QƏRƏNFİl dünyamin qizi mətbuat-miLLİ HƏMRƏYLİYƏ gedən yolumuz



Yüklə 1,11 Mb.
səhifə6/14
tarix02.12.2016
ölçüsü1,11 Mb.
#674
1   2   3   4   5   6   7   8   9   ...   14

İsmayıl bəy Qaspiralının

vəsiyyəti

Dövrü mətbuatdan bunları oxuyarkən diqqətimi “İqbal” qəzetinin 3 oktyabr 1914-cü tarixil, 754-cü sayında çap olunan “İsmayıl bəyin vəsiyyəti” adlı bir yazı cəlb etdi. Onu oxuduqca bir daha İ.Qaspiralı dünyasına və dühasına heyran qaldım. Ömrünün son dəqiqələrini yaşayan İsmayıl bəy yenə də milləti, xalqı üçün nigarandır, son anda da millətinin səadəti üçün Tanrısına dua edib. Yəqin ki, oxucular üçün də maraqlı olar. Ona görə də “Vəsiyyəti” sizlərin də diqqətinə catdırmağı özümə borc bildim.

“Böyük ustad İsmayıl bəy Qaspriniskinin vəsiyyəti üzərinə məşhur və müqtədir mühərrirlərimizdən Həsən Səbri Ayvazovun mühərrirliyi ilə çıxan “Tərcüman” qəzetəsinin idarəmizə gələn son nüsxəsində vəsiyyəti Həsən Səbri əfəndi şöylə anlatıyor:

“Söyləyəcəklərimə diqqət ediniz. Dünəndən bəri kəndimi fəna hiss edirəm. Bu halın nəticəsi bu günlərdə anlaşacaqdır. Madam ki, doğduq, bir gün əlbəttə, öləcəyiz. Sözlərimdən mütəssir olmayın. Doğmaq təbii olduğu kimi, ölmək də təbiidir. Bunun üçün nə olur olmaz, bən sizlərə vəsiyyətimi söyləmək istiyorum. Şayət ölürsəm şu söyləyəcək sözlərimin icrasını sizlərdən bəklərim:



  1. Məzarım, Zincirli mədrəsə civalında, kəndisində Məhgili Giray xanın türbəsi bulunan məzarlığın cənubi- şarkisindəki yüksəkcə mevkidə qazılsın.

  2. Altı yüz rublə vəsaitim var. Bu para adama əmanət olaraq burakılmışdır. (Oğlu Rifat bəyə xitabən) Məzkur məbləği o adamdan alır, dörd yüz rubləsini cənazəm qılındığı gündən etibarən bir aya qadar əhli olanlara təsəddüq edərsin, baqi qalan iki yüz rubləyə də sənəyə qadar bir məktəb ilə bir caminin faydasına sərf eylərsin.

  3. “Tərcüman” qeyri-qabili təqsimdir. Hiç taksim diləməz, övladlarım çalışsınlar, iradından istifadə etsinlər. “Tərcüman”ı söndürməzlər-ümidindəyəm.

  4. Bundan sonra “Tərcüman”ın baş mühərriri Həsən Səbri Ayvazov olacaqdır. İki sənədən bəri ona əmanət etməkdəyəm. Sizlər də ona əmniyyət ediniz, oğullarım. Kəndi ixtiyarıyla “Tərcüman”dan getməzsə, onu kimsə idarədən çıxarmayacaqdır.

  5. “Tərcüman”dan maada olan işləri övladlarım və damadlarım təvsiyyə edərlər.

  6. Bir buçuk aydan bəri yanımda bulunan Zeynəb nam yetimə qızcığaza əlli rublə hədiyyə edərsiniz.

Ismayıl bəyin bu sözlərini eşidib və mütəssir olmamaq, etidalını kayb etməmək heç insanın əlindən gəlirmi? Həpimiz kəndimizdən keçmiş kimi bir hal içində qalmışdıq. Bu halımızı görüncə, ağzından müvəllidülhumuza borusunu alaraq:

“Mütəəssir olmayın. İnşallah, bən yavaş-yavaş kəsbi-afiyət edərəm”- dedi.

Eylulun 10-unda halı daha ziyada ağırlaşmışdı. Gün ortası saat 12 radəsində artıq həyatından kəndisi də ümidini kəsmiş olmalı idi ki, “Yasini-şərif” tilavət etdirdi. “Yasini-şərif” oxunurkən başları ucunda bulunan Kəlami-qədimə əl uzadıb üzünə, gözünə sürtüyordu. Bir azdan sonra gözlərini yumaraq şu sözləri söylüyordu:

“Böyük Allahım! Altmış üç buçuk sənə yaşadım. Bu həyatın otuz beş sənəsini müsəlmanların oyanışı, tərəqqisi, təalisi və təkamülü üzərinə sərf elədim. Millətimin səlamət və səadəti üçün əlimdən nə gəldi isə həpisini yapdım. Ya rəbbi!

Ey böyük tanrım! Meydana gətirmək istədiyim bir çok şeylər daha vardı. Fəqət buna müvəffəq olmayacağam. Artıq, artıq nə varsa həpsi sənin , həpsi sənin əlindədir. Allahım!”

“İqbal” qəzeti, 3 oktyabr 1914

“Kaspi” qəzet, may 2014

MƏTBUAT MUZEYİNİN YARADILMASI ÜÇÜN

DİQQƏT QAYĞINIZI ƏSİRGƏMƏYİN

Hörmətli Nazim müəllim! Sizin “Kaspi” qəzetinin 15 may 2014-cü il tarixli sayında çap olunan “Səid Ünsizadə adına Azərbaycan Mətbuat muzeyi” sərlövhəli yazınızı oxudum və çox şad oldum. Ona görə ki, bir filoloq və pedaqoq kimi mətbuatımızın tarixinə qarşı sayğınızı hiss etdim.

Unutmayaq ki, Azərbaycan mətbuatı tarixinin yaranması və inkişafı xalqımızın mədəniyyətinin, maarifinin inkişafına səbəb olub. Odur ki, mətbuatımızın tarixi həm də müstəqilliyimizin, azadlığımızın, istiqlalımızn tarixidir və bu tarixə biganəlik istiqlal tariximizə qarşı biganəlikdir.

Məqalənizdə diqqətimi daha çox cəlb edən, bu gün vacib bir məsələnin Azərbaycan Mətbuat Muzeyinin yaradılması təklifinin irəli sürülməsi oldu. Artıq əsir yarıma yaxın tarixə malik olan milli mətbuatımmızın keçdiyi keşmə-keşli yolları, inkişaf mərhələlərini əks etdirən bir muzeyin respublikamızda fəaliyyətə başlaması çox vacibdir. Çünki milli mətbuatımız ölkəmizdə hər bir sahənin inkişafında özünəməxsus bir iz qoyub. Maarifçilikdən, siyasi maarifçiliyə doğru irəliləyərək, bu gün varisi olduğumuz Müstəqil Demokratik Respublikanın yaranmasına səbəb olub. Və bu gün Azərbaycan xalqı milli mətbuatının tarixindən, onu yaradan və inkişaf etdirən klassiklərinin fəaliyyətindən ağız dolusu fəxrlə danışır. Belə olduqda nə üçün mətbuatımızın dünənini, şanlı tarixini əks etdirən bir muzeyimiz olmasın?! Mənə elə gəlir ki, hörmətli millət vəkillərimiz bu vacib məsələni yaxın günlərdə Milli Məclisin müzakirəsinə çıxararaq onun həlli üçün əllərindən gələni əsirgəməyəcəklər.

Və çox güman edirəm ki, yaxın zamanlarda Mətbuat muzeyimiz olacaq. Əslində bu muzey “sərgi və sərgiçilikdən daha çox bir elm mərkəzi olmalıdır”. Dünyanın bir çox ölkələrinin muzey və arxivlərində bu gündə saxlanılan Azərbaycan mətbuatına və onun klassiklərinə aid bütün materiallar, şəxsi sənədlər, mətbu orqanları ölkəmizə gətirilməli və həmin muzeydə cəmləşdirilməlidir. Sonra isə bu mərkəzdə elmi tədqiqat işləri aparılmalı hələ bu gündə mətbuat tariximizlə bağlı olan təzadlı fikirlər acıqlanmalı, elmi qiymətini almalı və ictimaiyyətin diqqətinə catdırılmalıdır.

Nazim müəllim, amma sizin Mətbuat muzeyinin məhz Səid Ünsizadənin adına olması təklifi ilə razılaşa bilmirəm. Əvvala onu qeyd edim ki, Azərbaycan mətbuat tarixindən söz düşəndə ilk an hər kəs Həsən bəy Zərdabini, onun bu yolda atdığı ilk addımları, cəkdiyi cətinlikləri xatırlayır. Unutmayaq ki, xalqımızın mədəni inkişafında, maariflənməsində bir sıra təşəbbüslər və yeniliklər məhz Həsəb bəyin adı ilə bağlıdır. Azərbaycanın “ilk mücahidi milliyyəsi” olan ilk milli mətbuatın, ilk xeyriyyə cəmiyyətinin, ilk teatrın yaradıcısı və bir çox saysız-hesabsız ilklərə imza atan (məsələn, xalq mahnılarının ilk nəşrini hazırlayan, təmənnasız olaraq savadsız insanlara vəkillik edərək onların hüquqları uğrunda mübarizə aparan, Azərbaycanda qız məktəbinin açılması təşəbbüsünü ilk irəli sürən və s) jurnalist, publisist, redaktor, ictimai xadim məhz Həsən bəy Zərdabi olub. Heç də təsadüfən onu klassiklərimiz “Azərbaycanın mayakı” adlandırmırdılar. Bu mayak çox kör közləri, kar qulaqları, lal dilləri açdı...

Uzun illər Dumada millət vəkili olan Həsən bəy nə etdisə xalqının xoş güzaranı üçün etdi. O, xalqının ki, cəhalətin girdabında boğularaq Həsən bəyi “kafir “ deyə məslisdən qovurdular... Lakin bütün bunlar Həsən bəyi yolundan, amalından döndərə bilmədi. Sona kimi maarif, mədəniyyət, yenilik, bir sözlə xalqının xoşbəxtliyi və azadlığı uğrunda canın fəda etdi. Məhz bütün bunlara görə bu muzey onun adını daşımalıdır.

Lakin mən bir mətbuat tarixi tədqiqatçı kimi Səid Ünsizadənin də Azərbaycan maarifi, mətbuatı yolunda etdiyi fədakarlıqları inkar etmək fikirində deyiləm. Doğrudur XIX əsrin sonlarında Azərbaycan mətbuatının, kitab nəşrinin inkişafında Ünsizadə qardaşlarının da özünəməxsus rolu olub. Yazılan tədqiqat əsərlərindən də bəlli olur ki, əsasən dini təhsil almış Ünsizadə qardaşları (xüsusən də Səid) dünya görüşündə, bilik səviyyəsində, həyata baxışlarında Həsən bəylə müqayisə edilə biləcək bir səviyyədə olmayıb.

Yaxşı olardı ki, yaradılacaq Mətbuat muzeyin də elə Həsən bəy başda olmaqla milli mətbuatımızın yaradılmasında, inkişafında rolu olan hər bir klassikimiz haqqında ayrıca bir guşa olsun. Bu guşədə onun Azərbaycan mətbuatı üçün etdiyi fədakarlıqlar, təşəbbüslər, gördüyü işlər öz əksini tapsın.

Qaldı ki, Bakı Dövlət Universitetində əski əlifbanın necə tədris edilməsi məsələsinə. Şəxsən mən özüm Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin bir müəllimi kimi deyə bilərəm ki, Universitetimizdə əski əlifba təcrübəli pedaqoqlar tərəfindən çox yaxşı səviyyədə tədris edilir. Məhz mən özüm də bir zaman bu fakültənin tələbəsi olarkən əski əlifbanı burada öyrənmişəm. Doğrudur əski əlifbanın bir çox cətinlikləri var və hər tələbə də bu cətinliklərə görə ona maraq göstərmir. Mənə elə gəlir ki, burada da milli təsübkeşlik böyük rol oynayır. Qəlbində mətbuatının, ədəbiyyatının, mədəniyyətinin tarixinə, onun klassiklərinin ruhuna sevgisi, sayğısı olan hər kəs üçün bu cətinliklər cüzü bir şeydir.

Nazim müəllim. Siz məqalənizdə çox düz qeyd edirsiniz ki, bu gün mətbuat tarixinin tədqiqi ilə məşğul olnaların sayı azdır. Doğrudur. Çünki, çox cətin bir sahədir. Bu gün Jurnalistika fakültəsin də tələbələrin böyük əksəriyyətinin marağı televiziya jurnalistikasınadır. Bildiyimiz kimi televiziya jurnalistikası insanı çox tez məşhurlaşdırır və etraf edək ki, iş prosesi də mətbuat tarixinin tədqiqi kimi çətin deyil. Unutmayaq ki, bəzən bir faktı dəqiqləşdirmək üçün nəyinki saatlarla, hətta günlərlə, aylarla arxivlərdə, kitabxanalarda, muzeylərdə axtarmalı-aramalı olursan. Təbii bu günki gəncliyin böyük əksəriyyətinin buna nə hövsələsi nə də həvəsi var. Amma unutmayaq ki, yuxarıda qeyd etdiyim kimi qəlbiində Azərbaycan mətbuatı tarixinə, ədəbiyyatına, mədəniyyətinə onun klassiklərinə sevgisi, sayğısı olan insanlar nəyinki aylarla, hətta illıərlə bu cətinliklərin öhdəsindən gələrək öz istəklərinə nail olurlar.

Hörmətli Nazim müəllim. Sonda bir daha Sizə və “Kaspi” qəzetinin təsiscisi tədqiqatçı alim Sona xanım Vəliyevaya, qəzetin redaktoru gənc alim Natiq Məmmədliyə və bütün “kaspi”çilərə öz minnətdarlığımı bildirirəm ki, Azərbaycan mətbuatı tarixinin tədqiqinə, təbliğinə öz səhifələrində bu qədər səxavətlə yer verirlər, qayğı ilə yanaşırlar. Və üzümü mətbuatla bağlı hər bir ziyalımıza tutaraq deyirəm ki, “Mətbuat muzeyinin yaradılması üçün diqqət və qayğınızı əsirgəməyin”. Çünki, mətbuatımız “tariximizin canlı salnaməsi, kollektiv yaddaşıdır”.

“Kaspi” qəzeti, iyul 2014

28 MAY ƏSRLƏRƏ BƏRABƏR FƏXARƏTLİ GÜNÜMÜZ

yaxud milli həmrəyliyə gedən yolumuz

Hər bir xalqın tarixində və taleyində elə günlər var ki, o gün ömürlük fəxredici, qürurla yad edilən, tarixə həkk olunan gündür. Xalqımızın tarixində belə günlərdən biri də 1918-ci ilin 28 mayıdır. Azərbaycan dövlət müstəqilliyinin Tiflisdə elan edildiyi gün. Əsrlərə bərabər olan bu günümüzdən 96 il keçir.

Ey Azərbaycan gəncliyi. Bu gününü, bu iftixar tarixini yaddaşına həkk et! 28 may sənin qurtuluş günün! 28 may sənin azadlıq günün. 28 may sənin Milli-həmrəylik günün. O, həmrəylik ki, səni milli yüksəlişə gedən yola apardı. Məhz bu yolla 96 il bundan əvvəl sənin əcdadların uzun illik çar əsarətinə son qoyaraq azadlığını, müstəqilliyini bütün dünyaya bəyan edərək milli varlığını, kimliyini, nəyə qadir olduğunu sübut etdi. Əsrlərlə həsrətində qaldığı, yolunda milyonlarla qurbanlar verdiyi azadlığını qazandı. Mənz 28 may istiqlalının elanı bütün Şərq aləmində və bütün türk dünyasında yeni, demokratik prinsiplərə söykənən bir dövlətin qurulduğunu sübut etdi. İmperiya əsarəti altında yaşayan türk xalqları arasında məhz Azadlıq bayrağını ilk qaldıran Azərbaycan xalqı oldu. Bununla da varlığını isbat edən Azərbaycan xalqı bu tarixdən etibarən millət olaraq müstəqil demokratik dövlətini qurdu.

Azəri-türklərinin bu şad gününə sevinən və hər an ona dəsdək olan təbii ki, ilk olaraq Türkiyə oldu. 1918-ci ilin iyunun 4-də “Osmanlı imperatorluğu hökuməti ilə Azərbaycan Respublikası arasında dostluq müqaviləs” imzalandı. Bu müqaviləyə əsasən Azəri-türklərinin ən çətin günündə türk qardaşları yanında oldu, köməkliyini ondan əsirgəmədi.

Bildiyimiz kimi, Azərbaycanın müstəqilliyi elan olunduqdan sonra Bakı Soveti və onun İcraiyyə orqanı olan Bakı Xalq Komissarları soveti bütün vasitələrlə milli hökumətə qarşı xəyanətkarlıqla mübarizəyə başladı. Bu xəyanətin başında S. Şaumyan, rus-erməni bolşevikləri ilə yanaşı yerli bolşeviklər dururdu. Hətta onlar Bakı Xalq Komissarları sovetinin tabeliyindəki ordunun köməyi ilə Azərbaycan hökumətinin yerləşdiyi Gəncəyə hücum da etmişlər. Xoşbəxtlikdən Göyçay döyüşlərində kommuna qoşunlarının hücumu dəf edilmişdir. Vəziyyət hər an çətinləşirdi. Xüsusən də Bakının taleyi olduqca təhlükəli idi.

V.İ.Leninin S.Şaumyana göndərdiyi teleqramda Bakını və Abşeronu Azərbay-candan ayırıb Rusiyaya birləşdirmək üçün hər cür xəyanətə əl atılması açıq-aydın tələb olunurdu. Təsəvvür edin Bakının itirilməsi bütövlükdə Azərbaycanın itirilməsi idi. Bax belə çətin bir zamanda təmənnasız olaraq türk qardaşlarımız, Qafqaz İslam Ordusu xalqımızın dadına catdı. Türk əsgərinin döyüşkənlik cəsarəti haqqında Hüseyn Baykara “Azərbaycan istiqlal mübarizəsi tarixi” kitabında yazırdı ki: “Biz bura ölməyə gəldik, dönməyə yox”.

Beləliklə, Bakının düşməndən azad edilməsi üçün Qafqaz İslam Ordusu Nuru Paşanın rəhbərliyi ilə çox ciddi hazırlıqlara başlayır. Hətta Gəncədə ordu hissələrini qüvvətləndirmək üçün hərbi məktəb və qısa müddətli hərbi kurslar təşkil olunur. Orduda çox ciddi nizam-intizam yaradılır və müəyyən hazırlıqlardan sonra Bakıya doğru hərəkət etmək qərara alınır. Xilaskar türk ordusu düşmənə ilk böyük zərbəni iyun ayının 28 də vurur. Qaraməryəm, Göycay, sonra isə Ağsu, Kürdəmir azad olunur. Artıq İyul ayını ortalarında rəşadətli türk ordusu Bakıya doğru irəliləyirdi. Və nəhayət 1918-ci ilin 15-sentyabrında Nuru paşanın rəhbərlik etdiyi birləşmiş Azərbaycan-Türk İslam Ordusu Bakını düşməndən azad edir.

Bütün Azərbaycan xalqı bu münasibətlə qardaş türk igidlərinə öz minnətdarlığın, sevgi və sayğısın bildirdi. Milli ruhlu mətbu orqanları bütövlüklə bu hadisənin sevincini əks etdirirdilər. “Azərbaycan”, “Bəsirət” qəzetləri aylarla bu şadyanalığı, xoş günləri bəxş edən qardaş türk əsgərinin sücayətindən yazdı. Üzeyr Hacıbəyli bu münasibətlə “Azərbaycan” qəzetində yazırdı ki, NuruPaşanın şərəfinə ziyafət təşkil olunur. Paşa orada deyir ki, “Qardaş Azərbaycan türkünün mənafeyi hər bir türk üçün müqəddəsdir. Əgər Azərbaycanın azadlığı yolunda yeni qurbanlar lazım olsa ona da hazırıq”. Bax budur əsl qardaşlıq...

Çox təəssüflər ki, 1918-ci ilin noyabrın 17-də Müttəfiq Dövlətlər Birliyinin hərbi hissələrinin Bakıya daxil olması ilə əlaqədar Qafqaz İslam Ordusu Azərbaycandan geri çağrıldı. Və 1920-ci ilin 27 aprelində Azərbaycanın bolşeviklər tərəfindən işğal edilməsi, silah gücünə hökuməti zəbt etməsi Azərbaycan Xalq Cümhuriyyətinin süqutuna səbəb oldu.

Amma unutmaq olmaz ki, tarix təkrar olur. Yola saldığımız 20-ci yüzilliyin əvvəlində olduğu kimi sonunda da xalqımız yenidən öz müstəqilliyinə qovuşarkən yenə də o cətin, ağır günlərdə türk qardaşlarımız yanımızda oldu. Türkiyə dövləti Azərbaycanın müstəqilliyini birinci olaraq rəsmən tanıdı və ona sayğı ilə yanaşdı. Dost və qardaş dövlətin bu addımı Azərbaycan xalqının sonrakı taleyində də mühüm rol oynadı. Çünki türk diplomatiyasının zəngin tarixi təcrübəsi var. Bizim tarixən də kökü-soyu bir millət olduğumuz bəllidir.

Unutmayaq ki, Türkiyə ilə Azərbaycan arasındakı əlaqələr ən yaxşı şəkildə Azərbaycan xalqının ümummilli lideri H.Əliyev tərəfindən ifadə edilmişdi; “Biz bir millət, iki dövlətik!”. Mənə elə gəlir bu birlik bundan daha gözəl şəkildə ifadə edilə bilməzdi.

Qardaşlığımızı, dostluğumuzu bütün dünyaya bəyan edən bir millət. O millət ki, sovet hökuməti nə qədər amansız “qayda-qanun”lar qoydu ki, bu millətin qan yaddaşını unutdura bilsin. Amma bacarmadı. Hər bir azəri-türkünün qəlbində daima türk qardaşlarına olan məhəbbət yaşadı və yaşayacaqda. Azərbaycan Xalq Cümhuriyyətinin varisi adlandırılan bu günkü demokratik dövlətimiz milli dövlətçilik ənənələrinə söykənərək, türk dünyası ilə tarixi münasibətlərinin bərpasının nəticəsi olaraq inkişaf edir, dünyaya tanınır.

İstər 20-ci yüzilliyin əvvəllərində, istərsə də sonunda baş verən siyasi-ictimai, iqtisadi, mədəni hadisələr bir daha sübut edir ki, biz dili, dini bir olan millət kimi daima bir-birimizə dəstət olmalı, bu dostluğu, qardaşlığı yaşatmalı və davam etdirməliyik. Bunun üçün klassiklərin qələm və kalam sahiblərimizin uzun illər apardığı mücadilənin, mübarizənin məqsədi, məramı bu günki gəncliyə geniş şəkildə təbliğ edilməlidir. “Fikirdə, dildə, əməldə birlik!” şüarı altında bütün dünya türklərini birliyə səsləyərək bu müqəddəs ideyanın təməlini qoyan İsmayıl bəy Qaspiralının, bütün ömrünü ortaq türk mədəniyyətinin yaranmasına həsr edən türkçü-turancı Əli bəy Hüseynzadənin, millətsevər, vətənpərvər Əhməd bəy Ağaoğlunun, istiqlalımızın bayraqdarı olan Məhəmməd Əmin Rəsulzadənin və onlarla klassiklərimizin ibratamiz fəaliyyəti, zəngin irsi, amalları təbliğ edilməlidir. Bu təbliğat işində mətbuat daha fəal olmalıdır.

Unutmayaq ki, Azərbaycan Xalq Cümhuriyyətinin qələbə calmasında milli ruhlu mətbuatımız böyük rol oynamışdı. “Həyat”dan başlanan yol “Azərbaycan”a gətirib çıxarmışdır. Birdə ki, milli istiqlal, müstəqil dövlət hər bir xalqın arzusu olmuş. Azəri-türkünün də milli istiqlal arzusunu 28 may 1918-ci illə məhdudlaşdıranlar yanılırlar. Məhz 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti türk xalqları tarixinə 114-cü müstəqil dövlət kimi daxil olmuşdu. Ey Azərbaycan xalqı. Cəmi 23 ay sevincini yaşadığın bu xoş günlər sənə sonralar dostunu, düşmənini tanıtdı. Tanıtdı ki, tarixdə bir daha səhv etməyəsən.

“Kaspi” qəzeti, 28 may 2014

DÖVRÜ MƏTBUAT BİZƏ KİMLƏRDƏN NƏLƏRDƏN

XƏBƏR VERİR

Doğrusunu deyim ki, hər dəfə arxivlərdə 1920-80-ci illər arasında (xüsusən də 1920-50-ci illər) fəaliyyət göstərən mətbu orqanlarında çap edilən müxtəlif məzmunli yazılarla tanış olarkən dahi Mirzə Cəlilin “Dəli yığıncağı” əsəri yadıma düşür. Hakim partiyanın mətbuata və ədəbiyyata nəzarətinin nəticəsində cəmiyyət o dərəcədə dəyişmişdir ki, “dəlilər”lə ağıllıların yeri dəyişik düşmüşdür. Hakim qüvvələrin əlehinə çıxan, həqiqəti, haqqı görən və deyənlər dəli adlandırılırdı...

Lakin bu da danılmaz bir faktdır ki, yola saldığımız 20-ci yüzillik xalqımız üçün yalnız “siyasi cəhətdən deyil, ədəbi, mədəni, kulturoloji cəhətdən də yeni bir mərhələ” olmuşdur. Doğrudur bu yeni mərhələ də ədəbiyyatımız, mətbuatımız çox ziddiyyətli, çətin bir yol keçməsinə baxmayaraq forma, məzmun, ideya baxımından da zənginləşmişdir. Amma bu zənginləşmə xalqa çox baha başa gəlmişdir. Çünki, mətbuatımız, ədəbiyyatımız məhz bu illər ərzində olduğu kimi heç zaman hakim sinifin, partiyanın ideologiyasının ruporuna çevrilməmişdir.

“Sovet ədəbiyyatı” və “Sovet mətbuatı” kimi tarixə düşən bu dövrdə marksizm-leninzm metodologiyası əsasında Marks, Engelis, Lenin, Stalin sonra da Brejnev “babalarımıza” vəsf edilən şerlərin, poemaların, məqalələrin bir sözlə minlərlə əsərlərin bu gün lazımsız və məzmunsuz bir kağız yığınağı olduğunu zaman sübut etdi. (Dövrü mətbuatı araşdırarkən və arxiv sənədləri ilə tanış olarkən bu qənayətə gəldim ki, heç bir millətin yazarları məhz bizim qədər bu “babalara” əsərlər vəsf etməyiblər).

Dəhşətli 37-inin ziyalılarımızı, ziyamızı əlimizdən alıb faciələrə, qaranlıqlara dücar ediyi və tarixdə ilk dəfə Azərbaycan ziyalısının (əsasən də alim, şair, yazıçı, jurnalist, tənqidçi, elm və maaarif adamları) kütləvi həbsi, məhvi ilə nəticələndiyi bir zananda saysız-hesabsız “Dahi rəhbərə salam”lar yazılırdı. “Hücum”, “İnqilab və mədəniyyət”, “Ədəbiyyat cəbhəsi”, “Kommunist”, “Ədəbiyyat”, “Gənc işçi”, “Şərq qadını”, “Oktyabr günləri”, “Vətən uğrunda”, “Qırmızı şəfəq” və s. qəzet və jurnallarımızda yeri gəldi-gəlmədi mərkəzin hegemonluğu ilə bolşevizmin təbliği adı altında bu “babalarımız” millətin xilaskarı kimi təbliğ edilib.

Bu məddahlığın əlehinə çıxanlar isə əksinqilabçı, xalq düşməni, millətçi adı ilə həbs edildi, gülələndi və ya Solovki adalarına sürgünə, gedər-gəlməzə göndərildi... Amma bolşevizmin, proletar ədəbiyyatının əlehinə qarşı çıxanlar elə mərkəzin özündə də var idi. “Sənət öz yollarını özü yaratmalıdır. Marksizm metodları sənətin metodları deyil. Sənət sahəsi partiyanın komanda edə biləcəyi bir sahə deyil” deyə etrazını bildirən Trotski ədəbiyyatın, mətbuatın ümumiyyətlə sənətin öz axarı ilə hərəkət etməsinin tərəfdarı idi.

Onu da qeyd edim ki, proletariat diktaturası qurulduqdan sonra da “bolşeviklərin ədəbiyyata (eləcə də mətbuata, sənətə!) baxışları dəyişmir. Əksinə, ədəbiyyatı, mətbuatı hakim ideologiyanın daimi ruporuna çevirmək üçün çox çiddi işlər görülür”. Partiyanın qərarı ilə proletar cəmiyyətləri yaradılır və “Oktyabr”çılar meydana gəlir. Bəzi tədqiqatçılar bu dövrü “Oktyabr”çılıq və proletar ədəbiyyatına keçid dövrü” də adlandırırlar. Bunlar isə proletar ədəbiyyatına gedən yolda müxtəlif ədəbi cərəyanların (simvolizm, klassizm, emosiyonalizm, kubizm və s.) çoxluğu nəticədə proletar ədəbiyyatına baxışın müxtəlifliyini doğurdu.

Beləliklə, bütün Sovetlər birliyində “ədəbi məfkurələrin müxtəlifliyi və ədəbi kriteriyaların dəyişməsi, sənət nəzəriyyələrinin zorən əvəzlənməsi yeni bir ədəbi şəraitin yetişməsini şərtləndirirdi”. Ölkədə hər şeyi marksizim-leninizim nəzəriyyəsinə uyğunlaşdırmaq istər-istəməz daxildə ədəbi müxalifətin yaranmasına imkan açırdı.

Mərkəzdə siyasi müxalifətin ən fəal nümayəndəsi Trotski bolşeviklərin siyasi proseslərdə olduğu kimi ədəbi-mədəni həyatdakı müdaxiləsinə də qarşı çıxırdı. O, məqalələrinin əksəriyyətində dönə-dönə vurğulayırdı ki: “proletar ədəbiyyatı müvəqqəti olduğu kimi, həm də keçicidir. Burja mədəniyyətini və burja sənətini proletar mədəniyyəti və proletar sənətinə qarşı qoymaq kökündən doğru deyil”.

Trotskinin bu fikiri ilə ilk razılaşan A.K.Voronski oldu. O, “Krasnaya nov” jurnalında məqalə yazaraq burjua ideologiyasına qarşı çıxan proletariatın səhv yolda olduğunu elmi-nəzəri arqumetlərlə isbat etməyə çalışaraq istedadın və qabiliyyətin zorlanması əlehinə çıxırdı. Voronskiyə görə, sənətkar varlığa siyasi nöqteyi-nəzərdən yanaşmamalıdır.

Əlbəttə, həm Voronskinin, həm də Trotskinin fikirləri ilə razılaşanlarla yanaşı razılaşmayanlarda olub. Razılaşmayanlar proletar ədəbiyyatının nümayəndələri yaratdıqları ədəbiyyatın gələcəyinə inanır, ya da ki, özlərini inandırmağa çalişırdılar. “Ədəbiyyatımızı, mətbuatımızı bolşevikləşdirmək, onu həqiqi proletar ədəbiyyatı etmək üçün bütün bu yollarda və cəbhələrdə amansız, şiddətli, rəhimsiz bir mübarizə və mücadilə aparmalıyıq” prinsipini irəli sürən hakim partiya mübarizəyə başladı. Bolşevik diktaturasının yaratdığı xof, qorxu, təzyiq bütün yaradıcı sahələrə öz təsirini göstərdi.

1923-cü ildə bir başa mərkəzin diqtəsi ilə AK (b) P və Bakı MK-də təbliğat şöbəsi təşkil edildi. Şöbə Azərbaycanda olan bütün təbliğata nəzarəti öz əlinə aldı. Təbliğatda daha çox fəallıq göstərən MK orqanı olan “Kommunist” qəzeti oldu. 1927-ci ildə isə Azərbaycan Proletar Yazıçıları Cəmiyyəti yaradıldı və bir başa cəmiyyətin orqanı olan “Maarif və mədəniyyət”, “Ədəbiyyat cəbhəsində”, “Ədəbiyyat”, “Hücum”, “İnqilab və mədəniyyət” və s. qəzet və jurnallar fəaliyyətə başladı. Bu məbu orqanları ədəbiyyatın həyatla əlaqəsində bir vasitəçi rolunu oynayaraq və ədəbi prosesə geniş yer ayıraraq yalnız mərkəzin strategiyasını gör-göranə, mexaniki surətdə həyata keçirməklə məşğul idi. Həmin mətbu orqanlarının yazarları proletar mətbuatının kriteriyalarını Azərbaycan ədəbi mühitinə uyğunlaşdırmaqla kök-soyundan uzaqlaşaraq, dünəninə qənim kəsilərək, “Şura inqilabı”na xidmət edirdilər.

Buradakı məqalələri oxuyarkən müəlliflərin “prokuror ədalı” çıxışları açıq-aydın sezilir. Bu “prokuror ədalı” çıxışların müəllifləri isə əsasən dövrün gənc ədəbi tənqidçiləri Mehdi Hüseyn, Məmməd Arif, Məmməd Kazım Ələkbərli, Süleyman Rüstəm, Məmməd Rahim, Məmməd Cəfər, Məmməd Səid Ordubadi, Əli Nazim, Mustafa Quliyev, Hənəfi Zeynallı, Cəfər Xəndan və Əli Vəliyevdir. Haqsız tənqid hədəfinə çevrilənlər isə Mirzə Cəlil, Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu, Məhəmməd Əmin Rəsulzadə, Hüseyn Cavid, Əhməd Cavad, Mikayıl Müşfiq, Seyid Hüseyn kimi Azərbaycan ədəbiyyatının və mətbuatının dahi söz ustadları...

H.Cavid kimi dahi bir filosof şairi mütaliyyəsizlikdə günahlandıran Mehdi Hüseyn (Bax: “İnqilab və mədəniyyət” jurnalı, 1934, mart-aprel, N-3-4) “...Cavid bir qədər Marks, Engels, Leninin şah əsərlərini oxumalı və həyata açıq gözlə baxmalıdır” deməklə H.Cavid kimi bir mütəfəkkir söz sahibinə məsləhət verirdi.

Və yaxud ədibi “əhəmiyyətsiz addımlar atan şair” adlandıran M.K.Ələkbərli (Bax: “Kommunist” qəzeti, 13 iyun 1934) “Eski yazıçılarımızdan şüurlu və ya şüursuz surətdə inad ilə yenidən qurulma məsələsinə soyuq baxan və bu uğurda əhəmiyyətsiz addımlar atan Hüseyn Cavidir” deməklə bir daha sübut edirdi ki, dövrün tənqidçiləri H.Cavidə qarşı haqsız idilər.

Bax budur ki, sovet dövründə mətbuat, ədəbiyyat hakim partiyanın əlində ideya, fikir mübarizəsi yolunda kəskin silaha çevrilmişdi. Bu haqsız və amansız mübarizəni gücləndirmək üçün ədəbi-bədii təşkilatlar “rekonstruksiya” dövrünü yaşayaraq “zamanına uyğun, layiq və sadiq” qələm əhli yetişdirməkdə idi.

Amma sonradan Mərkəzin bu “sadiq və layiqli” qələm qulları olan Əliheydər Qarayev, Ruhulla Axundov, Həmid Sultanov, Ayna Sultanova, Dadaş Bünyatzadə, Sultan Məcid Qənizadə, Mustafa Quliyev kimi Azərbaycanda sovet hakimiyyətinin yaradılmasında “müstəsna” xidmətləri olanlar “xalq düşmənləri”nə çevrildilər. Niyə? Nə baş verirdi? Axı onlar bütün varlığı ilə hakim partiyanın sadiq nökərləri idi!

Çünki onların əksəriyyəti bir necə il sonra səhv yolda olduqlarını anladılar. Məsələn, Əli Nazim kimi dövrün ən tanınmış proletar yazarı “Hüseyn Cavid olduqca böyük bir sənətkar və söz sahibidir” (Bax: “Hücum” jurnalı, may-iyun, N-5-6, 1932) deməklə hakim partiyanın qəzəbinə dücar oldu. Və yaxud Mustafa Quliyev Moskvada Kreml Meydanında çıxış edərkən H.Cavidi “dahi sənətkar, böyük qələm sahibi” adlandırmışdı.

Lakin bu səhv yolda böyük qardaşlarına sadiq qalan nökərlər də oldu ki, onlar da hakim partiya tərəfindən yüksək qiymətləndirildi. “Xalq şairi”, “Xalq yazıçısı”, adlarına layiq görülərək Azərbaycan Mərkəzi Komitəsində böyük vəzifələrə irəli cəkildilər. Amma unutdular ki, “Yağı-yağ, ayranı-ayran edən” zaman gec-tez hər şeyi faş edəcək, kimin, kim olduğunu üzə çıxaracaq! Allah sənə rəhmət eləsin dahi Sabir. Belələri üçün nə gözəl demisən:

Millət necə tarac olur olsun, nə işim var?!

Düşmənlərə möhtac olur olsun, nə işim var?!

Qoy mən tox olum özgələri ilə nədir karım,

Dünyavü cahan ac olur olsun nə işim var?!

“Kaspi” qəzeti, iyun 9-11 2014


Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin