Türk, fars, ərəb



Yüklə 32,09 Kb.
səhifə1/11
tarix02.01.2022
ölçüsü32,09 Kb.
#44545
  1   2   3   4   5   6   7   8   9   10   11
Sənəd (8)


18. Hamidinin yaradıcılığı

Orta əsrlər mühacirət ədəbiyyatımızın şöhrətli qələm sahiblərindən biri də Mövlana Hamidi İsfahanidir. Üç dildə (türk, fars, ərəb) əsərlər yazan şair klassik poeziyamızın və orta əsrlər bədii fikrimizin yüksəlişində müəyyən xidmətləri olan sənətkarlarımızdandır. O, diqqətəlayiq bədii təfəkkür sahibi kimi tanınmaqla bərabər həm də yüksək elm və fəzilət adamı, nəhayət şeyx, yəni din xadimi, ruhani bir şəxsiyyət olmuşdur. Buna görə də mənbələrdə bəzən «Mövlana Hamidi», yaxud «Molla Hamidi» deyə xatırlanır.

Sənətkarın həyatı haqqında o qədər zəngin məlumat yoxdur.Qəstimonlu Lətifi, Aşıq Çələbi və s. Osmanlı təzkirəçilərinin onun barəsində verdiyi bilgilər kifayət qədər yığcam və ötəridir. Bu məlumatlar şairin həyatı barədə lazımi təsəvvür yaratmağa imkan vermir.

Türk alimi İ.Hikmət onun fars və Azərbaycan türkcəsində olan lirikəsərlərini 1949-cu ildə İstanbulda «Külliyati Divani Mevlana Hamdi» adı altında nəşr etdirmişdir. Şairin əsərlərində onun tərcümeyi-halı ilə bağlı müəyyən faktlar mövcuddur. Başqa sözlə, Hamidinin avtobioqrafiyasına aid müəyyən bilgilər verən mötəbər məxəzlərdən biri şairin öz yaradıcılıq nümunələri, xüsusilə İ.Hikmətin «Həsbhalnamə» sərlövhəsi altında topladığı şeirləridir. Bunların içərisində farsca məsnəvi formasında yazılmış «Həsbhalnamə» bu mənada daha çox diqqəti cəlb edir.

Bəzi orta əsr təzkirəçiləri, o cümlədən Q.Lətifi və Aşiq Çələbi onunla bağlı qısa bilgi vermişlər. Əndərunlu Əta, Bursalı Məhəmməd Tahir,M.F.Köprülü, İ.Ünver və s. Türk alimlərinin sənətkar barədə araşdırmaları nə qədər dəyərli olsa da, yığcamlığı ilə fərqlənir. Bu sahədə bir qədər əhatəli fəaliyyət İ.Hikmətə məxsusdur. O, Hamidinin «Divan»ını nəşr etdirərkən ona nisbətən müfəssəl elmi giriş də yazmışdır.

Hamidinin yaradıcılıq irsi təxmini olaraq aşağıdakı əsərləri əhatə edir: 1.«Divan»; 2.«Cami-suxənquy». Bu, farsca bir falnamədir və 1951-ci ildə İ.Hİkmət tərəfindən nəşr edilmişdir; 3.«Tarixi-Ali Osman». Mənzum şəkildə qələmə alınmış tarixə dair əsərdir. Şair əsəri yaradıcılığının sonrakı dövrlərində yazmış və Sultan II Bəyazid təqdim etmişdir. Bu, onun həm də gözəl tarixçi olduğunu göstərir; 4.«Vəsiyyətnamə». Sənətkarın ömrünün son çağlarında oğlu Cəlil üçün yazdığı bu əsər hal-hazırda əldə yoxdur

Hamidi əsərlərini üç dildə – türkcə, farsca və ərəbcə yazmışdır. Onun türkcə şeirləri şərqi oğuz, yəni Azərbaycan türkcəsindədir. Sənətkar Osmanlı dövləti ərazisində yaşadığı illərdə də yaradıcılığında dil baxımından azəri türkcəsinə məxsus əlamətləri qoruyub saxlamışdır.

İ.Hikmət 1949-cu ildə İstanbulda Hamidinin divan külliyatını çap etdirərkən buraya müəllifin azərbaycanca və farsca şeirlərini daxil etmişdi. Poetik örnəklər içərisində farcsa nümunələr çoxluq təşkil edir. Divanda sənətkarın Azərbaycan türkcəsində 28 qəzəli, 4 qəsidəsi və 2 mətləsi vardır.

Nisbətən iri həcmli şeirlərdən biri farsca yazılmış «Həsbhalnamə»dir.Məsnəvi formasında olan bu əsərdə müəllifin tərcümeyi-halı ilə bağlı dəyərli fikirlər mövcuddur. Ümumiyyətlə, Hamidinin avtobioqrafik səpkili xeyli şeiri vardır. İ.Hikmət divanın tərtib və nəşri zamanı həmin lirik nümunələri «Həsbhalnamə» adı altında toplamışdır. Divandakı şeirlər qəzəl, qəsidə, qitə, rübai və müəmma janrındadır.

Qəsidələrin əsas qismi mədhiyyələrdən ibarətdir. Lakin burada ictimai-siyasi və tarixi hadisələrə, müharibələrə, döyüş səhnələrinin və silahların təsvirinə də yer verilmişdir. Bu əsərlərin bəziləri müəyyən ictimai-siyasi və tarixi hadisələri, ayrı-ayrı şəxsiyyət və mövcud həqiqətlərlə bağlı məsələləri özündə yaşadan sübutlu bədii sənəd rolunu oynayır. Mədhnamələr Fateh Sultan Məhəmmədə, bir sıra yüksək çinli dövlət məmurlarına, nüfuzlu şəxslərə həsr olunmuşdur. Təbii ki, bunlarda mədhiyyə janrının tələblərinə uyğun olan pafoslu təsvir, təntənəli üslub, təmtəraqlı təşbeh, mübaliğə və s. bəlağət vasitələri hakim mövqedədir.

Şairin Fateh Sultan Məhəmmədə ithaf edilmiş mədhiyyələrindən biri Azərbaycan dilində yazılmış «Eylər» rədifli qəsidədir. Qəsidə ədəbi ənənəyə uyğun təntənəli nəsiblə (qəsidənin giriş hissəsi) başlayır.Sonrakı girzgah (əsas mətləbə keçid) beytlərində vəsf obyektinə yönələn mərtəbəli, cah-cəlallı məcazlar işə düşür və fikrin axarı bu məcrada davam edir.


Yüklə 32,09 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin