Nitrat turşusunun istehsal texnologiyası. Nitrat turşusu – çox böyük əhəmiyyəti olan mineral turşulardan biridir. Kimya sənayesində istehsal həcminə görə nitrat turşusu sulfat turşusundan sonra ikinci yerdə durur. Nitrat turşusu sənayedə və kənd təsərrüfatında istifadə olunan bir çox məhsulların istehsalında istifadə olunur: Ümumi istehsal olunan nitrat turşusunun 40% -i mürəkkəb və azotlu mineral gübrələrin alınmasına sərf olunur; Nitrat turşusu sintetik boyalar, partlayıcı maddələr, nitrolaklar, plastik kütlələr, sintetik dərman maddələri və s. alınmasında geniş istifadə olunur. Qatılaşdırılmış nitrat turşusu (xüsusilə10% H2SO4 əlavə edilməklə) adətən polad sistemlərdə (bir sıra mayeləri saxlamaq və daşımaq üçün böyük çən, vaqon və ya avtomobil) daşınır. Laboratoriya təcrübələrində adətən 65%-li nitrat turşusundan istifadə olunur. Sənayedə nitrat turşusunun iki növündən istifadə olunur: durulaşdırılmış 50–60% -li və qatılaşdırılmış 96–98% -li nitrat turşusu.
Əvvəllər nitrat turşusunu Çili şorasına sulfat turşusu təsir etməklə alırdılar. Hal-hazırda nitrat turşusu sintetik amonyakdan alınır və əsasən də azotlu gübrələrin emalına sərf olunur.