Qaradağlı kəndinin olayları



Yüklə 84,5 Kb.
tarix26.05.2017
ölçüsü84,5 Kb.
Qaradağlı kəndinin olayları.

Araz Gündü


Muğan düzünün çatıb dirəndiyi Göytəpə kurqanına sığınan ilçə başkəndindən (rayon mərkəzindən) üzü batıya doğru, üç ağaclıq(ağac əski türk ölçüsü olub 7,5 km uzunluğu bildirir), enişli-yoxuşlu yolun üstündə, hündür təpəlik bir yerdə salınmış Qaradağlı kəndi yan-yörədəki kəndlərdən adamlarının qılığına görə seçilir. Bu kəndin adamları üçün deyirlər ki, dilləri çox acıdır; sözü yastılamazlar, dik deyərlər; saymazyanalıq onların qanına işləyibdir. Sözün doğrusu isə budur ki, bu kəndin adamında sanki anadangəlmə bir doğruçuluğa, döyüşkənliyə canatma vardır. Bir örnək: Kəndə qıraqdan gəlmiş bir müəllimin Novruz adında şagirdi ilə arası dəyibmiş. Dərs otağına girən kimi Novruzu ayağa qaldırıb, bir şapalaq vurar, sonra dərsə başlarmış. Bu gedişin ya üçüncü, ya dördüncü günü yenə şapalağını vurub keçmək istəyəndə, gözlənilmədən yeniyetmə, sağlam kənd uşağı olan Novruz azğınlaşmış müəllimin çənəsinə elə bir yumruq ilişdirir ki, O, huşunu itirib yıxılır. Sonradan müəllimi başa salırlar ki, Qaradağlı uşağını suçu olmadan vurmaq olmaz, yoxsa beləcə üzə qayıdar.


Demək olmaz ki, yörədəki kəndlərin hamısında eləcə gözüqıpıq adamlar, Qaradağlıda isə ancaq qorxmaz adamlar yaşayırdı, buna baxmayaraq bu kənd öz dikbaşlığında ad çıxarmışdı ki, çıxarmışdı. Keçən yüzilliyin 70-80-ci illərində dövlət qolçomaqlarının (məmurlarının) ağına-bozuna baxmadan xalqa qan uddurduğu, hamını gözümçıxdıya saldığı çağlarda da onlar bu kəndin istər çobanı, əməkçisi, istərsə də aydınlarına pis üz göstərməkdən çəkinərdilər.
Bu kəndin Güney Azərbaycanın Qaradağ elindən, Səttarxan yurdundan köçüb gəlmə olduğunu deyirlər. Yoxsa buna görəmi əskilərdə bu kənddə Səttarxan adını çox qoyurdular? Bu kəndin ən qoca Səttarxanı keçən il, üç otuz yaşında, sap-sağlam, eləcə peçin qırağında yasdığa dirsəklənib, dinməz-söyləməz keçinmişdi.
Qaradağlıya qıraqdan köçüb gəlmiş qopanlı, bir də qıraqlı oymaqları köklü Qaradağlılara qaynayıb qarışsalar da işlər dara düşəndə, onlar istər-istəməz ayırd olunurdular. Sovet quldurluğunun ilk çağlarında, onların birilərinin qulağa girmək qulluğundan yararlanıb Qaradağlının bir çox özündəndeyən, başıtərpənən kişilərini gedərgəlməzə göndərmişdilər. Belə baxanda kənddə iki böyük oymaq vardı: soltanlılar ilə xaqanlılar. Bu iki oymaq arasında haçaqdan başlanması ilə nədən başlanması bilinməyən bir qanlıbıçaqlılıq vardı. Kəndin qocaları keçmiş olaylardan söz açanda bax belə deyirdilər: Hə, bu iş Xaqanlı Dəmir Soltanlı Əmiri öldürəndən üç il sonra olmuşdu...
Söz-sovumuzun ardı Qaradağlı kəndində, onun yan-yörəsində dünən, bu gün baş verən olub-keçənlərdən olacaq, kimin könlü istəyirsə buyurub oxuya bilər.


Doğramaçı Eyvaz.

Doğramaçı odundan qapı, baca, başqa nəsnələr düzəldən adama deyirlər. Eyvaz kişinin də iş-gücü qapı, baca düzəltmək idi.


İkinci Dünya savaşı başlayanda Eyvaz kişi əsgərliyini çəkirdi, ona görə də bu savaşın başlanğıcından sonuna kimi vuruşmalı olmuşdu, qanlı-qadalı döyüş yolunu Berlində bitirmişdi. Döyüşlərin birində, özünün dediyi kimi, top gülləsinin yeli onu tutmuşdu (kontuziya olmuşdu). O günün Eyvaz kişinin canında iki izi qalmışdı: Biri, kürəyində--çiyninə yaxın ilişib qalmış qəlpə qırığı idi ki, onda həkimlər nəyə görəsə çıxarmamışdılar, deyəsən axı sümüyə ilişdiyinə görə; İkincisi isə Eyvaz kişinin acıqlananda özünü-sözünü bilməyənəcən çılğınlaşması idi. Qəlpə qırığının ağrısı tutanda Eyvaz kişi ütünü qızdırıb köynəyinin üstündən ağrıyan yerin üstündə gəzdirtdirərdi, beləcə ağrı toxtayardı. Özündən çıxmasına gəlincə, Eyvaz kişi darqursaq adam deyildi, gərək nə boyda suçun olaydı ki, kişini özündən çıxaraydın.
Nədənsə Eyvaz kişinin mollalarla sözü düz gəlməzdi. Ya görərdin mollanın sözünü ağzında qoyub bir köndələn söz soruşur, ya da bir atmaca atır ki, adamlar yas yeri olduğundan, bərkdən gülə bilməsələr də qımışa-qımışa yerlərində qıvrılırlar. Bir yol molla yas törəninin başlanğıcında adamları salavat çevirməyə çağırdı, gəlib ora çatdı ki, qonşu kənddə ölənlərin də ruhuna bir salavat çevirin. Onda Eyvaz kişi qayıdıb deyəsi ki, ay rəhmətliyin nəvəsi öz ölülürəmiz salavat sarıdan itin korluğunu çəkir, sən də götürüb salavatı göndərirsən qonşu kəndə... Başqa bir gündə Eyvaz kişi ilə molla arasında belə bir söz güləşdirməsi olmuşdu:

--Molla, eşitmisən də, Əşrəf kişinin inəyi tapıldı.


--Şükür allaha, bir olan allahın bildiyini biz bimərik.
--Molla bəs o yazıq Qurdların işini necə eləyək?
--Qurdlara nə gəlib ki?
--Molla, axı Əşrəf kişinin inəyi itəndə sən dua yazıb yan-yörədəki bütün Qurdların ağzını bağlamışdın, indiki inək tapılıb, o, yazıqların ağzını aç, qoyma acından qırılsınlar.

Keçən yüzilliyin 70-ci illərindən başlayaraq Azərbaycanda bütünlüklə bir dərəbəylik ağalığı(hakimiyyəti) yer almağa başlamışdı. Kolxozlarda, sovxozlarda birləşdirilmiş kəndlərin “ağası” kolxoz sədrləri, sovxoz direktorları olmuşdu. Yuxarıların töycüsünü verib yerlərini bərkidən bu “ağalar” qorxub çəkinmədən istədiklərini edir, getdikcə bir az da harınlaşır, qudurğanlaşırdılar. Təkəli kəndinin “ağası” Bağış, özü dediyi kimi, bütün kəndi ovcuna yığıb, əlinin içində saxlayırdı. İş o yerə çatmışdı ki, Bağışa gənəşmədən oğul evləndirmək, qız ərə vermək belə olmazdı. O çağlarda nədənsə bu yerlərdə “panama” deyilən şlyapa, bir də qalstukun əyin-başlarda özünə yeni-yeni yer elədiyi günlərdə, Bağış kənd adamına qalstuk taxıb “panama” geyməyi yasaq eləmişdi, bu kənddə ancaq O, qalstuk taxıb, “panama” geyə bilərdi...


Eyvaz kişi bu gün obaşdan çağı yuxudan qalxmış, çay-çörəyini yeyib, bir ağac yarımlıq yolu olan Təkəliyə sarı yola düzəlmişdi, orada Böyükxan kişinin evində işləyəcəkdi. Çiynindəki çantasında Doğramaçılıq diləklərini: çəkic, kərki, balta, rəndəsini də götürmüşdü. Kəndə çatanda gün yenicə çıxmışdı. Kəndin orta yolu ilə bir az getmişdi ki, bu tərəflərdə “Villis” deyilən maşın arxadan ona çatıb saxladı. Eyvaz kişi də arxaya qanrılıb baxdı, maşından geyimli-kecimli, balaca boylu bir adam düşdü, əlini Eyvaz kişiyə uzadıb:

--Əşi, bir bura gəl görüm hələ--dedi.

Eyvaz kişi gərək Qaradağlı olmayaydı ki, hər çağıranın ayağına gedəydi, qayıtdı ki:
--Mənim səninlə bir işim yoxdur, sözün varsa yovuğa gəl, görüm nə deyirsən.

Geyim-kecimli adam Təkəlinin “ağası” Bağış idi. Ağır-ağır Eyvaz kişiyə yaxınlaşıb dilləndi:

--Əşi, deyəsən məni tanımadın axı?
--Tanımağına tanımadım, ancaq atan yaşında kişiyə əşi deməyindən bilinir ki, qanacağını şaxta vurub sənin.

Ötkəm deyilən söz Bağışı tutmuşdu deyin səsini qaldırdı:

--Bu, başına qoyduğun nəmənədir?
--Başıma qoyduğum panamadır, ayağımdakı ayaqqabıdır, şalvarın altından tuman da geyinmişəm, baxmaq istəyirsən, açım göstərim?
--Çaqqal-çaqqal danışma, qurumsaq adam, sən bilmirsən ki, bu kənddə məndən başqası panamada gəzə bilməz?

Eyvaz kişi dinməz söyləməz çantasını çiynindən çıxarıb yerə qoydu, oradan kərkini çıxarıb dikəldi, gözlənilmədən pələngsayağı bir sıçrayışla Bağışın üstünə şığıyıb, onu arxası üstə yerə sərdi, dizinin altına salıb tüküpərdən bir səslə çığırdı:

--Çaqqal sənin ənkə böyüyündü, qurumsaq adındı, indi sən deməsən ki, “p... yemişəm dədə-babamın ağzıynan, üzüm ayağının altında olsun”, sənin böyük tikəni qulağın boyda eləyəcəyəm!..
Bağış ilan dili çıxarıb yalvardı, Eyvaz kişi deyən sözlərin üstünə bir az da ağırlarını qoyub özünü söydü batırdı... Eyvaz kişi onu buraxıb qırağa çəkildi, yol qırağında bir daş tapıb üstündə oturdu, cibindən tütün kisəsini çıxarıb çubuğunu doldurub çəkməyə başladı...
Özünü güclə maşına yetirən Bağış sürücüsü—qardaşı oğluna üz tutub tövşüyə-tövşüyə:

--Bu dəli kimdir, ə?—deyə soruşdu.


Qardaşı oğlu:
--Qaradağlıdan doğramaçı Eyvaz kişidir də.
--Oysa, ay it oğlu it, mənə niyə qabaqcadan demirsən ki, bu kişi Qaradağlıdır...

Eyvaz kişinin qapısında ötədən bəriyə arı kəndiləri olardı. Arıların içində dəyirmi şanlar qurub bal yığdığı bu kəndiləri də özü düzəldərdi, gərəyi olanlara satardı da. Bu kəndiləri kövrək(elastik) söyüd çubuqlarından boru kimi hörər, içini-çölünü gillə suvayıb qurudardı. Deyəsən bütün ilçədə kökü kəsilib qurtarmış Türk arısı deyilən bir türlü arı ancaq Eyvaz kişinin qapısında qalmaqda idi. Necə olmuşdusa, deyilənə görə aşırı çox bal verdiyindən, bu yerlərdə malağan deyilən ruslardan alınan Ərəsey arısı Türk arısını qapılardan sıxışdırıb çıxarmışdı. Türk arısı görünüşcə Ərəsey arısından bir az çəlimsizdi, bütün arılar kimi onlar da olduqca əməksevərdilər, ancaq bir iş vardı ki, bu arılar gözlənilmədən özündən çıxan, özü də çox acıqlı olurdular. Bu arının dincliyini pozan bir iş tutdunmu, çalış qaçıb canını qurtarasan, yoxsa ellikcə üstünə tökülüb canında-başında sağ yer qoymayacaqlar. Bir də qocalar deyərdilər ki, dava-dərmanlıq üçün Türk arısının balı yaxşıdır, Ərəsey arısının balı onun yerini vermir. Kənddə gülməyə salıb deyirdilər ki, bu arılar Eyvaz kişi ilə oturub durduğundan onun kimi acıqlı olublar.


Eyvaz kişinin qapı qonşusu Uruşan bir ay olardı ki, haradansa bir keçi alıb gətirmişdi. Bu keçi gələn gündən Eyvaz kişinin gününü göy əskiyə düymüşdü Ağıldan çıxan kimi sayxınıb (gözdən yayınıb) çəpərin üstündən tullanıb keçirdi Eyvaz kişinin bağçasına, yeni sancılmış şüyləri gəmirib pis günə qoyur, bir az qıraqda əkilmiş bostanı tapdaqdan çıxarırdı. Eyvaz kişi neçə dəfə Uruşana təpinmişdi ki, keçisinə yiyəlik eləsin. Bir yandan Uruşan yazığı da qınamalı deyildi, Atalar demişkən: Ovçu neçə al (fənd) bilsə, ayı onca yol bilər, Uruşan keçisinin qabağını almaq üçün nə düşünürdüsə boşa çıxırdı. Bir çiskinli payız günü, Eyvaz kişi keçinin hənirini alıb, başılovlu bağçaya sarı qaçdı, keçi dil bilirmiş kimi çəpərdən tullanıb Uruşanın qapısına keçdi. Necə olmuşdusa, keçi dayaqların üstünə qoyulmuş arı kəndilərinin birini aşırıb yerə salmışdı, bunu görəndə qan Eyvaz kişinin başına vurdu, yeyin addımlarla evə sarı yönəldi, içəri keçib divardan asılan qoşalülə tüfəngi götürüb yoxladı, tüfəng dolu idi, çiyninə salıb Uruşanın qapısına yönəldi. Mal yiyəsinə oxşayar deyiblər, Uruşan da keçisi kimi çoxbilmiş idi, Eyvaz kişinin qırımından üzünün döndüyünü anlayıb, qaçaraq özünü evə saldı, arvad-uşağa da tapşırdı ki, səssizcə oturub çölə-bayıra çıxmasınlar. Eyvaz kişi qapıya çatıb Uruşanı bir neçə dönə səslədi, hay gəlmədiyini görəndə qapıdakı odun qalağına yaxınlaşıb bir kötük seçdi, bir az qırağa dığırlayıb üstündə oturdu, tüfəngi çiynindən endirib ayaqlarının arasında dizinə söykədi, tütün kisəsini çıxarıb çubuğunu doldurmağa başladı. Qıraqdan baxan olsa elə düşünərdi ki, bu kişi oturub özüyçün çubuq çəkib dincini alır. Üstündən bir saat keçmişdi ki, görünür Uruşanın öyrətməsi ilə, onun arvadı Gülgəz qapıya çıxıb Eyvaz kişiyə yaxınlaşdı:

--Günortan xeyir, ay Eyvaz kişi.


--Aqibətin xeyir, Gülgəz bacı.
--Eyvaz kişi, lap utandırırsan bizi, qapıya gəlmisən içəri niyə keçmirsən?
--Gülgəz bacı, o dılğır Uruşana de ki, çıxsın çölə, vurum öldürüm onu, çıxım gedim, yoxsa mənim də işim gücüm tökülüb qalıb axı.

Bu vaxt evdən bərk bir şaqqanaq səsi gəldi, qapı açıldı, Uruşan qaçaraq, Eyvaz kişi ayağa durmağa macal tapmamış, özünü ona yetirdi, kişini qucaqlayıb o üzündən bu üzündən öpdü:

--Eyvaz kişi, and olsun qızıldan dəyərli başına, uzağı bir saata o keçini kəsəcəyəm getsin, özü də axşama şam yeməyinə bizə gəlməsən ömürlük üzünə baxmaram.
--Sənin bu dilin olmasaydı, çoxdan qurd-quşa yem olub getmişdin—deyən Eyvaz kişi tüfəngini çiyninə keçirib, ağır-ağır öz evinə sarı yönəldi...

Novruz kişinin arvad döyməkliyi ilə,
Aydın müəllimin dəli olmaqlığı.

Özbaşına adama deyilən “sən deyəsən şüt törəmisən” sözünü çoxunuz eşitmisiniz. Əski türklər bütün diriliyin(həyatın) başlanğıcını götürdüyü, törədiyi təbiətə “şüt” deyərdilər, gəlin biz də danışığımızda aradabir təbiət yerinə şüt deməyə çalışaq, necə olsa öz doğmaca sözümüzdür axı.


Əski çağlardan, şüt ilə onun törəməsi olan toplumun gəlişməsinin buruqlu (spiralvari) yolla baş verdiyini öyrədən bilgilər ortaya atılmışdır. Bu bilgilərə görə əskilərdə baş verənlər gəlişərək bir az özündən artıq, ancaq öncəki özünə çox oxşar olaraq yenidən baş verirməkdədir. Bu bilginin doğruluğunu araşdırmağı bilimçilərə tapşırıb, yan yörədə indi baş verənləri 30-40 il qabaqlarda baş verənlərlə tutuşduranda biri-biri ilə uyğun gələn bir çox nəsnələr gözə çarpır.
Savçı(poçtalyon) Novruz kişi Qaradağlıdan deyildi, ancaq keçən əsrin 60-70-ci illərində, günaşırı bu kəndə gəlib qəzet, məktub gətirərdi. Novruz kişinin ağ-boz, üstündə iri qara çilləri olan atı kənddə görünəndə istər-istəməz bir canlanma yaranırdı, təkcə ona görə yox ki, kimsə məktub gözləyirdi, ya da kiminsə qəzet oxumaqdan ötrü ürəyi atlanırdı, ən çoxu ona görə ki, Novruz kişinin çox dadlı, çox dərin sözü-sovu vardı, deyirdilər ki, kişi danışanda elə bil qızıl xırdalayır. Novruz kişi savçı çantasının içindəkiləri qapı-qapı gəzib paylayandan sonra kəndin ortasında çiy kərpicdən yapılmış dükana gələr, atını yaxındakı tut ağacına bağlayar, dükanın qabağındakı oturacaqda oturub tütün kisəsini çıxarar, eşmə düzəldib tüstülədərdi. Bir də görərdin yavaş-yavaş kənd adamı yığışdı başına, danışıq qızışdı.
Novruz kişi keçmişlərdən danışmağı çox sevərdi: ”Ay bala, boş yerə demirlər ki, ötən günə gün çatmaz, calasan günü-günə. Sizə eləcə öz gözümlə gördüyüm bir olay danışım, özünüz tutuşdurun bugünkü gördüyünüzlə. Keçmişdə, bu yerlərdə sözü çəp gələn kişilər çomaq davasına çıxardılar, vurub bir-birinin baş gözünü əzərdilər, ancaq çeynənmişin qanlısı deyildilər indikilər kimi, biri o birinin basıldığını görəndə özücə dayanıb deyərdi:a kişi, yetər şeytana uyduq, gəl aralaşaq. O vaxt indiki kimi bu ayaqqabılar yox idi, hamı çarıq geyərdi ayağına, bu çarıq andıra qalmışın da bir az qıvraq tərpəndinmi, bağı açılırdı, bir də görərdin çomaq davasının qızğın yerində biri o birinə deyir:dayan bir, çarığımın bağı açıldı, o biri dayanardı bu da çarığının bağını bərkidib yenidən başlardılar davaya. Hanı indi elə sözündə doğrucul, işində düz adamlar, gənci--od-yalov parçası kimi zirək, qocası--dağdan ağır kişilər?” Dili dinc durmayanın birisi:”Ay Novruz kişi, axı kitablarda yazırlar ki, keçmişdə adamlar çox acınacaqlı gündə yaşayıblar, bəylər-xanlar xalqa qan uddurublar”—deyincə, açılardı Novruz kişinin “gül ağzı”: ay onu yazanın varı-yoxu, ölüsü-dirisi... Söyüb-söylənib ürəyini boşaldandan sonra Novruz kişi bir eşmə büküb tüstülədər, sözünün ardını gətirərdi:”Ay bala, kitablarda yazılanlar düz olsaydı biz indi gərək yağ-bal içində üzəydik, yoxsa belə it günündə yaşamayaydıq, hanı o kitabda dedikləri “gözəl günlər, şən günlər, ömrümə düşən günlər”?!.. Deyərsiniz birdən Novruz kişi kitab-zad oxuyur, yox, arada bir uşaqlar oxuyanda qulaq verirəm. Bir də mən qoca kişiyəm, atdığımı-tutduğumu bilmirəm, məni qurdalayıb, danışdırıb zibilə salmayın, sizi Tanrı. Qaldı ki, bizim bu başda oturanların “bişmiş toyuğun gülməyi gələn” danışığına, ağ yalanı adamın üzünə elə deyirlər quruyub qalırsan yerində. Sizə Molla Nəsrəddindən bir söz danışım, qalanını özünüz anlarsınız: Mollanın göy ot yeməyə öyrəşmiş eşşəyi qışda qabağına qoyulan quru otu yaxşı yemirmiş, günü-gündən də sınıxırmış. Molla düşünüb-daşınır gedib yaşıl şüşəli bir gözlük alıb taxır eşşəyin gözünə... Bu dılğırlar da elə bil o eşşəyin günündədilər, ölkə od tutub yanır, kösövü çıxıb, bunlar yaşıllıqdan, güldən-çiçəkdən qırıldadırlar”
Dili dinc durmayan birisi soruşdu:

--Ay Novruz əmi, Mollanın sözünü sonacan danışmadın axı, nə oldu yaşıl şüşəli gözlük taxandan sonra eşşək quru otu yedi ya yox?


--Ay bala, sözü özünə götürmə, Atalar deyiblər: Ərdəmli kişı bir himdən anlayır, eşşəyi yüz yol bizlə, yenə qanmayır, eşşək quru otu yeməyib neynəyəcəkdi ki?
Novruz kişi araya düşən səssizlikdən yaraqlanıb bir eşmə də büküb tüstülətdi, yadına nə düşüdüsə üzünə incə bir gülüş qondu:

--Ay uşaqlar, yetər bu dəvənin boynundan, dünyanın işlərini deyirəm yəni, danışdıq, gəlin sizə bir gülməli başagəldi danışım, başınız qarışsın. Sizə hardan deyim, kimdən deyim hamınızın tanıdığı o oxuyan var ha, İnnab Ağalarova—ondan. Günlərin bir günü bu gəlib çıxdı bizim kəndə, demə qabaqcadan kolxoz sədrinə raykomdan zəng eləyib deyibmişlər ki, puldan-paradan, kənd sovqatından verib bunu yola salsın. Bizim o Mosquva(Moskva) kolxozunun sədri Cavadı da tanıyırsınız, it oynadanın biridir, bunu qarşılayır, aparır kabinetinə, deyilən pulu verir, deyir ki, tapşırmışam maşınınıza bir qoyun cəmdəyi, beş-altı kəsilmiş çolpa qoysunlar. İnnab Ağalarova oturub yalandan aladağdan-qaradağdan danışır, bir azdan durub sağollaşıb getmək istəyəndə Cavad soruşur:

--İnnab xanım, oxumadan hara gedirsiniz?
--İbrahim müəllim(raykom katibi) sizə deməyib ki, mən oxumayacağam?

Cavad da, tutasan bu İnnabın əlindən, gətirəsən kabinetinə bitişik dincəlmək otağına, deyəsən ki, sən soyun, mən işçilərimə tapşırım girib-çıxan olmasın, indi qayıdıram. Bu İnnab da tökəsən gözünün yaşını gildir-gildir ki, Cavad müəllim mən elə qadın deyiləm. Cavad da deyəsi ki, İnnab xanım, bu axı düz iş deyil, mən Sizə pul verirəm, Siz də qarşılığında mənə nəsə “verməlisiniz”, yoxsa mən dəli olmamışam ki, bir ətək pulu götürüb verirəm Sizə! Nə isə bu, İnnab Ağalarova suyu süzülə-süzülə çıxıb gedir.


Novruz kişinin köksündə qatı açılmayan sözlər olduğunu bilən birisi onu sınağa çəkmək istədi:

--Ay Novruz kişi, sən bilərsən, bu uruq-turuqun(qohum-əqrabanın) az olmağı yaxşıdı, yoxsa çox olmağı?


--Ay oğul, uruq-turuqun nə qədər çox olsa yaxşıdı, ancaq Tanrı kişi adamı əliaşağı eləyib başqasını demirəm, heç uruq-turuqunun da qapısına göndərməsin.

Novruz kişiyə ərki yetən kənd ağsaqqallarından biri gülə-qülə soruşdu:

--Ay Novruz, eşitmişəm bu yaxında evdə arvadı yaman şapartdamısan axı?

Novruz kişi qımışdı, eşməsinə bir dərin qullab vurub dilləndi:

--Sən deyəsən bu uşaq-muşağın yanında mənim üzümün suyunu tökmək istəyirsən.—bir az düşünüb gülümsədi, sonra:--A kişilər, deyirlər axı arvaddan qorxmayan tanrısını tanımaz, mən hara, arvad döymək hara. Olur da, yaşlı adamın deyirlər beyni quruyur, dəngi azalır, arada qanım qara olanda acığımı arvadın üstünə tökürəm: söyüb-söylənirəm, lap özümdən çıxanda arvadın içkinlərini (əzizlərini) də qatıb qarışdırıram. Çoxdandır, görürəm mən söyüb-söyləndikcə arvad da öz-özünə deyir: “hə, nə olsun ki”. Bir gün yapışdım arvadın yaxasından ki, ya mənə deyəcəksən ki, bu nə sözdür belə deyirsən, ya da səni boğub öldürəcəyəm. Arvad gülə-gülə qayıdıb deyəsi ki, a kişi, sən mənim içkinlərimi bərkdən söydükcə, mən də səninkilərini ürəyimdə söyürəm, ona görə də deyirəm: ”hə, nə olsun ki”. Arvadla bir-birimizə qoşulub ay doyunca gülmüşük ha! Mənim arvad döyməyim bax belə olub.

Gün batana yaxın Novruz kişi adamlarla sağollaşıb, atına minər, öz kəndinə yola düşərdi...

2007-ci il avqust ayının 26-da, bazar günü Qaradağlı kəndindən Soltanlı Aydın müəllim Bakıya gəlmişdi. Düz 24 il idi ki hər il avqust ayının sonuncu bazar günü keçmiş tələbə yoldaşları ilə Bakıda görüşürdülər. Ucuzlu kafelərin birində ayrıca yer götürüb oturar, yeyib-içər, dərdləşərdilər. Aydın müəllim arxadaşları ilə qabaqcadan sözləşdiyi kafeyə çatıb içəri keçdi, onları tapıb görüşüb-öpüşəndən sonra masa arxasına keçib oturdu. Bir azdan arxadaşlar arasında söz-sov qızışdı, necə olsa ildə bir yol ancaq görüşə bilirdilər.
Masaya çox açıq-saçıq geyinmiş gözəl bir qız qulluq eləyirdi, aradabir necə deyərlər göz-qaşını süzə-süzə, özünü sındıra-sındıra yaxınlaşır, nə gərək olduğunu soruşurdu. Qız masaya yaxınlaşanda arxadaşlardan şəkili balası Şöyüb ortalığa gülməli bir söz atıb, qızı güldürməyə çalışırdı. Aydın müəllimin dili dinc durmadı:

--Ay Şöyüb, nə olub belə, görməmiş adamlar kimi baxırsan qıza?


--Aydın, ciyimin canı üçün özümdən asılı deyil, habu it qızını gördümmü, oğraş baxışlarımı yeşirə bulmirəm.

Danışığın qızğın yerində birdən Aydın müəllimin Oruc adında arxadaşı soruşdu:

--Aydın, eşitdim hökümətnən aranı düzəltmisən?
--Oruc, deyəsən məni ələ salmısan axı, özün yaxşı bilirsən, o kinodakı kərbalayı demişkən mən belə allahsız höküməti tanımıram.
--Ay Aydın, kişilər bir ətək pul töküb kəndinizə güzgü kimi yol çəkiblər, bu bəyəm az işdir?
--Deyəsən sənin başına at təpib, ya da içkinin istisi başına çıxıb, nə yol ay Oruc, on il qabaq bizə gəlmişdin ha, yol o gördüyündən də on qat pis günə qalıb.
Oruc cibindən bir qəzet çıxardı, açıb oxumağa başladı: ”İlçə başkəndindən Qaradağlı kəndinə gedən yolun sonuncu on iki kilometrinə də yüksək keyfiyyətli asfalt örtüyü çəkilib, yol qırağında müasir tələblərə cavab verən üç avtobus dayanacağı tikilib istifadəyə verilib. Bundan başqa yol boyunda yerləşən üç kəndin su problemi də bir dəfəlik həll olunmuşdur, belə ki, yol boyunca bu kəndlər üçün üç artezian quyusu qazılmışdır. Görülən işlərə 20 milyon manat dövlət vəsaiti xərclənmişdir”—indi ay Aydın, sən demək istəyirsən ki, bunlar hamısı yalandır?
Eşitdiklərindən özünü şaşırmış Aydın müəllim yerində quruyub qalmışdı, acığından üz-gözü əyilmişdi, handan-hana dili söz tutdu:

--Evin yıxılsın, qapın bağlansın ay belə hökümət! Bu boyda allahsızlıq, bu yekəlikdə də yalan olar? İndi mən sizə deyim, bu yazıda düzə oxşayan nədir, odur ki, 20 milyon dövlət pulu götürülüb, ancaq yola xərclənməyib, çırpışdırılıb. Mən sizə bunların oğru-quldur yığnağı olduğunu deyəndə məni qınayırdınız, indi alın bu da sizin analoqu olmayan—bir az duruxub, səsini qaldırdı--yox bir anlağı olmayan, hökümətiniz !.. Oruc o qəzeti ver mənə, yoxsa bu sözü kənddə danışsam mənə inanmayacaqlar...


Ortalığa uzun sürən bir səssizlik çökdü. Bir azdan arxadaşlar ikibir-üçbir sağollaşıb dağılışmağa başladılar...
Ertəsi gün, dan yeri ağaranda ilçə baş kəndinə çatan qatardan düşən Aydın müəllim öynə çağı kəndə çatdı. Əynini dəyişdi, yuynub üst-başının toz-torpağından arındı, sonra yolun yorğunluğunu canından çıxarmaq üçün bir az uzandı. Gün batan çağı kənd adamının toplandığı dükan qabağına gəldi. Yaxınlaşıb ağsaqqala-qarasaqqala alqış deyib, adamlara qoşuldu. Kənd ağsaqqalından Xaqanlı Adıgözəl kişi soruşdu:

--Aydın müəllim, eşitdim Bakıya gedib qayıtmısan, oralarda nə var, nə yox?

Aydın müəllim dinməz-söyləməz arxadaşı Orucdan aldığı qəzeti cibindən çıxarıb, Adıgözəl kişiyə uzatdı:

--Adıgözəl əmi, bu qəzetin burasını oxu—barmağı ilə oxunacaq yeri göstərdi—özün hər şeyi biləcəksən.

Adıgözəl kişi qəzeti yaxında dayanan gənclərdən birinə uzadıb dedi:

--A bala, mənim gözlüyüm evdə qalıb, bir yana qalanda elə bu yeni hərfləri də yaxşı oxuya bilmirəm, oxu, görək nə yazırlar.

Gənc qəzeti oxuduqca, toplaşan adamlardan kimi içini çəkir, kimi uğunub gedir, kimi də eləcə səssiz durub başını bulayırdı. Qəzet oxunub qurtarandan sonra ortalığa doğrudan-doğruya bir ölüm səssizliyi çökdü. Uzun çəkən səssizliyi Adıgözəl kişinin kükrəyən səsi pozdu:
--Bax, buna deyərlər adamı eşşək yerinə qoymaq! Bir bunlardan soruşan gərək, ay qurumsaq uşağı, yol çəkmirsiniz-çəkmirsiniz, bu dalınızdan qırmızı üzünüzə salıb dediyiniz yalanlar nə üçündür? Aydın müəllim, sən bu işi tapşır biz qocalara, biz onsuz da günümüzü görüb—çağımızı sürmüşük, siz gənclər, ortayaşlılar bu işə qoşulmayın, bir bölük oğul-uşaq yiyəsiniz, bu hökümətdə oturanlar necə ki mən tanıyıram, qan içən, başkəsənlər yığnağıdır. Get, elə indicə prezidentə bir məktub yaz, axşam gətir bizə, özüm üzünü köçürüb, beş-altı ağsaqqala qol çəkdirib, dan üzü(sabah) aparıb ilçə başkəndindən yola salacağam getsin...

2007-ci ilin 22 sentyabrında Süd günü(şənbə) günortadan üç saat keçmiş, Qaradağlı kənd məktəbinin direktoru Aydın müəllimi sinif otağından bayıra çağırıb dedi:

--Aydın müəllim, indicə Təhsil şöbəsinin müdiri mənə zəng eləmişdi, səni başılovlu yanına çağırır.
--Dan üzünə saxlamaq olmazdı yəni, indi bu çağ mən ilçə başkəndinə necə gedib çıxım, getmək o yana qalsın, bunun geri qayıtmağı da var axı.
--Mən də ona sən deyənləri dedim, deyir, yox ki yox, durmasın gəlsin. Ha soruşdum nə işdir belə, bir söz demədi. Mənim huşum kəsən, bu nəsə o yol işinə görə yazdığımız məktuba görədir, mənim maşınımla gedərik, necə olsa səni tək buraxmaq düzgün deyil.

Təhsil şöbəsinə çatanda artıq qaranlıq düşmüşdü, ikinci qata, müdirin yanına qalxdılar, müdir onları görən kimi:

--Yenə nə iş çıxarmısınız a Qaradağlılar?—bir az susub sonra qayğılı-qayğılı: Mənə də demirlər nə işdir, Aydın müəllim, səni prokuror yanına çağırır.

Aşağı düşəndə müdir sağollaşıb onlardan ayrıldı:

--Orda mənlik bir iş yoxdur, prokuror özü dedi ki, qoy tək gəlsin yanıma.

Aydın müəllim prokurorluğa gəlib kimliyini anladınca, qapıda duran gözətçi ona prokurorun otağının yolunu göstərdi. Otağa çatıb qapını döydü, içəridən qaba bir səs:”kimsən, gəl” deyə səsləndi. Aydın müəllim içəri keçdi, prokuror nə alqış, nə qarğış demədən, əli ilə stul göstərdi, Aydın müəllim keçib oturdu. Prokuror 40-45 yaşlarında ortayaşlı birisi idi, üstü kağız-kuğuzla dolu stolun arxasında özünü boğub, qondarma bir görkəmlə oturmuşdu. Üzündəki qabalığın, gözlərindəki kəskinliyin taxma olduğu ilk baxışdanca duyulurdu, ona görə də öz-özlüyündə qorxu-ürkü yaratmalı olan görkəmi gülüş doğururdu. Aydın müəllim səssizcə oturub gözləyir, prokuror isə qarşısındakını sındırmaq üçün düşünüldüyü açıqca duyulan bir saymazyanalıqla, önündəki kağızları o üz-bu üzə döndərib baxır, sanki qarşısındakı adama: belə böyük işlərin başımdan aşdığı bir çağda, sən də özünün dəyərsiz işlərinlə mənim başımı qatıb, zəhləmi tökürsən düşüncəsini aşılayırdı.


Bir azdan prokuror əlini uzadıb göy boyalı bir qovluğu götürdü, önünə qoyub açdı, oradan bir kağız çıxarıb əlində yelləyərək:

--Ayə, bu nə oyunbazlıqdır çıxarırsan?—deyə kükrədi.

Aydın müəllim olduqca toxdaq bir səslə dilləndi:

--Ayə, sən özünün hoqqabazlığından danış.


--Sən mənə hoqqabaz deyirsən?
--Müəllimi oyunbaz olan ölkənin prokurou hoqqabaz olar da.
--Müəllim, səni vuraram, özü də pis vuraram!
--Məni vurmazdan qabaq, tapşır əlimi, ayağımı qandallasınlar.
--O nə üçün?
--Mənim əllərim yox, təkcə ayaqlarım açıq olsa, mənə əl qaldırmağınla sənin leşinin burdan çıxmasının arası üç dəqiqə çəkər.
--Sən yəni belə özündən deyən kişisən?
--Özünü kişi sayırsan, çıxaq bir dalda yerə, sənə kimliyimi göstərim.

Görünən bu idi ki, prokuroru nəsə tutub saxlayır, yoxsa belə üzə qayıdanları “başa salmaq” üçün qabaqlar dönə-dönə sınadığı bir yol bilirdi:Adamı Polis bölməsinə göndərib yaxşıca döydürür, ondan sonra işi istədiyi kimi başa çatdırırdı.


Ortalığa yenə səssizlik çökmüşdü. Prokuror doğrudan da çıxılmaz bir duruma düşmüşdü, yuxarıdan rəisi zəng eləyib demişdi ki, bu məktubla bağlı işi səs-küy qoparmadan yoluna qoysun. İndi öz-özünə düşünürdü: “Tutaq ki, bu sınan adama oxşamayan müəllimi döydürdüm, o da dediyindən dönmədi, sonrası necə olsun?
Bu dağılmış Qaradağlının adamının da sözübir olduğunu deyirlər, birdən yenə də yazdılar? Görükən budur ki, o iyirmi milyondan lap başda oturana pay verməyiblər, belləri ona bağlı olsaydı eləcə deyərdilər ki, məktub yazanın başını batır getsin.Yüz min manat tulapayı verib necə zibilə saldılar məni bu qurumsaqlar!” Ağır düşüncələrdən ayrılıb ayağa qalxdı, kabinetinə bitişik dincəlmək üçün olan kiçik otağa keçib əl-üzünə su vurdu, qurulandı, sonra soyuducudan kumqanı(butulkanı) çıxarıb yaxındakı bardağa su töküb acgözlüklə başına çəkdi. Bir azdan geri qayıdıb yerinə keçıb oturdu, stolunun siyirməsindən bir dəftərçə çıxarıb vərəqlədi, axtardığını tapıb, dəftərçəni açıb önünə qoydu. Uzun sürən səssizliyi prokurorun artıq yumşalmış, bir az da yorğunluq duyulan səsi pozdu:

--Müəllim, kənddə işıqlarınız yanır?


--Yanmasa ondan yaxşıdır, axşam saat doqquzdan, onikiyə kimi, dan üzü saat altıdan, doqquza kimi, xalqın gözünün odunu almısınız-almısınız, barı qaranlıq ocaqa qoymayın.
--Müəllim, bu il iyul ayının 29-da, bazar günü sizin kənddə Müsavatçı Tahirin qardaşının toyu oldu, eləmi?
--Yadıma gəlir ki, iyul ayının sonlarında Tahir bəyin qardaşının toyu oldu, ancaq günü yadımda qalmayıb.
--Toy günü kəndinizdə işıq yanırdımı?
--Yadıma gələni toydan bir gün qabaq, toy günü, bir də toydan iki gün sonra işiqlarımız yerli-dibli yanmadı.
--Bilmirsən niyə?
--Nə bilim, zəng elədik İşıq idarəsinə, dedilər ki, hansısa avadanlıq yanıb, ona görə.
--Avadanlıq-zad yanıb eləməmişdi, biz tapşırmışdıq ki, o günləri sizə işıq verilməsin. Bilirsiniz niyə?--bizim işimizin bir adı da o Tahir kimilərin işini harda yaraqsa(mümkünsə) pozmaqdır, harda bacardıqsa badalaq gəlməkdir.
Prokuror sözünə ara verib ayaqa qalxdı, stul çəkib Aydın müəllimlə üz-üzə oturub sözünün ardını gətirdi:

--Müəllim, sən bizim höküməti o cəbhəçilərin uşaq-muşaq hökümət iilə qarışdırma, Onlar ayaqlarının altını qazanları süfrələrinin yuxarı başında oturdurdular. Ölüdən dinc, tərpənməz olanı yoxdur, deyirlər onun da kəfənini boş sarısan birdən yırtıb çıxa bilər. Xalqın gözünün odunu almasan, gördüyündən göz kirəsi istəyir, başından basmasan dikbaşlıq eləyir, ağzını yummasan hərə ağzına gələni danışır, böyük-kiçiklik itir. Sən oxumuş adamsan, gərək belə nəsnələri özün anlayasan, mən hər adama belə ürəyimi açmıram, ancaq deməyim odur ki, biləsən kiminlə üz-üzəsən, kiminlə baş-başa qoyursan, ayaq-ayağa verirsən.

Bu yerdə Aydın müəllim dözməyib dilə gəldi:

--Sənin bu dediklərin mənim üçün yenilik deyil, mənim dediklərimi də yadında saxla, tanrı ömrünə qıymasın, çağında görəcəksən sizin axırınız pis, özü də çox pis qurtaracaq. Deyim niyə? -- arxası xalqa bağlı olmayan hökümətlərin heç birinin sonu yaxşı qurtarmayıb — sizin arxanız xalqa bağlı deyil; Xalqın ərki yetməyən, xalqın ürək qızdırmadığı hakimiyyət uzun sürə bilməz, xalqın çaşqınlığı, yanlışa qapıldığı dönəmlər ola bilər, ancaq o elə xalq olduğu üçün də bunları adlaya bilir. Mənə inanmaya bilərsiniz, açın tarix kitablarını oxuyun! Qaldı ki, xalqdan oğurladıqlarınıza, onu da dincliklə yeyə bilməyəcəksiniz, elə indidən görünür, bir dənə məktuba görə dəymisiniz bir-birinizə.

Prokuror danışığın onun istəmədiyi yönə getdiyini görüb sözü dəyişdi:

--Aydın müəllim, gəl belə danışaq, deyə bilərsən ki, o məktubun altında mənim qolum yoxdur, mənim xəttimlə yazılmayıb. Mən sənin Bakıdan qəzet gətirməyindən tutmuş, o məktubun necə yazılıb, necə yola salınmağına kimi nə var olduğu kimi bilirəm. Gecə keçir, gəl sözü uzatmayaq, mənə yaxşı-yaxşı qulaq as, gör nə deyirəm. Ola bilsin ki, haçağsa elə sən deyən kimi də olacaq, ancaq sən anlamalısan ki, bu gün biz güclüyük, ha çalış-çabala onsuz da biz üstün gələcəyik. Belə lap açığı, bir ətək pul verib bu vəzifəni almışam, mən burda o verdiyim pulumu da çıxarmalıyam, gələcəyim, qaragünüm üçün də nəsə yığmalıyam, bu dünyanı düzəltmək tək mənə qalmayıb ki, hamı necə, mən də elə. Mən hər şeyi yerli-yataqlı götür-qoy eləmişəm, nə sənə ailə-uşağını başsız qoyub qazamata girmək əl verməz, nə mənə sənə görə işimi itirmək. Açığını deyim ki, o məktubla bağlı sorğuya srağagün nə gərəksə yazıb göndərmişəm. Səndən gizlətməyəcəyəm, yazmışam ki, bu məktubda qoyulan qollar qondarmadır, bunu Bayramlı Aydın Dadaş oğlu adında başı çatmayan birisi yazıb, dəlixanadan da sənin adına bir arayış alıb qoşmuşam ki, ağıl çatışmazlığın var. Bir də sonuncu, Yol İdarəsinə tapşırmışam, sizin yolun bütün çala-çökəyini çınqıl töküb hamarlasınlar.

-- 20 milyon manata o yola qızıldan demirəm, gümüşdən əl qalınlığında üz çəkmək olardı!
--Müəllim, görürəm sən düzələn adama oxşamırsan, onu bil ki, o yola görə yuxarıya bir də məktub getsə özünü dəlixanada bil! Bu dünyanı sən düzəldəsi deyilsən, get başını aşağı sal, müəllimliyini elə.

--Müəllimliyimi onsuz da eləyirəm, bundan sonra dəlilik də eləyə bilərəmmi?



Prokuror ayağa qalxıb əli ilə qapını göstərdi:

--Get, müəllim, get, oğul-uşağını bir yana çıxart...

Yüklə 84,5 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə