Tərbiyə işi: məktəb, ailə, ictimaiyyət
Çoxəsrlik bəşər tarixi sübut etmişdir ki, cəmiyyətin sürətli inkişafını təmin
edən amillər içərisində ən önəmlisi tərbiyədir: düzgün qoyulmuş tərbiyə inkişafa
böyük təkan verdiyi kimi, əksinə, səhv tərbiyə geriliyin əsas səbəbinə çevrilir. II
Dünya müharibəsindən sonrakı proseslər,məğlub Almaniya və Yaponiyanın, qalib
SSRİ-nin sonrakı taleləri buna əyani sübutdur.
Üçüncü minillikdə sivilizasiya çoxsaylı ictimai və təbiət xarakterli
kataklizmlər və fəlakətlərlə rastlaşır və bu şəraitdə bəşəriyyət özünün gələcək
inkişaf yolunu müəyyənləşdirmək məcburiyyətindədir. Bu istiqamətlər içərisində
ən zəruri və əlverişli olanı təhsil və tərbiyə sayılmalıdır, çünki bu sahə milyarddan
çox şagirdi və 50 milyondan çox müəllimi əhatə edir. Həmçinin isbat olunmuşdur
ki, ən əlverişli investisiya insan yetişdirilməsi üçün yönəldilən investisiya sayılır.
İnsanın bir şəxsiyyət kimi formalaşması, onun mənəvi-əxlaqi dəyərlər
sisteminin təşəkkül tapması təhsillə bağlıdır.
Müəllim şəxsiyyəti, nüfuzu, əxlaqı cəmiyyət üçün nümunə olmalıdır. Bir
vaxtlar ən yüksən təhsil qabiliyyətinə malik olan əlaçı, medalçı gənclərimiz
müəllim ixtisasına yiyələnərək gənc nəslin tərbiyəsi ilə məşğul olurdular. Bu gün
ölkəmizdə tanınan görkəmli alim və ziyalıların mövcudluğuna görə xalqımız
Mustafa Topçubaşov, Əziz Əliyev, Yusif Məmmədəliyev, Azad Mirzəcanzadə,
Rəsul Rza, Bəxtiyar Vahabzadə, Xudu Məmmədov, Mirəli Axundov, Qara
Mustafayev kimi tanınmış alim-pedaqoqlara minnətdar olmalıdır.
Əfsuslar olsun ki, bu sahədə ölkədəki mənzərə heç də ürəkaçan deyil: 250-
300 balla pedaqoji ali təhsil müəssisələrinə qəbul olunan gənclərin gələcəkdə
müəllim kimi fəaliyyətinin nəticəsini qabaqcadan proqnozlaşdırmaq çətin deyil –
ölkələr və millətlər arasında gedən bu gərgin yarışda belə kadrlarla qələbə
qazanmaq müşkül görünür.
“Dövlət bir binadırsa, onun təməli təhsil və tərbiyədir” fikri özünü həmişə
doğruldur. SSRİ-də süni peykin kosmosa buraxılması ilə əlaqədar amerikanlar çox
narahat olmuş, “millət təhlükədədir: məktəb islahatı zəruridir” fikrini irəli sürmüş
və təhsilə qoyulan xərcləri kəskin artırmışdır, nəticə isə göz qabağındadır.
Ulu öndərimizin müdrik siyasəti nəticəsində imzalanan neft-qaz kontraktları
ölkəmizin maddi imkanlarının kəskin artmasına şərait yaratdı: ölkədə çox böyük
quruculuq, abadlıq işləri görülür. Amma bilməliyik ki, təbii sərvətlərimiz təkənməz
deyil.
Məlumdur ki, hər bir ailənin ən böyük nailiyyəti yaxşı təhsil və tərbiyə almış
sağlam övlad böyütməkdir. Dövlət və millət üçün də bu şərt keçərlidir - ən böyük
sərvətimiz yüksək intellektə və tərbiyəyə yiyələnmiş sağlam vətəndaşlarımızdır.
Bizim gələcəyimiz təhsillə bağlıdır. Elə bir təhsil ki, onun nəticəsi Nobel
mükafatçıları, yəni texnologiyaların, ən müasir elmi kəşflərin ixtiraçıları olsun.
Bütün bunların kökündə isə gözəl əxlaqlı, həssas, mədəni, vətənpərvər insan
dayanır. Təhsilin nəticəsi bu olmalıdır. Belə vətəndaşların yetişdiyi ölkə dünyanın
ən nüfuzlu, cəlbedici və qüdrətli ölkəsi olacaqdır. Mən inanıram ki, Azərbaycan
istər insan, istərsə də maddi resurslar cəhətdən buna qadirdir.
Böyük mütəfəkkir M.F.Axundovun Yusif Sərracın dili ilə söylədiyi sözlər
unudulmamalıdır və bu gün də yerinə düşür: “Hakimi vilayətlərə mənim
tərəfimdən elan edərsiniz ki, Allahdan qorxsunlar, nahaq iş tutmasınlar, xalqı
talayıb dağıtmasınlar, rüşvət almasınlar, yəqin bilsinlər ki, bu növ hərəkət axırda
onların özlərinin bədbəxtliyinə və həlakətinə bais olur”.
“Dünyada yalnız bir problem var, tək bir problem – mənəvi məzmunu və mənəvi
qayğıları insanlara qaytarmaq!” – deyən Antuan de Sent-Ekzüperi necə də haqlıdır.
Yalnız sağlam mənəviyyat dünyanı xilas edə bilər – sağlam mənəviyyatın
əsasları isə təhsillə bağlıdır.
Ədəbiyyat
1.
A.Mirzəcanzadə “Yaradıcılıq haqqında düşüncələr” Bakı, “Yazıçı” 1984
2.
İ.P.Podlasıy “Pedaqogika” , Moskva “Vlados” 2003
3.
V.A.Sitarov “Didaktika” Moskva “Akademia” 2002
4.
M.F.Axundov “Aldanmış kəvakib”
5.
V.S.Kukuşkin “teoriya i metodika Vospitatelnoy rabotı” Rostov-Don” mart
2002.