Seçilmiş
əsərləri
2
Redaktor:
Dilsuz
Elçin.
E46 «Seçilmiş əsərləri» (10 cilddə), 2-ci cild.
«ÇINAR-ÇAP» müəssisəsinin nəşriyyatı, Bakı, 2005, – 523 səh.
E
122
4702060200
© «ÇINAR-ÇAP» , 2005
3
POVESTLƏR
4
(Gümüşü Furqon)
5
– Adamın gərək naxışı gətirə!.. Bir də görürsən ki, bir-birindən bixəbər
iki nəfər – bir qız, bir oğlan çöl-biyabanda bir-birinə rast gəldi; birdən
belə məlum elədi ki, elə bir-birilərindən ötrü gəliblər bu dünyaya...
(Qəssab Ağanəcəfin arvadı Balacaxanımın küçə qapısı ağzında dayanıb
tum çırtlaya-çırtlaya cavan qızlara dediklərindən.)
– Mənim də istədiyim budu ki, Məmmədağa xoşbəxt olsun!..
(Bu sözləri bir axşam Əli, Səmədullaya demişdi, həmin axşam ki,
Yadulla və Fatmanın toyu idi və Ələkbərin klarneti adamın sümüyünü
yerindən oynadırdı.)
– Mənimki belə gətirdi, təki Məsməxanım xoşbəxt olsun!..
(Voronejə gedən qatarın pəncərəsindən ağaran qış gecəsinə baxa-baxa
Güldəstə belə fikirləşmişdi.)
6
I HİSSƏ
Bu hissə oxucunu Məmmədağa ilə, Məmmədağanın ay işığında
gümüş kimi ağaran alüminium örtüklü furqonu ilə, milisioner Səfərlə,
Məmmədağanın məhəllə uşağı Mirzoppa ilə və nəhayət, Məsməxanımla
tanış edir, oxucu Məmmədağa ilə Məsməxanımın bir-birilərinə
söylədiklərinin və söyləmədiklərinin şahidi olur.
Həmin qəribə gecə idi. Aydın məsələdir ki, Abşeronda bu cür gecələr saysız
olmuşdu və bundan sonra da olacaqdı, amma alüminium örtüklü furqonun arxasında
birdən-birə bir topa qıpqırmızı bulud görünəndə Məmmədağa fikirləşdi ki, qəribə
gecədi bu gecə; bu gecənin nə üçün qəribə olduğu ona məlum deyildi və o özü də öz
fikrinə təəccüb edib gözlərini qıydı, bir müddət altdan-yuxarı qıpqırmızı buluda
baxdı, sonra başını qaşıya-qaşıya dənizə baxdı, amma bu işdən bir şey anlaya
bilmədi.
Həmin qəribə yay gecəsi təzəcə başlayırdı və bir azdan alüminium örtüklü
furqonun arxasında bir parça buludu qıpqırmızı qızardan günəş tamam batacaqdı, ay
çıxacaqdı, ulduzlar çıxacaqdı, qurbağalar quruldamağa başlayacaqdı, cırcıramaların
səsi aləmi başına götürəcəkdi. Zuğulba qayalarının yuxarısındakı pansionatın,
sanatoriyanın həyətində yanan işıqlardan başqa kəndin bütün işıqları sönəcəkdi,
Bakıya gedib-gələn elektrik qatarının səsi bir müddət lap aydın eşidiləcəkdi, sonra
bu səs də kəsiləcəkdi, bir sözlə, Zuğulbanın bu dəniz sahilini həmişəki yay gecəsi
bürüyəcəkdi.
Indi bir tərəfdən də ay dənizdə üfüqü qıpqırmızı qızartmışdı və dənizin mavi-
qırmızı suyu üfüqdən sahiləcən par-par parıldayırdı, amma Məmmədağa Abşeronda
bu cür yay gecələrini çox görmüşdü və təkcə bir tərəfdən günün batması, bir
tərəfdən də ayın çıxması bu gecəni onun üçün qəribə edə bilməzdi.
Həmin gün axşama kimi külək əsirdi və külək bir saatdan bir dəyişirdi, gah
xəzri ağappaq köpüklənmiş dalğaları qayalara çırpırdı, gah da gilavar əsirdi, amma
axşamçağı birdən-birə külək dayandı və ağcaqanad yenə yamanca baş qaldırdı;
Zuğulbanın dənizindən, qumundan, qayalarından olmazdı, amma ağcaqanadı da
yaman ağcaqanad idi. Ağcaqanad Məmmədağanın gözünün düşməni idi, amma bu
dəfə küləyin belə naxələf çıxması onun qanını qaraltmadı, çünki qəribə gecə idi bu
gecə.
Məmmədağa yenə gözlərini qıyıb qırmızı bulud parçasına baxdı. Qırmızı
bulud parçası yavaş-yavaş solurdu və necə oldusa, bu solğunluq həmin qəribə yay
gecəsinə bir nisgil gətirdi. Məmmədağa bu nisgilin də səbəbini başa düşmədi və
axırda bu qərara gəldi ki, qəribəlik elə ona görə qəribəlikdi ki, səbəbi məlum deyil.
Bu qərara gəlib sidq-ürəkdən gərnəşdi və başını qaşıya-qaşıya furqonun balaca taxta
nərdivanını qalxıb içəri girdi.
7
Məmmədağanın üstündə alabəzək iri hərflərlə «PNEVMATIÇESKIY TIR»
yazılmış furqonu sübh tezdən yolun başında görünəndə çayçı Qəzənfərin qanı
qaralırdı, çünki müştərilərinin bir çoxu – kəndin cavanları, yeniyetmələr həmin gün
səhərdən axşamacan furqonun yanından əl çəkmirdi, tüfənglə nişan alırdı, parça
toplarla bankalardan düzəldilmiş piramidaları vurub dağıdırdı, rezin halqaları
tullayıb qarmaqlara keçirirdi.
Yayda Zuğulbaya gələndə Məmmədağa həmişə furqonu kənddən aralıda,
sahildəki qumluqda saxlayırdı. Məmmədağa belə fikirləşirdi: o yerdə ki, genişlik
yoxdu, orada istirahət də yoxdu; o yerdə ki, baxanda üfüq görünmədi, yağış yağanda
üstünə damcılamadı, gün çıxanda səni qaraltmadı, yəni o yerdə ki, dənizlə,
qayalarla, ağaclarla təkbətək olmadın, orada əsl istirahət yoxdu. Təkbətək o mənada
yox ki, ancaq sənlə dəniz – ikiniz olasınız, o mənada ki, sənlə dənizin arasını asfalt
kəsməsin, dəmir yolu kəsməsin, tüstüdən, mazutdan, maşın səs-küyündən uzaq
olasan.
Məmmədağa istəsəydi, Bakının ən yaxşı yerlərindən birindəki TIR-ə işə
düzələrdi; idarələrində hamı onu tanıyırdı və ona hörmət edirdi, çünki o həftə
olmurdu ki, planı doldurmasın və indiyə kimi heç bir əskik işi olmamışdı ki, başını
aşağı diksin; amma bunu istəmirdi Məmmədağa, çünki öz furqonunun, öz yolçuluq
sənətinin aşiqi idi. Həftədə bir dəfə Bakıya gedirdi, pulunu təhvil verirdi, bazar
gününü öz evlərində qalırdı, sonra yenə də yola çıxırdı. Abşeronda onun gəzmədiyi
kənd yox idi. Hər kənddə bir, uzaqbaşı iki gün qalırdı, istəyirdi ki, heç kim onun
furqonundan bezməsin və furqon hər dəfə özü ilə bir bayram gətirsin.
Bu həftə Bakıdan Xırdalana getmişdi, oradan Dügaha, oradan Məhəmmədliyə,
oradan Fatmeyiyə, oradan da bura gəlmişdi – bu qəribə gecəli Zuğulbaya. Sabah
sübh tezdən Bakıya qayıtmalı idi.
Axşam saat səkkizdən, doqquzun yarısından sonra TIR-ə gələn olmurdu, çünki
hər gecə kənddə kino göstərilirdi və hərdən Məmmədağa özü də furqonu bağlayıb
kinoya gedirdi, amma çox zaman axşamlar, gecələr də öz furqonu ilə məşğul olurdu,
silib - təmizləyirdi, içini səliqəyə salırdı, tüfəngləri yağlayırdı, maşının kapotunu
qaldırıb hissələrini gözdən keçirirdi, sonra da dənizdə çimirdi.
Məmmədağa dənizdən sahildə dayanmış furqonuna baxmağı xoşlayırdı; hər
dəfə furqonun təmiz alüminium örtüyünə, üstündəki rəngbərəng iri hərflərlə
yazılmış şüarlara baxdıqca hiss edirdi ki, öyünür, lap lovğalanır və dənizin suyu da
bu lovğalığı tamam təmizləyirdi, elə bil, ovcunda balıqqulağı yuyurdu,
büllurlaşdırırdı, bir uşaq sevincinə çevirirdi; bu uşaq sevinci dənizin içində
Məmmədağanın bütün bədəninə yayılırdı. Məmmədağa yaxşı başa düşürdü ki, bu
dünyada furqonu olmaq və həmin furqonu bu cür bəzəmək elə böyük bir iş deyil.
Bunu başa düşürdü, amma hər dəfə də alüminium örtüklü furqona baxdıqca,
üstündəki yazıları oxuduqca belə məlum olurdu ki, yenə öyünür əməlli-başlı.
Alüminium furqonun hər iki tərəfində iki eyni şüar yazılmışdı.
Birincisi:
Uçis iskusstvu metko strelyat!
Ikincisi:
Yunoşi i devuşki!
Ovladevayte texniçeskimi vidami sporta!
8
Bir yazını isə Məmmədağa özü fikirləşmişdi və furqonun girəcəyində
«PNEVMATIÇESKIY TIR» sözlərinin aşağısında özü rəngbərəng hərflərlə yazmışdı:
BIR GÜLLƏ ILƏ IKI DOVŞAN VURMAQ OLARMI? OLAR!
Bu, müştəri yığmaq üçün yalandan yazılmış sözlər deyildi və ümumiyyətlə,
Məmmədağanın yalanla heç arası yox idi. Bu mexanizmi o özü fikirləşib tapmışdı,
özü də düzəltmişdi: taxta dovşanın döşündə qırmızı bir nöqtə vardı və güllə bu
nöqtəyə dəyəndə həmin dovşan bir ayağı üstə sağ tərəfə əyilirdi, arxasından çıxan
ikinci dovşan isə bir ayağı üstə sol tərəfə əyilirdi.
Iş belə gətirdi ki, həmin qəribə yay gecəsi Məmmədağa dənizdə üzə-üzə
həmişəki kimi sahildəki furqonuna baxıb öyünə bilmədi...
Məmmədağa rezin parçaların üzərinə yapışdırdığı kağız nişangahları, taxta
dovşanı, tülkünü, ayını, şiri və naməlum bir heyvanı, bankalardan düzəltdiyi
piramidanı bir-bir nəzərdən keçirib birdən-birə darıxdı; tirdə işlədiyi müddətdən bəri
birinci dəfə idi ki, beləcə darıxırdı; birdən-birə bu furqonun içi ona darısqal,
cansıxıcı gəldi. O heç cür başa düşə bilmədi ki, bu nədən oldu; dayandığın yerdə
birdən-birə beləcə darıxasan, qəribə iş idi; tüfənglərdən birini doldurub təkəlli
qaldırdı və bir gözünü qıyıb nişan aldı. Həmişəki kimi onluğu vurdu, sonra özü də
təəccüb etdiyi bir biganəliklə (nə olmuşdu axı, ona?!) məhəccəri aşıb kəlbətini
götürdü və saçaqlı dəmir gülləni rezindən dartıb çıxartdı: sonra yenə məhəccəri
keçib furqonun qapısına yaxınlaşdı, kəndin işıqlarına baxdı və birdən-birə belə bir
fikir onu sarsıtdı ki, hərgah, bu saat burada onun başına bir iş gəlsə, heç kimin
bundan xəbəri olmaz, bir müddət keçər, bu furqonu başqa birisi sürüb bura gətirər,
hamı yenə gəlib nişan atar, amma heç kim yadına salmaz ki, dünyada Məmmədağa
adında bir oğlan vardı və o oğlan bu furqonu çox istəyirdi, bu qumluğu da, bu dənizi
də. Məmmədağa kənddən gələn işıqlara baxdı, baxdı və ona elə gəldi ki, bütün günü
səhərdən axşamacan adamlarla olsa da, əslində o bu taxta dovşanın, tülkünün,
ayının, şirin və naməlum heyvanın yanında tək-tənhadı.
Məmmədağa ömründə belə şeylər fikirləşməzdi və bilməzdi ki, vaxt olar, onun
başına belə fikirlər gələr...
Furqona tərəf addımlayan adamın boğuq öskürəyindən məlum oldu ki, gələn
milisioner Səfərdir.
Milisioner Səfər içəri girib:
– Axşamın xeyir, qağa! – dedi və dəsmalını çıxarıb sümükləri qabarmış arıq
sifətinin tərini sildi.
Məmmədağa bayaq ağlına gələn fikirlərin gözlənilməzliyindən başını qaşıya-
qaşıya:
– Axşamın xeyir, Səfər! – dedi və yenə də məhəccəri aşıb üstünə balaca
döşəkcə qoyduğu taxta kətildə oturdu. Üzü quramalı bu döşəkcəni Səkinə xala
düzəltmişdi və bu döşəkcə furqonda Məmmədağa üçün doğma şeylərin doğması idi.
– Hə Səfər e, qağa? Adım Səfərdi, amma ömrümdə bircə dəfə səfərim olub,
ode, o dağlardan, – milisioner Səfər əlini başının üstünə qaldırıb elə bil ki, o dağları
göstərdi, – buraya, vəssalam!
Milisioner Səfər otuz il idi Laçının dağlarından ayrılmışdı və həmişə o
yerlərdən ötrü burnunun ucu göynəyirdi, yatanda da, duranda da o yerləri yadına
salırdı, hər il hazırlaşırdı ki, oralara getsin, amma hər il də bir iş çıxırdı ortaya.
9
Əlbəttə, əgər arvadı Zübeydənin ürəyindən olsaydı, indi çoxdan gedib gəzmişdi o
yerləri.
Məmmədağagilin məhəlləsində də gəlmələr vardı. Bunlar o adamlar idi ki,
rayonlardan köçüb Bakıya gəlmişdilər, kimisinə hökumət məhəllədə boşalan
evlərdən vermişdi, kimisi də pulla xüsusi mülk almışdı. Gəlmələr, adətən, məhəllədə
özünü qərib hiss edirdi, heç kimlə qaynayıb-qarışmırdı. Məhəllə gəlmələrdən əvvəl
bu evlərdə yaşayanları yaddan çıxarmırdı; onların çoxu təzə tikilmiş binalarda
mənzil alırdı, bir müddət məhəllə ilə əlaqə saxlayırdı, sonra yavaş-yavaş bu əlaqə
kəsilirdi, amma məhəllə onları uzun müddət yaddan çıxarmırdı.
Ata-babadan bu məhəllədə yaşayan və əri Əbdül onu da, uşaqlarını da atıb
qaçandan sonra Sarı hamamda kassir işləyən Ağabacı deyirdi:
– Bu qarabağlıları görürsüz, ağəz, vəzəri yemirlər, deyirlər ki, adam belə
göyərti yeməz...
Zərgər Ələşrəfin arvadı Ziba deyirdi:
– Ağəz, sən də söz danışdun də, zər qədrini zərgər bilər!
Bərdədə ev-eşiyini satıb ailəsi ilə Bakıya köçmüş və indi tramvay sürücüləri
kursunda oxuyan Allahverdi deyirdi:
– Ə, sən ölməyəsən, məhəttələm bu bakılıların işinə!.. Səhərdən axşama kimi
hər gün küftə-bozbaş bişirirlər. Səhər ayılıb eşidirsən ki, ət taxtasında ət döyürlər
tıqqatıq, gecə yerinə girirsən, yenə də görürsən ki, ət taxtasında ət döyürlər tıqqatıq...
Inqilabdan əvvəl Xarkovda universitet qurtarmış rus dili müəllimi Alxas bəy
isə müsbət səkkiz şüşəli eynəyinin üstündən adama baxa-baxa deyirdi:
– Oğul, bu nə qarabağlı söhbətidi, bu nə bakılı söhbətidi, nə çuşkabazlıqdı, nə
həmşəribazlıqdı, ayıb deyil? Niyə özünüz özünüzə bir ad qoyub bihörmət
edirsiniz?..
... Əlbəttə, milisioner Səfərin bütün bunlardan xəbəri yox idi və o, üz-gözünün
tərini silib yaş dəsmalını yelləyə-yelləyə:
– Qağa, – dedi, – birindən soruşublar ki, haralısan, deyib hələ evlənməmişəm.
Bu, düzdü, amma o yerlərin dağları yaddan çıxmır də!.. Yaddan çıxmır ki, çıxmır...
Bu saat oralarda olasan, qağa, başın haqqı, gərək yun cempir geyəsən, üstündən də
pencək düymələyəsən. Yoxsa ayazdan dişin dəyəcək dişinə. Gərək pürrəng,
xoruzpipiyi bir çay da içəsən ki, canın qızışsın, özün də ləzzət aparasan. – Söhbət
çayın üstünə gəlib çıxanda milisioner Səfər lap bikeflədi. – Buranın çayı çay deyil
ha!.. Nə qədər rəng tökürsən tök, nə cürə deyirsən dəmlə, amma o yerlərin çayının
ləzzətini vermir... – Bilirsən nədəndi, qağa! Suyundan! O buz kimi dağ suyu ki,
daşın dibindən pıqqıldayıb çıxır, başqa şeydi, qağa!..
Milisioner Səfər papağını çıxarıb çoxdan tükü tökülmüş daz başının tərini
sildi. Gün onun üz-gözünü qapqara qaraltmışdı, başının papaq altında qalan hissəsi
isə ağappaq idi, elə bil, ağ kasanı çevirib qoymuşdular başına.
– Başın haqqı, qağa, bu saat o çaydan iyirmi stəkan içərəm, doydum demərəm.
Samovar da ki, başında çaynik, dızıldaya bir tərəfdə...
Milisioner Səfər lap yanıb-yaxılırdı ki, indi dağ suyundan xoruzpipiyi çay içə
bilmir, Məmmədağanı isə bu saat dünyada ən az maraqlandıran şey çay idi; o hələ
də bayaqkı fikirlərinə mat-məəttəl qalmışdı və başa düşə bilmirdi ki, nədən idi bu
fikirlər, nə olmuşdu ona; get-gedə yaşa dolur, bundandı bəlkə? Yəni doğrudan
yaşdandı? O, gözlərini milisioner Səfərin ağappaq başından çəkib taxta dovşana,
10
tülküyə, ayıya, şirə və naməlum heyvana baxdı və iki ildən bəri Abşeron yollarında
ürəyində gəzdirdiyi bir istək, arzu yenə baş qaldırdı.
Iki il bundan əvvəl Bakıdakı bulvarda böyük attraksion sərgisi açılmışdı və
həmin sərgiyə baxan gündən bəri Məmmədağanın belə bir arzusu var idi ki,
Abşeronun kəndlərini təkcə öz alüminium örtüklü furqonu ilə yox, bu cür bir
attraksionla gəzib dolaşsın, bu səyyar attraksion sirk kimi bir şey olsun;
Məmmədağa belə fikirləşirdi və indi də ona elə gəldi ki, belə bir attraksionu olsa,
darıxmaq nədi, adamın heç başını da qaşımağa vaxtı olmaz.
Milisioner Səfər papağı başına qoyub:
– Belədir işlər, qağa, – dedi. Adım Səfərdi, amma həyatımda cəmi bircə
səfərim olub...
Sonra milisioner Səfərin yadına düşdü ki, bu gün səhər həyətdə dayanıb diş
tozu ilə formasının dəmir düymələrini sürtüb parıldadanda, nə oldusa, arvadı
Zübeydə yenə hirsləndi və üzünü ona tutub dedi ki, sən Səfər yox, Səfehsən... Nə
üstündə hirsləndi Zübeydə? Milisioner Səfər bunu yadına sala bilmədi və gülümsədi.
O, Zübeydənin hirslənmələrinə öyrənmişdi və daha acığı tutmurdu buna. Sonra
birdən-birə yadına düşdü ki, deyəsən, yenə Naçalnikin üstündə hirsi tutdu
Zübeydənin...
Naçalnik yadına düşəndə yenə milisioner Səfərin qanı qaraldı, çiyninə qonmuş
ağcaqanadı şappıltı ilə vurub öldürdü, sonra köynəyini təmizləyib dedi:
– Yaxşı deyiblər ki, niyyətin hara, mənzilin də ora. – Sonra da Məmmədağaya
baxıb gülümsədi. – Sən cavan oğlansan, belə şeyləri bilməzsən...
Əlbəttə, Məmmədağa milisioner Səfərin nə fikirləşdiyini bilmirdi, amma
burasını çox yaxşı bilirdi ki, bu arıq, uzun kişi bir də heç vaxt dağ suyundan
xoruzpipiyi çay içməyəcək. Məmmədağa niyə belə fikirləşirdi, səbəbi məlum
deyildi; bir də ki, milisioner Səfərin elə görkəmi belə deyirdi.
Məmmədağa bunu da bilmirdi ki, milisioner Səfərin iki naçalniki var idi, biri
təbii ki, idarədə, o biri də evdə. Məsələ burasında idi ki, milisioner Səfərin altı qızı,
bir oğlu var idi, oğlu sonbeşik idi və o, anadan olanda həyatlarında birinci dəfə
milisioner Səfərlə Zübeydənin sözü bir oldu: uşağın adını Naçalnik qoydular.
Düzdür, indi uşaqlar Naçalnikin adını lağa qoyanda və o gəlib evdə ağlayanda
ki, niyə mənə belə ad qoymusunuz, Zübeydə günahı yıxırdı milisioner Səfərin
boynuna, amma o vaxt özü razılıq vermişdi və o vaxt milisioner Səfərin ürəyi lap
dərində bir qubar bağlamışdı: o başa düşmüşdü ki, Zübeydə ona görə uşağa bu adı
qoymağa razılıq verdi ki, bilirdi əri heç vaxt naçalnik olmayacaq.
Milisioner Səfər indi də uşağa belə ad qoymaqlarına peşman deyildi. Əvvəla,
ona görə ki, ad adamı bəzəmirdi, adam adı bəzəyirdi. Ikincisi, pis bir söz deyildi bu,
Naçalnik gərək yaxşı oxuyaydı, yaxşı çalışaydı, adını doğruldaydı. Onun qanını
qaraldan və axşam vaxtı bu furqona gətirən də elə burası idi.
Milisioner Səfər yenə papağını qaldırıb yaş dəsmalla ağappaq başını sildi,
bundan sonra uzün qara barmaqları ilə köhnə portsiqarından bir «Pamir» çıxarıb
yandırdı, dərin bir qullab vurub dedi:
– Işığa gəlir e, qağa, bu köpək uşağı ağcaqanadlar, işığa gəlir. Bu saat mən
gedirəm, sən də işığı söndür.
11
Məmmədağa furqonun ortasından sallanmış elektrik lampasına baxdı. Günaşırı
şüşəsini silib təmizlədiyi bu iki yüz voltluq lampa furqonun içini elə gur
işıqlandırırdı, elə bil, işıq bu darısqallığa sığışmırdı. Məmmədağa bu darısqallığı
yenə hiss etdi, ürəyi qısıldı və lap qəti qərara gəldi ki, günü sabahdan attraksion
məsələsini danışacaq idarədə, lazım olsa, gedəcək Nəcəfin yanına, axırı ki, bir iş
edəcək.
Nəcəf qabaqlar Məmmədağagilin məhəlləsində yaşayırdı və ondan cəmi dörd
yaş böyük idi, amma indi nazir müavini işləyirdi. Məhəllədən kim onun yanına
xahişə getmişdisə, Nəcəf əlindən gələni əsirgəməmişdi.
Məmmədağa Nəcəfi yadına salıb bir balaca yüngülləşdi və milisioner Səfərin
həmişə parıldayan qoburuna baxdı. Milisioner Səfər hər gün evdən çıxıb işə gedəndə
qoburunu səliqə-sahmana salar, yaxşı-yaxşı silərdi. Məmmədağa tüfənglərdən birini
məhəccərin üstü ilə ona tərəf sürüşdürüb:
– Atmaq istəyirsən, götür at! - dedi.
Milisioner Səfər bu dəfə boynuna qonmuş ağcaqanadı şappıltı ilə vurub
öldürdü və yaş dəsmalı ilə boynunu silə-silə:
– Yox, qağa, çox sağ ol, – dedi. – Atmaqla, vurmaqla aram yoxdu. Mənimki
odu ki, əmin-amanlıq ola, sakitlik ola... Bilirsən, qağa, sənin yanına niyə gəlmişəm?
– Milisioner Səfər axır ki, ürək eləyib mətləbə keçdi. – Mənim oğlumu gərək
qoymayasan buralara gələ, gələndə qovasan.
– Evdən xəlvət pul götürüb gəlib bura?
– Yox, ə, sən də söz danışdın də!.. – Mənim oğlum oğurluq edər? Tanımırsan
onu?
– Yox.
– Ona görə də elə deyirsən də!.. Mətləb başqadı, qağa... Dünən yox srağagün
soruşuram ondan ki, daha böyük oğlansan, keçmisən səkkizinci sinfə, gərək indidən
məqsədin ola ki, kim olacaqsan böyüyəndə. Deyir məqsədim var. Deyirəm kim
olacaqsan? Deyir furqonum olacaq, kəndlərə tir gətirəcəyəm...
Məmmədağa milisioner Səfərin uzun sifətinə, tərdən yaş olmuş köynəyinə,
par-par parıldayan dəmir düymələrinə baxdı, sonra ayağa qalxıb məhəccərin
üstündən atıldı və furqonun qapısına yaxınlaşıb kəndin işıqlarına baxdı. Ona qəribə
gəldi ki, sübh tezdən buradan çıxıb gedəcək, bir də neçə vaxtdan sonra bura gələcək,
amma kim isə tamam başqa adam, lap elə sabah dənizdə çiməndə, sahildə, günün
altında parıldayan alüminium örtüklü bir furqonu gözünün qabağına gətirəcək, bu
furqonu özünkü biləcək və ürəyində öyünəcək. Kəndin işıqları birdən-birə ona
doğma gəldi, elə bil, içini isindirdi və Məmmədağa fikirləşdi ki, Abşeronun hər
kəndində işıqlar sönəndən sonra gecənin yarısı yuxuya getməzdən əvvəl kiminsə
gözlərinin qabağına alüminium örtüklü bir furqon gəlir və həmin furqon
Məmmədağanın, bax, bu furqonudu. O, başını qaldırıb göyə baxdı.
Qırmızı bulud parçası yox olub getmişdi. Dənizdə üfüq də qızarmırdı daha. Ay
çıxmışdı, ulduzlar çıxmışdı, lap xəfif xəzri başlamışdı və ay işığında sahilə gələn
ləpələrin köpüyü süd kimi ağappaq ağarırdı; bu süd ağlığında elə bil ki, həmin
qəribə yay gecəsinin təmizliyi vardı və Məmmədağa başa düşə bilmədi ki, cəmi on
dəqiqə bundan əvvəl niyə birdən-birə o cür darıxdı? Bir halda ki, dünyada bu cür
süd ağlığı vardı, adam niyə darıxırdı, niyə adamın ürəyi qısılırdı?
12
Milisioner Səfər heç vaxt heç kimin ürəyinə dəymək istəməzdi. Onun fikrincə,
dünyada ən pis şey kiminsə ürəyini sındırmaq idi. Indi də arxadan bu cavan oğlanın
qara saçlarına, enli kürəyinə, əzələləri sayılan qollarına baxa-baxa fikirləşdi ki, pis iş
gördü deyəsən, könlünü sındırdı deyəsən bu oğlanın. Amma burası da var idi ki,
cavan oğlan da gərək zəhmət çəkib onu başa düşəydi. Milisioner Səfər yaş dəsmalını
səliqə ilə qatlayıb cibinə qoydu və uzun qara barmaqları ilə yenə də köhnə
portsiqarından bir «Pamir» çıxarıb yandırdı, dərin bir qullab vurub dedi:
– Bilirsən, qağa, nahaq pərt olursan. Deyiblər ki, həmişə imam üçün
ağlayanda, bir dəfə də yezid üçün ağla. Mən nə deyirəm? Pis söz demirəm ki... Mən
də istəyirəm təkcə oğlum yaxşı oxusun, böyüsün, böyük adam olsun...
Məmmədağaya çox adam çox söz demişdi, amma uşaq vaxtı molla
Süleymanın dediyi bir söz heç vaxt yadından çıxmırdı. Adamlara deyilən sözlər də
qəribə idi. Bir də görürsən sənə elə söz deyirlər ki, şapalaq kimi tutur, amma bir
Dostları ilə paylaş: |