«Pulların yuyulmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə
sahəsində əməkdaşlığın
aktual məsələləri» mövzusunda seminarın açılışında
Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi
Xidmətinin direktoru Adışirin Qasımovun nitqi
Hörmətli xanımlar və cənablar,
hörmətli tədbir iştirakçıları,
əziz qonaqlar!
10 noyabr 2010
Mən sizin hamınızı Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında
Maliyyə Monitorinqi Xidməti adından salamlayıram, qonaqlarımza «xoş gəlmisiniz»
deyirəm.
Bildiyiniz kimi bu tədbirdə bizimlə birlikdə Pakistandan gələn qonaqlarımız da
iştirak edirlər. Mən onları xüsusilə salamlayıram və bildirmək istəyirəm ki,
Azərbaycan Respublikası ikinci dəfə öz müstəqilliyini bərpa etdikdən sonra Pakistan
bu müstəqilliyi tanıyan ilk dövlətlərdən biri olmuşdur. Ona görə Pakistandan gələn
dostlarımızı bu tədbirdə görməyə çox şadıq.
Dünya Bankı, Beynəlxalq Valyuta Fondu və BMT Narkotiklər və Cinayət
idarəsi tərəfindən Azərbaycanda təşkil olunan 3 günlük seminar «Pulların
yuyulmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində
əməkdaşlığın
aktual məsələləri» mövzusuna həsr olunub.
Artıq dünən Maliyyə Monitorinqi Xidmətinin əməkdaşlarının və Pakistanlı
həmkarlarımızın iştirakı ilə birinci seminarımız çox maraqlı və məhsuldar keçirildi.
Əminəm ki, seminarın növbəti iki günü də kifayət qədər maraqlı və faydalı olacaqdır.
Qlobal miqyasda mövcud olan pulların yuyulması və terrorçuluğun
maliyyələşdirilməsi problemi azad vətəndaş cəmiyyətinin formalaşdırılması, liberal
və rəqabətli bazarların yaradılmasına istiqamətlənmiş beynəlxalq səyləri sarsıdır və
milli iqtisadiyyatların inkişafına mane olur. Qeyd ediləm problemlərin aradan
qaldırılması üçün həm ölkədaxili, həm də beynəlxalq səviyyədə geniş əhatəli strateji
fəaliyyətə, intensiv əməkdaşlığa və səmərəli koordinasiyanın təmin olunmasına
ehtiyac vardır.
Bildiyimiz kimi, həm Azərbaycan, həm də Pakistan regional münaqişələrdən,
silahlı separatizmdən, ekstremizmdən və terrorçu qrupların təcavüzündən əziyyət
çəkən ölkələrdir. Buna görə də həm Azərbaycan həm də Pakistan dövləti
terrorçuluqla və terrorçuluğun maliyyələşdirilməsi ilə aktiv şəkildə mübarizə aparır,
beynəlxalq antiterror fəaliyyətini bütün vasitələrlə dəstəkləyir.
Maliyyə sisteminin şəffaflığının və etibarlılığının artırılması, iqtisadi
cinayətkarlıq və korrupsiya yolu ilə qanunsuz gəlirlərin əldə edilməsinə qarşı
mübarizə sahəsində də Azərbaycan dövlətinin siyasəti aydın hədəflərə malik olan
strategiyaya və qabaqcıl beynəlxalq standartların tətbiqinə əsaslanır. Azərbaycanda
2004-2006-cı illər ərzində Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramı qəbul
edilərək uğurla icra edilib. Bu Proqramın davamı kimi «Şəffaflığın artırılması və
korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya» və bu Strategiyanın həyata
keçirilməsi ilə bağlı 2007-2011-ci illər üçün Fəaliyyət Planı qəbul edilib, taməhatəli
implementasiya olunur.
Sözsüz ki, bu proqram və strategiyaların uğurla reallaşdırılması nəticəsində əldə
edilən nailiyyətlərin bir istiqaməti də Azərbaycanda beynəlxalq standartlara uyğun
pulların yuyulmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə
sisteminin formalaşdırılması ilə bağlıdır. Ölkəmizin bu sahədə nailiyyətləri
beynəlxalq səviyyədə müsbət qiymətləndirilir. Təsadüfi deyil ki, bu günlərdə
Azərbaycan FATF-ın xüsusi monitorinq rejimindən tam çıxarıldı. ABŞ Dövlət
Departamentinin terrorçuluqla qlobal mübarizəyə dair sonuncu hesabatında
Azərbaycanın terrorçuluqla və terrorçuluğun maliyyələşdirilməsi ilə mübarizə
sahəsində nailiyyətləri xüsusi vurğulanmışdır. USAID-in Azərbaycan ofisi Maliyyə
Monitorinqi Xidmətinin kollektivini PL/TMM sahəsində effektiv təlim proqramlarını
həyata keçirdiyinə, beynəlxalq standartların tətbiqində qazandığı nailiyyətlərə görə
“Uğur Sertifikatı”na layiq görmüşdür
Ölkədə effektiv PL/TMM sisteminin formalaşdırılması baxımından prioritet
fəaliyyət istiqamətlərindən biri də təlim və maarifləndirmə tədbirlərinin həyata
keçirilməsidir. PL/TMM sahəsində dövlət siyasətini icra edən və əlaqələndirməni
həyata keçirən qurum olaraq Maliyyə Monitorinqi Xidməti bu istiqamətdə səmərəli
şəkildə fəaliyyət göstərir.
Təkcə bir faktı bildirmək istəyirəm ki, bu günkü təlim-seminar 1 il ərzində bizim
bu istiqamətdə həyata keçirdiyimiz 45-ci tədbirimizdir. O cümlədən, bizim
beynəlxalq tərəfdaşlarla birgə həyata keçirilən 9-cu təlim-seminarımızdır. Beynəlxalq
tərəfdaşlarımızın dəstəyi ilə keçirilən bu tədbirin xüsusi bir əlamətdarlığı həm də
ondadır ki, qeyd etdiyim kimi bu tədbirdə yerli mütəxəssislərlə yanaşı dost ölkə olan
Pakistandan gələn qonaqlar da iştirak edirlər. Yəni bu tədbir beynəlxalq seminar
statusuna malikdir.
Tədbirin daha bir əlamətdarlığı isə bu tədbirin pulların yuyulması və
terrorçuluğun maliyyələşdirilməsi ilə mübarizədə birbaşa iştirak edən hüquq-
mühafizə orqanlarının nümayəndələrinin geniş tərkibdə iştirakı ilə keçirilməsindədir.
Müxtəlif dövlət orqanları arasında qarşılıqlı və səmərəli əməkdaşlığın təmin edilməsi,
məlumat bazalarından birgə istifadə və məlumat mübadiləsinin həyata keçirilməsi
ölkədə effektiv PL/TMM sisteminin formalaşdırılmasının əsas şərtlərindən biri kimi
çıxış edir. Buna görə də mən fürsətdən istifadə edərək bir daha bu dövlət orqanlarının
rəhbərliyinə əməkdaşlıq üçün dərin təşəkkürümü bildirirəm.
Xanımlar və cənablar, icazənizlə belə mötəbər tədbirin təşkil edilməsi üçün
verdikləri dəstəyə görə Dünya Bankının, Beynəlxalq Valyuta Fondunun və BMT-nin
Narkotiklər və Cinayətkarlıqla Mübarizə İdarəsinin
nümayəndələrinə, xüsusilə də
cənab Klaudio Stroligoya öz dərin təşəkkürümü bildirmək istərdim.
Mən əminəm ki, bu tədbir həm Maliyyə Monitorinqi Xidmətinin əməkdaşları,
həm hüquq-mühafizə orqanlarının əməkdaşları, həm də xarici qonaqlarımız üçün çox
faydalı olacaq. Bir daha bütün iştirakçılara öz salamlarımı çatdırmaq istəyirəm və
tədbirə uğurlar arzulayıram.
Diqqətinizə görə çox sağ olun!
Dostları ilə paylaş: |