Ümumi MÜDDƏalar maddə Qanunun təyinatı



Yüklə 78,35 Kb.
tarix05.05.2017
ölçüsü78,35 Kb.
#16583
Cinayət prosesində iştirak edən şəxslərin dövlət müdafiəsi haqqında

AZƏRBAYCAN RESPUBLIKASININ QANUNU

I fəsil


ÜMUMİ MÜDDƏALAR

Maddə 1.     Qanunun təyinatı

Bu Qanun cinayət işi üzrə zərər çəkən şəxslərin, şahidlərin və cinayət prosesində iştirak edən digər şəxslərin təhlükəsizliyinin təmin edilməsini və sosial müdafiəsini nəzərdə tutan tədbirlər sistemini müəyyənləşdirir.

Bu Qanunla müəyyənləşdirilmiş təhlükəsizlik tədbirləri o halda tətbiq edilir ki, yuxarıda göstərilən şəxslərin təhlükəsizliyinin başqa vasitələrlə təmin edilməsi mümkün deyildir.

Maddə 2.     Müdafiə olunan şəxslərin dövlət müdafiəsi ilə təmin edilməsi haqqında qanunvericilik

Müdafiə olunan şəxslərin dövlət müdafiəsi ilə təmin edilməsi haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, bu Qanundan və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarından ibarətdir.

Maddə 3.     Dövlət tərəfindən müdafiə olunan şəxslər

Səlahiyyətli dövlət orqanları tərəfindən barəsində təhlükəsizlik tədbirlərinin tətbiq edilməsi haqqında qərar qəbul edilmiş şəxs, müdafiə olunan şəxs adlanır.

Müdafiə olunan şəxslər aşağıdakılardır:

1)   hüquq-mühafizə orqanlarına cinayət haqqında məlumat vermiş və ya cinayətin aşkar edilməsində, qarşısının alınmasında və ya açılmasında iştirak etmiş şəxs;

2)   cinayət işi üzrə zərər çəkmiş şəxs, onun qanuni nümayəndəsi və nümayəndəsi, xüsusi ittihamçı və onun nümayəndəsi

3)  şübhəli və ya təqsirləndirilən şəxs, onların müdafiəçiləri və qanuni nümayəndələri;

4)   mülki iddiaçı, mülki cavabdeh, onların qanuni nümayəndələri və nümayəndələri; [1]

5)   şahidlər;

6)   ekspert, mütəxəssis, tərcüməçi və hal şahidləri.

Müdafiə olunan şəxslərə təzyiq göstərmək məqsədilə onların yaxın qohumlarına təsir göstərildiyi hallarda təhlükəsizlik tədbirləri müdafiə olunan şəxslərin yaxın qohumları barəsində də tətbiq ediləbilər.

Maddə 4.     Müdafiə olunan şəxslərin təhlükəsizliyinin təmin edilməsi

Bu Qanunun 3-cü maddəsində nəzərdə tutulan şəxslərin təhlükəsizliyinin təmin edilməsi, bu şəxslərin həyatının və sağlamlığının, əmlakının qorunması məqsədilə səlahiyyətli dövlət orqanlarıtərəfindən hüquqi, təşkilati-texniki və digər tədbirlərin həyata keçirilməsindən ibarətdir.

Maddə 5.     Müdafiə olunan şəxslərin təhlükəsizliyinin təmin edilməsi prinsipləri

Müdafiə olunan şəxslərin təhlükəsizliyinin təmin edilməsi bu Qanunla müəyyənləşdirilmiş təhlükəsizlik tədbirlərinin qanunçuluq, insan və vətəndaş hüquq və azadlıqlarına hörmət edilməsi, təhlükəsizlik tədbirlərini tətbiq edən orqanın və müdafiə olunan şəxslərin öhdəlikləri əsasında həyata keçirilir.

Maddə 6.     Müdafiə olunan şəxslərin təhlükəsizliyini təmin edən orqanlar

Təhlükəsizliyi təmin edən orqanlar aşağıdakılardır:

1)   təhlükəsizlik tədbirlərinin tətbiq edilməsi haqqında qərar qəbul etmiş orqanlar;

2)   bu qərar əsasında təhlükəsizlik tədbirlərini həyata keçirən orqanlar.

Müdafiə olunan şəxslər barəsində təhlükəsizlik tədbirlərinin tətbiq edilməsi haqqında qərar Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada cinayət prosesini həyata keçirən orqan tərəfindən qəbul edilir. Bu qərarla müdafiə olunan şəxs barəsində təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi müvafiq icra hakimiyyəti orqanlarına həvalə edilir. [2]

II fəsil


TƏHLÜKƏSİZLİK TƏDBİRLƏRİ

Maddə 7.     Müdafiə olunan şəxslər barəsində tətbiq edilən təhlükəsizlik tədbirlərinin növləri

Təhlükəsizlik tədbirlərinin aşağıdakı növləri vardır:

1)   müdafiə olunan şəxsi, onun mənzilini və əmlakını mühafizə etmə;

2)   müdafiə olunan şəxsə xüsusi fərdi müdafiə vasitələri vermə, onu mövcud təhlükə barədə xəbərdar etmə;

3)   müdafiə olunan şəxsi müvəqqəti olaraq təhlükəsiz yerdə yerləşdirmə;

4)   müdafiə olunan şəxs barəsində olan  məlumatların məxfiliyini qoruma;

5)   müdafiə olunan şəxsi başqa işə keçirmə, onun iş  və ya təhsil yerini dəyişdirmə, onu başqa yaşayış yerinə köçürmə;

6)   müdafiə olunan şəxsin sənədlərini və onun xarici görkəmini dəyişdirmə;

7)   qanunvericiliklə müəyyən edilmiş qaydada müdafiə olunan şəxsin iştirak etdiyi hallarda məhkəmə baxışının qapalı keçirilməsi.

Təhlükəsizlik tədbirlərinin tətbiq edilməsi qaydaları bu Qanunla və Azərbaycan Respublikasının digər qanunvericilik aktları ilə müəyyən edilir.

Maddə 8.     Müdafiə olunan şəxsi, onun mənzilini və əmlakını mühafizə etmə

Zəruri hallarda təhlükəsizliyi təmin edən orqanlar tərəfindən müdafiə olunan şəxslərin şəxsi mühafizəsi, mənzilinin və əmlakının mühafizəsi üçün təhlükəsizlik tədbirləri tətbiq edilir.

Müdafiə olunan şəxslərin razılığı ilə onların mənzili və əmlakı yanğın təhlükəsizliyinə qarşı vasitələr və mühafizə siqnalları ilə təchiz edilə bilər, onların istifadə etdikləri telefon nömrələri və nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanları dəyişdirilə bilər.

Maddə 9.     Müdafiə olunan şəxsə xüsusi fərdi müdafiə vasitələri vermə, onu mövcud təhlükə barədə xəbərdar etmə

Müdafiə olunan şəxslərin həyatı və sağlamlığı üçün real təhlükə mövcud olduqda Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq onlara xidməti və ya mülki silah verilə bilər və bundanəlavə onlar təhlükə barədə xəbərdar edilməlidirlər.

Maddə 10.  Müdafiə olunan şəxsi müvəqqəti olaraq təhlükəsiz yerdə yerləşdirmə

Zəruri hallarda yetkinlik yaşına çatmış müdafiə olunan şəxslər onların razılığı ilə, yetkinlik yaşına çatmayan şəxslər isə valideynlərin və ya onların qanuni nümayəndələrinin razılığı ilə müvəqqəti olaraq təhlükəsiz yerdə yerləşdirilə bilərlər.

Maddə 11.  Müdafiə olunan şəxs barəsində olan məlumatların məxfiliyinin qorunması

Təhlükəsizliyi təmin edən orqanların qərarı ilə avtomat telefon rabitə sorğu xidmətinə, pasport-viza xidmətinə və ya digər müvafiq məlumat-sorğu xidmətlərinə müdafiə olunan şəxslərin yaşayış yeri barəsində və ya hər hansı digər məlumatların verilməsi müvəqqəti və ya daimi olaraq qadağan edilə bilər.

Müstəsna hallarda digər cinayət işinin və ya mülki işin icraatı ilə əlaqədar olaraq belə məlumatlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada ibtidai istintaq orqanlarına və ya məhkəməyə təqdim edilə bilər.

Maddə 12.  Başqa işə keçirmə, iş və ya təhsil yerini dəyişdirmə, başqa yaşayış yerinə köçürmə

Müdafiə olunan şəxslərin müraciəti və ya razılığı ilə həmin şəxslər müvəqqəti və ya daimi olaraq başqa işə keçirilə və ya başqa yaşayış yerinə köçürülə bilərlər, onların iş və ya təhsil yeri dəyişdiriləbilər.

Göstərilən tədbirlər müdafiə olunan şəxslərin mənzil, əmək, pensiya və digər hüquqları pozulmamaqla həyata keçirilməlidir.

Müvəqqəti olaraq başqa yaşayış yerinə köçürülən şəxslərin mülkiyyətində olan və ya daimi yaşayış yeri üzrə yaşayış sahəsi saxlanılır.

Maddə 13.  Müdafiə olunan şəxslərin sənədlərini və xarici görkəmini dəyişdirmə

Müdafiə olunan şəxslərin təhlükəsizliyini başqa tədbirlərlə təmin etmək mümkün olmadıqda, onların razılığı əsasında müstəsna hallarda, onlara anket məlumatları dəyişdirilmiş şəxsiyyəti təsdiq edən sənəd və digər sənədlər verilə bilər, habelə onların xarici görkəmi dəyişdirilə bilər.

Maddə 14.  Müdafiə olunan şəxsin iştirak etdiyi hallarda məhkəmə baxışının qapalı keçirilməsi

Müdafiə olunan şəxslərin təhlükəsizliyi tələb etdiyi hallarda məhkəmənin (hakimin) qərarı ilə Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada qapalıməhkəmə baxışına yol verilir. Müttəhimin iştirakı olmadan həmin şəxslərin dindirilməsi üçün məhkəmə (hakim) bu barədə əsaslandırılmış qərar qəbul edir. Həmin əsaslar ilə bir müttəhimin digərindən ayrı dindirilməsinə yol verilir.

Maddə 15.  Hərbi qulluqçuların təhlükəsizliyinin təmin edilməsi

Hərbi qulluqçuların təhlükəsizliyi həmin şəxslərin hərbi xidmətdə olmaları nəzərə alınmaqla bu Qanunla müəyyən edilmiş qaydada təmin edilir. Hərbi qulluqçuların təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə həmçinin aşağıdakı tədbirlərin həyata keçirilməsinə yol verilir:

1)   digər hərbi hissəyə və ya hərbi idarəyə ezam etmə;

2)   yeni xidmət yerinə köçürmə.

Maddə 16.  İstintaq təcridxanasında saxlanılan və ya cəzaçəkmə müəssisələrində cəza çəkən müdafiə olunan şəxslərin təhlükəsizliyinin təmin edilməsi [3]

Cinayət işinin istintaqı və ya məhkəmə icraatında olan cinayət işi ilə əlaqədar olaraq həbsxanada və ya istintaq təcridxanasında saxlanılan və ya azadlıqdan məhrumetmə yerlərində cəza çəkən müdafiəolunan şəxslərin təhlükəsizliyinə bu Qanunun müddəaları şamil edilir. Həmin şəxslərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə həmçinin aşağıdakı tədbirlərin həyata keçirilməsinə yol verilir: [4]

1)   bir istintaq təcridxanasından və ya cəzaçəkmə müəssisəsindən digərinə köçürmə; [5]

2)   ayrılıqda və ya birnəfərlik kamerada saxlama;

3)   Azərbaycan Respublikasının cinayət prosessual qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada qəti imkan tədbirini dəyişdirmə.

III fəsil

MÜDAFİƏ OLUNAN ŞƏXSLƏR BARƏSİNDƏ TƏHLÜKƏSİZLİK TƏDBİRLƏRİNİN TƏTBİQ VƏ LƏĞV EDİLMƏSİ

Maddə 17.  Təhlükəsizlik tədbirlərinin tətbiq edilməsi

Cinayət işi üzrə istintaq və ya məhkəmə icraatına kömək etmələri ilə bağlı müdafiə olunan şəxslər barəsində öldürməklə hədənin icra ediləcəyi, zor tətbiq ediləcəyi, həmin şəxslərin əmlakının məhv ediləcəyi və ya ona ziyan vurulacağı qorxusunun mövcudluğu barədə təhlükəsizliyi təmin edən orqanlar tərəfindən müəyyən edilmiş real məlumatlar təhlükəsizlik tədbirlərinin tətbiqi üçün əsasdır.

Cinayət prosesində iştirak edən şəxslərin onların müdafiəsi üçün təhlükəsizlik tədbirlərinin görülməsi barədə vəsatətlərinə və xahişlərinə cinayət prosesini həyata keçirən orqan təxirə salınmadan, lakin bu vəsatətləri aldıqdan sonra 72 saatdan gec olmayaraq baxmalıdır. Vəsatətə və ya xahişə baxılması nəticəsi ərizəçiyə dərhal bildirilməli və ona cinayət prosesini həyata keçirən orqan Tərəfindən müvafiq qərarın surəti göndərilməlidir.

Ərizəçi onun müdafiəsi üçün təhlükəsizlik tədbirlərinin görülməsi barədə vəsatətin və ya xahişin rədd edilməsinə dair qərarın surətini aldıqdan sonra beş gün müddətində məhkəməyə şikayət etməyə, yaxud vəsatətin və ya xahişin verildiyi andan yeddi gün müddətində cinayət prosesini həyata keçirən orqanın müvafiq qərarının surətini almadıqda təhlükəsizlik tədbirlərinin görülməsi üçün məhkəməyə müraciət etməyə haqlıdır[6]

Təhlükəsizlik tədbirlərinin tətbiq edilməsi və onların tətbiqinin nəticələri haqqında bu tədbirləri həyata keçirən orqan cinayət prosesini həyata keçirən orqana məlumat verir, müdafiə olunan şəxslərin təhlükəsizliyinə qorxu yaradan hallar aradan qaldırıldıqda isə təhlükəsizlik tədbirlərinin ləğvi barədə vəsatət qaldırır. [7]

Maddə 18.  Təhlükəsizlik tədbirlərinin ləğv edilməsi

Təhlükəsizlik tədbirləri aşağıdakı hallarda ləğv edilir:

1)   təhlükəsizlik tədbirinin tətbiq edilməsi müddəti keçdikdə;

2)   mövcud təhlükə aradan qalxdıqda;

3)   barəsində təhlükəsizlik tədbirləri tətbiq edilmiş şəxsin ərizəsi olduqda;

4)   yazılı surətdə xəbərdar edilməsinə baxmayaraq təhlükəsizliyi təmin edən orqanların qanuni göstərişləri mütəmadi olaraq müdafiə olunan şəxs tərəfindən yerinə yetirilmədikdə.

Yuxarıda göstərilən əsaslar olduqda müdafiə olunan şəxsə yazılı məlumat verilməklə təhlükəsizlik tədbirlərinin ləğvi haqqında əsaslandırılmış qərar qəbul edilir.

Müdafiə olunan şəxs qəbul edilmiş qərar barədə prokurorluğa və ya məhkəməyə şikayət verə bilər. Bu şikayətə dərhal baxılmalıdır. Qəbul edilmiş qərar barədə üç gün müddətində şikayət etmiş şəxsəməlumat verilməlidir.

IV fəsil

MÜDAFİƏ OLUNAN ŞƏXSLƏRİN VƏ TƏHLÜKƏSİZLİYİ TƏMİN EDƏN ORQANLARIN HÜQUQ VƏ VƏZİFƏLƏRİ

Maddə 19.  Müdafiə olunan şəxslərin hüquq və vəzifələri

Müdafiə olunan şəxslərin aşağıdakı hüquqları vardır:

1)   barəsində tətbiq ediləcək təhlükəsizlik tədbirləri haqqında məlumat almaq;

2)   barəsində təhlükəsizlik tədbirlərinin tətbiq edilməsi və ya ləğv edilməsi barədə vəsatət qaldırmaq;

3)   tətbiq edilən təhlükəsizlik tədbirlərindən başqa, bu Qanunla nəzərdə tutulan digər tədbirlərin də tətbiq edilməsini və ya tətbiq edilən tədbirlərdən hər hansı birisinin ləğv edilməsini təhlükəsizliyi təmin edən orqanlardan tələb etmək;

4)   prokurorluğa və ya məhkəməyə (hakimə) təhlükəsizlik tədbirlərini həyata keçirən vəzifəli şəxslərin qanunsuz qərarlarından və ya hərəkətlərindən şikayət vermək.

Müdafiə olunan şəxslərin aşağıdakı vəzifələri vardır:

1)   təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi şərtlərinə və təhlükəsizliyi təmin edən orqanların qanuni tələblərinə əməl etmək;

2)   ona qarşı edilən qanunsuz əməllər və ya gözlənilən hər bir təhlükə barəsində təhlükəsizliyi təmin edən orqanlara dərhal məlumat vermək;

3)   təhlükəsizliyi təmin edən orqanlar tərəfindən təhlükəsizliyin təmin edilməsi məqsədilə onun istifadəsinə verilmiş əmlakla Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada davranmaq;

4)   təhlükəsizliyi təmin edən orqanların icazəsi olmadan barəsində tətbiq edilən təhlükəsizlik tədbirləri haqqında məlumatları yaymamaq.

Maddə 20.  Təhlükəsizliyi təmin edən orqanların hüquq və vəzifələri

Təhlükəsizlik tədbirlərinin tətbiq edilməsi barədə qərar qəbul etmiş orqanların aşağıdakı hüquqları vardır:

1)   təhlükəsizlik tədbirlərinin tətbiq edilməsi əsasının müəyyən edilməsi məqsədi ilə zəruri materialları tələb etmək və izahatlar almaq;

2)   zəruri hallarda təhlükəsizlik tədbirlərini həyata keçirən orqanlardan əlavə tədbirlərin tətbiqini tələb etmək;

3)   təhlükəsizlik tədbirlərini həyata keçirən orqanlarla razılaşdırmaqla təhlükəsizlik tədbirlərini tam və ya qismən ləğv etmək.

Təhlükəsizlik tədbirlərini həyata keçirən orqanların aşağıdakı hüquqları vardır:

1)   təhlükəsizlik tədbirlərini və onların tətbiqi vasitələrini müəyyən etmək, zəruri hallarda həyata keçirilən tədbirləri dəyişdirmək və ya onlara əlavələr etmək;

2)   təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi şərtlərinin əməl olunmasını, habelə bu tədbirlərin tətbiqi ilə əlaqədar təhlükəsizliyi təmin edən orqanların vəzifəli şəxsləri tərəfindən verilən qanuni göstərişlərin yerinə yetirilməsini müdafiə olunan şəxslərdən tələb etmək;

3)   icraatında cinayət işi olan təhqiqat orqanına, müstəntiqə, prokurora, məhkəməyə (hakimə) müdafiə olunan şəxs barəsində təhlükəsizlik tədbirinin tətbiq edilməsi və ya həyata keçirilən təhlükəsizlik tədbirinin ləğvi barədə vəsatət qaldırmaq.

Təhlükəsizliyi təmin edən orqanların aşağıdakı vəzifələri vardır:

1)   müdafiə olunan şəxs barəsində edilən hər bir qanunsuz hallar haqqında məlumat olduqda həmin halların aradan qaldırılması üçün dərhal cavab tədbirləri görmək;

2)   müdafiə olunan şəxslərin həyatının, sağlamlığının, mənzilinin və əmlakının toxunulmazlığını bu Qanunla müəyyən edilmiş təhlükəsizlik tədbirlərinin tətbiq edilməsi ilə təmin etmək;

3)   təhlükəsizlik tədbirlərinin dəyişdirilməsi və ya ləğv edilməsi ilə bağlı qəbul edilmiş qərar barədə müdafiə olunan şəxsə vaxtında məlumat vermək.

V fəsil


YEKUN MÜDDƏALAR

Maddə 21.  Təhlükəsizlik tədbirlərinin tətbiq edilməsi haqqında qərarın icrasının məcburiliyi

Təhlükəsizliyi təmin edən orqanların müəssisələrə, idarələrə və təşkilatlara göndərilmiş qərarının icrası həmin orqanların vəzifəli şəxsləri üçün məcburidir.

Maddə 22.  Müdafiə olunan şəxs barəsində sosial müdafiə tədbirlərinin tətbiq edilməsi

Cinayət işi üzrə istintaqın aparılmasına və ya məhkəmə icraatına kömək etməsi ilə əlaqədar olaraq müdafiə olunan şəxs həlak olduqda, onun hər bir ailə üzvünə, habelə himayəsində olan şəxsətəhlükəsizlik tədbirlərinin tətbiqi barədə qərar qəbul etmiş orqanın qərarı ilə dövlət büdcəsinin hesabına yüz on manat miqdarında birdəfəlik müavinət ödənilir.[8]

Cinayət işi üzrə istintaqın aparılmasına və ya məhkəmə icraatına kömək etməsi ilə əlaqədar olaraq müdafiə olunan şəxs bədən xəsarəti aldıqda , əlil və ya sağlamlıq imkanları məhdud uşaq olduqda ona təhlükəsizlik tədbirlərinin tətbiqi barədə qərar qəbul etmiş orqanın qərarı ilə dövlət büdcəsinin hesabına əlli beş manat miqdarında birdəfəlik müavinət ödənilir. Yuxarıda göstərilən səbəblərdən müdafiəolunan şəxsin əmlakına dəymiş ziyan Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada ödənilməlidir.[9]

Maddə 23.  Təhlükəsizlik tədbirlərinin maliyyələşdirilməsi və maddi-texniki təminatı

Bu Qanunla nəzərdə tutulmuş təhlükəsizlik tədbirlərinin maliyyələşdirilməsi və maddi-texniki təminatı dövlət büdcəsinin, habelə yazılı formada razılıqları olduqda müdafiə olunan şəxsin öz hesabına həyata keçirilir.

Maddə 24.  Qanunun pozulmasına görə məsuliyyət

Bu Qanunun pozulmasına görə fiziki və hüquqi şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.

 

Azərbaycan Respublikasının Prezidenti  HEYDƏR ƏLİYEV

Bakı şəhəri, 11 dekabr 1998-ci il

№ 585-IQ

 

 



İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       24 may 2002-ci il tarixli 333-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 6, maddə 328)



2.       5 mart 2004-cü il tarixli 598-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 3, maddə 133)

3.       2 iyun 2008-ci il tarixli 618-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 6, maddə 462)

4.       13 iyun 2008-ci il tarixli 648-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan  Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №7, maddə 602)

 
Yüklə 78,35 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin