Qarişqa möCÜZƏSİ harun yəhya



Yüklə 0,89 Mb.
səhifə7/10
tarix29.05.2017
ölçüsü0,89 Mb.
1   2   3   4   5   6   7   8   9   10

KAMUFLYAJ USTALARI
“Basiceros” cinsindən olan qarışqaların qəribə bir sirri son vaxtlara qədər açılmamışdı. Belə ki, bir dəfə həmin qarışqalarla rastlaşan araşdırmaçılar onları daha görə bilməyiblər. Bu səbəbdən hətta az qala onu kökü kəsilməkdə olan nadir növ hesab edəcəkdilər. Amma 1985-ci ildə bir araşdırmaçı bu qarışqaların sirrini açaraq, onların heç də “nadir növ” olmadığını sübuta yetirdi. La Selva adlı həmin araşdırmaçı Basiceros cinsli qarışqaları hətta “mahir fokusçu” adlandırmışdı. Çünki onlar istədikləri zaman “görünməz” ola bilirdilər. Yaxşı, bəs bu qarışqaları “görünməz” edən nə idi?

Basiceros-ların digər qarışqa cinslərindən fərqi ondadır ki, vücudları ikiqat və haça uclu tüklərlə örtülüdür. Onlar torpaqda yeriyərkən bu tüklər toz-torpağı özünə çəkir. Buna görə də, olduqları mühitin rəngini alırlar. Kənardan baxanda onları seçmək sadəcə olaraq, mümkün deyil. Ancaq yeriməyə başlayanda zorla fərq etmək olur ki, bunlar qarışqalardır. Bu yolla onlar quş, kərtənkələ, hətta insan gözündən çox məharətlə yayına bilirlər. Qeyd edək ki, Basiceros-lar nədənsə hürkəndə uzun müddət yerlərində hərəkətsiz qalaraq, “görünməz” olurlar.77

Bu qarışqa növünün işlətdiyi “kamuflyaj texnikası” gerçəkdən də, çox maraqlıdır. Çünki qarışqanın həm özünün, həm də yerləşdiyi mühitin bütün fizioloji özəlliklərini nəzərə alaraq, özünə uyğun “kamuflyaj kostyumu” düzəltməsi mümkün deyil. Demək, bütün bu xüsusiyətləri (vücudunun sıx tüklərlə örtülməsi, digər qarışqalardan fərqli olaraq, tez-tez təmizlənməsi və çox yavaş hərəkət etməsi) öncədən müəyyənləşib və qarışqanın özüylə bir vaxtda dünyaya gəlib. Bu məqamda böyük bir gerçəklə üz-üzə gəlirik: demək, digər canlılar kimi, bu qarışqa növünün də bütün özəlliklərini Allah yaradıb və bu varlıqlar Rəbbimizin misilsiz yaradan olmasını bir daha gözlərimiz önünə sərir.
NƏSLİN DAVAMI
Qarışqa koloniyalarının böyük bir qismi dişi qarışqalardan ibarətdir. Erkək qarışqaların ömrü onlara nisbətən, çox qısa olur. Belə ki, erkəklərin yeganə vəzifəsi yetkinləşəndən sonra gənc kraliçayla cütləşməkdir. Onlar cütləşmədən az sonra ölürlər. Bütün işçi qarışqalar dişidir. Qısası, bütün qarışqa toplumları əslində bir növ ana-qız dünyası kimidir.

Quranda qarışqaların əsasən dişi olmaları və bir toplum halında yaşamalarına insanların bu gerçəyi kəşf etməsindən minlərlə il öncə diqqət çəkilib. Bir ayədə Hz.Süleymanın ordusu tərəfindən əzilməmək üçün bir-birinə xəbərdarlıq edən qarışqalardan belə söz açılır:

“Nəhayət, onlar gəlib qarışqa vadisinə çatanda bir dişi qarışqa dedi: “Ey qarışqalar! Yuvalarınıza girin ki, Süleyman və ordusu özləri də bilmədən sizi basıb əzməsinlər” («Nəml» surəsi, / 18)

Qarışqaların sayı nə qədər çox olursa-olsun, onlar uyumlu bir toplumdurlar. Qarışqa koloniyalarında bu toplum yaşamının bütün mərhələlərini görmək mümkündür. Onlar son dərəcə böyük fədakarlıqla öz koloniyalarına bağlıdırlar. Hamısı bir orqanizm kimidirlər və tək məqsədləri də bu orqanizmi yaşatmaqdır. Koloniyanın uğrunda lazım olarsa, ölümə də gedirlər. Bununla bağlı ən gözəl örnəklərdən biri də cütləşmə uçuşundan sonra erkək qarışqaların başına gələnlərdir.


Nəslin davamı uğrunda ölmək!..
Qarışqaların cütləşməsi əməlli-başlı bir mərasimə bənzəyir. Onların çoxu havada cütləşirlər. Erkəklər öncədən mərasim yerinə gələrək, gənc kraliçanı gözləyir. Bir dişi yerə qonar-qonmaz (cütləşmədən öncə dişi də qanadlanır), 5-6 erkək qarışqa kraliçanın ətrafında yarışa başlayırlar. Dişi yetərincə sperma alanda titrəyiş vasitəsilə xüsusi siqnallar verir. Bunun sayəsində erkək onun ayrılmağa hazır olduğunu anlayır. Cütləşmədən bir müddət sonra erkək qarışqa ölür.78

Bu fədakarlığı izah etmək doğrudan da, çox çətindir. Erkək qarışqaların ölümü gözə alaraq, nəslin davamı üçün cütləşmə uçuşuna çıxması təkamül nəzəriyyəsilə heç cür izah oluna bilməz. Çünki təkamül təliminin təməl məntiqinə görə, hər canlı yalnız öz həyatı uğrunda çarpışır. Halbuki, milyonlarla ildir, sonucda ölüm qaçılmaz olduğu halda, erkək qarışqalar yenə də dişiləri dölləndirməkdədirlər.

Bu fədakarlığı ancaq erkək qarışqaların onları yaradan ilahi təlqinlə hərəkət etmələrilə izah etmək mümkündür. Təkamül təliminin əsas prinsiplərinə görə, tam tərsinə, erkək qarışqalar bu sistemi dəyişmək üçün milyon illər boyunca çalışmalıydılar. Bu isə qarışqa nəslinin tükənməsi demək olardı. Amma göründüyü kimi, günümüzdə də yüz minlərlə üzvü olan koloniyalarda minlərlə qarışqa növü yaşayır. Və heç vaxt heç bir erkək qarışqa özü üçün ölüm demək olan cütləşmədən qaçmayıb, qaçmır, qaçmayacaq da.
Toydan sonra...
Dişi qarışqa cütləşmədən sonra uyğun bir yuva arayır və tapanda ora girərək, qanadlarını salır. Daha sonra girişi qapadaraq həftələrlə, bəzənsə aylarla təkbaşına orada qalır, ilk yumurtalarını qoyur (Bu müddət ərzində qanadlarını yeyərək yaşayır). İlk yumurtalardan çıxan sürfələri isə öz orqanizminin ehtiyatlarıyla bəsləyir. Bu uzun və ağır zəhmət əsil fədakarlıq örnəyidir. Və bunun qarşılığında kraliça həyatının sonrakı qismində işçi qarışqalar tərəfindən bəslənilir.

...Qida ehtiyatı məhdud olduğundan, qarışqaların yeni koloniyası sayca çox kiçikdir. Onun üzvləri əsasən koloniyanın ilk işçiləri olur və özlərindən sonra gələn nəslə də eyni fədakarlıqla baxırlar. Nəticədə yeni nəsil qarışqaları sürətlə artıb-çoxalmağa və qüvvətlənməyə başlayır.


Sperma bankları”nın ilk qurucuları
Bir qədər öncə dediyimiz kimi, erkək qarışqaların ömrü elə də uzun deyil. Onlar cütləşmə uçuşundan bir neçə saat (bəzi hallarda bu müddət bir neçə günə qədər də uzana bilir) ölürlər. Ancaq son dərəcə maraqlıdır ki, ölümü gözə alaraq cütləşmə uçuşuna çıxan hər bir erkək özündən illər sonra doğulacaq balaları üçün də sperma ehtiyatı qoyub gedir. Bəs bu spermalar nəyin sayəsində canlı qalır və uzun illər boyunca yumurtaları dölləyərək, yeni qarışqalar dünyaya gətirir? Qarışqalar üstün texnologiyları tətbiq edərək, “sperma bankı” qurmayıblar ki?

Bəli, qurublar! Belə ki, hər bir kraliça öz vücudu daxilində bir “sperma bankı” gəzdirir. O, erkək qarışqanın spermalarının bir hissəsini bədəninin orta hissəsinin kənarında yerləşən xüsusi kisəcikdə saxlayır. “Spermateka” adlanan bu orqanda spermalar hərəkətsiz hala gəlir və illərlə belə qala bilirlər. Nə vaxt kraliça həmin spermaları dölə tərəf buraxsa, onlar yenidən bir-bir və ya qruplarla hərəkətə gələrək, kraliçanın yumurtalıqlarından aşağıya doğru getməkdə olan yumurtahüceyrəni dölləyirlər.79

Demək, insanların yalnız son onillərdə kəşf etdiyi “sperma bankları”nı qarışqalar artıq milyonlarla ildir ki, işlədirlər. Halbuki, cəmi 50 il öncə insanların heç ağlına da gəlməzdi ki, spermanı hansısa yollarla konservləşdirib, gələcəyə saxlamaq mümkündür. Əlbəttə ki, qarışqalar laboratoriyada eksperiment apararaq, sonra onun nəticələrini öz orqanizmlərində tətbiq etməyiblər, onlar elə yarandıqları andan bu mexanizmə sahibdirlər. Əgər bunun əksini iddia etsək, onda aşağıdakı sualları cavablandırmaq lazım gələcək:

1. Qarışqalar ilk dəfə yarananda erkək fərdlər cütləşmə uçuşundan sonra ölmürdülərmi? Əgər o vaxt ölmürdülərsə, bu gün niyə ölürlər? Təbii seçim zamanı cütləşmədən sonra ölməyin daha düzgün olması fikrinəmi gəliblər?

2. Erkək fərdlər cütləşmə uçuşundan sonra öldüklərinə görə, qarışqaların kökü hələ milyonlarla il öncə kəsilməli deyildimi?

3. Dişi qarışqalar yaranandan onların bədənində spermoteka mövcud olubsa, bunu ora kim yerləşdirib?

Bunlar, tək bir Yaradanın varlığını qəbul etmək istəməyən insanların üzləşdikləri sualların sadəcə, bir neçəsidir. Təkcə qarışqa nəslinin necə davam etməsilə bağlı minlərlə sual ortaya çıxa bilər. Və onların hamısı təkamül təlimini solduraraq, İlahi qüvvənin varlığı haqda fikirləri çiçəkləndirir.
İşçilərin fədakarlığı
Kraliça qarışqanın yumurtaları və körpə qarışqalar yuvanın onlar üçün ayrılmış xüsusi qulluq otağında qalırlar. Əgər yuvanın hərarəti və rütubəti onlara zərər verə biləcək həddə çatarsa, işçi qarışqalar yumurtaları və körpələri daha uyğun bir yerə daşıyırlar. Yumurtaların istidən faydalana bilməsi üçün gündüz onları torpağın səthinə daha yaxın bir yerə daşıyır, gecə və ya yağışlı havalarda isə alt qatdakı otaqlara aparırlar.

Göründüyü kimi, işçi qarışqalar böyük bir qayğıkeşliklə yumurtaları və körpələri qorumağa çalışırlar. Onları isitmək üçün günə çıxarır, sərinlətmək məqsədilə yuvanın ətrafında gəzdirir, rütubətdən qorunsun deyə xüsusi otaqlarda yerləşdirirlər. Bu hərəkətlərdən hər biri qarışqaların nə qədər incə düşüncə nəticəsində qərar verdiyini göstərir. Ancaq unutmayın ki, bu balaca canlıların nəinki incə, hətta ümumiyyətlə yerli-dibli düşüncəsi yoxdur. Texnologiya nə qədər irəliləyirsə-irəliləsin, elm təfərrüatlara nə qədər enə bilirsə-ensin, amma kiçik bir həşəratın göstərdiyi fədakarlığın səbəbini aça bilməyəcək. Başqa tərəfdən, bu fədakarlıq təkamül nəzəriyyəsilə də daban-dabana ziddir.

Bütün bunlar isə həmin canlıların da ancaq Allahın təlqinilə hərəkət edib, həmişə ona itaətdə olduqlarını göstərir. Bu sirr Quranda belə açıqlanır:

“Göylərdə və yerdə olan bütün canlılar, hətta mələklər belə heç bir təkəbbür göstərmədən Allaha səcdə edərlər. Onlar öz fövqlərində olan Allahdan qorxar və buyrulanı edərlər” («Nəhl» surəsi, \ 49-50).


Qarışqaların xəzinəsi
Qarışqa koloniyasının bütün fəaliyyətinin mərkəzidə kraliça və onun yumurtalar durur. Onlar koloniyanın artıb-çoxalmasını təmin edən kraliçanı hər şeydən üstün tuturlar. Kraliçanın bütün ehtiyacları işçi qarışqalar tərəfindən ödənilir. Həyatları boyunca gördükləri ən əsas iş kraliçaya qulluq etmək, onun və yumurtaların qayğısına qalmaqdır. Kraliçanın yumurtaları qarışqa koloniyasının ən dəyərli xəzinəsidir. Qarışqalar təhlükə hiss edən kimi, hər şeydən öncə yumurtaları və sürfələri təhlükəsiz bir yerə daşıyırlar. Əgər körpə qarışqalar hansısa əlverişsiz şəraitə düşər, məsələn, quru havaya məruz qalarlarsa, işçilər bunu aradan qaldırmağa, konkret olaraq, həmin yerin havasını nəmləndirməyə çalışırlar. Bunun müxtəlif yollar var. Öncə onu qeyd edək ki, qarışqalar yuvanı tikərkən hərarət, rütubət və s. bu kimi faktorları nəzərə alırlar. Buna baxmayaraq, əgər körpələr əlverişsiz şəraitə düşərsə, onları yuvanın içində ora-bura daşıyır, ən uyğun mühiti tapmağa çalışırlar. Qeyd edək ki, körpə qarışqaların ehtiyacları yaşlarına görə dəyişir. Məsələn, yumurta və sürfələr rütubətə ehtiyac duyduqları halda, pupların mütləq quru şəraitdə yaşaması gərəkdir. Onların bu ehtiyaclarını təmin etmək üçün işçilər 24 saat ərzində durmadan çalışırlar.80

Bir nöqtənin də üzərində dayanmaq lazımdır ki, yuvanın rütubətli yerlərində bakteriya və göbələklərin yetişməsi ehtimalı da güclü olduğundan, qarışqaların orada işləməsi çox təhlükəlidir. Dolayısıyla, onlar özlərini xəstələnib ölmək riskilə üz-üzə qoyurlar.

Bəs qarışqalar bu təhlükəli mühitdə necə qorunurlar? Qarışqaları qüsursuz və möhtəşəm sistemlərilə yaradan Allah bu baxımdan da onları gərəkli vasitələrlə təchiz edib. Yetkin qarışqaların boğazlarında yerləşən metaploral vəzilərdə yaranıb ətrafa püskürdülən xüsusi maddələr bakteriyaları yox edir və inkişafını əngəlləyir.81
Darvinizm fədakarlığı açıqlaya bilərmi?
Təkamül nəzəriyyəsinin müəllifi olan ingilis alimi Çarlz Darvinin yikirlərinə görə, təkamül prosesinin əsas hərəkətverici qüvvəsi yaşamaq instinktidir. Darvinə görə, konkret növə aid fərdlər yaşamaq imkanlarını artıran hansısa bir özəllik qazanda, növün üstünlüyü çoxalırdı. Onlar bu üstünlükdən yararlanaraq yaşamaq mübarizəsindən qalib çıxır, daha çox artıb-törəyir və nəticədə özlərinin güclü cəhətlərini başqa növlərə də keçirirdilər. Buna görə də, təkamül özünü fəda etməyi deyil, özünü qorumağı öyrətməliydi.82

Ancaq qarışqaların özlərini fəda etməsi faktı aşkarlananda Darvinin təbii seçim nəzəriyyəsinə böyük zərbə dəydi. Bu faktlardan bəziləri hələ Darvinin sağlığında bəlli olmuş və izahını tapa bilməmişdi. Darvin məşhur “Origin of Srecies” (Növlərin mənşəyi) kitabında bununla bağlı yazır: “...Bu instinktlərin bəziləri elə şaşırdıcıdır ki, onlardan bəziləri oxucuya bəlkə də, bütün nəzəriyyəni heçə çıxarmaq gücündə görünəcək”.83

Darvinin bu qədər açıq bir etirafdan sonra nəzəriyyəsini qurtarmaq üçün ortaya atdığı tezis məsələni daha da qəlizləşdirirdi. Onun ziddiyyətli bir açıqlamasına görə, bəzi qruplarda təbii seçim fərdlər səviyyəsində deyil, birbaşa qrup səviyyəsində gedir. Amma isbatı mümkün olmayan bu tezis də çox uzağa gedə bilmədi. Çünki o, heç bir fakta əsaslanmırdı və sadəcə nəzəriyyəni iflasdan qurtarmaq üçün ortaya atılmış bir versiya idi.

Darvində sonra gələn təkamülçülər də heyvanlardakı fədakarlıq örnəklərini izah edə bilmədilər. Ümumiyyətlə, təkmül təliminin heç bir tezisi qarışqa, arı, termit kimi toplumsal (sosial) canlılaran belə üstün davranışlarını şərh etmək gücündə deyil. Bir canlının öz təhlükəsizliyini, rahatlığını kənara ataraq, içində yaşadığı qrupun üzvlərinin mənayefini təmin etməyə çalışması ancaq və ancaq bununla izahlana bilər ki, onların riayət etdiyi sosial düzən üstün bir ağıl tərəfindən planlaşdırılıb, tənzimlənib və qrupun hər üzvünə bu düzəndə konkret vəzifə verilib. Və həmin üzvlər özlərinə ayrılan vəzifəyə uyğun davranır, lazım gələrsə, bu yolda canlarını fəda etməkdən də çəkinmirlər.


QİDALANMA VƏ OV
Hər bir canlı qida ehtiyacını ödəmək üçün müəyyən metodlardan yararlanır. Bu bölümdə qarışqaların yem axtararkən işlətdikləri taktika, xəbərləşmə sistemi, yemi ələ keçirmək üçün yaranan rəqabət haqqında oxuyacaqsınız. Onların tətbiq etdikləri bütün taktikalar kitabın indiyə qədərki bölümlərində olduğu kimi, bizə bu canlıları yaradan Üstün Ağıl Sahibinin əzəmətini, gücünü göstərir.
Yüzminlərlə üzvü olan ailə necə bəslənir?
Qarışqa koloniyalarında hər qarışqanın yerinə yetirməsi gərəkən bir sıra vəzifələr var. Amma koloniyanın yaşaması üçün ən önəmli məsələlərdən biri, əlbəttə ki, qida probleminin həllidir.

Qarışqalar bu problemi çözmək üçün də həyatlarının bütün başqa sahələrində olduğu kimi, son dərəcə sistemli şəkildə çalışırlar. Yüzminlərlə (bəzənsə milyondan da artıq) üzvü olan koloniyaya qida tapa bilmək üçün işçi qarışqalar yuvanın ətrafındakı bütün əraziləri gəzərək, yem axtarırlar. Tapan kimi də onun həcminə uyğun olaraq, yuva yoldaşlarını köməyə çağırırlar. Qısası, yemək məsələsi də çox mükəmməl bir ünsiyyət şəbəkəsi və “yalnız mən” duyğusu olmadan həll edilir.


Bir-birlərini bəsləyən qarışqalar
Ayrı-ayrı cinslərdən olan qarışqalar qida axtararkən bir-birlərinin yoluna çıxmamağa çalışırlar. Hər biri qidanı ayrı-ayrı səmtlərdə axtarır. Əgər yemək araya-araya səhvən başqa bir koloniyanın ərazisinə girərlərsə, bu, artıq bir növ müharibə elan etmək deməkdir. Belə olarsa, onlar dərhal yuvalarına dönərək, girişi qapayır və təhlükəyə qarşı müqavimət göstərmək üçün koloniyanın bütün üzvlərini bir yerə toplayırlar.

Bəs yuvaya yemək gətirməyə imkanları olmayan bu müddət ərzində qarışqalar necə bəslənirlər? Məsələ ondadır ki, həmin məqamda qarışqaları əksər canlılardan fərqləndirən bir özəllikləri ortaya çıxır. Yem tapmağa imkanları olmayan dönəmdə koloniyanın bütün üzvləri gənc işçilərin qurşaqlarında yığılıb saxlanılan qida ilə ehtiyaclarını ödəyirlər. Əslində, qarışqalar bu paylaşma metodundan təkcə xüsusi vaxtlarda deyil, həmişə istifadə edirlər. Onlar vücudlarında gəzdirdikləri qida damlalarını hər dəfə ağızdan-ağıza verərək, bu yolla bir-birlərini bəsləyirlər. Ovçu qarışqa maye qidayla “yüklənib” yuvaya dönəndən sonra yoldaşlarının diqqətini çəkmək üçün bir yerdə duraraq, başını sağa-sola yelləyir və ya yuvanın digər üzvlərinə tərəf gedərək, tamamilə açılmış çənəsindəki qidanı onlara təklif edir.84 Bu yolla bütün koloniya çox sürətlə qidayla təmin olunur.

Yuvaya gətirilən digər ovlar və toxumlar da həmçinin ortaq şəkildə işlədilir. Beləcə, problemsiz-filansız bütün koloniyanın ehtiyacı ödənilir.

Bu sistem insanları təbiətin mükəmməl ağıl sahib olan bir Yaradıcı tərəfindən qurulduğuna inanmağa məcbur edən faktlardan biridir. Heç bir vaxt heç bir halda təsadüflər zənciri belə bir sistem yarada bilməz. Üstəlik, hər qarışqa bu sistemi bilərək dünyaya gəlir. Yəni qidanı paylaşmağın lazım olduğunu dünyaya gələndən sonra deyil, hələ dünyaya gəlməmişdən öyrənir. Onların bədənlərinin quruluşu da tamamilə bu prosesə uyğun olaraq yaradılıb. Çünki qurşağında saxladığı qidanı sonradan çıxarıb, başqasına verə bilməsi üçün xüsusi mexanizm lazımdır. Bu da öz növbəsində həmin sistemin yaranmasını təsadüflərlə izah etməyə əl yeri qoymur.

Öncə də vurğuladığımız kimi, təkamül nəzəriyyəsi bütün canlılar arasında rəqabət və yaşamaq uğrunda mübarizənin getdiyini bildirir. Buna görə də misal gətirdiyimiz fədakarlıq örnəklərini izahlamaqda acizdir. “Yaşamaq uğrunda mübarizə aparan” qarışqa nəyə görə öz qidasını bətnindən çıxarıb, başqasına verməlidir? Bu, məntiqə sığmır axı! Demək, qarışqalar yaşamaq uğrunda iübarizə etmirlər, əksinə, Quranın anlatdığı kimi, özlərinə təlqin olunan vəzifəni yerinə yetirirlər. Allahın heyvanlara təlqinindən və onların da buna uyğun olaraq, bir sıra vəzifələri yerinə yetirmələrindən Qurani-Kərim belə bəhs edir:

“Rəbbin bal arısına belə vəhy [təlqin] etdi: “Dağlarda, ağaclarda və insanların qurduğu yerlərdə [evlərin damında, üzümlüklərdə] özünə yuva tik; Sonra bütün meyvələrdən ye və Rəbbinin sənə göstərdiyi yolla rahat, asanlıqla get!” O arıların qarnından insanlar üçün şəfa olan müxtəlif rəngli [ağ, sarı, qırmızı] bal çıxar. Şübhəsiz ki, düşünüb dərk edənlər üçün bunda da bir ibrət vardır!” («Nəhl» surəsi, / 68-69)

Təbii ki, Allahın xüsusi vəzifələr təlqin etdiyi bütün heyvanlar Quranda bir-bir sadalanmayıb; bal arısı sadəcə, bir misaldır. Qarışqaya baxanda isə onun da ən azı bal arısı qədər mükəməl işlər yapan, ən azı onun kimi fədakar, sosial və vəzifəsinə sadiq qalan varlıq olduğunu, özünə edilən təlqinlə hərəkət etdiyini görürük.
Qida daşımaq texnikası
Bizə bəlli olan təxminən 8800 qarışqa növü ehtiyac duyduqları qida növünü kəşf edib, yuvalarına daşımaq üçün müxtəlif yollardan istifadə edir. Bəzi növlərdə qarışqalar təkbaşına ov edir və qəniməti də yuvalarına təkbaşına daşıyırlar. Bəziləri isə qrup halında ova çıxır, müdafiə olunur və əldə etdiklərini yuvalarına aparırlar. Əgər tapdıqları qida ölçülərinə uyğundursa, qarışqalar onu adətən tək daşıyırlar. Əgər yem bir qarışqanın daşımayacağı qədər iridirsə, onu kiçik parçalar halında daşıyır, başqalarının gəlib sahib çıxmaması üçün qida qaynağının ətrafında zəhərli maye ilə çevrə çəkirlər. Sonra gedib irili-xırdalı bütün işçiləri köməyə çağırırlar.

Qarışqaların bütün həyatlarında müşahidə olunan mükəmməl əmək bölümü özünü burada da göstərir. Böyük qarışqalar qidanı parçalayır və yadlardan qoruyur, kiçiklər isə həmin parçaları yuvalarına daşıyırlar. İşçilər yemi daşımaq üçün çənələrilə qaldırır və öndə tutaraq aparırlar. Qrup halında olanda isə nisbətən ağır yükləri də daşıya bilirlər. Belə ki, bir və ya iki ayaqlarıyla onu qaldırır və çənələrilə tuturlar. Yemi daşıyan zaman işçilər müxtəlif şəkildə yeriyirlər. Qabaq tərəfdə olanlar yükü dartaraq, dal-dalı addımlayırlar. Arxadakılarsa irəliyə doğru yeriyərək yemi itələyir, yan tərəfdəkilər də dəstək verirlər. Bu şəkildə bir qarışqanın daşıya biləcəyindən qat-qat ağır yükü aparmaq mümkün olur. Hətta hesablanıb ki, bu metod bir işçinin daşıya biləcəyindən 5000 dəfə (!) ağır yükü daşımağa imkan verir. 100 qarışqa böyük bir soxulcanı saniyədə 0,4 sm. irəliləyərək daşıya bilir.


Qarışqalar və qoxu izləri
Qoxu izlərini tutaraq getmək qarışqalarda geniş yayılmış bir metoddur. Bununla bağlı çox maraqlı misallar var.

Amerika səhralarında yaşayan bir qarışqa növü ölü böcək tapanda onu daşımaq və ya sürüməyə cəhd edib də, çox ağır olduğunu görərsə, zəhər kisəsindən havaya xüsusi qoxu buraxır. Uzaqdakı yoldaşları qoxunu duyaraq, ona tərəf gəlməyə başlayırlar. Tapdıqlarını apara biləcək sayda qarışqa yığılanda onu yuvalarına daşımağa başlayırlar.

Atəş qarışqaları isə qida axtarmaq üçün yuvalarını tərk edəndə bir müddət qoxu izlərini tutub gedir, sonra isə bir-birlərindən ayrılaraq, təkbaşlarına yem aramağa başlayırlar. Onların qida qaynağı tapmaları davranışlarından bəlli olur. Atəş qarışqaları yem tapanda yuvaya daha ləng dönürlər. Bu zaman iynələrini çıxarıb torpağın üzərində incə bir xətt cızaraq, yolu işarələmiş olurlar.85
Kompas-qarışqalar
Yem arayan qarışqalar izahı çox çətin olan bir qabiliyyət sərgiləyirlər - onlar yem qaynağını tapana qədər əyri-üyrü, dolanbac yollardan keçir, geriyə, yuvaya dönəndə isə düz yolla qayıdırlar. Maraqlıdır, özləridən yalnız vur-tut bir neçə santimetr o tərəfi görə bilən qarışqalar yuvanın səmtini necə tapıb, ora düz yolla qayıdırlar?

Riçard Feynman (Richard Fainman)adlı bir araşdırmaçı bu suala cavab tapmaq üçün bir qabın içinə şəkər yerləşdirib və qarışqanın onu haçan gəlib tapacağını gözləyib. Bir “kəşfiyyatçı” qarışqa bu şəkəri tapıb, xəbər aparmaq üçün yuvasına dönəndə Feynman onun getdiyi ziqzaqlı trayektoriyanı rəngli qələmlə işarələyib. Daha sonra bu izləri təqib edən hər bir qarışqanın yolunu da qələmlə çəkib. Və belə bir qəribə nəticə alıb: qarışqalar həmin izləri olduğu kimi tutub getməyiblər! Daha sərfəli variant seçərək, ziqzaqlı xətləri düz bir cizgi halına gətirib və həmin xətlə də irəliləyiblər.

Daha sonra Alfred Brakşteyn (Alfred Bruckstein) adlı kompüter mütəxəssisi Feynmanın dediyinə əsaslanaraq, qarışqaların ziqzaqı düz yola necə çevirdiklərini riyazi baxımdan araşdırıb və çox ilginc nəticə alınıb. Bəlli olub ki, qarışqalar iki nöqtə arasındakı ən qısa yolla gediblər!86

Bu, əlbəttə ki, çox böyük ustalıq tələb edən bir işdir. Çünki insanın ölçülərilə götürsək, uyğun məsafələri kompassız, xəritəsiz və həndəsi bilgilərsiz müəyyənləşdirmək sadəcə olaraq, mümkünsüzdür. Qarışqalar isə sadəcə Günəşi və ətrafındakı otları, budaqları görərək, yolu həndəsi dəqiqliklə “hesablayırlar”. Bunu demək nə qədər asandırsa, səbəbini izah etmək bir o qədər çətindir. Düşünmə qabiliyyətinə sahib olmayan bu kiçik canlılar belə bir işin öhdəsindən necə gəlirlər?.. İnsanın tanımadığı bir meşəyə düşdüyünü fikirləşin. Hətta hara getməli olduğunu bilsə də, o, yolu tapmaqda çox çətinlik çəkəcək və böyük ehtimalla, azacaq. Bu zaman ətrafına baxaraq hansı yolla getməli olduğunu başa düşmək üçün sərrast düşüncə qabiliyyəti tələb olunur. Qarışqalar isə buna sahib olmadan, sanki proqramlaşdırılıbmışlar kimi, səmti asanlıqla tapırlar. Səhər qidanı tapmaq üçün getdikləri yolu axşam çox rahatca qayıdırlar.


Mükəmməl ov taktikası
Bəzi qarışqa növləri dişlərindən hörümçək yumurtalarını, qırxayaqları, böcəkləri və termitləri yemək üçün istifadə edirlər. Onlardan bir çoxu (məsələn, Dacetine), xüsusilə qanadsız böcəkləri yemək üzrə ixtisaslaşıb. Bu böcəklər torpaqda və çürümüş yarpaqların içində sürü halında yaşayırlar. Çox ehtiyatlı olan böcəklərin vücudlarının alt tərəfində qatlanmış çəngəli xatırladan çıxıntılar var. Onlar bu orqanın köməyilə miniatür kenquru kimi tullana-tullana gedə bilirlər. Dacetine qarışqaları isə bu manevrin qarşısında çənələrini bir tələ kimi işlədirlər. Belə ki, yem axtaran qarışqa həmin böcəyin qoxusunu alanda çənəsini 180 dərəcə açaraq, yavaş-yavaş ona yaxınlaşır. Antennaları böcəyə toxunanda çənəsini dərhal qapadır və böcək dişlərin arasında qalır.87

Bu qarışqalar ovlarını demək olar ki, heç vaxt qaçırmırlar, çünki dünyada ən sürətli reaksiyası olan çənəyə sahibdirlər. Onların çənəsinin açılıb-qapanması bizim gözümüzün qırpılmasından qat-qat sürətlidir. Bizim göz qırpağımız saniyənin 1/3-i ərzində baş verdiyi halda, bu qarışqaların (Odontomachus bawi) çənəsinin açılıb qapanmasına haradasa bundan 100 dəfə daha az vaxt lazımdır - 0,33 millisaniyə!88

“Tələ qarışqaları”nın çənəsinin uzunluğu təxminən 1.8 millimetrə bərabərdir. İç tərəfində nəfəs borusuna bağlı, havayla dolu bir kisəcik var. Bu sistem dişin çox sürətli hərəkətini təmin edir. Yəni həmin qarışqaların çənəsi bir mini-siçan tələsi kimi işləyir. Eyni zamanda, dişlərin bir-birinə sürətlə çırpılmasının qarşısını almaq üçün xüsusi bir “əyləc”lə - əzələ sistemilə çənənin hərəkəti sona doğru nisbətən yavaşıdılır.89

Elmli bir layihələndirmə olmadan, sadəcə təsadüflər nəticəsində belə qüsursuz bir ov mexanizminin yaranması mümkünsüzdür. Qarışqaları qüsursuz və bütün möcüzəvi özəlliklərilə birgə yaradan əlbəttə ki, təbiətin və kainatın tək hakimi olan Alahdır.



Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə