Şeirlər, poemalar, dramlar qanun nəŞRİyyati baki-2015 IV ciLD



Yüklə 1,79 Mb.
Pdf görüntüsü
səhifə3/18
tarix19.07.2017
ölçüsü1,79 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   18

45
Сечмяляр (шеирляр)
Poladlanmış birliyimlə açaram kələyini,
Ayaq altda tapdalaram o iyrənc diləyini,
Asi etmə, bəndəsənsə, göylərin fələyini,
   
 
 Toxunma torpağıma!
Dağlarım da od püskürər divtək cumar üstünə,
Varsa vicdanını səslə, az dur haqqın qəsdinə,
Qayıt Tanrı dərgahına gəl imana, gəl dinə,
   
 
 Toxunma torpağıma!
Ədaləti, həqiqəti yuvarlayıb sürgünə,
Bəsdir, daha büründüyün özgələrin kürkünə!
Azərbaycan çoxdan şahid iyrənc, qorxu-hürkünə!
   
 
 Toxunma torpağıma!
 25.06.1991 

46
Ширин Ханым Кяримбяйли Шадиман
 VƏTƏNDİ 
İlhamımın tellərini dindirən,
Varlığımı zirvələrə endirən,
Od nəfəsli, şir ürəkli ər, ərən,
Od yurdunun pak qucağı – Vətəndi,
Söndürülmüş hər ocağı – Vətəndi.
İgidləri xainlərə sipərdi,
Hər cığırı sinələrə təpərdi,
Şiş qayalar düzlərinə çəpərdi,
Sis ormanlı, gen çölləri – Vətəndi,
Çılğın, daşqın gur selləri – Vətəndi.
Qeylü-qaldan qurtarmazdır heç başı,
Yad ellərdən haylar qardaş qardaşı,
Qəbr evimiz, hər min illik baş daşı,
Çala-çuxur, çöl, arx-arxac – Vətəndi,
Ərə arxa, qeyrətə tac – Vətəndi.
Şir ağızla yaralandı sinəsi,
Hayqırdıqca batırıldı gur səsi,
Çox döyüldü bu Azəri ölkəsi!
Min bir yerə haçalanan – Vətəndi,
O tay, bu tay parçalanan – Vətəndi. 
Ağrı dağı, yasa batıb, ağlama,
Anam Göyçə, başa qara bağlama,
İrəvanım, bax titrəyən daş-dama,
Qəzəbindən əsən sinə – Vətəndi,
Əsir düşmüş o yurd, binə – Vətəndi. 
Əqrəb, ilan hardan girdi qoynuna?
Məkri ilə dolanıbdı boynuna,
Tarix dözməz namərdlərin oynuna,
Yad əllərdə ağlar qalan – Vətəndi,
Pak keçmişi yalan olan – Vətəndi.

47
Сечмяляр (шеирляр)
Xankəndində quduz itlər ulayır,
Şər önündə yaman quyruq bulayır,
Düzlərini qanımızla bulayır,
Ağlar qalan dağım, düzüm – Vətəndi,
Yanar dilim, görən gözüm – Vətəndi. 
 
Yurdlu etdik hər düzlərdə qalanı,
Bəyənmədik canımızdan olanı,
Ayaq tutub gəzməz yağı yalanı,
Düşmənlərlə yarı bölsək – Vətəndi,
Pak yolunda şəhid ölsək – Vətəndi!
 10.05.1991 
 BU YURDUN ELİ HANI?... 
Dağılıb yurd, yuvası,
Necə canından ası,
Qana susub havası,
Odun, ocağın tanı,
Bu yurdun eli hanı?
Səadəti boğulub,
Qəmi dərddən doğulub,
Eli hara dağılıb?
Sanki çıxacaq canı,
Bu yurdun eli hanı?
Ocağını su basıb,
Dərdi özünü asıb,
Niyə bu Allah susub?
Fəğandır, ahdır anı,
Bu yurdun eli hanı?
Çeşmələri ağlaşır,
Buludlarla bağlaşır,
Bu dərd niyə dağlaşır?
Keçən günü gəl sanı,
Bu yurdun eli hanı?

48
Ширин Ханым Кяримбяйли Шадиман
Gəlməyə sabahları,
Boğub içdə ahları,
Məzarların ruhları,
Gəzir nalan hər yanı,
Bu yurdun eli hanı?
Gələ vətən ərləri,
Boğa dərdi-sərləri,
Elin şiri-nərləri
Uddura yada qanı,
Bu yurdun eli hanı?
 6.08.2001. Pirallahı
 ANA DİLİM 
Dərdin itsin ilim-ilim,
Sözümün dünyaya bəyanı,
Yanan ürəyimin həyanı.
Tələtümə gətirirsən ruhu-canı,
Sənin haqqını ayaqlar altına
 
 
atanlarını sanı.
***
Ana dilim,
Səndən öc alır ilim,
Sənsiz keçmir bircə anım,
Sənsiz necə varlığımı anım?
Sənin odunu qəlblərinə çatmayanlar,
Zülmətlərdə daralmış hayını 
 
 
hayına qatmayanlar,
Heç qədrini bilməzlər,
Sözünün şirinliyinə gəlməzlər.
***
Ana dilim,
Haqqını tapdalasam yansın dilim.
Anamın sevdalı laylasından doğuldun,
Qətrə-qətrə qanıma, canıma dağıldın,
Beynimin içinə, ağlıma yığıldın.

49
Сечмяляр (шеирляр)
Sətir-sətir, misra-misra havamsan,
Sən mənim Allahıma duamsan.
 ***
Ana dilim,
Ölərəm sənə çatmasa əlim.
Sən söz-söz alışıb yanan Füzuli harayı,
Sən yaralı Nəsiminin təb sarayı,
Sən yasımda ağlayan könlümün vayı,
Sən bir anlıq sevincimin nəş‘ə payı.
Dilimdən uçsan bil ki, canım çıxıb,
Fələk ömür taxtımı yıxıb...
 ***
Ana dilim,
De, kədərini bilim.
Bir zamanlar düşmənlər səni təklədilər,
Səni susdurub yox etmək üçün gəldilər.
Səni ruhundan ayırmaq üçün cinslərə 
böldülər,
Bu müsibətlər göldülər.
Bütün bunlara susmaq olmur axı,
Dərd çoxalanda ürəkdə qalmır axı.
 ***
Ana dilim,
Söz bağında solmasın gülüm,
İlahi göndərən mələyim,
Ruhu çağladan diləyim.
Sənsiz soyda, kökdə qalmaz heç nəyim,
Sənin səcdəndə titrəyir ürəyim,
 
 
Ana dilim...
 
 
 
Ana dilim...
 09.04.2009

50
Ширин Ханым Кяримбяйли Шадиман
NEFT DAŞLARINDA GECƏ 
Gecədir. Qaranlıqlar çəkilib göy üzünə.
Ay buruqlar adası, nə füsunkar olmusan?
Qatar-qatar işıqlar oxşar nurlu gözünə,
Şirin arzular təki ürəyimə dolmusan.
Söylə, hansı diyarda su üstə şəhər yatır,
Hər buruq bir çıraqban ulduzlar meşəsidir.
Bu dəniz ölkəsində ulduzlara əl çatır,
Neft Daşları qəlbimin ən dilbər guşəsidir.
Suların qucağında gəmilər salamlaşır,
Yatırır sinəsində gecə gəlib-gedəni.
Bu payız axşamında xoşbəxtlik başdan aşır,
Yuyunur qaranlığın dənizdə pak bədəni.
Sərin mehlər gecəylə pıçıldaşır aşiqtək,
Sanki sevgi nəğməsi həzin-həzin səslənir.
Bu gecə gözəl Xəzər bir divanə məşuqtək,
Sevgilərin evində odlu-odlu bəslənir.
Gecə ay işığında dəmir körpü uzanır, 
Alır işdən gələni ehtiyatla qoynuna.
Ulduzlar da bu axşam bir tamaşa qazanır,
Heyranlıqla baxırlar maşınların oynuna.
Burda göydə, dənizdə topa-topa ulduzdur,
İşıq seli sularda ox təki düşüb qalıb.
Bu gecə gözəl Xəzər, sanki növrəstə qızdır,
Gur qara tellərini zümrüd sulara salıb.
Növbə qurtaran zaman binalar da gurlaşar,
Həyatsevər adamlar gəlirlər dəstə-dəstə.
Ürəklərin atəşi hünər ilə qovlaşar,
Şirin nağıla dönər sərin mehlər ahəstə.
Gündüzün zəhmətini unutdurar gecələr,
Təmiz dəniz havası gözləri yatızdırar.

51
Сечмяляр (шеирляр)
Tufanların sehiri adamlarla gecələr.
Yuxulara şirinlik, şəkərlik qatızdırar.
Gecə yuxularına gələr su pəriləri,
Necə də baş vurarlar qorxmadan dərinliyə.
Almaz təki bərq vurar gümüşü dəriləri,
O ilahi mələklər öyrəşər sərinliyə.
Oğlan, qız sədaları sularda sınıb qalar,
Dolaşar Neft Daşların pak gecə gülüşləri.
Hər qəlbə, hər ürəyə şadlıq mehrini salar,
Yığar öz ətrafına hey tanış-bilişləri.
İşıq seli altında qaranlıqlar incələr,
Növbədən qayıdanlar yavaş-yavaş yatışar.
Yorğun düşmüş əl-ayaq rahatlıqla dincələr,
Burda halal zəhmətə şirin yuxu qatışar.
Sübhədək qalıb oyaq, dəniz də layla çalar,
Mehriban ana kimi oxşayar yatanları.
Coşub-daşan dalğalar qolları üstə alar,
Şərəfli əməyiylə arzuya çatanları.
Yorğunluqdan dincələn ürəklər pərvazlanar,
Sabah görülən işi bugün ölçüb-biçərlər.
Buruqlar ölkəsində həyat necə nazlanar,
Çətin görünən yoldan asanlıqla keçərlər.
Gecə qayğılarına bürünərlər ürəklər,
Xəyallar yığın-yığın alar ağzına bizi.
Sığallar sinəmizi o məlekə diləklər,
Sabaha qarşımızda açar neçə yol-izi.
Ərzin dərdi-səriylə gözlərimiz yuxlayar,
Kiminin eşq yanğısı sinədən ərşə qalxar.
Təzə-tər könülləri bir pak sevgi oxlayar,
Bir divanə məhəbbət qəlbi yandırıb-yaxar.

52
Ширин Ханым Кяримбяйли Шадиман
Buruqlar adasında ay xoş, sevdalı gecə,
Dəniz nəsimi ilə nəvaziş göstər bizə.
Həyat da çiçəklənir, sellər gurlaşır necə.
Mübarək qədəminlə çıxmışıq hər gündüzə.
Yolumuzu gözləyir halal zəhmət, şanlı iş,
Taleyimiz, ömrümüz necə bağlıdır ona.
Bu Odlar ölkəsində baş ucaldan yüksəliş,
Həyatın yollarında olub ağ saçlı ana.
Nələr keçir qəlbimdən elə bu an, bu gecə,
Ürək min bir qürurla vurur sinə içində.
Ey Şadiman, bu dövran, bu şad, firavan büsat, 
İlhamdan bir qalaça qurur sinə içində.
 21.12.1985 
POLAD KÖRPÜLƏR 
Siz polad qəfəsi Neft Daşlarının,
Keçir sinənizdən neftin dəyəri.
Xəzərin mirvari göz yaşlarının,
Ruhuna köklənmiş vuran ürəyi…
Qulaq eşidəndən, gözlər görəndən,
Nə qədər möcüzə var yer üzündə.
Tarix xəbərdardır igid, ərəndən,
Hamı da yüksəkdir onun gözündə.
Dolaşır hey ərzi sədası, ünü,
Səbirlə hörülmüş dəmir körpülər.
Küləklər adamtək üzünə gülər,
Xəzərin bağrını əmir körpülər.
Elə bil igidin polad qolları,
Ən sərt tufanları susdurur yaman,
Zəhmətə suvanmış möhkəm yolları,
Necə sinə gərir dalğaya, aman?

53
Сечмяляр (шеирляр)
Boranlar, şaxtalar, qarlar, yağışlar,
Döyüb sinənizi, polad körpülər.
Heyrətdən sancılıb qalır baxışlar, 
Dənizin içində abad körpülər. 
Əyilən tufanlar dərddən yaslıdır,
Saldız çətinliyi bataqlığına.
Minlərin taleyi sizdən aslıdır,
Dözün fəsillərin şıltaqlığına.
Üstündə şütüyür ağır maşınlar,
İşgüzar əllərin sirli düyünü.
Burada bir birlik, bir qələbə var,
Uğurla salırsan yola hər günü.
Ekskavatorun gur səsi yüksəlir, 
Titrəyir necə də polad dirəklər.
Burada əzablar zirvələr dəlir,
Tufanlar qopanda titrər ürəklər.
Döyür çiyinləri min bir zəhmətə,
Sözlü qərinədir, polad körpülər.
Adamın bənzəri var əmanətə,
Bəxtləri oxşayar abad körpülər.
Nə qədər fırtına görür sinəsi,
Dözür hər bəlaya titrək dirəklər.
Qalxır əzəmətlə boğuq nəfəsi,
Boğuq nəfəsindən doğur diləklər.
Polad dirəklərdən aslı maşınlar,
Necə ehtiyatla şütüyür, aman.
Dolaşır dünyanı neçə qış, bahar,
Haqqı irəliyə aparır zaman.
Dəmirdən biləkli polad körpülər,
Dözümün dirilik suyundan içir.

54
Ширин Ханым Кяримбяйли Шадиман
Ürək bu mərdliyi necə sadalar?
Burda halal zəhmət canından keçir.
Ləpələr üstündə narahat diyar,
Dəli küləklərlə titrəyər, əsər.
Adam mətanətin gücündən doyar,
Ürəklər qazancçın işə tələsər. 
Düşüb, qonaq olsan burda bircə gün,
Dəmir dirəklərdə titrər ayaqlar.
Salar gah kədərə, gah sevincə gün,
Dalğa gurultusu tufan soraqlar…
Hər addım hekayət, hər addım əsər,
Dastanlı, boyludur işgüzar həyat.
Deməyin nisgili ümidi kəsər,
Şaqraq duyğuların laylasına yat.
Əsir sərin mehlər, acı küləklər,
Əsla təsiri yox burdakı işə.
O qurub-yaradan abad diləklər,
Nizamlı karvandır pak yüksəlişə!
Gecədir, ürəyim dincəlir bir az, 
Dəmir diləklər də, sanki yuxlayır.
Könüldən göylərə dikəlir avaz,
Qismətim gələcək sabah qoxlayır.
 27.12.1985 Nasosnu
 

55
Сечмяляр (шеирляр)
GÖZƏL VƏTƏN 
Gözəl Vətən, dur gur səsin yayılsın,
Süd gündüzlər yuxusundan ayılsın,
Zülmət gecə qoy zəhmindən bayılsın,
Hünər göstər, ürəyimiz şad olsun,
Bu hünərin şan-şöhrətli ad olsun.
Gözəl Vətən, əməyinlə ucal sən,
O şiş tağlı zirvələrdən bac al sən,
İgidlərin oylağına tac ol sən,
Son qoy qəmə, diləklərlə gül daha,
Alnı açıq get bugündən sabaha.
Nə tufandan, nə borandan qorxun yox,
Hünərin bol, zəhmətin bol, gücün çox,
Könlümüzdə istəyin var, gözün tox,
Qorxma, adla yenə çətin yolları,
Yenilməzdir cəsarətin qolları.
Gözəl Vətən, od yurduna dayaq ol,
Gecələrdən, zülmətlərdən iraq ol,
Azadlığın gözlərinə çıraq ol,
Qaranlıqlar gündüz olsun əlinlə,
Ürəyimiz qoy öyünsün səninlə.
 22.01.1987

56
Ширин Ханым Кяримбяйли Шадиман
 QUBA MƏZARLIĞI 
 1918-ci ilin mart, aprelində erməni-bolşevik
 birləşmələri 50 min azərbaycan əhalisini 
 öz yurd-yuvasında qətlə yetirdi.
Quba məzarlığı açdı tarixi,
Dünyaya bir dəhşət saçdı tarixi.
 ***
Çəkilmir üstündən ağrı-acılar,
Göylərin bağrına fəryad sancılar,
Ruhlar fəğan edir burda didərgin,
Ağrılar içində zamanlar gərgin.
Sünbültək biçilib qəfil insanlar,
Qan gürşada dönüb, yağıb leysanlar!
Erməni-bolşevik quldur dəstəsi,
Əllərində tüfəng, xəncər tiyəsi,
Batırıb qanlara şəhəri, kəndi,
Baş tutub bir zaman hiyləgər fəndi.
Evlərdən insanlar tökülüb çölə,
Qanlar suya dönüb, çevrilib gölə.
Uşaqlar, qocalar, qadınlar nalan,
Neçə yurd-yuvalar, məscidlər talan!
Hönkürən, qışqıran insan harayı,
Çox küncdə-bucaqda güldürdü vayı!
Can götürüb qaçan sağ qaldı o vaxt,
Hər kəsin üzünə gülmədi heç baxt…
Göylər də ağladı Quba yasına,
Fələk yaş axıtdı yerin tasına.
Öz doğma evində qırıldı millət,
Yuvalar içində şah oldu illət.
Burda fərq qoymadı düşmən heç kimə,
Müsəlman tamamən ölməli, demə.
Türk, ləzgi, yəhudi, dağlı qırıldı,
Qanlardan səmanın bağrı yarıldı.
Hamı Allah deyib göyə əl açdı,
Əzrayıl özü də zülümdən qaçdı.
Onun roluna girmiş qansızlar,
İnsan öldürməkdə birmiş qansızlar.

57
Сечмяляр (шеирляр)
Qanların içində üzdü məmləkət,
Qanlardan donunu geydi fəlakət!
Qadınlar saçından asıldı o gün,
Körpələr künclərə qısıldı o gün.
Qocalar Quranla məscidə qaçdı,
Diz çöküb əllərin göylərə açdı.
Allahın evinə doldu insanlar,
Allahla təmasda oldu insanlar.
Onlar məscidə də kibriti vurdu,
Qapını bağlayıb, ağzında durdu.
Yandı qadın, uşaq orda günahsız,
Yağını bəsləyən, doğan Allahsız!
O günlər Şamaxı, Bakı qırıldı,
Siyəzən, Dəvəçi aha sarıldı.
Xaçmazda el-oba qana boyandı,
Çocuqlar, körpələr beşikdə yandı!
Bunları unutmaq olmaz, ey millət,
Unutsaq yenə də doğacaq zillət!
İrəvan, Zəngəzur, Borçalı, Dərbənd,
Təbriz, Xan Qarabağ zəncirlərlə bənd,
Gəlin bu dərdlərə edəyin peyvənd!
Türk yurdu şəhidlər məzarı olur,
Baxın, ana Vətən saçını yolur.
 ***
Quba məzarlığı açdı tarixi,
Dünyaya bir dəhşət saçdı tarixi.
 ***
Sümüklər sızlayır şivən içində…
Millətə bir haray, güvən içində!..
Ruhlar ah-fəğanla dolaşır burda,
Öz qara bəxtiylə ulaşır burda.
Körpə, qoca, uşaq, qadın kəlləsi,
Gahdan qulaqlara dəlir ah səsi.
Quyular açılıb, sirr üzə çıxıb,
Düşmənin etdiyi kir üzə çıxıb.
Lənətin o yana yolu da yoxdu,
Vətəndə bu tipli quyular çoxdu…
Nə qədər hələ də yer altındadır,
Gözəl Azərbaycan şər altındadır.

58
Ширин Ханым Кяримбяйли Шадиман
Şərin quyruğunu kəsməsək, olmaz,
Vətənin üstündə əsməsək, olmaz.
Yuvanı qorusan – yurduna dönər,
Yurdunu bəsləsən – ORDUNA dönər…
 ***
Yenə zaman ötüb, günlər keçəcək,
Barış şərbətini yağı içəcək…
Ancaq Soyqırımlar ürəyimizdə,
Vicdandan boylanan diləyimizdə.
Susub, bu qanlarla oturmaq olmaz,
Sandıqlar içinə yatırmaq olmaz.
Olmamış soyqırım bəsləyir yağı,
Haqqı vicdanından həsləyir yağı.
Türklərə edilən bu Soyqırımı,
Bilib, tanımalı dünyada hamı.
Haqqı qəfəslərə salanlar bilsin,
Məkiri, hiyləsi kalanlar bilsin,
Düzlüyü yoluna qaytarmaq gərək,
Düzlüklə vurmalı cahanda ürək.
Onda nahaq qanlar tökülməyəcək,
Heç bir insan könlü sökülməyəcək.
 ***
Quba məzarlığı açdı tarixi,
Dünyaya bir dəhşət saçdı tarixi!..
 23.04.2012
QALIB ÇADIRLARDA 
 Sayman Aruza
Güney Azərbaycanında minlərlə
bacı-qardaşımız, bu soyuq zamanda
çadırlar içində soyuqdan
əsməyə məhkum olunublar…
Yolladığın şəkil könlümü üzdü,
Sayman bəy, onsuz da dərdlərim közdü,
Bəsdir millətimiz sitəmə dözdü!
Əzabdan çatlayır daha dağ-daşım,
Axır ürəyimə qanlı göz yaşım.

59
Сечмяляр (шеирляр)
Şəkilin üzündən tökülür soyuq,
Əlləri şaxtadan titrəyən çocuq,
Açıbdı kədəri gözündə oyuq,
Dözməyir bu dərdə düşünən başım,
Axır ürəyimə qanlı göz yaşım.
Qalıb çadırlarda didərgin ağlar,
Gəlir günbəgündən nə qanlı çağlar?
Bu acı sitəmlər sinələr dağlar,
Güneydə üzülən bacı, qardaşım.
Axır ürəyimə qanlı göz yaşım.
Qar-çovğun içində çadırlar miskin,
Adamlar kədərli, adamlar küskün,
Niyə bu millətə düşüb qaragün?
Sağ ikən, qabaqda gedir başdaşım,
Axır ürəyimə qanlı göz yaşım.
Quzeydən Güneyə harayım yetmir,
Niyə başımızdan qan-qada ötmür?
Acılar uzanır, acılar bitmir…
Necə Vətən bölən sərhədi aşım?!
Axır ürəyimə qanlı göz yaşım.
Dur, ey Azərbaycan, qap silahını,
Parçala düşməni, dağıt ahını,
Özün yoluna qoy xoş sabahını,
Qalıb əsirlikdə torpağım, daşım,
Axır ürəyimə qanlı göz yaşım.
Ağladır müsibət bu Şadimanı,
Quzeyli-Güneyli yurddu imanı,
Yığılıb boğaza daha bu canı,
Ayıl xəyallara dalan soydaşım,
Çadırlar içində donan qardaşım,
Axır ürəyimə qanlı göz yaşım.
 10.11.2012

60
Ширин Ханым Кяримбяйли Шадиман
URMU GÖLÜ AĞISI 
Güney Azərbaycanında 
Urmu gölü yox olmaq 
təhlükəsi ilə üz-üzə, 
o, insanları haraya çağırır…
Çəkilib sinəmə dağlar, düyünlər,
Tərsinə çevrilib indi beyinlər,
Quruyur sularım, tükənir günlər,
Yanıb köz oluram oduma gəlin.
Ey Vətən deyənlər, dadıma gəlin.
Adımı Urmugöl qoydu dədələr,
Mənim harayıma yetmir gədələr,
Dərdimi köksümdən gəlib didələr,
Yığılın, ellilər, adıma gəlin.
Ey Vətən deyənlər, dadıma gəlin.
Tökülür bədənim qəfəs oluram,
Anbaan quruca nəfəs oluram,
Bəmdə inildəyən bir səs oluram,
Bəmimə zil tutun, addıma gəlin,
Ey Vətən deyənlər, dadıma gəlin.
Məni Urmu deyib, öyürdüz axı,
Mənə sevgili yar deyirdiz axı,
Qalxır asimana köksümün ahı,
Güneyli, Quzeyli yardıma gəlin,
Ey Vətən deyənlər, dadıma gəlin.
Daha quş karvanı gölə gəlməyir,
Mənim ağılarım dilə gəlməyir,
Sularım quruyur, ələ gəlməyir,
Durun, qoşun çəkin, yurduma gəlin,
Ey Vətən deyənlər, dadıma gəlin.

61
Сечмяляр (шеирляр)
Babəkin kəsilən qolu haqqı ki,
Nəsimi soyulan yolu haqqı ki,
Sərdari-millilər halı haqqı ki,
Hələ can üstəyəm, vardıma gəlin,
Ey Vətən deyənlər, dadıma gəlin.
İndi ağım ilə yüklənib Güney,
Min bir əzablarla rənglənib Güney,
İranda, ey dunya, təklənib Güney,
Dillər haraylayan, sorduma gəlin,
Ey Vətən deyənlər, dadıma gəlin.
Mən sussuz yaşaya bilməyəcəyəm,
Sularım coşmasa, gülməyəcəyəm,
Mənə can desələr, ölməyəcəyəm,
Düşün cığırıma – ardıma gəlin,
Ey Vətən deyənlər, dadıma gəlin.
Şadiman, bilirəm yanırsan mənə,
Sən də bu gölümü anırsan mənə,
Gəl, ey şair qızım, su lazım tənə!...
Dərdi ləşgər çəkən, orduma gəlin,
Ey Vətən deyənlər, dadıma gəlin.
Ey Vətən deyənlər, dadıma gəlin.
 26.07.2012

62
Ширин Ханым Кяримбяйли Шадиман
 TÜRKÜN BAYRAĞI 
Yanacaqdır yerdə, göydə nurlu, parlaq çırağı,
Enməyəcək səmalardan heç vaxt Türkün bayrağı.
O sevdalı ürəklərdə alışacaq şam kimi,
Zülmətlərə udduracaq yağını axşam kimi,
O Turanın sinəsində coşub-daşan kam kimi,
Altaylarda, Türküstanda gəzəcəkdir sorağı,
Enməyəcək səmalardan heç vaxt Türkün bayrağı.
Canımızdan, qanımızdan, ruhumuzdan boylanır,
Onun rəngin görən düşmən fəryad çəkir-oylanır,
Çıxır əngin asimana, başımıza haylanır,
Birləşəcək Turan ellər, görəcəkdir xoş çağı,
Enməyəcək səmalardan heç vaxt Türkün bayrağı.
Qurd ürəkli kişilərin məkanıdır uluslar,
Qan yaddaşa qayıtmağın təkanıdır uluslar,
Şərəf, namus, qeyrət, ismət ərkanıdır uluslar,
Kəsiləcək Türk yurdlardan yağıların ayağı,
Enməyəcək səmalardan heç vaxt Türkün bayrağı.
Gələcəkdir bir araya, Ərəm, deyən oğullar,
Qurd ruhundan qopub çıxan, nərəm, deyən oğullar,
Silah qapıb xainləri, gərəm, deyən oğullar,
Sibiryadan, Tatarlardan uçacaq yel sayağı,
Enməyəcək səmalardan heç vaxt Türkün bayrağı.
Çanaqqala savaşının qanı gəzir üzündə,
Şəhid ruhu alov saçır torpağının özündə,
Məhşərətək haray çəkir ocağının közündə,
Yağı özü yaddır ona, yağı sözü bayağı,
Enməyəcək səmalardan heç vaxt Türkün bayrağı.
Türk torpaqlar Ay-Ulduzlar istiqlalın doğacaq,
Onun ruhun sındıranı künc-bucağa sığacaq,
Bayraqların, Türkəm, deyən bir sıraya yığacaq,

63
Сечмяляр (шеирляр)
Artacaqdır sülhsevənin bu topluma marağı, 
Enməyəcək səmalardan heç vaxt Türkün bayrağı.
Göy atların kişnərtisi qulaqlardan getməyir,
Tarixlərin havacatı hələ başdan ötməyir.
Əllərimiz ayrılalı bir-birinə yetməyir,
Qıpqırmızı sancağıdır könlümüzün dayağı,
Enməyəcək səmalardan heç vaxt Türkün bayrağı.
Türkiyənin səmasından gəl-gəl deyir bizlərə,
Sığal çəkir al rəngiylə şəfəqli gündüzlərə,
İşığından nur ələnir könüllərə, üzlərə,
Süslənibdi məhəbbətlə tarix dolu varağı,
Enməyəcək səmalardan heç vaxt Türkün bayrağı.
Yanacaqdır yerdə, göydə nurlu, parlaq çırağı,
Enməyəcək səmalardan heç vaxt Türkün bayrağı.
09.11.2012

64
Ширин Ханым Кяримбяйли Шадиман
 ƏSLİ-SOYU TAMAM DANAN 
Əsli-soyu tamam danan,
Hardan gəlib, hara getdi?
Doğmaya yox, yada yanan,
Harda idi, hara yetdi?
Bədən cana xain çıxmaz,
Yaramaza kimsə baxmaz,
Şər əlindən heç buraxmaz,
Bülbül susdu, qarğa ötdü.
Qırantlarla bəslənənlər,
Bu eşq ilə süslənənlər,
Düşmənlə bir səslənənlər,
Könlə gələn sözdə bitdi.
Atı minib, tərsə çapan,
Öz xalqına çirkab atan,
Bilinməyir anan, atan,
Bilinirsə nə xislətdi?
Şər yağıdı, bəlli üzü,
Fitnə-fəsad hər bir sözü,
Baş açmaq da olmur düzü,
Kök birsə nə xəyanətdi?
Şadimanı çək çarmıxa,
Fitvalara verməm yaxa,
Xalqın gözü baxa-baxa,
Düşmənə nə ibadətdi?
 14.02.2013
1   2   3   4   5   6   7   8   9   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə