Sərbəst iş
Şöbə: Maliyyə iqtisad
İxtisas: Sığorta işi
Fənn: Azərbaycan dilində işgüzar və akademik kommunikasiya fənni
Mövzu: Azərbaycan dilinin orfoepiya qaydaları
Müəllim: Quliyeva Xanım
Tələbə: Babayeva Nicabət
Qrup: 22/Q11
Möhkəm qayda-qanunlara tabe olan Azərbaycan dili min illər boyu Azərbaycan xalqının nümunəvi ünsiyyətinə xidmət etmiş, öz sabitliyini qoruyub saxlamışdır. Ahəng qanununun tələblərinə uyğun olaraq, sait və samit növbələşməsi əsasında formalaşan bu dilin tələffüz və yazı normalarında kəskin bir fərq yoxdur. Mövcud fərqlər isə müəyyən qanunauyğunluqla bağlıdır: qanad [qanat] - qanadın, ağac [ağaç] - ağacın, bulaq [bulax] - bulağa, çörək [çörəx'] - çörəyi, gözləyirik [gözdüyürüx'], oxşayırsınız [oxşuyursuz] və s.
Tələffüz və yazı ilə bağlı mübahisəli məsələlər, əsasən, alınma sözlərlə əlaqədardır. Dillərarası qarşılıqlı münasibətdə Azərbaycan dilinə keçmiş alınma sözlər (ərəb, fars, rus, həmçinin Avropa dillərindən keçən sözlər) uzun müddət yazıdakı davamlılığını iki şəkildə saxlamışdır: 1) yazı ənənəsini qoruyaraq (bikar, əfv, əhd-peyman, əhvali-ruhiyyə, ədviyyat, təam, şüəra, hökumət, fövqəladə, xariqüladə, rəiyyət, hökmran, qədd-qamət, füzuliyanə, şürahi, auditoriya, inkubator, kulminasiya, perspektiv, perpendikulyar və s.); 2) Azərbaycan dilinin tələffüz süzgəcindən keçərək (fayda, qayda, vedrə, qəzet, vağzal, aptek, maşın, rezin, kaset, proqram, qrup, ton, stenoqram və s.). Bu isə onu göstərir ki, yazı və tələffüz normaları daim bir-birini tənzimləyərək inkişaf etmişdir.
Cəmiyyət tərəqqi etdikcə dilin lüğət tərkibi də zənginləşir. Xüsusilə leksik normada baş verən yeniləşmələr fonetik normalara da (orfoqrafik, orfoepik) təsirsiz ötüşmür. Belə olduqda lüğətlərin yenilənməsi məcburiyyəti ortaya çıxır. Düzdür, Azərbaycanda lüğətçiliyin tarixi çox qədimdir. Lakin XIX yüzilliyin ikinci yarısından bugünədək olan dövrə nəzər salınsa, lüğətçilik sahəsindəki inkişaf, orfoqrafiya və orfoepiya məsələləri ilə bağlı fikirlər, tərtib edilmiş və vaxtaşırı yenilənmiş lüğətlər, bu lüğətlərə olan tələbat daha aydın görünər. Belə ki, kitab nəşrinin artması, təhsilin güclənməsi, milli mətbuatın, televiziya, radio, teatr, kino və s. sahələrin yaranması, inkişafı, düzgün yazı və tələffüz qaydalarına olan tələbat məqsədli şəkildə orfoqrafiya və orfoepiya lüğətlərinin tərtib olunmasına gətirib çıxarmışdır.
Orfoqrafiya lüğətlərinin sistemli tərtibi 1929-cu ildən (11 min sözdən ibarət olmuşdur) həyata keçirilmiş, hər dəfə təkmilləşdirilməklə 1940, 1960, 1975, 2004, 2013, 2021-ci illərdə yenidən nəşr edilmişdir. 2021-ci ildə çapdan çıxmış yeddinci - sonuncu nəşrdə 90 minə yaxın söz toplanmışdır.
Orfoepiya lüğətinin də tərtibi ilə bağlı müəyyən işlər görülmüşdür. Lakin bu lüğətlər şifahi nitqi tam ehtiva edə bilməmiş, bəzən eyni modelin iki və üç tələffüz forması özünü büruzə vermiş və ya tələffüzünə ehtiyac duyulan hər hansı bir söz lüğətlərdə öz əksini tapmamışdır. Bu lüğətlərdə toplanan sözlərin sayı 10 mindən çox olmamışdır.
Məlumdur ki, düzgün, dəqiq, ifadəli və zəngin nitq insanı cəmiyyətdə tanıdan əsas amildir. Dialektlərin inteqrasiya etdiyi bir dövrdə şifahi ədəbi dilin istifadəsinə meyil artır. Gündəlik həyatımızda dialektdən və ya kitab dilindən fərqli olaraq, nitqin sərbəstliyinin əsas olduğu məişət üslubu ön plana keçir, inkişaf etmiş cəmiyyətdə hər kəs gözəl nitqə sahib olmaq istəyir. Artıq yalnız məişətdə deyil, şifahi nitqə ehtiyac olan hər bir məkanda müxtəlif üslub nümayəndələrinin tələffüz normaları ilə maraqlandığı müşahidə olunur. Demək, sözün düzgün tələffüzü, vurğu, intonasiya, səs tonu, ixtisar, qısaltma və abreviaturların tələffüzü, ağız aparatından düzgün istifadə və s. məsələləri özündə ehtiva edən, sistemli bir şəkildə tərtib olunan orfoepiya lüğətinin hazırlanmasına ehtiyac vardır.
XX yüzilliyin 90-cı illərindən başlayaraq Azərbaycan dilinin dövlət dili səviyyəsində fəaliyyəti, dil haqqında qanun, fərman və sərəncamlar dilin öyrənilməsi və istifadəsi imkanlarını daha da genişləndirmiş, funsional üslubların inteqrasiyasına şərait yaranmışdır. Azərbaycan Respublikasının “Azərbaycan Respublikasında dövlət dili haqqında” 2002-ci il 30 sentyabr tarixli 365 - IIQ nömrəli Qanununun 13.1-ci bəndində yazılır: “Dövlət dilinin normaları özündə Azərbaycan ədəbi dilinin orfoqrafiya və orfoepiya normalarını ehtiva edir. Azərbaycan dilinin orfoqrafiya və orfoepiya normalarını müvafiq icra hakimiyyəti orqanlarının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Hüquqi, fiziki və vəzifəli şəxslər bu normalara əməl etməlidirlər” (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2003, № 1).
Qanundan irəli gələn tələffüzə əməl etmək, bunların həyata keçməsinə nail olmaq məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabineti 16 aprel 2019-cu il tarixli 174 nömrəli qərarı ilə “Azərbaycan dilinin orfoqrafiya normaları”nı, 18 iyun 2021-ci il tarixli 175 nömrəli qərarı ilə “Azərbaycan dilinin orfoepiya normaları”nı təsdiq etmişdir.
Azərbaycan Respublikası tarixində ilk dəfə olaraq dövlət səviyyəsində qəbul edilmiş “Azərbaycan dilinin orfoepiya normaları” mövcud orfoepiya lüğətlərinin, orfoepiya ilə bağlı elmi ədəbiyyatın, bu sahədə böyük təcrübəsi olan mütəxəssislərin fikirlərinin müqayisəsi əsasında hazırlanmışdır. “Normalar”da sözlərin fonetik, leksik, leksik-semantik, morfoloji, sintaktik mövqedə tələffüzü, eləcə də vurğu, ixtisar, qısaltma və abreviaturların tələffüzü nəzərə alınmışdır. Hazırda AMEA Nəsimi adına Dilçilik İnstitutunda bu “Norma”ları özündə ehtiva edən “Azərbaycan dilinin orfoepiya lüğəti” hazırlanır. Təcrübə göstərir ki, lüğətlərin hazırlanmasında, yenilənmə və təkmilləşməsində ictimai baxış da nəzərə alınmalıdır. Bu məqsədlə “Azərbaycan dilinin orfoepiya normaları”nda mübahisə doğuran bəzi bəndlərə diqqət yetirmək lazımdır.
2.5.3 bəndində “ae, ea, eə, əa, eo, üa, üə, au, ua, ue, uə yanaşı saitlərinin, işləndiyi sözlər yazıldığı kimi və uzanma hadisəsi baş vermədən tələffüz olunur” tələbinə bir qədər geniş şərh verilməlidir. Belə ki, əsasən alınma sözlərdə müşahidə olunan bu sait yanaşmalarında Azərbaycan dilinin əsas xüsusiyyəti olan sait+samit sıralanması pozulmuşdur.
Sözlərdəki au, ua, ue, uə sait yanaşmalarında (pauza, virtual, duel, məcmuə və s.) 1-ci sait öz məxrəcində tələffüzünü bitirmədən 2-ci saitin məxrəcinə keçir, həmçinin 2-ci səs öz başlanğıcını 1-ci səsdən götürməklə diftonqlaşır, bununla da ümumi tələffüzü asanlaşdırır. Beləliklə, fonetik prinsip özünü doğruldur: söz yazıldığı kimi tələffüz olunur.
üa, üə yanaşı saitlərinin tələffüz forması mövcud lüğətlərdə, yaxud bununla bağlı elmi araşdırmalarda [1; 2; 3; 4 və s.] [üə], [üa], [ü.ə], [ü.a]; [ə:]; [a:]; [ua] formalarında qeyd olunmuş, tələffüzlə bağlı bugünkü tələbata cavab verə bilməmişdir. Məlumdur ki, eyni sait yanaşmasının ayrı-ayrı sözlərdə müxtəlif şəkildə tələffüzü çaşqınlıq yaradır. Yanaşı au, ua, uə, ue saitlərində olduğu kimi, üə, üa sait birləşmələrində də qapalı+açıq cütlüyündə diftonqlaşma hiss olunur. Beləliklə, üə, üa yanaşı samitlərinin işləndiyi bütün sözlərdə (müəllim, müəmma, şüəra, müasir, şüa, şüar, nüans, stüardessa və s.) bu saitlər yazıldığı kimi tələffüz olunur. Həmçinin yanaşı üə, üa satlərində ü səsi qısa tələffüz edilir. Bu səs çox vaxt işlənmə mövqeyindən asılı olduğu üçün orfoepiya lüğətində qısa səsi göstərən işarədən [ü.] istifadə olunması nəzərdə tutulmamışdır. Əks halda pişik [pi.şix'], assimilyasiya [assimilyasi.ya], coğrafiya [coğrafi.ya] və s. kimi dolaşıq tələffüz formaları ilə qarşılaşarıq.
“Normalar”da ae, ea, eə, eo, əa yanaşı açıq+açıq saitlərinin də yazıldığı kimi tələffüz olunması nəzərdə tutulmuşdur. Lakin bu fikrə münasibət birmənalı deyil. Belə ki, ae [ay], ea [iya], eə [iyə], eo [iyo, iya], əa [a:] variantlarına üstünlük verənlər də vardır. Unutmaq olmaz ki, bu yanaşı saitlərin işləndiyi sözlər alınmadır, dilimizdə həddindən artıq çoxdur və Azərbaycan dilinin həm yazı, həm də tələffüz normalarına ağırlıq gətirir. Əslində bu tipli sözləri mümkün qədər özləşdirməyə ehtiyac vardır. İşlədildiyi müddətdə isə iki və bir-birinə zidd olan cəhət nəzərə alınmalıdır: 1)orfoqrafik normalar orfoepik normalar əsasında tənzimlənməlidir; 2)yazı normaları sabitləşdikcə tələffüz normalarına, həmçinin yazılı nitq və görmə yaddaşı şifahi nitqə təsir edir. Eləcə də Azərbaycan dilində bir səs bir hərflə işarə olunur. Onda belə bir sual yaranır: [iya], [iyo], [iyə] tələffüz formaları yazıya tətbiq ediləcəkmi? Yaxud real sözünü yazıldığı kimi ([real]), reallıq, realist, realizm sözlərini [riyallıx], [riyalis], [riyalizm] şəklində tələffüz etmək nə dərəcədə doğrudur?
Burada müasir türk dili ilə müqayisə də yerinə düşər: real - gerçək, realist -gerçekçi, teatr - tiyatro.
Mövcud lüğətlərdə teatr [tiyatr] tələffüzünə üstünlük verilmiş tr səsləri arasındakı qabarıq şəkildə tələffüz olunan [ı] səsinə diqqət yetirilməmişdir. Halbuki [teatr] tələffüzündə ı səsi hiss olunmur.
Əslində “Normalar”da verildiyi kimi, yanaşı ea, eə, eo, əa saitlərinin yazıldığı kimi tələffüz olunması daha doğru hesab olunur. Yanaşı ae saitləri aero tərkibli sözlərdə işlənir, bunun nə vaxtsa ayro şəklində yazılmaq ehtimalı da azdır. Mümkün olan təqdirdə ayro yazıb, [ayro] şəklində də tələffüz etmək olardı.
“Azərbaycan dilinin orfoepiya normaları”nın 2.7-ci bəndində tərkibində ov, öv hərf birləşmələri olan sözlərdə səs düşümü hadisəsinin baş vermədiyi, sözlərin fonetik prinsipə uyğun olaraq, yazıldığı kimi tələffüz olunduğu qeyd edilmişdir. Mövcud lüğətlərdəki ikili xüsusiyyət aradan qaldırılmış, vahid tələffüz forması qəbul olunmuşdur. Lakin bir cəhəti qeyd etmək olar ki, ov, öv hərf birləşməsinin ardınca kar samit işləndikdə hərf birləşməsindəki v qismən kar tələffüz olunur.
4.8-ci və 4.9-cu bəndlərdə verilmiş -acaq, -əcək qəti gələcək zaman şəkilçisi ilə bağlı bəzi şərhlər verməyə ehtiyac vardır. Belə ki, bu şəkilçinin artırıldığı sözlərin şəxsə görə dəyişərkən daha çox yanlış formada tələffüz olunduğu nəzərdən qaçmır: [alacam], [alacıyam], [alacıyıx], [gələcəm], [gələciyəm]; [gələciyix'] və s. Göründüyü kimi, burada şəkilçi -ac, -əc; -acıy, -əciy tələffüz formasını alır. Bu ədəbi dilin normalarına ziddir. Belə ki, Azərbaycan dilinin dialekt və şivələrinə xas olan, hətta yalnız birinci şəxsdə deyil, digər şəxslərdə də müşahidə olunan (alacsan, gələcsən; alacıysan, gələciysən və s.) bu forma ədəbi dil deyil, dialekt faktı kimi qeydə alınır. Alacıyam, alacıyıx tələffüz formasında iki səhvə yol verilmişdir. Birincisi, -acaq şəkilçisi millidir və milli dil xüsusiyyətinə əsasən (3.11.2-ci və 3.11.3-cü bəndlərdə verildiyi kimi təsriflənmə zamanı q→x və q→ğ dəyişməsi baş verə bilər: alacağam [alacağam], alacaqsan [alacaxsan], alacaq [alacax], alacağıq [alacağıx], alacaqsınız [alacaxsız], alacaqlar [alacaxlar]. İkincisi, saitin qapalılaşması 4.5-ci bənddə verilmiş, “a və ə saiti ilə bitən sözlərə y bitişdirici samiti ilə başlayan şəkilçilərin artırılması” norması ilə bağlıdır. Burada isə şəkilçi daxilindəki a doğru olmayaraq, qapalılaşmışdır. Gələciyəm, gələciyix' sözündə y samiti 3.12.3. bəndinə əsasən doğru, i saiti isə 4.5. bəndinə əsasən qüsurludur: gələcəyəm [gələcəyəm], gələcəyik [gələcəyix'].
İkinci hecasındakı saiti “u”, bəzən də “ü” ilə deyilən sözlər “i” ilə yazılır.Məs:münbit, ümid, münsif, müdir, mühit, müflis, müdhiş. İstisna: üfüq, mühüm.
Qandax, Muxax, Qazax, Samux, Yevlax sözlərinə saitlə başlanan şəkilçi qoşulduqda sondakı x samiti ğ samiti ilə əvəz olunmur. Lakin tələffüz zamanı ğ kimi tələffüz oluna bilər: Qazax [Qazağ]
O saitli alınma sözlər a və o ilə deyilməsindən asılı olmayaraq o ilə yazılır: avtomat, biologiya, velosiped, ensiklopediya, kollektiv, kombinat, laborant, obyekt, poeziya, poema, poçtalyon, problem, professor, solist, motor, polkovnik və s.
İki saitin arasında gələn qoşa samitlər qoşa samitlə yazılır: kassa, libretto, operetta, nəqqaş, kəmiyyət, kapella və s.
Əslində sonu qoşa samitlə bitən iki və çoxhecalı alınma sözlər bir samitlə yazılır: ekspres, kilovat, kiloqram, konqres, metal, proses, sərhəd, hüsnxət və s.
Rus dilində -iy, -skiy ilə qurtaran xüsusi və ümumi alınma isimlərin sonundakı y yazılmır: Qorki,Yaroslavski, Mayakovski, sanatori, planetari və s.
Əslində birhecalı olub, tələffüzdə çox zaman sonundakı iki samit arasına u və ya ü saiti artırmaqla deyilən sözlər iki cür yazılır:
iki saitlə yazılanlar: qəbir, qədir, eyib, ətir, zehin, izin, səbir, ömür, isim, nəsil, sətir, sinif, fəsil, fikir, cisim, şəkil, heyif, meyil, şeir, əsil
bir saitlə yazılanlar: qəbz, qəsr, əmr,zülm, nəbz, nəfs, hüzn, həsr, üzv, həbs, kəsr, sədr, mətn.
–vari şəkilçisi ilə yazılan sözlərin düzgün yazılışı: buynuzvari, yüngülvari, üzükvari, qalxanvari, igidvari.
Tərkibində qeyri, əks, küll, eks, vitse, kontr, ober, super sözləri işlənən mürəkkəb isimlər defislə yazılır.
idi, imiş, ikən köməkçi sözləri adlardan (isim, sifət, say, əvəzlik) və saitlə bitən fellərdən sonra ayrı, samitlə bitən fellərdən sonra isə həm ayrı, həm də bitişik yazılır: ata idi, uşaq idi, uşaq ikən, uşaq imiş, gəlmiş imiş, gəlmişmiş, gələr ikən, gələrkən.
–can, -cən, -dək, -tək qoşmaları sözlərə bitişik yazılır. –mı4 və sana2 ədatları sözə bitişik yazılır. İstisna: əgər mı4 sual ədatı da-də bağlayıcısından sonra gəlirsə, hər ikisi ayrı yazılmalıdır: Sən də mi məni atırsan?
Bəzi mürəkkəb adların yazılışları: Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Respublikasının Baş naziri, AR Milli Məclisinin Sədri, Babək Rayon Təhsil Şöbəsi
İxtisarlar (abreviatura) üç cür yazılır:
Tam ixtisarlar aid olduqları sözlərə uyğun olaraq böyük və ya kiçik hərflə yazılır: MDB, BMT, metr-m, cild-c
Yarımçıq ixtisarlar aid olduqları sözlərə uyğun olaraq böyük və ya kiçik hərflə, mürəkkəb adların tərkib hissələri isə bitişik yazılır: akad.(akademik), prof.(professor), Azərkitab (Azərbaycan kitabı)
Sözün orta hissəsinin düşməsi ilə yaranan ixtisarlar defislə yazılır: k-b (kitab)
Yeni orfoqrafiyada dəyişilmiş sözlər: abveriatura, anten, heyif, hospital, Höte, hüsncamal, hüsnxidmət, hüsnrəğbət, hotel, meyil, şeir, profilaktori, sanatori, şillə, varid olmaq, vaz keçmək, bağırsaq, kompyuter, nəqarət, şirtək, hərgünkü, hərgünlü, ala-bəzək,(alabəzək quş adı bitişik yazılır) ala-çiy
Bir y ilə yazılan sözlər: tərbiyə, heyət, tövsiyə, təhkiyə, ehtiyac, ehtiyat, mərsiyə
Xüsusi isimlər ümumiləşdirmə bildirərək cəmləşdikdə böyük hərflə yazılır: Nizamilər, Sabirlər, Aşıq Ələsgərlər
Rus dilində tərkibində ц olan ümumi isimlər s ilə yazılır: dosent, lisey, konsert, sex, sirk, sement və s. Vitse sözü istisnadır.Xüsusi isimlərdə sözün əvvəlində s, sözün ortasında və axırında ts yazılır.
Söz başında və ortasında ov, öv hərf birləşmələrindəki v samiti tələffüzdən düşür və o, ö saitləri bir qədər uzun tələffüz olunur: dovşan {do:şan}, yovşan {yo:şan}, qovurma {qo:urma}, sovqat {so:qat}, qırqovul {qırqo:ul}, çovdar {ço:dar}, dovğa {do:ğa}, çovğun {ço:ğun}, ovuc {o:uc}, ovxalama {o:xalama}, ovuşdurma {o:uşdurma}, tövlə {tö:lə}, lövbər {lö:bər}, növbə {nö:bə}, dövlət {dö:lət}, bənövşə {bənö:şə}, tövbə {tö:bə}, gövdə {gö:də}, gövşəmək {gö:şəməxı}. İstisna: ovçu, ovçuluq, ovlamaq, zövq, şövq, dövran.
Sonu a, ə saitləri ilə bitən çoxhecalı sözlərə əvvəlində bitişdirici y samiti olan müəyyən şəkilçilər qoşulduqda həmin saitlər ahəng qanununa uyğun olaraq tələffüz zamanı ı, u, i, ü səslərindən birinə çevrilir, yəni sözün sonundakı açıq saitlər qapalı sait kimi kimi tələffüz olunur:
ismin yönlük halında: kölgəyə-[kölgüyə], arabaya-[arabıya], dərəyə-[dəriyə], özgəyə-[özgüyə]
felin indiki zamanında: yaşayır-[yaşıyır], işləyir-[işdiyi]r, otlayır-[otduyu]r, bulayır-[buluyur]
felin qeyri-qəti gələcək zamanında: İşləyər-[işliyə]r, bulayar-[buluyar], söyləyər-[söylüyər], başlayar-[başdıyar]
felin qəti gələcək zamanında: yaşayacaq-[yaşıyacaq], oynayacaq-[oynuyacaq], atlayacaq-[atlıyacaq]
felin arzu və lazım şəklində:yaşaya-[yaşıya], işləyə-[işdiyə], işləyəsidir-[işdiyəsidir].
indiki zaman məzmunlu feli sifətlərdə: yaşayan-[yaşıyan], söyləyən-[söylüyən], tərləyən-[tərriyən]
bir sıra müxtəlif sözlərdə: anayam-[anıyam], oynaya-[oynuya], saxlayın-[saxlıyın]
Rus dilindən alınan sözlərdə əgər vurğu [o] saitinin üstünə düşmürsə, o zaman [o] saiti [a] kimi tələffüz olunur: motor-[mator], kombayn-[kambayn], bloknot-[blaknot], qonorar-[qanarar], domino-[damino], dosent-]dasent]. İstisna: bomba’, Bombe’y, bota’nika.
Sonu [ç] ilə bitən sözlərə d, z, s, t, l, n samitləri ilə başlanan şəkilçilər, eləcə də sözlər qoşulduqda həmin sait [ş] kimi tələffüz olunur: keçdi [keşdi], heç zaman [heş zaman], qaçsan [qaşsan], üç dəfə [üş dəfə].
Bəzi qoşasaitli sözlərdə saitlərdən heç biri düşməsə də, uzanma baş verir: qiraət-[qira:ət], qənaət-[qəna:ət], bəraət-[bəra:ət], şücaət- [şüca:ət].
Müasir dövrdə tələffüzün əsasını Azərbaycan ziyalılarının danışığı təşkil edir. Danışıqda ədəbi dil normaları sabitləşdikcə, tələffüzlə yazı qaydaları arasındakı fərq azalır. Tələffüz nümunəvi nitqin mühüm amilidir.
Orfoqrafiya və orfoepiya məsələsi dil məsələsidir. Dilimizin yazılı və şifahi normaları arasında xüsusi fərqlərin olmasına baxmayaraq, yazılı dilin normalarını orfoepik normalardan ayrı təsəvvür etmək mümkün deyil. Təsadüfi deyil ki, B.Çobanzadə 1920-ci illərdə orfoqrafiya məsələlərinin nizama salınmasında tələffüzün də mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Orfoepiyanın böyük ictimai əhəmiyyəti var. Orfoepiya ədəbi dilin şifahi qolunu formalaşdıran bir sistemdir. Hər bir nitq necə tərtib olunursa-olunsun, onun dinləyiciyə çatdırılması tələffüzün üzərinə düşür. Sözlərin düzgünlüyü, səlisliyi, aydınlığı tələffüzün əsasını təşkil edir.
Müasir dövrümüzdə mətbuatın, təhsilin kütləviləşməsi nəticəsində tələffüz normalarına xüsusi önəm verilir. Orfoepik normalar ekran, efir dilində sözün səlis tələffüzünü təmin edir. Yeni hazırlanan orfoepiya normaları KİV-in televiziya və radio sahəsinə öz müsbət təsirini göstərəcəkdir. Dildə gedən proseslərlə cəmiyyətin inkişafı arasında sıx əlaqə var. Bu gün mətbuatın televiziya və radio sahəsində ədəbi dilin şifahi qolu yeni keyfiyyət qazanır. Ünsiyyət zamanı nitqin qavranılması üçün düzgün tələffüz əsasdır. Düzgün nitq ədəbi dilin normalarına uyğun bir nitqdir.
Ədəbi tələffüz normalarına riayət edən şəxslərin nitqi kamil nitq mədəniyyətinin səviyyəsi isə yüksək olur. Şifahi nitqin inkişafı üçün orfoepiya normaları xüsusi əhəmiyyəti kəsb edir. Hər bir şəxs fikrini necə şərh edirsə etsin, orfoepik normalara riayət etməlidir.
Dostları ilə paylaş: |