incəliklərinə dərindən bələd olmaq üçün pedaqoqlar
dərsdənkənar əlavə vaxt və xeyli enerji sərf etməlidir. Ona görə də onların əməyini
hər hansı bir formada stimullaşdıran sistemin olması da məqsədəuyğun olardı.
Hazırda informasiya cəmiyyətinə istiqamətlənmiş yolu bəşəriyyətin gələcəyinə gedən
yol kimi dəyərləndirirlər. Artıq alimlərin proqnozuna görə, informasiya cəmiyyətinin
tam formalaşdığı mərhələdə insanların əsas əmək predmeti informasiya, əmək alətləri
isə İKT avadanlıqları olacaq. Ona görə də bu gün respublikamızda təhsilin bütün
pillələrində İKT-nin tətbiq və istifadə edilməsi, eyni zamanda İKT-nin özünün tədris
olunması, uşaqlarda müstəqil şəkildə informasiya toplamaq, analiz etmək,
ötürmək
qabiliyyətinin formalaşdırılması gənc nəslin gələcəkdə informasiya cəmiyyətinin
qiymətli üzvlərinə çevrilməsində mühüm rol oynaya bilər.