Tələbə: Zeynalov İslam Mövzu: İqtisadi fikir tarixinin predmeti, metodu və strukturu. Qədim dövrün iqtisadi təlimləri baki – 2022



Yüklə 59,25 Kb.
tarix19.12.2022
ölçüsü59,25 Kb.
#76422
Zeynalov İslam İqtisadi fikir tarixinin predmeti, metodu və strukturu. Qədim dövrün iqtisadi təlimləri


AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ
BAKI AVRASİYA UNİVERSİTETİ


Sərbəst iş

Tələbə: Zeynalov İslam
Mövzu: İqtisadi fikir tarixinin predmeti, metodu və strukturu. Qədim dövrün iqtisadi təlimləri

BAKI – 2022
İqtisadi fikir tarixinin predmeti, metodu və strukturu. Qədim dövrün iqtisadi təlimləri
"İqtisadiyyat" termini ilk dəfə "Oykonomiya" adı altında qədim yunan alimi Ksenofont (b.e.ə. 430-355-ci illər) tərəfindən işlənmiş, sonralar Aristotel tərəfindən geniş yayılmışdır. "İqtisadiyyat" sözü ərəbcə "qəsədə" ("yönəltmək", "qənaət etmək, "çatmağa çalışmaq") sözündən əmələ gəlmiş, bu sözdən müxtəlif mənalarda işlənən "qasid", "məqsəd", "qəsd" sözləri yaranmışdır. "İqtisad" sözü ərəb dilində "qənaətçilik", "təsərrüfat" mənasında işlədilir. "Təsərrüfat" sözü ərəbcə "sərf", "məsrəf", "təsrif" sözləri ilə eynidir. "İqtisadiyyat" sözü "iqtisad" sözünün cəm halıdır. "İqtisadiyyat" sözü forma baxımından da fərqlənir. Nəzəri və tətbiqi iqtisadiyyat bütün iqtisad elmlərinin deyil, təsərrüfat həyatının ən mühüm proseslərinin dərk olunması və tənzimlənməsi üçün xüsusilə aktual olan istiqamətlərin özünəməxsus sintezidir.
Azərbaycanın görkəmli iqtisadçı alimi Q.Əlləzov "İqtisad elminin nəzəri-metodoloji əsaslarının tarixi inkişafı" adlı monoqrafiyasında qeyd edir ki, "İqtisadiyyat" həm də elmdir, təsərrüfat, iqtisadi fəaliyyət, sərvət, onun mənşəyi, bölgüsü və istehlakı, iqtisadi münasibətlər haqqında biliklər sistemidir. Əgər iqtisadi ədəbiyyatda iqtisadiyyat ilk əvvəl "ev təsərrüfatını idarəetmək məharəti" kimi xarakterizə olunmuşsa və ona ev təsərrüfatı qanunları haqqında elm kimi baxılıbsa, sonralar da onu "Xalqlar sərvətinin təbiəti və səbəbi" (A.Smit), "Bölgünü idarə edən qanunlar" (D.Rikardo), "Kapitalizmin inkişaf qanunları" (K.Marks), "İstehsal və mübadilə qanunları" (F.Engels) və "İstehlak qanunları" (S.Sismondi) haqqında elm adlandırmışlar. Onun predmetinə isə bilavasitə (S.Sismondi istisna olmaqla) iqtisadi fəaliyyət prosesində insanlar arasında yaranan münasibətləri daxil etmişlər.
"İqtisadiyyat" anlayışında səviyyə bölgüsü mövcuddur. Bu bölgüyə aiddir: makroiqtisadiyyat, mikroiqtisadiyyat, mezoiqtisadiyyat və meqoiqtisadiyyat. Makroiqtisadiyyat ölkənin iqtisadiyyatının bütövlükdə götürülməsi deməkdir. İqtisadiyyatın mürəkkəb, ierarxik şəkildə təşkil olunmuş sistemi kimi çıxış etməsidir. Mikroiqtisadiyyat iqtisad elminin bölməsi kimi qəbul edilə bilər, kiçik miqyaslı iqtisadi proseslərin, subyektlərin, hadisələrinin (yəni müəssisə, firma, şirkət, xidmət bölmələri, sahibkarlıq qurumları, fermer təsərrüfatı və s.) öyrənilməsi ilə məşğuldur. Mezoiqtisadiyyat makroiqtisadiyyatda bir-biri ilə üzvü surətdə bağlı olan sahələr kompleksini, birliyini bildirən anlayışdır. Məsələn, aqrar - sənaye kompleksi, hərbi-sənaye kompleksi, infrastruktur və s. Meqoiqtisadiyyat isə əsası beynəlxalq əmək bölgüsü olan dünya iqtisadiyyatını bildirən anlayışdır
İqtisadiyyat ictimai elm qrupunun tərkib hissəsidir. İqtisadi biliklər sisteminin yaradılması bilavasitə siyasi iqtisadın elm kimi meydana gəlməsi ilə bağlıdır. İqtisadi biliklərin mənbələri quldarlıq cəmiyyəti dövrünə, qədim Misir papirusları üzərində yazılmış mətnlərə, Babilistan padşahı Hammurapinin (b.e.ə. 1792-1750-ci illər) qanunlarının daş üzərində yazıldığı dövrə, qədim hind vedlərinə -dini məcmuələrinə (b.e.ə. II minilliyin sonu - I minilliyin əvvəli) aiddir. Müasir siyasi iqtisadın nəzəriilkin müddəaları, ilk növbədə Antik dövrün mütəfəkkiri Aristotelin (b.e.ə. 384-322) "Politika" əsəri ilə bağlıdır. O, bir sıra mühüm iqtisadi problemləri, o cümlədən əmtəə, pul, kapitalın ilkin formalarını öz zəmanəsi üçün dərindən təhlil edilmişdir. Aristotel "Nikomaxın etikası" adlı əsərində iki əsas əmtəə münasibətinin, əmək və tələbatın mövcud olmasını göstərərək onların təbiəti barədə diskussiyaların istiqamətlərini bir neçə əsr qabaqcadan müəyyən etmişdir. İlk siyasi iqtisad məktəbi-merkantilizm XV əsrin axırlarından XVIII əsrin ortalarınadək ilkin kapital yığımı dövründə yaranmış və inkişaf etmişdir. Bu istiqamət siyasi iqtisad tarixinin başlanğıcı hesab edilir, çünki o, tədavül sferasındakı iqtisadi hadisələrin zahiri tərəflərini təsvir etməklə kifayətlənirdi. Siyasi iqtisad elminin adı fransız merkantilisti A.Monkretyenin (1575-1621) "Siyasi iqtisad traktatı" əsərindən (1615) götürülmüşdür. XVII əsrin ikinci yarısından XIX əsrin ortalarınadək inkişaf etmiş və ilk növbədə, U.Petti (1623-1687), F.Kene (1694-1774), A.Türqo (1727-1781), A.Smit (1723-1790), D.Rikardo (1772-1823), S. Sismondi (1773-1842) kimi böyük alimlərlə təmsil olunmuş klassik siyasi iqtisadın inkişafına mühüm töhfələr vermişdir.
Neoklassik istiqamətin əsaslarının işlənib hazırlanmasına ingilis iqtisadçısı T.R.Maltus (1766-1834), eləcə də iqtisadçıriyaziyyatçılar riyazi tədqiqat metodlarının köməyi ilə iqtisadiyyatın fəaliyyətinin bazar mexanizmini və istehlakın iqtisadi rolunu məxsusi təhlil etməyin əsasını qoymuş alman iqtisadçısı G.H.Qossen (1810-1858) və sosial-iqtisadi hadisələrin təhlilinin riyazi metodlarını tətbiq edən, fransız alimi A.O.Kurno (1801-1877) da mühüm töhfələr vermişlər. Qossen son faydalılıq nəzəriyyəsinin formalaşmasında ilk addımları atmış, daha sonra bu nəzəriyyə onun baniləri olan iqtisadçı-riyaziyyatçıların - ingilis U.S.Cevons (1835-1882), isveçrəli L.Valras (1834-1910), italiyalı V.Pareto (1848-1923), eləcə də Avstriya məktəbini təmsil edən nəzəriyyəçilərin-K.Menger (1840-1921), Y.Bem-Baverk (1864-1914) və F.Vizerin (1851-1926) əsərlərində inkişaf etdirilmişdir. Son hədd faydalılığı konsepsiyasının nəzəriyyəçiləri qiymət əmələgəlməsinın "istehlakçı versiyası"nı yaratmışlar..
Neoklassik iqtiqamətin inkişafı Kembric məktəbinin banisi, ingilis iqtisadçısı A.Marşallın (1842-1924) əsərlərində başa çatmışdır. O, bazar iqtisadiyyatının əsas mexanizmini - "iqtisadi araşdırmaların özəyi olan, onlara vəhdət və ardıcıllıq kəsb etdirən tələb və təklifin nisbətləri"ni əsas götürərək iqtisadi baxışlar sistemini işləyib hazırlamışdır.
A.Smitdən sonra klassik istiqamət D.Rikardo və C.St.Milin (1806-1873), sinfi mövqedən K.Marksın (1818- 1883) və onun davamçıları R.Hilferdinq (1877-1941), K.Kautski (1854-1938), G.Plexanov (1856-1918), R.Lüksemburq (1871-1918), V.Lenin (1870-1924) və bir sıra başqa alim və siyasətçilərin əsərlərində inkişaf etdirilmişdir. XX əsrin axırlarında bu istiqamət, ilk növbədə, xüsusi marksist iqtisadi tədqiqatlarda, radikal siyasi iqtisad nəzəriyyəçilərinin, sosial institusional məktəbin və postkeysçi nümayəndələrin əsərlərində öz əksini tapmışdır. Keynsçilik məktəbinin banisi C.M.Keynsin (1883-1946) nəzəriyyəsi neoklassik və klassik istiqamətlər arasında müəyyən mənada orta mövqe tutur. Keyns öz təhlilində psixoloji metoddan və neoklassik məktəbin limit təhlilindən, eləcə də klassik məktəbin bir sıra nümayəndələrinin fikirlərindən istifadə etmişdir. M.Keynsin başlıca və yeni ideyası odur ki, bazar iqtisadi münasibətlər sistemi özünü tənzimləyən deyil, maksimum məşğulluq və iqtisadi artım imkanını yalnız dövlətin iqtisadiyyata aktiv müdaxiləsi təmin edə bilər.
İqtisadi fikir tarixinin predmeti ayrı-ayrı iqtisadçıların, nəzəri məktəblərin, cərəyan və istiqamətlərin iqtisadi ideyalarının, konsepsiyalarının meydana gəlməsi, inkişafı, bir-birini əvəz etməsi proseslərinin tarixi gedişatının öyrənilməsi hesab edilir. İqtisadi fikir tarixi iqtisadi biliklərin özünün tarixi inkişafının mahiyyətini əks etdirir. Bu onun dünya iqtisad elminin təkamülünün ilkin mərhələlərini və qanunauyğunluqlarını müəyyən edir, iqtisadi bilikləri sistemləşdirir. İqtisadi fikir tarixi nəzəriyyənin bütün mövcudluğu ərzində yaranmış iqtisadi ideyaları, konsepsiyaları və nəzəriyyələri öyrənir. Bir çox görkəmli iqtisadçılar və tarixi cərəyanlar özlərindən əvvəlkilərə tənqidi yanaşır və özünəməxsus konsepsiyaları və ideyaları irəli sürürlər. Məsələn, özündən əvvəlki iqtisadi fikir və konsepsiyaları tənqidi istiqamətdə və öz alternativ ideyaları ilə Alman tarixi məktəbi, o cümlədən institusional sosioloji istiqamət XIX əsrin axırı və XX əsrin əvvəllərində özünü göstərdi. K.Marks da özündən əvvəlki çox görkəmli iqtisadçıların iqtisadi fikirlərinə tənqidi yanaşaraq, özünün "izafi dəyər nəzəriyyəsini" yaratmış, M.Blauq isə "Perspektivdə iqtisadi fikir" kitabında keçmişdən çox, nəzəriyyənin indiki vəziyyətinə fikir vermişdir.
İqtisadi fikir tarixi kursunda xüsusi yeri dünya iqtisad elminin formalaşmasında və inkişafında mühüm rolu olan klassik siyasi iqtisad tutur. Siyasi iqtisadın, ümumiyyətlə iqtisadiyyatın elmi sisteminin yaradılması klassik siyasi iqtisadın nümayəndələrinə məxsusdur. İqtisadi azadlığın prinsipləri və əmək - dəyər nəzəriyyəsi də klassik siyasi iqtisad tərəfindən yaradılmışdır. İqtisadi fikir tarixi metodoloji cəhətdən iqtisadi təhlillərin proqressiv metodlarının məcmusuna əsaslanır. Bu metodlar aşağıdakılardır. Elmi abstraksiya, yəni müşahidə edilən hadisələrdə mühüm olan tərəflər aşkara çıxarılır və nəzəri ümumiləşdirmələr aparılır. Elmi abstraksiya iqtisadi hadisələrin təfəkkürdə ümumiləşdirilməsi və onların anlayışlar, kateqoriyalar şəklində ifadə olunması metodudur. İqtisadi nəzəriyyədə tətbiq edilən digər metod analiz və sintez metodudur.
Analiz metodunda iqtisadi münasibətlər vahid bir sistem halında götürülür və elmi təfəkkür yolu ilə müəyyən hissələrə, tərəflərə ayrılır və iqtisadi sistemin hər bir tərəfi ayrılıqda təhlil edilir, sonra sintez etmək yolu ilə həmin cəhətlər və tərəflər yenə də iqtisadi sistemdə birləşdirilir. Bu proses fikrimizdə edilir. Tarixi və məntiqi metod vasitəsilə iqtisadi nəzəriyyə müəyyən etdiyi anlayışları, kateqoriyaları, onların yarandıqları tarixi ardıcıllıqla şərh edir. İnduksiya metodu "hasiletmə" mənasını daşıyır. Bu metodla toplanan faktlar əsasında nəzəri nəticələr ümumi iqtisadi prinsiplər və əməli fəaliyyət üçün tövsiyələr hazırlanır. Deduksiya-bütövlükdə nəzəriyyə və ya ayrı-ayrı nəzəri müddəalar, prinsiplər əsasında faktların müəyyən edilməsi, qurulması, əsaslandırılmasıdır.
İqtisadi fikir tarixi öz başlanğııcını qədim dünyadan götürmüş və o vaxtdan başlayaraq iqtisadi fikir və nəzəriyyələrin sistemləşdirilməsinə cəhd göstərilir. Məlumdur ki, iqtisadiyyat, elm, texnika, mədəniyyət inkişaf edikcə iqtisadi nəzəriyyədə yeniləşmiş və təkmilləşmişdir. Bu fənnin öyrənilməsi ilə biz dünyanın və öz ölkəmizin iqtisadi inkişafının obyektiv qanunauyğunluğunu müəyyən edə bilərik.
İqtisadi fikir tarixinin başlıca mərhələləri Azərbaycanın əvəzolunmaz iqtisadçı alimi M.X.Meybullayevin ümumi elmi redaktəsi ilə çap olunmuş "İqtisadi təlimlər tarixi" dərsliyində aşağıdakı kimi verilmişdir:

  • Qədim dövrün iqtisadi təlimi;

  • Orta dövrdə Şərqdə və Orta Avropada iqtisadi təlimlər;

  • Bazar sisteminin qərarlaşması dövründə iqtisadi təlim;

  • Müxtəlif iqtisadi inkişaf modelləri şəraitində iqtisadi təlim;

  • Müasir və ya yüksək sənayeləşmiş dövrün iqtisadi təlimi.

İqtisadi fikrin kökləri Qədim Şərq, Qədim Yunanıstan, Qədim Roma, İlkin xristianlıqla bağlı iqtisadi ideyalardır. İqtisadi fikrin köklərini Qədim dünya, ilk növbədə dünya sivilizasiyasınının beşiyi Qədim Şərq ölkələri mütəfəkkirlərinin təlimlərində axtarmaq lazımdır.
Qədim Misir: Misir Afrikanın şimal-şərqində yerləşir. Ölkənin ən mühüm su mənbəyi Nil çayıdır. Misirlilər Nil çayına böyük çay deyirdilər. Nilin gətirdiyi lilli torpaq asanlıqla şumlanırdı. Misirlilər öz ölkələrini "Qara torpaq" adlandırırdılar. Nil sahili boyunca damba adlanan bəndlər tikirdilər. Misirdə hökmdar firon adlanırdı. Ölkədə həyata keçirilən bütün tədbirlər fironun adı ilə bağlı idi. Fironu yer üzünün allahı və yaxud da "Günəş oğlu" adlandırırdılar. Fironların ən yaxın köməkçisi çati adlanan ali məmur idi. Çatilər ölkənin təsərrüfat həyatını idarə edirdilər, məhkəməyə rəhbərliyi, firon dəftərxanasına və dövlət xəzinəsinə nəzarəti həyata keçirirdilər. Misir sənətkarları mis və tuncdan çox çeşidli bəzək əşyaları və silahlar düzəldirdilər; daşdan müxtəlif bəzək əşyaları, kətandan müxtəlif növ parçalar hazırlayırdılar; qamış və papirusdan həsir və səbət hörürdülər; şüşə istehsal edir və dəridən çoxlu məmulatlar hazırlayırdılar. Misirlilər Mesopotamiya və Nubiya ilə geniş ticarət əlaqələri saxlayırdılar. Şərq ölkələrindən Misirə sidr ağacı, gümüş, qalay və qullar gətirilirdi.
Qədim Misirin iqtisadi fikrində dövlət təsərrüfatının təşkili və idarə olunması sahəsində bir çox məsələlər öz əksini tapmışdır: Əhalinin yaşına, işinə görə siyahıya alınması; məhsuldar torpaq sahələrinin hesabatının aparılması; torpaqların kadastrının müəyyən edilməsi; iriqasiya işlərinin aparılması; çoxsaylı mədəni abidələrin tikilməsi; mürəkkəb suvarma sistemlərinin aparılması; bəşəriyyətə möcüzə kimi görünən müxtəlif təyinatlı qurğuların hazırlanması; piramidaların, ehkamların tikilməsi; əmək resurslarından məqsədyönlü istifadə edilməsi; vəzifəyə görə əmlaka sahib olma; xüsusi mülkiyyətin əmələ gəlməsi və ona nəzarət qaydalarının müəyyən olunması dövlət təsərrüfatının inkişafında mühüm rol oynamışdır. Eyni zamanda dövlət təsərrüfatının yüksək səviyyədə mərkəzləşməsi, nəinki xüsusi mülkiyyəti, eləcə də əmtəə-pul münasibətlərinin inkişafını ləngitmişdir.
Konfutsinin ictimai baxışlarında mükəmməl (ideal) insan və xalqın varlanması ideyası xüsusi yer tutmuşdu. Konfutsi dövlətin yüksək mənəvi prinsiplər əsasında idarə edilməsini tövsiyə edirdi. İqtisadi fikrin sonrakı inkişafı Qədim Yunanıstanla bağlıdır.
Qədim Yunan mütəfəkkirləri Ksenofontun, Platonun, Aristotelin baxışlarını müasir iqtisadi fikrin nəzəri müddəaları kimi səciyyələndirmək olar. Əmək bölgüsü ideyası Platonun əsərlərində daha geniş şərh edilmişdir. Platonun fikrincə qul danışan alətdir. O, fiziki əməyə nifrət edirdi. Onun ideal dövlətində idarə edənlər filosoflar və hərbiçilər fiziki əməklə məşğul olmamalıdırlar, bu fiziki əmək üçüncü təbəqənin qismətidir.
Platonun şagirdi olan Aristotel müəlliminin idealist fəlsəfi baxışlarını tənqid etsə də, cəmiyyətin və onun təsirindən qurtara bilməmişdir. Aristotelə görə iqtisadiyyat ev təsərrüfatı, quldar malikanəsinin siyasəti isə dövlətin idarə edilməsi ilə məşğul olmalıdır. Aristotel əmtəə-pul münasibətlərini daha geniş tədqiq etmiş və ən böyük xidməti isə əmtəənin ikili xarakterini istehlak dəyəri və mübadilə dəyərini fərqləndirməkdən ibarətdir.
Merkantilizm cərəyanı XV-XVIII əsrlərdə Qərbi Avropa ölkələrində iqtisadi siyasətin və iqtisadi fikrin əsas cərəyanı olmuşdur. Merkantilizm sözü italyan sözü olub tacir, ticarət deməkdir. Merkantilizm cərəyanının mahiyyəti əsasən əmtəə və pul tədavül dairəsini, sərvətin pul formasını və onun artırılması yollarını təhlil və tədqiq etməkdən ibarətdir. Nümayəndələri: Antuan Monkretyen (1575-1621), Tomas Man (1571-1641), Vilyam Staffor (1554-1612), Qaspar Skaruffi (1519-1584) və s.
Fiziokratlar cərəyanı – XVIII əsrdə Fransada meydana gəlmişdi. Fiziokrat sözü iki yunan sözündən "fizis" və "kratos" sözlərinin birləşməsindən ibarət olub "Təbiətin hakimiyyəti" deməkdir. Fiziokratlar cərəyanının mahiyyəti, merkantilistlərdən fərqli olaraq sərvətin mənbəyini ticarətə deyil, əkinçilikdə görməsi, xalis məhsul haqqında təlimin yaranması, təkrar istehsal prosesinin, məhsuldar və qeyri-məhsuldar əməyin və ictimai kapitalın dövranının təhlilinin verilməsi idi. Fiziokratlar cərəyanının nümayəndələri bunlardır: Fransua Kene (1694- 1774), Viktor Mirabo (1715-1789), Dyupen de Nemu (1739- 1817), Jak Türqo (1727-1781) və s. İlk dəfə olaraq 1758 –ci ildə Fransua Kene "İqtisad cədvəl" tərtib etmişdi. Bu cədvəl natural və dəyər elementləri arasında müəyyən balans nisbətlərinin müəyyənləşdirmək məqsədilə yaradılmışdı.
Klassik məktəb XVII-XVIII əsrlərdə Avropada, xüsusilə İngiltərədə formalaşmışdı. Klassik məktəbin nümayəndələri bunlardır: Uilyam Petti (1623-1687), Adam Smit (1723- 1790), David Rikardo (1772-1823) və s. U.Petti "Vergilər və rüsumlar haqqında traktat" (1662), "Pul haqqında düşüncələr" (1682) əsərlərinin müəllifidir. O, əmək-dəyər nəzəriyyəsinin əsasını qoymuşdur. Adam Smit 1776-ci ildə "Xalqların sərvətinin təbiəti və səbəbləri haqqında traktat" yazmışdır.
A.Smit təliminin əsas ideyası liberalizm, dövlətin iqtisadiyyata minimum müdaxiləsi, tələb və təklifdən asılı olaraq yaranan azad qiymətlər əsasında bazar özünütənzimlənməsi idi. Bu iqtisadi tənzimləyiciləri o, “görünməz əl” adlandırılmışdı. Onun tədqiqatı nəticəsində siyasi iqtisad elmə, iqtisadi biliklər sisteminə çevrilmişdir.
David Rikardo 1817-ci ildə "Siyasi iqtisadın və vergiqoymanın əsasları" traktatını yazmışdır. O, iqtisad elminin pul tədavülünü, kredit, vergi, beynəlxalq əmək bölgüsü, dünya ticarəti kimi konkret sahələri üzrə qiymətli nəzəri və əməli əhəmiyyətli fikirlər söyləmişdi.
Klassik siyasi iqtisadın ən böyük çatışmazlığı təsərrüfat həyatında dövlətin rolunun nəzərə almamaları idi.
Yüklə 59,25 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin