SƏrraf şİruyə



Yüklə 2,99 Kb.
Pdf görüntüsü
səhifə6/14
tarix05.05.2017
ölçüsü2,99 Kb.
1   2   3   4   5   6   7   8   9   ...   14

 
 
 
 
 

Sərraf Şiruyə             
                           
                          
 
 
106 
 
OLAR 
 
Atalar, babalar gözəl deyibdi: 
Axmağın ağılı gözündə olar. 
Qabil insanların, mərd insanların, 
Qəlbinin hökmü sözündə olar. 
 
Düz olmaz niyyəti qəlbi pislərin, 
Keçmə tərəfinə bəd xəbislərin. 
Hatəmlik, səxalıq, comərd kəslərin, 
Halal çörəyində, duzunda olar. 
 
Məna axtar Şiruyənin sözündə, 
Ürəyinin əksi durur üzündə. 
İstilik axtarma söyüd közündə, 
İstilik palıdın közündə olar. 
 
 
 
HƏYATDAN 
 
Kimi şərbət dadır, kimi bal əmir, 
Kimi ağı, zəhər içir həyatdan. 
Kimi dərdə düçar, qəmə giriftar, 
Kimi də səadət “biçir” həyatdan. 
 
Kimi bir əhlidil ürək axtarır, 
Kimi səhərinə gərək axtarır, 
Kimi axşamına çörək axtarır, 
Kimi altun, sərvət seçir həyatdan. 
 

             
                           
                          Susma, ürək…
 
 
107 
İnsan şeytan olub, şeytan lənətdə, 
Kimi ehtiyacda, kimi zillətdə. 
Kiminin günləri keçir işrətdə, 
Kimi baş götürüb qaçır həyatdan. 
 
Zər ərlik eyləyir toyda, büsatda, 
Min qulaq kəsilir bir çathaçatda. 
Kiminin mənliyi palaztək altda, 
Kimi mənlik üçün keçir həyatdan. 
 
Kiminin yolunda qurulub tələ, 
Kiminin belində ağır bir şələ. 
Bir gün səs düşəcək mahala, elə, 
Şiruyə yüklənib köçür həyatdan. 
 
 
GƏLƏR 
 
Tənbəllik qadına ləkə gətirməz, 
Qadının ləkəsi ismətdən gələr. 
Kişiyə alçaqlıq, kişiyə töhmət, 
Kəm qeyrətdən gələr, minnətdən gələr. 
 
Acgözün həvəsi vardan, sərvətdən, 
Paxılın nəfəsi kindən, küdrətdən, 
Yaxşının sorağı hörmət, izzətdən, 
Yamanın sorağı lənətdən gələr. 
 
Şiruyə, susmasın hikmətli səsin, 
Qanana örnəkdi eşqin, həvəsin. 
İnsafı, mürvəti olan hər kəsin 
Süfrəsi halalca zəhmətdən gələr. 

Sərraf Şiruyə             
                           
                          
 
 
108 
 
OLMAZ 
 
Mərdə qurban olum vurar, qaldırar, 
Zalımlıq eyləməz, amansız olmaz. 
Yaxşı xatirinə pisə də qurban, 
El-oba yaxşısız, yamansız olmaz. 
 
Bağ öz bağlığını barda göstərər, 
Əsl dost özünü darda göstərər, 
Hünərdə, qeyrətdə, arda göstərər, 
Mərd igid ilqarsız, peymansız olmaz. 
 
Şöhrət duyulmayıb hər ucalıqda, 
Aqillik axtarma hər qocalıqda, 
Qəfəsdə bülbül də, torda balıq da, 
Şiruyə, ümidsiz, gümansız olmaz. 
 
 
 
KORLADI 
 
Babalar еl saldı, еlə baş əydi, 
Gədələr xor baxdı, еli korladı. 
Əyyar bazarında uduzdu naşı, 
Saldı qiymətindən, ləli korladı. 
 
Mükafat aldılar ara qatanlar, 
Haqqa, ədalətə kəmənd atanlar. 
Abırı, isməti ucuz tutanlar
Kəsdi hörükləri, tеli korladı. 
 

             
                           
                          Susma, ürək…
 
 
109 
Mеydan aldı damğalanmış kərələr, 
Xoruzlara yol göstərdi fərələr. 
Yüz yеrə ayırdı bəndələr, bərələr, 
Daşqını korladı, sеli korladı. 
 
Vəzir, vəkil oldu qəbir qazanlar, 
Zərxara büründü yuxu yozanlar. 
Ünsiyyət pozanlar, ülfət pozanlar, 
Salamı, kalamı, dili korladı. 
 
Vəzifə hökmünə yaltaqlar yatdı, 
Şərəfi, mənliyi, dinara satdı. 
Şiruyə, hər yana qol budaq atdı, 
Tikanlar, qanqallar gülü korladı. 
 
 
QORXMA 
 
Xəlvəti fitnədən, böhtandan qorun, 
Aşkara deyilən hədədən qorxma. 
İnsan cildində şeytandan qorun, 
Şeytan törətdiyi zədədən qorxma. 
 
Nakəsin, yaltağın alqışından qorx, 
Elin töhmətindən, qarğışından qorx, 
Qeyrətli kəslərin baxışından qorx, 
Qeyrət tanımayan gədədən qorxma. 
 
Şiruyə, dediyin sözünü düşün, 
Özünü dərk elə, özünü düşün, 
Həyatda qalacaq izini düşün, 
Tükənən ömürdən, vədədən qorxma. 

Sərraf Şiruyə             
                           
                          
 
 
110 
 
BİLMƏZ 
 
Yüz yapalaq hayı, yüz qarğa qıyı, 
Qartalı zirvədən qaldıra bilməz.  
Yüz tülkü yığılsa ovlanmış ovu, 
Pələngin əlindən saldıra bilməz. 
 
Özünə bəy olar çaqqal dərədə, 
Ulayar beyvədə, ötər beyvədə. 
Qışqırtı, şapalaq, nə də ki hədə, 
Bəbiri köpəyə yoldura bilməz. 
 
Şiruyə, atalar deyib yüz kərə: 
Xoruza sürtünür banlayan fərə. 
Hər açılan meydan, çəkilən nərə, 
Qələbə nəğməsi çaldıra bilməz. 
 
 
 
GÜLƏRLƏR 
 
Gülmə, səndən qabaq yıxılan kəsə, 
Sən də yıxılarsan, sənə gülərlər. 
Tərsə düşər, heç açılmaz müşkülün, 
Güzəştə getməzlər, yenə gülərlər. 
 
Ömür ötüb keçər darlıq olsa da, 
Ortalıqda nigaranlıq olsa da, 
Ölüm hamı üçün varlıq olsa da, 
Gülübsən, öldüyün günə gülərlər. 
 

             
                           
                          Susma, ürək…
 
 
111 
Zəhmətlə gül açıb görürsən hər yan, 
Əlini zəhmətdən çəkmə heç zaman. 
Şəvə saçlarına aman, əl aman, 
Ehtiyac saldığı dənə gülərlər. 
 
Başa qaxma eylədiyin hörməti
Ucuz eyləyərsən özün qiyməti. 
Əgər ki, yazmasam bu nəsihəti, 
Duyub, düşünənlər mənə gülərlər. 
 
Şiruyətək təmiz olsun amalın, 
Sevsin, balam deyə elin, mahalın. 
Olmasa ağılın, dərin kamalın, 
Yığdığın milyona, minə gülərlər. 
 
 
GÜCLƏNƏR 
 
Eldən aralansa təklənər, itər, 
İgid arxalansa elə, güclənər. 
Ümman parçalansa, ada deyərlər, 
Sızqa qarışarsa selə, güclənər. 
 
Təkliyin hünəri xəyaldı, qardaş, 
El, mahal birliyi vüsaldı, qardaş, 
“Tək əldən səs çıxmaz” – misaldı, qardaş, 
Əl kömək durarsa, ələ, güclənər. 
 
Şiruyə, qalmayıb dünya heç kəsə, 
Yaradıb qurmağa insan tələsə. 
Sözünü sözə qoş, səsini səsə, 
Dil kömək durarsa dilə, güclənər. 

Sərraf Şiruyə             
                           
                          
 
 
112 
 
POZULMAZ 
 
İlahi düzəltsə hər diləkləri,  
Din itməz, arada iman pozulmaz.  
Həmahəng döyünsə dost ürəkləri,  
Çuğulun sözüylə peyman pozulmaz.  
 
Söz-sənət yaranmaz, qüdrət olmasa,  
Üz üzdən utanmaz, minnət olmasa,  
Min qanlar tökdürən sərvət olmasa,  
Ədalət tapdanmaz, divan pozulmaz.  
 
Şahda mürvət olsa, ağada kərəm,  
Ehtiyac ürəkdə bağlamaz vərəm.  
Şiruyəyəm, el sözüdür deyirəm,: 
Ağsaqqal düz olsa, cavan pozulmaz.  
10 iyun 1975-ci il. 
 
 
 
YERDƏN 
 
İgidlik eyləyən, igid sayılan,  
Üzməz, ətəkləyib tutduğu yerdən,  
Mərdin qaydasıdı: kəsməz basdığın,  
Yapışıb qaldırar atdığı yerdən.  
 
Nanəcib deyilən haraya gəlməz,  
Namusu olmayan qeyrət, ar bilməz,  
İnsanın qanmazı yola düzəlməz,  
Uzunqulaq keçməz batdığı yerdən.  

             
                           
                          Susma, ürək…
 
 
113 
 
Eşit Şiruyəni, gör nə zamandı,  
Pak əməl ən böyük haqdı, divandı!  
İnsanın tənbəli boğaz heyvandı: 
İstəməz ki, qalxsın yatdığı yerdən. 
 
 
QOYMASAN 
 
Könül, – harda olsa töhmətlənərsən, 
Tamahını daş altına qoymasan. 
Nə qədər püfləsən, yanmaz ocağın, 
Quru közü yaş altına qoymasan. 
 
Ara-axtar kеçmişləri yoxlayıb, 
Babalar pak ada könül bağlayıb. 
Namus itər, göz önündə saxlayıb, 
Gecə-gündüz baş altına qoymasan. 
 
Şiruyə, ləyaqət, ismət, qanacaq, 
İnsana ən uca şöhrətdir ancaq. 
Nə bilirsən kimə qismət olacaq, 
Qazancını diş altında qoymasan. 
 
 
MİNNƏTDARIQ, MİNNƏTDAR 
 
Dünya gözəlliyi insan üçündür, 
Göyə, yerə minnətdarıq, minnətdar. 
Bar verən torpağa, nurlu günəşə, 
Neçə kərə minnətdarıq, minnətdar. 
 

Sərraf Şiruyə             
                           
                          
 
 
114 
Biganə deyilik keçmişimizə, 
Babalar igidlik öyrədib bizə. 
İgidlər çalışıb ağ günümüzə, 
Ərənlərə minnətdarıq, minnətdar. 
 
Füzuli layiqdi hər haqqı-saya, 
Nizami hikməti nurdu dünyaya. 
Vurğun dühasına, Aşıq Alıya, 
Ələsgərə minnətdarıq, minnətdar. 
 
 
YOX-YOX 
 
Cahil bazarında, nadan önündə, 
Zərə zər qiyməti vеrilər? Yox-yox! 
Sınmış könüllərin uçan tağları, 
Naşı əlləriylə hörülər? Yox-yox! 
 
Əgər xata dəysə bir kəsə dostdan
Ölüncə ürəyi çıxarmı yasdan? 
Yеtişməmiş mеyvə, dəyməmiş bostan, 
Zavala düşməsə dərilər? Yox-yox! 
 
Ay Şiruyə, qəflətdəsən, bir oyan, 
Sənət yollarında nə dur, nə dayan. 
Cavanlıqda ucalmayan, artmayan, 
Qoca yaşlarında irilər? Yox-yox! 
 

             
                           
                          Susma, ürək…
 
 
115 
 
Qoşalaşıb həsrətimin düyünü, 
Biri Qarabağdı, biri də Göyçə. 

Sərraf Şiruyə             
                           
                          
 
 
116 
 
BİLƏYDİM 
 
Beş ildə, on ildə hər nə yaşasam, 
Həyata bir cığır sala biləydim. 
Dəyərli işimlə, şirin sözümlə, 
Ellərin qəlbində qala biləydim. 
 
Demirəm yaşayım ya doxsan, ya yüz, 
Gərəksiz min il də ləkədi, sözsüz. 
Vətən ürəyimiz, Vətən özümüz, 
Vənənçün bir zəfər çala biləydim. 
 
Sərraf Şiruyəyəm, könlümün sazı, 
İstəmirəm çala qəmli avazı. 
Sərhədsiz görəcəm bir gün Arazı, 
Yetişəcəm xoş vüsala, biləydim. 
 
 
MƏN GETMƏLİYƏM 
Bilsin ana torpaq, eşitsin Vətən, 
Müsəlləh əsgərəm mən də bu gündən. 
Səməd Vurğun 
Ey Vətən, müsəlləh əsgərinəm mən, 
Hər ağır səfərə mən getməliyəm! 
Məni böyütmüsən bir igid kimi, 
Döyüşə, səngərə mən getməliyəm! 
 
Sən mənə cəsarət, qeyrət vermisən, 
Babək qollarından qüvvət vermisən, 
Koroğlu qanından cürət vermisən, 
Hünərə, zəfərə mən getməliyəm! 

             
                           
                          Susma, ürək…
 
 
117 
 
Düşmən həmləsini sındırmaq üçün, 
Yağı yuvasını yandırmaq üçün, 
Sənin bayrağını qaldırmaq üçün, 
Hər səmtə, hər yerə mən getməliyəm! 
 
Qoy qanım yolunda tökülsün yerə, 
Qovuşum müqəddəs o şəhidlərə. 
Ey Vətən, səninlə hər müjdələrə, 
Hər aydın səhərə mən getməliyəm! 
 
 
 
VƏTƏNDİR 
 
Ölərəm, geriyə çəkilmərəm mən, 
Bircə daş, bir ovuc torpaq – Vətəndir! 
Bu torpaqda bitən ən sadə kökün
Göyərtdiyi yarpaq, budaq Vətəndir! 
 
Ya qalib olmalı, ya şəhid gərək, 
Ya azadlıq tapsın, ya sussun ürək! 
Bu torpaq üstündən əsən hər külək, 
Ya bürkü, ya da bir sazaq Vətəndir! 
 
Sinəni səngərə möhkəm sıx, igid! 
Vətən sərhəddinə sənsən bir kilid. 
Hər nazik bir cığır, adi bir keçid, 
Hər bələ, hər sızqa bulaq Vətəndir! 
 
 
 

Sərraf Şiruyə             
                           
                          
 
 
118 
 
GÖYÇƏ 
 
Halallıq ver vidalaşaq, 
Gözəl Göyçə, göyçək Göyçə. 
Ay könlümün ilk sevgisi, 
İlk dərdiyim çiçək Göyçə. 
 
Səni dedim hər bir səsdə, 
Çağlamırsan bu həvəsdə. 
Qismət deyil, – son nəfəsdə, 
Sularından içək, Göyçə. 
 
Can təngiyir, susur dilim, 
Danış, bir dərdini bilim. 
Şiruyəyə – ustad, müəllim, 
Ağsaqqal, ağbirçək Göyçə. 
 
 
 
A DAĞLARIN KÜLƏYİ 
 
Vətənin qoxusu üzümə dəyir, 
Əsin, əsin, a dağların küləyi. 
Biz dağlara sirdaş ola bilmədik
Küsün, küsün, a dağların küləyi. 
 
Sizsiz ötdü ömrümüzün baharı, 
Sizdən ayrı tapdıq dərdi, azarı. 
Biganəlik etdik bizdən ilqarı, 
Kəsin, kəsin, a dağların küləyi. 
 

             
                           
                          Susma, ürək…
 
 
119 
Anlamadıq olmuş bir də olacaq, 
Yad qalayan alov bizi alacaq. 
Ölənəcən, yaddaşımda qalacaq, 
Səsin, səsin, a dağların küləyi. 
 
Şiruyəyəm, nə müddətdi vətəndən, 
Ayrılmışam, incik qalıb o məndən. 
Kəsər olun başımızı bədəndən, 
Kəsin, kəsin, a dağların küləyi. 
 
 
 
İTİRMİŞƏM 
  
Ölüncə axtarsam tapa bilmərəm, 
Ay ellər, ömr adlı ləl itirmişəm. 
Qızıldan qiymətli, dürdən qiymətli, 
Saçıma dən salan il itirmişəm.  
 
Axtarın əhdini atan gözəli, 
Nə yaman şirinmiş eşqin əzəli? 
Məddili, mənalı, kövrək, məzəli, 
Könüllər oxşayan dil itirmişəm. 
 
Əzəldən başımdan əksilmir xata, 
Həsrətəm işrətli bircə saata. 
Göyçə kimi vətən, Həsəntək ata, 
Mahal itirmişəm, el itirmişəm. 
23 dekabr 1988-ci il. 
 
 

Sərraf Şiruyə             
                           
                          
 
 
120 
 
DOLANSIN 
 
Günəş gülür, fəsil bahar fəslidir, 
Bülbül gəlsin, gül başına dolansın. 
Təbiət qoynunu açıb ellərə, 
Ceyran, cüyür çöl başına dolansın. 
 
Bal çeşməli, xoş havalı dağların, 
Həm vəfalı, həm səfalı dağların, 
Gül-çiçəkli, şiş qayalı dağların 
Qoy kükrəyən sel, başına dolansın. 
 
Açılıb sinəsi xoş nəfəslərin, 
Şirin ləhcələrin, incə səslərin, 
Aqil kimsələrin, comərd kəslərin, 
Neçə belə il başına dolansın. 
 
İsmətindən o allanan yanağın, 
Məhəbbətdən xumarlanan yanağın, 
Vüsal həsrətilə yanan dodağın, 
Ümid verən dil başına dolansın. 
 
Qocasından min bir sual alıbdı, 
Xoş nəsihət, şirin xəyal alıbdı, 
Ellərindən ağıl, kamal alıbdı, 
Qoy Şiruyə el başına dolansın. 
28 iyun 1974-cü il, 
Göyçə Daşkənd kəndi. 
 
 
 

             
                           
                          Susma, ürək…
 
 
121 
 
NİYƏ DÜŞSÜN 
 
Vətənə keşik çəkib, oyaq olmamısansa, 
Düşməni susduracaq yaraq olmamısansa, 
El-obaya dar gündə dayaq olmamısansa, 
Elin üstünə qayğın, azarın niyə düşsün? 
 
Bir yazığa əl tutub fikir çəkməmisənsə, 
Bir çiçək saralanda boyun bükməmisənsə, 
Bircə ağac basdırıb, bir gül əkməmisənsə, 
O bağa, o bağçaya güzarın niyə düşsün? 
 
Bir qəlbi isitməyə odun, közün yoxdusa, 
Quru təsəlli üçün şirin sözün yoxdusa, 
O torpaqda zəhmətin, əgər izin yoxdusa, 
O torpağın qoynuna məzarın niyə düşsün? 
 
 
 
 
 
 
1993-cü il. 
 
 
GÜNÜDÜ 
 
İgidsənsə qılınc tut, at özünü meydana, 
Görürsən ki, vətənin, xalqının dar günüdü! 
Göstər cəsarətini, al qisası, al qanı, 
Bu gün qarı düşmənin desinlər xar günüdü! 
 
Əsirlikdə qalıbdı sənə süd verən ana, 
Oğulsansa meydan al, nicat yolu aç ona! 
Vətənin bayrağını tax Şuşaya, Laçına, 
Girov torpaqlarımın deyək ki, var günüdü! 
 

Sərraf Şiruyə             
                           
                          
 
 
122 
Düşmən üstündə zəfər neçə ki, çalmamışıq, 
Düşmən qoluna buxov neçə ki, salmamışıq. 
Düşməndən bu qisası neçə ki, almamışıq, 
Bizlərə töhmət, ləkə, bizlərə ar günüdü! 
 
Sil getsin camalından qəhər Azərbaycanın, 
Qalib bayrağı qalxsın səhər Azərbaycanın, 
Torpağının zərrəsi gövhər Azərbaycanın, 
Görsünlər şöhrətinin dünyaya car günüdü! 
 
 
 
İSTƏYİR KÖNLÜM 
 
Bu necə əlçatmaz arzudu, Allah, 
Ata nəvazişi istəyir könlüm. 
Bir ana laylası, bacı nəfəsi, 
Bir qardaş gülüşü istəyir könlüm. 
 
Arzuya bax, diləyə bax sən məndə
Qorxunu, təşvişi salıb kəməndə. 
Axşamdan təzəcə Ay görünəndə, 
Bir sevgi gəlişi istəyir könlüm. 
 
Sərraf Şiruyəyəm, qaynar qanımla, 
Görüşəm hər yanda mehribanımla. 
Təbrizim, Dərbəndim, İrəvanımla, 
Bir vüsal öpüşü istəyir könlüm. 
1996-cı il. 
 

             
                           
                          Susma, ürək…
 
 
123 
 
MƏNİM 
 
Doğulduğum Göyçə – o el, o oba, 
Könlümə doğmadı özümdən mənim, 
Qarabağı doğma ana bilirəm, 
Göyçə inciməsin sözümdən mənim. 
 
Belə yaranmışam körpəliyimdən, 
Əməlim ayrılmaz saf niyyətimdən, 
Elə sadəyəm ki, sadəliyimdən, 
Ürəyim oxunar üzümdən mənim. 
 
Könlümə doğmadı çöl də, çəmən də 
Vəfalı dilbərim, küsməynən sən də, 
İncinin qiyməti incidi məndə
Dür, gövhər yayınmaz gözümdən mənim. 
1968-ci il. 
 
 
SORUŞURSAN MƏKANIMI, YURDUMU 
 
Soruşursan məkanımı, yurdumu, 
Mənim yurdum Xan Keytidi, Murovdu. 
O yurdların həsrətini çəkməkdən, 
Görmürsənmi – saç, saqqalım qırovdu. 
 
Bir üzüm Kəlbəcər, bir üzüm Göyçə, 
Onlar bir ananın döşüdü məncə. 
O ellərin taleyinə gəlincə, 
Yarı qaçqın, yarı əsir – girovdu. 
 

Sərraf Şiruyə             
                           
                          
 
 
124 
Dövran, zaman yaman saldı qovhaqov, 
Yeri-göyü bülənd etdi od-alov. 
Qarı düşmən qəfil atdı bir tilov, 
Heç bilmədik atılan nə tilovdu. 
 
Göz yaşımın seli çatmaz o yurda, 
Ah-naləmin yeli çatmaz o yurda, 
Şiruyənin əli çatmaz o yurda, 
Nakam ömrü əcəl üçün bir ovdu. 
 
 
 
QALDI 
 
Bir əlim üzüldü ata yurdundan, 
O doğma vətəndə bir əlim qaldı. 
Bir elim yoluma gül-çiçək səpdi, 
Yolumu gözləyən bir elim qaldı. 
 
Açıldı boynumdan sevgimin qolu, 
Baxdım camalına gözləri dolu. 
Köhlən at, sərt qırmanc, bir də dağ yolu, 
Ürəyimdə neçə nisgilim qaldı. 
 
Sərraf Şiruyəyəm, necə keçinim, 
Ürək paralansa xoş keçməz günüm. 
Bəturə qızımtək ağ göyərçinim, 
Üzeyir balamtək bülbülüm qaldı. 
1976-cı il, Göyçə. 
 
 
 

             
                           
                          Susma, ürək…
 
 
125 
 
BİRİ QARABAĞDI, 
BİRİ DƏ GÖYÇƏ 
 
Qoşalaşıb həsrətimin düyünü, 
Biri Qarabağdı, biri də Göyçə. 
İki nisgili var qəmli könlümün: 
Biri Qarabağdı, biri də Göyçə. 
 
Göyçə nəfəs verib, Qarabağ həyat, 
Göyçə həvəs verib, Qarabağ büsat. 
Qan sızan yaralı cüt qoşa qanad, 
Biri Qarabağdı, biri də Göyçə. 
 
Biri sol qolumdu, biri sağ qolum, 
Biri sol yolumdu, biri sağ yolum. 
Mənim aran yolum, mənim dağ yolum, 
Biri Qarabağdı, biri də Göyçə. 
 
Biri saz götürüb, biri kaman, tar, 
Ələsgər–Üzeyir, şair–bəstəkar. 
Mənə ustad olan bu iki diyar: 
Biri Qarabağdı, biri də Göyçə. 
 
Sərraf Şiruyəyəm, bu bir cüt sözüm, 
Bu bir cüt sevimlim, bu bir cüt gözüm. 
Bu bir cüt müqəddəs ocağım, közüm, 
Biri Qarabağdı, biri də Göyçə. 
1990-cı il, Bərdə. 
 
 
 

Sərraf Şiruyə             
                           
                          
 
 
126 
 
QURBANAM 
 
Baharına vurulduğum dağların, 
Payızına, qışına da qurbanam. 
Güllərindən pay umduğum çöllərin, 
Torpağına, daşına da qurbanam. 
 
İsinmişəm o ellərin közünə, 
Can demişəm çəməninə, düzünə. 
Nənələrin, babaların sözünə, 
Yaddaşına, huşuna da qurbanam. 
 
Saçı sünbül, qoynu süsən gözəlin, 
Şiruyədən qəfil küsən gözəlin, 
Baxışıyla asıb-kəsən gözəlin, 
Gözünə də, qaşına da qurbanam. 
 
 
 
 
 
1976-cı il. 
 
 
KƏLBƏCƏR 
 
Hər yanı gül açıb, laləzar olub, 
Atıb ürəyindən dərdi Kəlbəcər. 
Babam Ələsgərin sevdiyi diyar, 
Qurbanın, Şəmşirin yurdu Kəlbəcər. 
 
Gözəllik eşqiylə yaranıb təkcə, 
Zirvədə qartalı məğrurdu necə. 
Bir yanı Qarabağ, bir yanı Göyçə, 
Ömürə ziyadı, nurdu Kəlbəcər. 
 

             
                           
                          Susma, ürək…
 
 
127 
Yalçın qayaları keşikçi əsgər, 
Hüsnünə baxmamaq olarmı məgər. 
Cənnət dedikləri düzdürsə əgər, 
Cənnətdən səfalı yerdi Kəlbəcər. 
 
İstisuyu bir bəzəkdi özütək, 
Müqəddəsdi çörəyitək, duzutək, 
Şiruyənin söhbətitək, sözütək, 
İncidi, gövhərdi, dürdü Kəlbəcər. 
20 iyul 1976-cı il, İstisu-Kəlbəcər. 
 

Yüklə 2,99 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə