cevriyyə –Gənc, gözəl, kimsəsiz bir qadın. . barba-
Meyxana xidmətçisi, xeyirxah qoca. .
kərim- yaşlı bir kişi . .
o -adı, işi naməlum cavan bir kişi. .
Həmişə
bütün dövrlərdə
sirli-soraqlı, ağrılı-qayğılı
İSTAMBUL küçələri.
Birinci hissə
BİRİNCİ FRAQMENT
Qaranlıq.
Hardansa, uzaqlardan eşidilən kövrək bir melodiya.
Elə bil azan çəkilir, dua oxunur.
CEVRİYYƏNİN SƏSİ - Allahım!.. Bu nə eşq, bu nə sevda? Bu nə bəla, Allahım?
Mən onu sevdiyimtək dünyada heç kim heç kimi sevməmiş... Gündüzlərim gecəyə dönmüş, gecələrim heçə donmüş... Səni anaram, səni gəzərəm, gözlərəm səni! Hardasan, sevdiyim?..
Allahım!.. Bu nə eşq, nə sevda? Bu nə bəla, Allahım?
(Səs yavaş-yavaş mahnıya çevrilir.)
Gəmi nərdivanın tamam saldılar.
Mənim sevgilimı həbsə aldılar.
Dönərsənmi geri, ey canım-gözüm,
Belə ayrılığa mən necə dözüm,
mən necə dözüm?..
Ah... qüssə məni üzür, qəlbim qan ağlayır... Har-da-san, sevdiyim?!.
Allahım!.. (Hıçqırır.)
Sonra tam sakitlik.
Sonra sahilə çırpılan dalğaların səsi.
Gəmilər fit verir. Mayak yanıb-sönür.
Sonra Ay doğur.
Bosfora sallanmış İstambul. Uzaq işıqlar ulduzlar kimi sayrışır.
Xəlic körpüsü. Ayasofiya məbədi, Bəyazid camesi, dörd minarəli Əhməd məscidlərinin tanış, doğma surətləri toranlıqdan boylanır.
Sakit, kimsəsiz bir küçə. Aralıdan addım səsləri eşidilir: bir dəstə qadın hay-küylə danışa-danışa yaxınlaşır.
Birdən qadınlardan kimsə bərkdən qışqırır, digəri onu söyür, haray-həşirli dava düşür. Onları sakitləşdirən polislərin fiti, səsləri eşidilir.
Qadınlardan biri qaçaraq dəstədən aralanır. Onun boynunda mavi rəngli uzun bir şərf var. O, tez-tez geri boylanır, hürkək baxışlarla ətrafı süzür. Tində gizlənir. Dava sakitləşir, səslər uzaqlaşır.
5
Qadın azad olduğunu hiss edincə rahat nəfəs alır. Sifətinə məmnunluq çökür. Başını dikəldib səmaya baxır, qollarını qaldırıb dua edir. Bu Cevriyyədir.
Cevriyyə qapılara baxa-baxa gedir, axtardığı qapının önündə dayanır, astaca onu döyür. Səs gəlmir. Qapının dəstəyinə bir qırıq sarı ip bağlayıb aralanır.
Sonra o, elə bil qəfəsdən buraxılmış quşa dönür. Qaçaraq sahilə yaxınlaşır, qəribə bir tərzdə dənizə boylanır. Mühəccəriyə söykənib dalğaların səsini dinləyir, şəhərin işıqlarına baxır. Özündən asılı olmayaraq pıçıldayır:
Hə, salam, mənim istəkli dənizim, əziz İstambulum!.. Doğrudanmı, mən yenə sənin küçələrindəyəm? Bu anı necə dözümsüzlüklə gözləmişdim? Sənin daşına da, torpağına da qurban olum, İstambulum. Dünyada Allahdan başqa, səndən başqa, bir də... ondan başqa kimim var?
Bir andaca üzünə məhzunluq çökür. Gözləri yol çəkir. Yenə ixtiyarsız pıçıldayır:
Mənim zavallı sevgilim...
Sonra həyəcanlı halda, iti addımlarla yeriməyə başlayır. Tez-tez ətrafa baxır, izlənmədiyinə əmin olunca daha inamla yeriyir.
Uçuq-sökük taxta pilləkənlər. Hər pilləni qalxdıqca həyəcanı daha da artır. Nəhayət, köhnə bir qapı önündə dayanır, məxsusi işarə ilə onu döyür, cavab gözləyir. Xəyalında qəribə bir səhnə canlanır. O, evin ortasında dayanıb Cevriyyəyə baxa-baxa qalıb.
o -
(Pıçıldayır.) Cevriyyə?.. Hardaydın bu vaxta qədər?
cevriyyə -
Əvvəl qazamatda, sonra sürgündə.
o -
Ola bilməz, ola bilməz, mənim sevincim.
cevriyyə -
Yalan demirəm, abi.
o -
Yazıq qızcığaz... Necə dözdün bəs?..
cevriyyə -
Dözdüm də, abi.
o -
Mən də deyirəm, daha yəqin məni görmək istəmirdin.
cevriyyə -
Hər an səni düşünmüşəm.
o -
Mən sənin üçün çox darıxmışdım.
cevriyyə -
Mən də, abi. (Özünü saxlaya biməyərək onun sinəsinə qısılır, ağlayır.)