Tələbə: Nəbizadə Nərgizə



Yüklə 232,69 Kb.
tarix24.05.2023
ölçüsü232,69 Kb.
#121088

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi

SƏRBƏST İŞ
Tələbə: Nəbizadə Nərgizə
Müəllim: Qarayeva Günel
Fakultǝ: Təhsil 1
İxtisas: Xarici dil müəllimliyi(Alman dili)
Qrup: 114 B
Fənn: Fəlsəfə
Mövzu: Kantın əxlaq fəlsəfəsi

Kantın əxlaq fəlsəfəsi


İmmanuel Kant (1724-1804) fəlsəfə tarixində öz fikirləri ilə ən çox təsirə malik olmuş azsaylı filosoflardandır. Onun əxlaq fəlsəfəsi ilə bağlı inkişaf etdirdiyi fikirlər də bu baxımdan istisna deyil. Kant etik sisteminin mərkəzində dayanan əsas sualı yığcam şəkildə bu cür ifadə edə bilərik: Hansı davranışlarımız düzgündür, yaxud da əxlaqidir? Qoyuluşu kifayət qədər sadə olan bu suala Kantın cavabı onun etik nəzəriyyəsində mərkəzi yer alan vəzifə (Pflicht) anlayışı ilə sıx bağlıdır. Fikrimcə, bu anlayışı davranışın nəticəsi anlayışı ilə qarşılaşdırdıqda daha yaxşı başa düşmək olar. Belə ki, bir çox filosoflara görə, “hansı davranışlarımız düzgündür?” sualının cavabı davranışlarımızın nəticəsindən asılıdır – yəni, nəticəsi yaxşı olan davranışlar düzgündür. Məsələn, tutaq ki, ehtiyacı olan insana pul vermək düzgün davranışdır, çünki ehtiyaclı insanın pulu əldə etməsinin nəticəsi müsbətdir; o, həmin pulla özünə paltar ala bilər ki, soyuqda üşüməsin, yemək ala bilər ki, ac qalmasın və s. Ancaq Kant bu cür düşünmür. Kanta görə davranışın düzgün olması onun nəticəsinin başqası üçün yaxşı olub-olmamasından asılı deyil. Eləcə də, əgər biz ehtiyacı olan insana özümüzə cəmiyyətdə hörmət qazanmaq niyyətindən çıxış edərək kömək etsək, yəni davranışımızın nəticəsinin özümüz üçün yaxşı olacağını düşünərək hərəkət etsək, onda da əxlaqi davranmış olmarıq. Kantın fikrincə, əxlaqi davranış o davranışdır ki, insanın vəzifə hissindən doğur. Misala qayıtsaq, biz ehtiyacı olan insana ona görə pul verməməliyik ki, bu davranışın nəticəsi özümüzə, yaxud ehtiyacı olana hansısa şəkildə köməkdir; pulu ona görə verməliyik ki, ehtiyacı olan insana kömək etmək rasional insan olaraq bizim vəzifəmizdir, yaxud da borcumuzdur.



Kant əxlaq fəlsəfəsi vəzifə əsaslı olduğundan onu deontoloji (“deontos” yunancadan tərcümədə “öhdəlik”, “borc” və ya “vəzifə” deməkdir) etik nəzəriyyələr qrupuna aid edirlər. Müqayisə üçün qeyd edim ki, Xristian və İslam dinlərinin əxlaqı da əsas xüsusiyyətlərinə görə deontolojidir. Çünki hər iki dində Tanrı tərəfindən buyurulduğu iddia olunan davranış qaydaları vardır və orada insanlardan Tanrıya borclu varlıqlar kimi onlara qeyd-şərtsiz əməl olunması tələb edilir.
Deontoloji etik nəzəriyyələr daha çox teleoloji (yunanca məqsəd mənasını verən “telos” və elm mənasını verən “logos” sözlərindəndir) nəzəriyyələrlə qarşılaşdırılır. Teleoloji etikaya görə, davranışın əxlaqiliyi onun nəticəsinin yaxşı olmasından asılıdır. Utilitar əxlaq fəlsəfəsi sonuncuya tipik misaldır. Utilitar filosoflar belə hesab edirlər ki, düzgün davranış o davranışdır ki, onun nəticəsi xoşbəxtliyi artırır. Beləliklə, utilitar etikaya görə, davranışın düzgün olub-olmamasını bilmək üçün onun hansısa fövqəl-təbii mənşəyə malik qayda və prinsiplərə uyğun olub-olmamasına deyil, nəticəsinə fikir vermək lazımdır: əgər davranışın nəticəsi yaxşıdırsa, deməli o, düzgündür; yox, pisdirsə, deməli, o, səhvdir.

Qayıdaq Kanta. Gəlin yaxından baxaq görək, Kanta görə vəzifə nədir ki, ona etik sistemində böyük əhəmiyyət verir? Bunun üçün onun vəzifəyə verdiyi tərifi nəzərdən keçirmək lazım olacaq: “Vəzifə, qanuna hörmətdən irəli gələn davranış zərurətidir.” Kantın bununla nə demək istədiyini yaxşı anlamaq üçün burada bir mühüm məqama diqqət yetirmək lazımdır. O, tərifdən də göründüyü kimi, vəzifəni qanuna hörmətlə əlaqədə görür. Söhbət burada davranışlarımızı idarə etməli olan əxlaq qanunundan gedir. Kant kateqotik imperativ (qəti əmr) formasında ifadə olunan bu qanunu belə ifadə edir: “Elə maksimə görə hərəkət et ki, onunla sən eyni zamanda arzu edə biləsən ki, o (həmin maksim), ümumi qanun olsun.” Vəzifə, məhz bu əxlaq qanununa hörmətdən yaranan zərurətdir.
Əxlaq qanunu Kanta görə ümumbəşəri və ya universal səciyyə daşıyır – o, hər kəs üçündür. Qanunda ifadə olunan maksim isə ayrı-ayrı fərdlərin davranışlarını müəyyən edən prinsiplərdir. Bu prinsiplər düzgün və ya səhv ola bilər. Məsələn, davamlı rüşvət alan məmur öz davranışlarını “var-dövlətimi mümkün vasitələrlə artırım” maksiminə uyğunlaşdırır. Düzgün hesab olunan davranışlar da müəyyən maksimlərə uyğundur. Əgər siz ehtiyacı olan bir insana kömək edirsinizsə, onda “ehtiyacı olanlara kömək etmək lazımdır” maksiminə uyğun davranırsınız. Biz hansı maksimlərlə hərəkət etdiyimiz barədə çox zaman açıq düşünmürük. Ancaq əxlaqi baxımdan düzgün və səhv qiymətləndirilə bilən hər bir davranışımızın, yuxarıdakı misallarda göstərildiyi kimi, uyğun gəldiyi ən azı bir maksim vardır.
Əxlaq qanunu ona görə universaldır ki, o, fərdlərin hansı maksimlərə uyğun davranmağından asılı olmayaraq hamı üçün nəzərdə tutulub. Maksimlərimiz davranışlarımızı əxlaq qanunu ilə əlaqələndirir və bununla davranışların əxlaqi olub-olmaması müəyyən edilir. Əgər siz ehtiyacı olan insana kömək etmisinizsə və bu davranışınızın əxlaqi olduğunu müəyyən etmək istəyirsinizsə, onda ilk növbədə edəcəyiniz davranışınızın arxasında hansı maksimin dayandığını müəyyən etmək olacaqdır. Ən azı bu misal üçün bu, o qədər də çətin deyil. Yəqin sizin cavabınız o olar ki, mən “ehtiyacı olan insana bacardığın köməyi etmək lazımdır” maksimindən çıxış edərək həmin insana kömək etdim. Maksimi müəyyən etdikdən sonra isə özünüzə belə bir sual ünvanlaya bilərsiniz: Bu maksimin hər kəs üçün ümumi qanun olmasını arzu edə bilərəmmi? Daha sadə ifadə etsək, hər kəsin ehtiyacı olanlara kömək etməsini arzulamaq olarmı? Yəqin ki, bu suala da cavab vermək çətin deyil. Rasional birisi kimi siz hər kəsin imkan daxilində ehtiyaca olana kömək edə biləcəyi bir dünyada yaşamaq istəyərsiniz. Və buradan belə çıxır ki, sizin ehtiyacı olan bir insana kömək etməyiniz bir davranış kimi əxlaqidir.

Bir daha mühüm məqam kimi vurğulamaq lazımdır ki, Kant etikasına görə davranışların düzgün maksimlərə və əxlaq qanununa yalnız zahirən uyğun olması onların hələ əxlaqi olması üçün kafi deyil. Elə hal ola bilər ki, siz, məsələn, ehtiyacı olana kömək etmisiniz, ancaq o, əxlaqi davranış sayılmasın. Çünki burada, yuxarıda da qeyd edildiyi kimi, sizi hərəkətə sövq edən müxtəlif motivasiyalar – şəxsi maraq, kiməsə kömək edən zaman daxilən yaşanan emosional rahatlıq hissi, faydalı davranmaq istəyi və s. – ola bilər; və davranışınız həmin motivasiyalardan yaranırsa, o, əxlaqi sayılmayacaqdır. Kanta görə, davranışın əxlaqi olması üçün o, əxlaq qanununa uyğun olmaqla yanaşı, davranışı icra edən subyektin vəzifə hissindən yaranmalıdır. Yəni, subyekt davranışı sadəcə və sadəcə əxlaq qanuna olan hörmətə görə, onun edilməsini zəruri bilib icra etməlidir. Bu, Kantın vəzifəyə verdiyi tərifdə digər mühüm məqam kimi ortaya çıxır; o, vəzifəni davranış zərurəti hesab edir. Bu, o deməkdir ki, etməyə borclu olduğumuz davranış bizim bütün maraq və meyllərimizdən müstəqil şəkildə, qeyd-şərtsiz icra edilməlidir. Bu səbəbdəndir ki, dildə də davranışın zəruriliyi imperativ formada ifadə olunur. Məsələn, “Ehtiyacı olan insana kömək et!” kimi. Davranışın zəruriliyini göstərən həm də odur ki, burada onun nəticəsinin xoşagəlməz olma ehtimalı da nəzərə alınmır. Məsələn, əgər sizin kömək etdiyiniz insan sizdən aldığı pulla çoxlu miqdarda spirtli içki içib ağır şəkildə xəstələnsə də belə, sizin davranışınız əxlaqi sayılacaqdır, çünki o, əxlaq qanununa uyğun olmaqla yanaşı sizin vəzifə hissinizdən qaynaqlanıb və siz də həmin davranışı zəruri bilib icra etmisiniz; nəticə isə Kant əxlaqı fəlsəfəsi üçün, artıq deyildiyi kimi, önəmli deyil.
Kant etikası beləcə, davranışın nəticəsindən yarana bilən konkret faydanı nəzərə almayacaq qədər, ondan uzaqdır. Bəs, belə bir əxlaqa sahib olmaq nə dərəcədə problemsizdir? Fəlsəfi ədəbiyyatda Kant etik sistemini sorğulayacaq bir xeyli tənqidlərə rast gəlinir. Onların hamısını kiçik bir yazıda nəzərdən keçirmək təbii olaraq mümkünsüzdür. Bu səbəbdən, burada mən yalnız daha mərkəzi hesab etdiyim “vəzifələrin toqquşması” adlandıra biləcəyimiz tənqidi nəzərdən keçirəcəm.
Problemə birbaşa keçid etməmişdən qabaq gəlin fəlsəfi ədəbiyyatda müxtəlif formalarda tez-tez rast gəlinən belə bir hipotetik vəziyyəti nəzərdən keçirək. Təsəvvür edin ki, psixi problemi olan birisi əlində silah sizin dostunuzu öldürmək məqsədi ilə təqib edir və dostunuz onun əlindən qurtulmaq üçün gəlib sizin evinizdə gizlənir. Bunu bilən həmin psixi problemli şəxs evinizə gəlib dostunuzun sizin evinizdə olub-olmadığını soruşur. Siz bu vəziyyətdə ona nə cavab verməlisiniz? Yəqin ki, çoxlarınız dostunuzun həyatını xilas etmək üçün yalan danışmağa, onun sizin evinizdə olmadığını söyləməyə üstünlük verərdiniz. Ancaq nəzərə almaq lazımdır ki, bu halda siz əxlaq qanununa uyğun olmayan davranış sərgiləmiş olardınız. Məsələnin çətin tərəfi ondadır ki, siz bu vəziyyətdə yalan danışmağın əxlaq qanununa zidd olduğunu düşünüb dostunuzun evinizdə olduğunu, yəni sözün düzünü, söyləmiş olsaydınız belə, başqa bir tərəfdən əxlaq qanununa uyğun olmayan davranış sərgiləmiş olardınız. Çünki bu halda da davranışınız “haqlı dostlarınızı bacardıqca müdafiə edin” kimi ifadə oluna biləcək vəzifəyə uyğun olmazdı (diqqət yetirin ki, bu vəzifə da əxlaq qanuna uyğun gəlir). Başqa sözlə, yalan danışsanız bir təfərdən, düzünü desəniz də digər tərəfdən, əxlaq qanunu pozmuş olardınız.Təbii ki, adi həyatda məsələ bu qədər qəliz deyil. Çoxları kiçik yalan danışmaqla həmin psixi problemli adamı yola vermiş olardı. Ancaq bir etik nəzəriyyənin belə hipotetik vəziyyətləri həll edə bilməməsi həmin nəzəriyyə üçün pis xəbərdir.
Belə problemli vəziyyətdən bir çıxış yolu o ola bilər ki, nəticəni nəzərə alasan. Yəni, xoşagəlməz seçim qarşısında qalanda o davranışın icrasına üstünlük verəsən ki, onun nəticəsi xeyirli, ən azı daha az ziyanlı olsun. Məsələn, yəqin çoxları kimi siz də yuxarıdakı misala uyğun halla qarşılaşsanız, dostunuzun həyatını xilas etmək xatirinə yalan danışardınız. Ancaq, yuxarıda da qeyd edildiyi kimi, Kant etikasının əsas xüsusiyyəti ondan ibarətdir ki, o, əxlaqı səbəb-nəticə zəncirindən kənardakı transsendent dünyaya bağladığından davranışın nəticəsini onun icrasına motivasiya olaraq nəzərə almır və bu da ona belə çətin dilemmaların həllini verməkdə zəif salır.
Hərçənd, bəzi filosoflar Kantı konsekvensialist məcrada (davranışların nəticəsini nəzərə almaqla) oxuyurlar və belə fikir yarana bilər ki, bu cür oxunuş onun etikasının belə problemlərdən yan keçdiyini göstərə bilər. Utilitar etikanın banilərindən sayılan Mill belə hesab edir ki, əxlaq qanununun mənalı interpretasiyası o halda mümkündür ki, subyekt davranışını idarə edən maksimin universal olaraq (hamı tərəfindən) qəbul edilməsinin nəticəsini nəzərə alsın (Mill 183; 225). Oxşar yanaşmanı XX əsrin məşhur əxlaq filosoflarından sayılan R. M. Heyr də bölüşür. O qeyd edir ki, “yalan danışmaq olmaz”, “ehtiyacı olan insanlara imkan daxilində kömək edin” və s. bu kimi əxlaqi hökmlər hamı üçün olan universal qaydalardır; onlara hamı eyni dərəcədə əməl etməlidir (Hare 73-74). Və daha mühümü: qaydaların hamı üçün eyni olduğunu düşünmək, onlara uyğun davranışların kollektiv nəticəsini nəzərə almağa bağlıdır.
Bəs, Mill və Heyrin əxlaq qanununun şərhində nəticəni nəzərə alması vəzifələrin toqquşması problemini həll etməyə kömək edə bilərmi? Bu barədə optimist olmaq çətindir. Məsələ burasındadır ki, nəticə anlayışının Mill və Heyrin – əgər onlar Kant etikasının bu cür şərh edilməsində doğru olsalar da belə – əxlaq qanununun şərhində nəzərə alınan kimi təqdim edilməsi vəzifələrin toqquşması problemini həll etməkdə gücsüzdür. Bunu görmək üçün gəlin ilk olaraq “haqlı dostlarınızı bacardıqca müdafiə edin” qaydasını nəzərdən keçirək. Bu qaydanın (yaxud, maksimin) universal hesab edilməsi rasionaldır və əxlaq qanununa uyğundur, ona görə ki, dostların haqlı olaraq bir-birini bacardıqca müdafiə etməsinin ümumi nəticəsi hamının xeyrinə olardı. Hərçənd, diqqət edin ki, burada söhbət əslində mücərrəd bir nəticədən gedir. Yəni, ortada bir qayda var və siz rasional birisi kimi qaydanı fikrən universallaşdıraraq düşünürsünüz ki, hamı bu qaydaya əməl etsəydi, onda nəticə hamı üçün yaxşı olardı. Nəticəni mücərrəd ona görə adlandırıram ki, burada konkret situasiyanın nəticəsindən söhbət getmir. Yuxarıdakı misalla izah etsək, siz evinizdə qaçıb gizlənən dostunuzu ona görə müdafiə etməlisiniz ki, hamının belə davranışının ümumi nəticəsi yaxşı olardı. Və siz də hamının içində bir fərd olaraq yer aldığınızdan belə davranmalısınız. Başqa sözlə, sizin dostunuza kömək davranışınız hamının haqlı dostuna kömək davranışı kimi hipotetik kollektiv davranışın ümumi nəticəsini təsəvvür etməklə legitimlik qazanır. Ancaq fikir verin ki, bu cür mücərrəd nəticə perspektivindən eyni şeyi “yalan danışmaq olmaz” qaydasına da tətbiq etmək mümkündür. Çünki sonuncu qaydanı da universal hesab etmək rasionaldır və o, əxlaq qanununa uyğundur. Bu yanaşmaya görə, sizin yalan danışmayaraq dostunuzu ələ verməyiniz ona görə düzgün davranış sayılardı ki, hamının yalan danışmamağının ümumi nəticəsi yaxşıdır. Başqa sözlə, sizin yalan danışmayaraq nəticədə dostunuzu ələ verməyiniz heç kimin yalan danışmaması kimi hipotetik kollektiv davranışın nəticəsinin yaxşı olduğunu təsəvvür etməklə legitimlik qazanır. Buradan isə ümumi olaraq belə çıxır ki, yalan danışsanız, bir tərəfdən, sözün düzünü deyib dostunuzu ələ versəniz, digər tərəfdən qaydanı pozmuş olursunuz.
Beləliklə, görünən odur ki, Kant etikasının məhz Mill və Heyrin qeyd etdikləri kimi utilitar məcrada – kollektiv davranışın ümumi nəticəsini nəzərə alaraq – interpretasiyası da vəzifələrin toqquşması problemini həll etmir. Çünki belə bir interpretasiyada nəticə qaydanın universallığı əsasında nəzərdən keçirilir. Universallıqda isə istisnalar nəzərə alınmadığından problemli konkret situasiyaların həllini vermək çətinləşir.

Ədəbiyyat

  1. H.İmanov. Fəlsəfə tarixi, Bakı,2015.

  2. Z.Hacıyev. Fəlsəfənin əsaslar. Bakı, 2010.

Yüklə 232,69 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin