Plan: Multikulturalizm sosial hadisə, siyasət modeli və həyat tərzi kimi



Yüklə 29,43 Kb.
tarix13.12.2022
ölçüsü29,43 Kb.
#74268
növüDərs
MUHAZIRE 1


MÜHAZİRƏ 1. Multikulturalizmə giriş fənninin predmeti və əhəmiyyəti
ƏDƏBİYYAT: Multikulturalizmə giriş. Dərslik. Bakı 2019
PLAN:

  1. Multikulturalizm sosial hadisə, siyasət modeli və həyat tərzi kimi.

Multikulturalizm latıncadan tərcümədə çoxmədəniyyətlilik deməkdir. Bu isə ilk növbədə etnik, irqi, dini və mənəvi müxtəlifliklər, eləcədə bu müxtəlifliklərin əsasını təşkil edən etnik, dini və mədəni dəyərləri nəzərdə tutur. Müasir dövrdə qloballaşma şəraitində etnik, irqi, dini və mədəni müxtəlifliklərin olmadığı ölkəni tapmaq qeyri-mümkündür. Multikulturalizm məfhumu ilk növbədə özünü sosial hadisə kimi biruzə verir. Stenford Ensiklopediyasında qeyd olunur ki, multikulturalizm məfhumuna bütün məzlum qruplar afroamerikanlar, qadınlar, cinsi azlıqların nümayəndələri aid edilsə də, tədqiqatçıların əksəriyyəti immiqrant mühacirləri, cinsi azlıqları və yerli xalqları da buraya daxil edirlər.
Multikulturalizm termini geniş və dar mənada işlənir. Geniş mənada çoxmədəniyyətliliyin sinonimi, dar mənada isə cəmiyyətdə mövcud olan etnik, dini, irqi və mədəni müxtəlifliklərin qorunması başa düşülür. Kanadalı tədqiqatçı Pol Dyumoçel Müqayisəli multikulturalizm adlı məqaləsində multikulturalizm terminini 3 mənada işlədir. 1-ci mənada bu termin sosial-tarixi situasiyanı xarakterizə edir. Terminin 2-ci mənası etnik-mədəni müxtəlifliyə münasibətdə dövlətin konkret siyasətini nəzərdə tutur. Terminin 3-cü mənası normativ xarakter daşıyır və cəmiyyəti ədalətlilik baxımından izah edir. Siyasət modeli mənasında multikulturalizm dövlət ideologiyasının tərkib hissəsi, dövlət siyasətinin mühüm istiqaməti kimi başa düşülür. UNESKO-nun 2001-ci ildə qəbul etdiyi Mədəni müxtəliflik haqqında ümumdünya bəyannaməsində qeyd olunur: təbiət üçün biomüxtəlifliyin zəruri olduğu kimi mədəni müxtəliflik də bəşəriyyət üçün zəruridir. Cəmiyyətdəki etnik-mədəni müxtəlifliyin qorunmasına yüksək dəyər verən Heydər Əliyev deyirdi ki, dövlət, ölkə nə qədər çox xalqı birləşdirərsə, bir o qədər zəngin olar. Çünki onların hər biri ümumdünya mədəniyyətinə və sivilizasiyasına öz töhfəsini verir.
Multikulturalizmin cəmiyyətdə inkişafının sonrakı mərhələsi onun dövlət ideologiyasına, dövlət siyasətinə çevrilməsi ilə yanaşı, xalqın həyat tərzinə çevrilməsi ilə də bağlıdır. İlham Əliyev IV Ümumdünya Mədəniyyətlərarası Dialoq forumunda söyləmişdir: Azərbaycanda multikulturalizm dövlət siyasətidir. Eyni zamanda bizim həyat tərzimizdir. Bu ideya ölkəmizdə hər zaman mövcud olmuşdur. Tarixi dönəmdən və siyasi sistemdən asılı olmayaraq xalqımız hər zaman Multikulturalizmi fəal müdafiə və təşviq etmişdir.



  1. Multikulturalizmə giriş fənninin obyekti, predmeti və məqsədi, digər ictimai elmlərlə əlaqəsi.

Elmin obyekti və predmeti bir-birilə sıx bağlıdır. Elmin obyektini insanın idrak fəaliyyəti vasitəsilə dərk olunan reallıq təşkil edir. Tədqiq olunan xüsusiyyətlər, tərəflər və əlamətlər isə elmin predmetini təşkil edir. Fənnin obyektini çoxmədəniyyətlilik təşkil edir. Predmetini isə çoxmədəniyyətliliyin əsasını təşkil edən etnik, dini və mədəni dəyərlərin qorunması təşkil edir. Multikulturalizmə giriş fənni interdissiplinar fəndir. Fəlsəfə bu fənnin nəzəri-metodoloji əsasını təşkil edir. Tarix elmi tərəfindən təqdim olunan faktlar etnik və mədəni müxtəliflikləri tənzimləmək üçün istifadə olunur. Sosiologiya elmi multikulturalizmə sosial hadisə kimi yanaşır. Kulturologiya elmi dünya xalqlarının mədəniyyətində, ədəbiyyatında və incəsənətində əks olunan etnik, dini və mədəni dəyərləri bu elmə töhfə olaraq bəxş edir. Hüquq elmi dini, etnik və milli azlıqların hüquqlarını müdafiə etməyə cəhd göstərir. Politologiya elmi dünya ölkələrində multikulturalizmin meydana gəlməsi və inkişafını şərtləndirən amilləri müəyyən edir.



  1. Multikulturalizmə giriş fənninin metodları

Metod elmi biliyin əldə olunmasının yolu, dərketmə prosesinin öyrənilməsi üsuludur. Müşahidə cisim və hadisələrin öyrənilməsinə yönələn gerçəkliyin məqsədyönlü qavrayışıdır. Müşahidə prosesi müşahidənin obyekti-hadisə, subyekti-müşahidəçi və məqsədi-tərkib hissələrindən ibarətdir. Müşahidə tədqiq olunan obyekt haqqında ilkin məlumatın alınmasına yönəldilmişdir. Müşahidənin iki növü var: xarici və ya kənardan aparılan müşahidə və daxili müşahidə. Müqayisənin əsas məqsədi obyektlər arasında oxşar və fərqli cəhətləri müəyyən etməkdir. Ölçü xüsusi texniki vasitələrdən və ölçü vahidlərindən istifadə etməklə obyektin kəmiyyət tərəflərinin müəyyən edilməsi metodudur. Eksperiment müddəanın həqiqiliyini yoxlamaq məqsədilə hadisələri tədqiq edir. Induksiya latıncadan tərcümədə yönəltmək deməkdir. Bu tədqiqat metodu biliyin konkret faktlardan ümumi müddəalara doğru hərəkətini ifadə edir. Deduksiya latıncadan tərcümədə çıxarmaq deməkdir. Bu metod bir neçə ümumi xarakterli həqiqi müddəadan yeni həqiqi biliyin alınmasını səciyyələndirir. Analiz tədqiq olunan obyektin xəyalən tərkib elementlərinə bölünməsini nəzərdə tutur. Sintez analizin davamı kimi çıxış edir. Abstrarktlaşdırma tədqiq olunan obyektdən bir sıra əlamətlərin xəyalən kənarlaşdırılması metodudur. Ümumiləşdirmə tədqiq olunan obyektin ümumi cəhətlərini bir məfhumda birləşdirir. Təsnifat obyektin qruplara bölgüsüdür.

  1. Multikulturalizmə giriş fənninin əhəmiyyəti və funksiyaları

Bu fənnin əhəmiyyəti onun funksiyalarında irəli gəlir. Nəzəri-idraki funksiya predmetin öyrənilməsi çərçivəsində həyata keçirilir. Praktiki funksiya çoxmədəniyyətliliyin əsasını təşkil edən etnik, dini və mədəni dəyərlərin qorunması üçün tövsiyyələr verir. Siyasi-ideoloji funksiya etnik və mədəni müxtəlifliklərə münasibətdə dövlətin apardığı konkret siyasəti xarakterizə edir. Proqnozlaşdırıcı funksiya çoxmədəniyyətliliyin cəmiyyətin sonrakı inkişafına təsirini araşdırır. Mənəvi-tərbiyəvi funksiya cəmiyyətdəki müxtəlifliklərin əsasını təşkil edən etnik, dini və mədəni dəyərlərin qorunması yollarını öyrədir.

  1. Multikulturalizmə liberalizm yanaşması və onun nümayəndələri

Multikulturalizmə liberalizm yanaşması Multikulturalizmi liberal demokratik prinsip və dəyərlər baxımından nəzərdən keçirməyi tələb edir. Bu yanaşmanın mahiyyəti ondan ibarətdir ki, o bir tərəfdən dözümlülüyə sadiqdir, digər tərəfdən mənəvi sahədə, xüsusən də mədəni və dini ənənələrə bağlı fərdi seçim azadlığına rəğbət göstərir. Vil Kimlik bu yanaşmanın əsas nümayəndələrindən biridir. O, əsas diqqəti azlıqda olan qruplarla ədalətli rəftar olunması məsələsinə cəmləşir. O, azlıqda olan qrupları mühacir və milli qruplara ayırırdı. Onun irəli sürdüyü Multikultural vətəndaşlıq anlayışında təmsilçilik, özünüidarəetmə və polietnik hüquqlar əks olunmuşdu. Liberalizmin klassik nümayəndələrindən biri olan Con Stüart Mill qeyd edirdi ki, birinin azadlığı digərinin azadlığını məhdudlaşdırmamalıdır. Bu onun irəli sürdüyü Zərər vurma prinsipinə əsaslanır. Klassik liberalizmdə fərdiyyətçilik ön plandadır. Tolerantlıq zərurət kimi özünü biruzə verir. Müasir liberalizmdə Vim Kimlikanın irəli sürdüyü kənar müdaxilə konsepsiyası vasitəsilə milli azlıqların başqalarına münasibətdə qorunmasının və bərabərliyinin təmin olunmasını nəzərdə tutur. Çandran Kukatas zəif və güclü multikulturalizm yanaşmasnı irəli sürmüşdü. Zəif multikulturalizmdə dövlətin rolu və ya müdaxiləsi azdır. Onun konsepsiyasına görə birləşmə azadlığından açıq cəmiyyət doğur və digər mədəniyyətlərin nümayəndələri bu cəmiyyətin üzvünə çevrilir.

  1. Multikulturalizmə kommunitarizm yanaşması və onun nümayəndələri

Kommunitarianlar fərdi-liberal dəyərlər qarşısında qrup və kollektiv dəyərləri müdafiə edirdilər. bu yanaşmanın nümayəndələri hesab edirdi ki, fərdi azadlıqlar üçün qrup təhlükəyə atıla bilməz və multikulturalizm siyasəti fərdlərdən daha çox kollektiv hüquqlara istiqamətlənməlidir. Vil Kimlika və Çarlz Teylora görə insanlar iki növ hörmət və ehtirama layiqdir:
1. Hər bir fərd cinsi, irqi və etnik kimliyindən asılı olmayaraq fərdi, bərabərhuquqlu kimliyə malikdir;
2. Hər bir fərd daxilində yaşadığı qrupun norma və dəyərlərinə qarşı hörmət və ehtiram gözləyir.
Makintayr Əxlaqın ardınca adlı əsərində etik qayda və qanunların fərddən daha çox ictimai, toplu şüurda meydana gəldiyini vurğulayırdı. Kommunitarian yanaşmaya görə fərdlər cəmiyyət tərəfindən qəbul olunan sərhədləri aşdıqda ictimai həyatda xaoslar yarana bilər. Alman filosofu Yurgen Habermas liberal və kommunitarian multikulturalizmə dair dilemmanı belə ifadə edir: bir tərəfdə mədəni müxtəlifliyi əsas alan siyasət, digər tərəfdə isə fərdi hüquqların universallığına dair siyasət.
Yüklə 29,43 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin