1
Şahin Böyükağa oğlu Əlibəyli
«Psixiatriya» və «psixopatologiya» anlayışları arasında fərq varmı?
Məşhur alman alimi və həkimi İohann Xristian Reyl (Johann Christian Reil)
1803-cü ildə «psixiatriya» və «psixi terapiya üçün hospital» terminlərini təklif etmişdir.
Ruhi xəstəliklər haqqında elm sahəsini ifadə etmək üçün İ. K. Reyl tərəfindən yaradılan
«psixiatriya» («psychiatry») termini iki yunan sözünün birləşdirilməsindən ərsəyə
gəlmişdir ki, psyche – ruh, qəlb, şüur, düşüncə və iatreia – əlac etmə, müalicə etmə,
sağaltma deməkdir. Göründüyü kimi, «psixiatriya» məfhumu hərfən «ruhun müalicə
edilməsi», «ruhun sağaldılması» kimi məna daşıyır. Lakin elə həmin dövrdən etibarən
«psixiatriya» termini narazılıq doğurmuş, etirazla qarşılanmışdır. Avstriya psixiatrı və
nevroloqu Teodor Herman Meynert (Theodor Hermann Meynert) belə bir terminin
istiqamətləndirici xüsusiyyətinin həqiqətə uyğun gəlmədiyini, reallığı əks etdirmədiyini,
yalan olduğunu hesab etmişdir. Görkəmli rus psixiatrı Vasili Alekseyeviç Gilyarovski
XIX–XX əsrlərin hüdudunda «psixiatriya» terminini «anaxronizm» adlandırmışdır.
Dövrünün böyük həkimi və alimi fikrini belə əsaslandırmışdır ki, həmin termin «ruhun və
yaxud psixikanın bədəndən asılı olmadan mövcud ola, xəstələnə və hətta öz-özlüyündə
müalicə edilə bildiyini nəzərdə tutmaqla», əsassız bir tələb ortaya qoymaqla yanlışlığa yol
açır [2].
Barəsində danışılan elmi ifadə etmək, onu adlandırmaq üçün başqa terminlər
yeritməyə dəfələrlə cəhd olunmuşdur. Məsələn, məşhur rus psixiatrı Viktor Petroviç
Osipov onun yunan mənşəli terminoelementlərdən düzəltdiyi «tropopatologiya» termini ilə
əvəz olunmasını təklif etmişdir ki, tropos – çevriliş, istiqamət, fəaliyyət üsulu, hərəkət tərzi
və pathos – duyğu, hiss, əzab, xəstəlik, logos – söz, nitq, ağıl, məna, mühakimə, anlayış,
ifadə, təlim, elm deməkdir. V. P. Osipovun nəzərincə, «tropopatologiya» termini hərfi
məna etibarilə «davranış pozğunluqları haqqında elm» kimi açıqlanır. Məşhur rus psixiatrı
və nevroloqu Vladimir Mixayloviç Bexterev «psixiatriya» termininin yerinə «patoloji
refleksologiya» adını təklif etmişdir. Görkəmli ukraynalı psixiatr Aleksandr İvanoviç
Yuşenko «psixiatriya» adının «personopatologiya» məfhumu ilə əvəzlənməsi fikrini irəli
sürmüşdür [4; 5].
Əlbəttə, təklif edilən yeni adların hər birinin özünəməxsus çatışmazlıqları
olmuşdur. Onların terminologiya şərtlərinə uyğun gəldiyinə heç kim etiraz etmək istəməz,
amma bununla belə bir anlayış olaraq «psixiatriya» termininin yerini tutmaq iqtidarında
olmadığını da unutmaq mümkün deyildir.
«Psixiatriya» termininin uğursuz olduğunu bir neçə kontekstdən əsaslandırmaq
olar ki, bunların arasında həmin adla «psixi xəstəliklərin yalnız müalicəsi haqqında elm»
təəssüratı yaranması daha çox qabardılmalıdır. Həqiqətən yunan mənşəli «iatreia»
terminoelementi müvafiq sözlərə qoşulduqda müalicə işi ilə bağlı bir elm sahəsi
təsəvvürünü doğurur. Məsələn, yaşa dolmuş orqanizmin fizioloji və psixi fəaliyyət
xüsusiyyətlərini, qocalığın mahiyyətini və ictimai problemlərini öyrənən elm sahəsinə
«gerontologiya», onun qocalıq dövrü xəstəliklərinin müalicəsi ilə məşğul olan sahəsinə
«geriatriya» adı verilmişdir. Qərb ölkələrində «tibbi seksologiya» termini əvəzinə «seksual
2
təbabət» və «seksiatriya» istilahları işlənir. Sovet imperiyasının «seks» sözündən
istifadənin əxlaqsızlığa sürükləyəcəyindən daim ehtiyat etdiyi illərdə məşhur polyak
həkim-seksoloqu, professor Kazimej İmelinskinin (Kazimierz Imielinski) bir kitabının
orijinal adı «Seksologiya və seksiatriya eskizləri» (polyak dilində «Zarys seksuologii i
seksiatrii») olduğu halda, 1986-cı ildə tibb elmləri doktoru, professor Georgi Stepanoviç
Vasilçenkonun redaktorluğu ilə biologiya elmləri namizədi Aleksandr Bruyenka onu rus
dilinə «Seksologiya və seksopatologiya» («Сексология и сексопатология») kimi tərcümə
etmişdir [3]. Burada «seks» sözünün arxasına «patologiya» terminoelementi qoşulmaqla
cinsi pozğunluqlardan bəhs edən bir elmə işarə olunması məqsədi güdülmüş və buna nail
olunmuşdur.
Ümumiyyətlə, «patologiya» sözü bir çox elm sahələrinin adlandırılmasında kara
gəlmişdir.
Yaxın
vaxtlara
qədər
«kardiopatologiya»,
«nevropatologiya»,
«psixopatologiya», «seksopatologiya» və başqa məfhumlardan geniş-boluş istifadə
edilmişdir. Bu mənada «psixiatriya» termininin sinonimi qismində məhz
«psixopatologiya» istilahına müraciət olunmuşdur. İlk baxışda belə təəssürat yaranır ki,
«psixiatriya» termini ilə müqayisədə «psixopatologiya» istilahı daha münasib və uğurlu
hesab edilə bilər. Ancaq «psixiatriya» və «psixopatologiya» terminlərinə münasibətdə
müəlliflər arasında fikir ayrılığı var. Müəlliflərin bir qismi iddia edir ki, bunların arasında
sərhəd çəkməyə heç bir lüzum yoxdur. Ancaq başqa müəlliflər «psixiatriya» və
«psixopatologiya»
terminlərinin
eyniləşdirilməsinin
əleyhinə
çıxır,
onların
fərqləndirilməsini vacib sayırlar. Maraqlıdır ki, «psixiatriya» və «psixopatologiya»
terminlərinin fərqləndirilməsi fikrini dəstəkləyən həmin müəlliflərin özlərinin arasında
mübahisə yaranmışdır. Bu baxımdan bir neçə variant irəli sürülmüşdür:
1) psixopatologiya psixi xəstəliyin hər ayrıca halında davranışdakı kənarlanmanı
təsvir etmək və aydınlaşdırmaq məqsədilə onun öyrənilməsilə məşğul olan elmdir və
«psixiatriya» ilə müqayisə edilməlidir;
2) psixopatologiya psixiatriyanın bir bölməsi olub, psixi xəstəliklərin,
psixopatoloji proses və halların ümumi qanunauyğunluqlarını öyrənir, buna görə «ümumi
psixiatriya» hesab edilə bilər;
3) psixopatologiya psixi proses və hadisələrin normadan kənarlanmasını və
xarakterinə görə xəstəlik dərəcəsinə çatmasını öyrənən elmdir;
4) psixopatologiya yalnız şizofreniya və depressiya kimi psixi pozğunluqların
ümumi qanunauyğunluqlarını tədqiq edən elmdir, buna görə həmin termin psixi
pozuntuların müalicəsinin praktik metodlarını deyil, onların yalnız bir neçə xüsusiyyətini,
adətən etiologiyasını ifadə etmək üçün istifadə olunmalıdır;
5) psixopatologiya psixiatriyanın bir bölməsi olub, «diaqnoz», «patogenez»,
«simptom», «sindrom» və başqa tibbi anlayışlardan istifadə etməklə klinik metodlar
əsasında psixi xəstəliklərin klinik təzahürünü öyrənir;
6)
psixopatologiya
psixiatriyanın psixika, şəxsiyyət və davranışın
pozğunluqlarının müxtəlif aspektlərini, onların mənşəyini, inkişaf qanunauyğunluqlarını,
klinik təzahürlərini, simptom əmələ gətirməsini, sistematikasını, diaqnostik kriterilərini,
psixi proseslərin pozulmasının müayinəsi metodlarını, praktik işdə aşkara çıxarılmış
kənarlanmaların diaqnostik əhəmiyyətini öyrənən, psixi pozğunluqların tədqiqindən hasil
3
olan nəticələrdən insan psixologiyasının, bir tərəfdən psixi və personal kənarlanmaların
qarşılıqlı təsiri proseslərinin, digər tərəfdən mədəniyyət və sosial proseslərin qarşılıqlı
bağlılığının başa düşülməsində istifadə olunmasını araşdıran interdissiplinar (fənlərarası)
bir sahəsidir;
7) psixopatologiya xəstəliklər haqqında təlimin bir bölməsi olub, psixozların və
başqa psixi pozğunluqların inkişafının, təzahürü və gedişinin səbəb, qanunauyğunluq və
mexanizmlərini öyrənir, həmçinin onların təsnifatı prinsiplərini göstərir, müalicəsi
metodlarını işləyib hazırlayır və digər tərəflərini araşdırır;
8) psixopatologiya əməli əhəmiyyət kəsb etməkdən əlavə insan haqqında
ümumi təlimin psixologiyadan savayı daha bir vacib tərəfidir.
Göründüyü kimi, psixopatologiya mövcud nöqteyi-nəzərlərin bir qisminə görə
psixiatriyaya qarşı qoyulur, başqa hallarda onun bir bölməsi kimi nəzərdən keçirilir, bəzi
hallarda psixiatriya hüdudundan kənara çıxmaqla xəstəliklər haqqında təlimin, hətta insan
haqqında ümumi təlimin bir bölməsi kimi təqdim edilir.
Əslinə qalsa, «psixiatriya» və «psixopatologiya» terminlərini qarşı-qarşıya
qoymaq, onlardan birini digərindən üstün tutmaq olmaz. Tibb elminin bir sahəsi olaraq
«psixiatriya» və «psixopatologiya» istilahlarının eyniləşdirilməsində elə bir qəbahət
yoxdur. Sadəcə olaraq son illərdə «patologiya» sözünün elm sahələrini ehtiva edən
terminlərə bir element kimi qoşulması ənənəsindən uzaqlaşma cəhdləri güclənmişdir. Buna
görə «nevropatologiya», «psixopatologiya», «seksopatologiya» kimi istilahların işlənməsi
erasının başa çatdığını zənn etmək olar. Bu barədə rusiyalı məşhur alim və həkim Qabriel
Lazareviç Biliç 2007-ci ildə çap etdirdiyi «Seksologiya üzrə sorğu kitabı»nda haqlı olaraq
qeyd etmişdir: «Seksopatologiyanın ayrıca fənn kimi ayrılması süni və qondarma bir
şeydir. Əgər bu prinsipdən çıxış edilərdisə, onda «uropatologiya», «pulmopatologiya»,
«kardopatologiya», «nefropatologiya» kimi sahələr ayırmaq lazım gələrdi. Belə cəfəng,
mənasız nümunələrin sayını artırmaq olardı. Xoşbəxtlikdən, bu fikir heç kimin başına
girmir» [1].
Sonda bir şeyi qeyd edək ki, «psixopatologiya» məfhumu təkcə «psixiatriya»
termininin sinonimi qismində işlənmir, eyni zamanda psixi xəstəliyin simptom və
sindromlarının məcmusunu özündə ehtiva edir. Bu mənada psixopatologiyaya
münasibətdə əsasən iki cür baxış mövcuddur:
1) psixopatologiya sadəcə hər hansı psixi xəstəliyin klinik cəhətdən təzahür edən
əlamətlərinin cəmidir ki, onu psixi sahənin patologiyası, psixi xarakterli pozuntuların
məcmusu kimi nəzərdən keçirmək olar;
2) psixopatologiya psixi funksiyanın icrasının patoloji patternidir ki, onu
kənarlanma, distress, disfunksiya və yaxud təhlükəlilik patterni kimi təsvir etmək olar.
Mətndə rast gəlinən personalilər haqqında qısa məlumat
Dostları ilə paylaş: |