"ruhani varlıqlara inanmaq"



Yüklə 29,03 Kb.
səhifə1/3
tarix13.12.2022
ölçüsü29,03 Kb.
#74269
növüDərs
  1   2   3
MUHAZIRE 2


MÜHAZİRƏ 2. DİNİN MAHİYYƏTİ VƏ ONUN TƏZAHÜR FORMALARI
ƏDƏBİYYAT: Multikulturalizmə giriş. Dərslik. Bakı 2019
PLAN: 1. Dinin mahiyyəti və onun meydana gəlməsinə dair nəzəriyyələr
2. Din fərdi dünyagörüşün və ictimai şüurun forması kimi
Din insanlıq tarixində universal ictimai institut kimi çıxış edir. Tarixi, antropoloji və sosioloji tədqiqatlar göstərmişdir ki, istər ənənəvi, istərsə də müasir cəmiyyətlər özünəməxsus dini etiqad sisteminə malikdir. Şübhə yoxdur ki, dinin universallığı onun cəmiyyət həyatı üçün yerinə yetirdiyi əhəmiyyətli rollar və funksiyalarla bağlıdır. Belə olduğu halda, dinin mahiyyətini, onun meydana gəlmə və inkişaf qanunauyğunluğunu elmi konsepsiyalar əsasında öyrənmək zərurəti yaranır. Bu zərurətin nəticəsi olaraq, XVIII əsrdən etibarən dinin mahiyyəti, mənşəyi, cəmiyyətdəki rolu və yerini təhlil edən müxtəlif nəzəriyyələr irəli sürülmüşdür.
Bu nəzəriyyələr din fenomenini əsasən iki tərəfdən izah etməyə çalışır: I.Dinin strukturunun əsas elementləri; II. Dinin cəmiyyətdəki rolu və funksiyası.
Dinin strukturu əsasən üç formada təzahür edir: 1.Fövqəltəbii varlığa inam; 2. Dini fəaliyyət; 3. Dini təşkilatlar. Başqa sözlə desək, din - fövqəltəbii varlığa və ya qüvvələrə etiqad etmək, onlara pərəstiş göstərmək, ayin və mərasimləri yerinə yetirmək, nəhayət, öz inancını ifadə etmək məqsədilə dini qruplarda birləşmək deməkdir.
Dinin mahiyyəti ilə bağlı konsepsiyaların bəzilərini nəzərdən keçirək. İngilis antropoloqu Edvard Bernet Teylor (1832-1917) dinin mahiyyətini “ruhani varlıqlara inanmaq” kimi xarakterizə etmişdir. Burada “ruhani varlıqlar” ifadəsi insan idrakının fövqündə duran, fövqəltəbii güclərə malik olduğuna inanılan metafizik varlıqlar (tanrı, mələk və s.) kimi başa düşülür. Dinin mahiyyətini tanrıya (monoteist dinlər) və ya tanrılara (politeist dinlər) etiqad etməklə əlaqələndirən fikirlər də geniş yayılmışdır.
Dini fenomenoloji baxımdan öyrənən tədqiqatçılar hesab edirlər ki, dinin səciyyəvi cəhətlərindən birini də müqəddəslik və ya fövqəltəbiilik duyğusu təşkil edir. Burada fövqəltəbiilik insanın ruh aləmində qorxu və ya xof yaradan, sirli bir hissiyyat kimi təzahür edir. Bu mənada məşhur antropoloq Rudolf Otto (1869-1937) dini “müqəddəs olanın təcrübə edilməsi” şəklində xarakterizə edir. Onun fikrincə, din insanın müqəddəs qəbul edilən varlıqla qarşılıqlı əlaqəsindən ibarətdir. Burada dini təcrübə müqəddəs varlığın hiss edilməsi, ona yaxınlaşma və onu bilavasitə təcrübə etmək kimi başa düşülür.
Dinin mahiyyətinin funksional izahı dinin fərd və cəmiyyət üçün oynadığı rolları nəzərdə tutur. Bu izahda dinin cəmiyyəti bütünləşdirən və eyni inancları daşıyan insanlar arasında həmrəylik yaradan xüsusiyyətləri vurğulanır. Dinin fərd üçün əhəmiyyətinə gəlincə, bu daha çox insanın mənəvi həyatı və psixikası ilə əlaqədardır. Belə ki, din insan həyatına məna qazandırır, onu mənəvi böhran, ümidsizlik, depressiya və digər psixoloji problemlərdən qoruyur. Dinin sosioloji nəzəriyyəsini hazırlamaqda böyük xidmətləri olan görkəmli fransız sosioloqu Emil Dürkheym (1858-1917) hesab edir ki, “din müqəddəs varlıqla bağlı inamlar və ayinlərdən ibarət olan, inananları mənəvi bir birlik və ya dini qrupda birləşdirən, beləliklə ictimai həmrəylik yaradan sistemdir”. Bu tərifdə dinin mahiyyəti izah olunmaqla yanaşı, onun insanları mənəvi bağlarla birləşdirmə funksiyası da qeyd edilir.
Dinin meydana gəlməsinə dair irəli sürülən nəzəriyyələr ciddi mübahisələrə səbəb olmuşdur. Bu mübahisələrin əsasında dinə müxtəlif aspektdən yanaşma və metodoloji fərqlər durur. Ümumiyyətlə, sosial elmlərdə metodoloji baxımdan dinə yanaşma tərzinin iki əsas istiqaməti mövcuddur: pozitivist və fenomenoloji yanaşma.
Pozitivizm fəlsəfəsinə əsaslanan ilk yanaşma dini şüur və fəaliyyəti anlamaqla kifayətlənməyərək, onun mənşəyini təbiətşünaslığın metodları əsasında izah etməyə cəhd edir, beləliklə də, dini etiqad sistemini ibtidai və mifoloji dünyagörüşündən təkamül edərək formalaşan ictimai şüur forması kimi dəyərləndirir. Burada din ictimai inkişafın erkən dövrlərində meydana gələn ictimai şüur forması, kollektiv illüziya, irrasional fikirlər, dünyəvi qayğılardan qaçmağın və iztirabları səngitməyin təsəlli vasitəsi kimi nəzərdən keçirilir.
Metodoloji baxımdan dinə münasibətin ikinci forması isə öz əksini dinə fenomenoloji yanaşmada tapır. Burada dini fenomenlər daxildən, yəni inanan insanların nöqteyi-nəzərindən tədqiq edilir və dini fenomenlərin həqiqiliyinin araşdırılması nəzərə alınmır. Məlum olduğu kimi, obyektiv yanaşma dini tərəfsizlik prinsipi kontekstində öyrənməyə çalışır, dini inancın və davranışların yalnız ona inananların subyektiv təcrübələri əsasında düzgün anlaşılacağını fərz edir. Dinə bu baxımdan yanaşan tədqiqatçılar üçün mühüm olan inancların həqiqətə əsaslanması deyil, onların insan psixikasına, ictimai fəaliyyətlərə və cəmiyyətə təsirləridir.
Dinin mənşəyini izah edən pozitivist-evolyusionist (təkamülçü) nəzəriyyələr, əsasən, aşağıdakılardır: animizm, totemizm, fetişizmnaturizm (və ya animatizm).
Animizm təbiətin və onun ayrıca elementlərinin (dağ, ağac, günəş, və s.) canlı, yəni insan kimi ruha malik olduğuna dair mifoloji dünyagörüşüdür. Dinin ibtidai forması hesab edilən animizm insana xas qabiliyyətlərin təbiətə şamil edilməsindən ibarətdir. İbtidai həyat tərzi sürən qəbilələrdə (məs.: Avstraliya aborigenlərində) hələ də animist inanclar yaşamaqdadır. Totemizm insanla müqəddəs sayılan totem (bitki, heyvan, əşya və s.) arasında fövqəltəbii qohumluğun mövcud olduğuna inam bəsləmək deməkdir. Bu inanc sistemində insanların ulu əcdadı hesab edilən xüsusi bir bitki və ya heyvan totemi qəbilələrin əlaməti kimi çıxış edir və qəbilə həyatının bütün ictimai münasibətlərini tənzimləyir. Totem müqəddəs qəbul edildiyi üçün həmin adı daşıyan qəbilə və fərdlər də toxunulmazlıq qazanır. E.Dürkheymə görə, totemizm bütün dinlərin mənşəyini təşkil edən ən ibtidai inancdır.
Fetişizm müəyyən qeyri-adi formaya malik predmetlərin müqəddəsləşdirilməsi və onlara sitayişə əsaslanan dünyagörüşüdür. Əslində fetişizm animist dünyagörüşünün xüsusi bir formasıdır. Naturizm və ya animatizm təbiət qüvvələrinin şəxsiləşdirilməsi, fiziki dünyada baş verən hadisələrin sakrallaşdırılması, başqa sözlə desək, təbiətə sitayiş etməkdir. Naturizm nəzəriyyəsində belə bir fikir irəli sürülür ki, ictimai inkişafın erkən dövrlərində insanlar ildırım, fırtına, zəlzələ, vulkanlar, günəş və ay tutulması, eləcə də digər təbiət hadisələri qarşısında qorxu və dəhşətə qapılmış, təbiət qarşısında aciz olduğunu başa düşmüş, bunun nəticəsində də təbiət hadisələrini tanrılaşdırmışlar.
Məşhur alman filosofu və marksizm nəzəriyyəsinin banisi Karl Marksın (1818-1883) kapitalist iqtisadi sistemin təhlili kontekstində dinin yeri və roluna dair fikirləri dinin mahiyyətinin izahı baxımından əhəmiyyətlidir. Çünki marksizm dinin mahiyyətini materialist nöqteyi-nəzərdən ən dolğun şəkildə açıqlamışdır. Marksın din nəzəriyyəsi ictimai fikir tarixində dinin tənqidi ənənəsini davam və inkişaf etdirmiş, həmin tənqidi keyfiyyətcə yeni mərhələyə qaldırmışdır.
Marksizm dinə bir sosial hadisə kimi yanaşaraq onun meydana gəlməsini və yayılmasını real ictimai-tarixi münasibətlər kontekstində izah edir. Bu nəzəriyyəyə görə, din insanın insanı istismar etməsi üzərində qurulan sinfi cəmiyyətin meydana gəlməsi səbəbilə yaranmışdır. Belə ki, din şərin hökm sürdüyü yer üzündə məzlum insanlara təskinlik hissi verir, reallıqda mövcud olan ictimai ədalətsizliklə barışdırır, qurtuluş yolunu bu dünyada deyil, axirətdə axtarmağa səsləyir. Beləliklə, din istismar və zülmə bəraət qazandıraraq hakim siniflərin maraqlarına xidmət edir. K.Marks “Din - xalqın tiryəkidir” deyəndə, dinin məhz bu sosial funksiyasını nəzərdə tutmuşdur.
Dinin meydana gəlməsini izah etməyə cəhd göstərən materialist və təkamülçü nəzəriyyələr bəzi tənqidlərə məruz qalmışdır. Belə ki, bu nəzəriyyələr, ilk növbədə, dinlərin müxtəlifliyini izah edə bilmir. Çünki bu günədək dünya dinləri və ibtidai dinlərin eyni mənşədən yarandığının obyektiv əsaslandırılması mümkün olmamışdır. Digər tərəfdən, dinin meydana gəlməsinə dair alternativ izahlar da verilmişdir. Məsələn, avstriyalı linqvist, antropoloq, eyni zamanda katolik kilsəsində keşişlik etmiş Vilhelm Şmid (1868-1956) politeist (çoxtanrılı) dinlərdə belə, digər tanrılardan üstün, yaradıcı bir səma tanrısına inamın mühüm yer tutduğu faktından çıxış edərək, bütün dinlərin ibtidai monoteizm əsasında yarandığını irəli sürmüşdür.

Yüklə 29,03 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin