UŞaq hüquqlari haqqinda azərbaycan respublikasinin qanunu



Yüklə 56,49 Kb.
tarix06.03.2017
ölçüsü56,49 Kb.
#10454
UŞAQ HÜQUQLARI HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Bu Qanun Azərbaycan Respublikasının Konstitusiyasına, Uşaq


hüquqları Bəyannaməsinə, Uşaq hüquqlarına dair Konvensiyaya və
digər beynəlxalq hüquq normalarına uyğun olaraq Azərbaycan
Respublikasında uşaqların hüquqlarını və azadlıqlarını, uşaqlar
barəsində dövlət siyasətinin əsas prinsiplərini, onların
müdafiəsi sahəsində dövlət orqanlarının, digər hüquqi və fiziki
şəxslərin vəzifələrini müəyyən edir.

I FƏSİL. ÜMUMİ MÜDDƏALAR

Maddə 1. Qanunun tə'sir dairəsi

Uşaqların bu Qanunda nəzərdə tutulmuş hüquqları və vəzifələri


18 yaşına çatmamış hər bir şəxsə aid edilir.

Maddə 2. Uşaq hüquqları barəsində qanunvericilik

Uşaq hüquqları barəsində qanunvericilik bu Qanundan və
Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarından
ibarətdir. Digər normativ hüquqi aktların normaları uşaqların bu
Qanunla müəyyən edilmiş hüquq və azadlıqlarını məhdudlaşdırma
bilməz.

Maddə 3. Uşaqlar barəsində dövlət siyasəti

Uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi
və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi
tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi
formalaşmasının tə'min edilməsinə yönəldilir.
Dövlət siyasəti millli və yerli xüsusiyyətlər nəzərə
alınmaqla yaradılmış məqsədli uşaq sosial proqramları əsasında
həyata keçirilir. Bu proqramların yerinə yetirilməsində dövlət
orqanları ilə yanaşı digər hüquqi və fiziki şəxslər də iştirak
edə bilərlər.

Maddə 4. Uşaq hüquqlarını müdafiə edən orqanlar, birliklər və


təşkilatlar

Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsini


müvafiq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları,
bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı
təşkilatları tə'min etməlidirlər. Bu orqanlar, birliklər və
təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi
prinsipini əsas tutmalıdırlar.

Maddə 5. Uşaq mənafelərinin üstünlüyü

Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz
fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların
hüquqlarının tə'min olunmasına şərait yaratmalıdırlar.
Azərbaycan Respublikasının normativ hüquqi aktları və
müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və
onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə
zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran
hər hansı əqd e'tibarsızdır.

Maddə 6. Uşaqların hüquq bərabərliyi

Bütün uşaqlar bərabər hüquqlara malikdirlər. Uşaqların,
onların valideynlərinin və ya onları əvəz edən şəxslərin sosial
və əmlak vəziyyətindən, sağlamlığından, irqi və milli
mənsubiyyətindən, dilindən, təhsilindən, dinindən, siyasi
baxışlarından, yaşayış yerindən asılı olmayaraq uşaqlar
ayrı-seçkiliyə mə'ruz qala bilməzlər.Uşaqlar valideynlərinin və ya
onları əvəz edən digər şəxslərin hərəkətlərinə görə məs'uliyyət
daşımır və valideynləri ilə bağlı səbəblərə görə onların
hüquqlarının məhdudlaşdırılmasına yol verilmir.
Nikahda və ya nikahdankənar doğulmasından asılı olmayaraq
uşaqların valideynləri barəsində eyni hüquqları vardır.

Maddə 7. Uşağın nümayəndələri

Uşağın valideynləri, eləcə də övladlığa götürənlər,
qəyyumlar, himayəçilər, uşaq evlərinin müdiriyyəti uşaqların
hüquq və mənafelərini müdafiə edən nümayəndələridir.

Maddə 8. Uşağın yaşamaq və inkişaf etmək hüququ

Hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və
mə'nəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti
tə'min edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi,
sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür.

Maddə 9. Uşağın həyatı və sağlamlığının mühafizəsi hüququ

Hər bir uşağın həyat və sağlamlığının mühafizə edilməsi
hüququ vardır. Dövllət uşaqların həyatının mühafizəsi və sağlam
inkişafını tə'min edir, ekoloji təhlükəsizliyini tə'min edən
şərait yaradır, onların keyfiyyətli yeməklə, içməli təmiz su ilə
təchizi üçün müvafiq tədbirlər görür.
Alkoqol və tütün mə'mulatlarının uşaqlara satılması, habelə
onların istehsalında və satışında uşaq əməyindən istifadə
edilməsi qadağandır.

Maddə 10. Uşağın ad və vətəndaşlıq almaq hüququ

Hər bir uşaq doğulduqdan sonra Azərbaycan Respublikasının
qanunvericiliyinə uyğun olaraq qeydiyyata alınır və vətəndaşlıq
əldə edir.
Uşağa ad valideynlərinin qarşılıqlı razılığı ilə,
valideynləri olmadıqda isə qəyyumluq orqanlarının razılığı və ya
göstərişi əsasında verilir.

Maddə 11. Uşağın tərbiyə almaq hüququ

Hər bir uşağın hərtərəfli inkişaf etmək, milli və ümumbəşəri
dəyərlərə uyğun, humanizm və əxlaqi prinsiplər əsasında tərbiyə
almaq hüququ vardır.
Uşağın tərbiyəsi ailədə, məktəbdə, məktəbəqədər
və məktəbdənkənar uşaq tə'lim-tərbiyə müəssisələrində aparılır.
Dövlət uşaqların yaradıcılıq qabiliyyətinin, estetik
tərbiyəsinin inkişafı üçün müxtəlif müəssisələr yaradır, habelə
belə müəssisələrin yaradılmasında ictimai təşkilatlara köməklik
göstərir.
Zorakılıq, qəddarlıq təbliğ edən və ya erotika və
pornoqrafiya mövzusunda olan, habelə uşaqların psixi və mə'nəvi
inkişafına zərərli tə'sir göstərən filmlərin, ədəbiyyatların və
digər vəsaitlərin uşaqlar arasında yayılması və nümayişi, habelə
bunların hazırlanmasına uşaqların cəlb edilməsi qadağandır.

Maddə 12. Uşağın azadlıq və şəxsi toxunulmazlıq hüququ

Uşaq azadlıq və şəxsi toxunulmazlıq hüququna malikdir.
Müstəsna hal kimi uşağın tutulmasına, həbs edilməsinə yalnız
Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş
əsaslar mövcud olduqda yol verilə bilər. Uşaq tutulduqda və ya
həbs edidikdə bu barədə onun valideynlərinə və ya digər qanuni
nümayəndələrinə dərhal mə'lumat verilməlidir.
Uşaq, valideynləri və ya onları əvəz edən şəxslər tərəfindən
qəddar rəftara mə'ruz qaldıqda müvafiq icra hakimiyyəti və
prokurorluq orqanları, ictimai təşkilatlar vasitəsilə müdafiə
olunmaq hüququna malikdir.
İstənilən fiziki və ya hüquqi şəxs uşaqlarla qəddar rəftar
hallarını müşahidə etdikdə belə rəftarın qarşısının alınması üçün
müvafiq orqanlara müraciət edə bilər.
Valideynlərin və ya digər şəxslərin uşaqlarla qəddar rəftara
yol verməsi, onlara qarşı psixi və fiziki zor tətbiq etməsi,
uşaqların hüquqlarını pozması Azərbaycan Respublikasının
qanunvericiliyi ilə müəyyən edilmiş qaydada valideynlik
hüquqlarından məhrum edilməyə, habelə inzibati və ya cinayət
məs'uliyyətinə səbəb olur.

Maddə 13. Uşağın zəruri maddi tə'minat hüququ

Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən
edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi tə'minat
almaq hüququ vardır.

Maddə 14. Uşağın vicdan, fikir və söz azadlığı

Hər bir uşağın vicdan, fikir və söz azadlığı vardır.
Valideynlər, digər şəxslər və dövlət orqanları uşağın
vicdan, fikir və söz azadlığına hörmətlə yanaşmalıdırlar.
Uşağın səhhətinə zərərli tə'sir göstərən dini ayinlərin
icrasına cəlb edilməsi qadağandır.

Maddə 15. Uşağın mə'lumat azadlığı

Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq hər
bir uşağın əqli və fiziki inkişafı üçün zəruri olan istənilən
mə'lumatı axtarmaq, əldə etmək, ötürmək və yaymaq hüququ vardır.

Maddə 16. Uşağın əsas vəzifələri

Cəmiyyətdə davranış qaydalarına əməl etmək, Azərbaycan
Respublikasının dövlət rəmzlərinə bələd olmaq, biliklərə
yiyələnmək, özünü faydalı fəaliyyətə hazırlamaq, valideynlərə,
digər vətəndaşların hüquq və mənafelərinə, öz xalqının və başqa
xalqların ən'ənələrinə və mədəni sərvətlərinə hörmətlə yanaşmaq,
tarix və mədəniyyət abidələrini, ətraf mühiti qorumaq və
Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş
digər vəzifələri yerinə yetirmək uşağın borcudur.
Bu vəzifələrin uşaq tərəfindən dərk edilməsinə və icrasına
valideynlərin, müvafiq orqanların və təhsil müəssisələrinin
uşaqlar arasında izahat və təbliğat aparmaları yolu ilə nail
olunur.

II FƏSİL. UŞAQ VƏ AİLƏ

Maddə 17. Uşağın ailədə yaşamaq hüququ

Uşağın ailədə valideynləri ilə birgə yaşamaq, onlardan qayğı


görmək hüququ vardır. Qanunvericiliklə nəzərdə tutulmuş
hallardan başqa valideynlərin istəyinə zidd olaraq uşağı onlardan
ayırmaq qadağandır.

Maddə 18. Valideynlərindən ayrı yaşayan uşağın hüququ

Valideynlərinin hər ikisindən və ya birindən ayrı yaşayan
uşağın onları tanımaq, habelə bu ona mənfi tə'sir göstərmirsə,
valideynləri ilə ünsiyyətdə olmaq hüququ vardır.

Maddə 19. Valideynlərin hüquq və vəzifələri

Valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri
vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli
dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata
hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi,
onun maddi və mə'nəvi tələbatlarının tə'min edilməsi, hüquq və
mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.
Valideynlərin uşaqlar barəsində hüquq və vəzifələrinin həyata
keçirilməsinə dövlət orqanlarının qarışmasına yalnız qanunla
nəzərdə tutulmuş hallarda və uşağın maraqları naminə yol verilə
bilər.
Uşaqların vurduğu maddi ziyana görə onun valideynləri,
övladlığa götürənlər, qəyyumlar və ya himayəçilər Azərbaycan
Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada
məs'uliyyət daşıyırlar.

Maddə 20. Uşağın mənzil hüququ

Hər bir uşağın mənzil hüququ vardır. Uşaqların yaşadıqları
mənzil sahəsinə ailənin digər üzvləri ilə bərabər hüquqları
vardır.
Valideyn himayəsindən məhrum olmuş uşaqlar tərbiyə olunmaq
üçün dövlət uşaq müəssisəsinə, qohumlarına və ya qəyyumlara
(himayəçilərə) verildikdə əvvəl yaşamış olduqları mənzilə
hüquqlarını saxlayırlar. Bu mənzilə köçmək mümkün olmadıqda həmin
uşaqlar, habelə əvvəllər mənzil sahəsi olmayan valideyn
himayəsindən məhrum uşaqlar mənzillə növbədənkənar tə'min
edilməlidirlər. Həmin mənzillərlə əlaqədar müqavilələrin
bağlanması Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq
olaraq həyata keçirilir.

Maddə 21. Uşağın vərəsəlik və valideynlərinin əmlakı hesabına


saxlanma hüququ

Hər bir uşağın valideynlərinin, övladlığa götürülənlərin


əmlakına dair vərəsəlik, məhkəmənin qərarı ilə valideynlərdən hər
ikisi və ya biri xəbərsiz itkin düşmüş e'lan edildikdə isə
onların əmlakı hesabına saxlanmaq hüququ vardır.

III FƏSİL. UŞAQ VƏ CƏMİYYƏT

Maddə 22. Uşağın təhsil almaq hüququ

Hər bir uşağın Azərbaycan Respublikasının təhsil


qanunvericiliyinə uyğun olaraq təhsil almaq hüququ vardır.
Dövlətin təhsil sistemi uşağın şəxsiyyətinin inkişafına,
zəruri bilik və bacarıqları tam həcmdə əldə etməsinə şərait
yaratmalıdır.
Uşaqların icbari ümumi orta təhsildən yayındırılması
qadağandır.

Maddə 23. Fitri iste'dada malik uşaqlara dövlət qayğısı

Dövlət fitri iste'dada malik uşaqların erkən yaşdan üzə
çıxarılması və onların qabiliyyətinin qiymətləndirilməsi üçün
tədbirlər görür, onlar üçün adlı və xüsusi təqaüdlər müəyyən eir,
xüsusi təhsil müəssisələrinin sistemini yaradır və
maliyyələşdirir, bu sahədə beynəlxalq əlaqələri inkişaf etdirir.

Maddə 24. Uşağın əmək hüquqları

Uşaqların yaşına, səhhətinə, ümumtəhsil və peşə hazırlığı
səviyyəsinə uyğun olaraq əmək hüququ vardır.
Uşaqların əmək hüququnun yaranmasının və həyata
keçirilməsinin şərtləri Azərbaycan Respubllikasının əmək
qanunvericiliyi ilə müəyyən edilir.

Maddə 25. Uşağın istirahət hüququ

Hər bir uşağın istirahət və asudə vaxtdan istifadə etmək
hüququ vardır. Uşaq öz maraqlarına və qabiliyyətinə uyğun olaraq
məktəbdənkənar istirahət və məşğuliyyət növü seçməkdə
müstəqildir. Valideynlər (onları əvəz edən digər şəxslər) və
müvafiq dövlət orqanları uşaqların istirahət və asudə vaxtlarında
mənfi tə'sirlərə mə'ruz qalmasının qarşısını alan tədbirlər
görməlidirlər.
Dövlət uşaqların istirahət və asudə vaxtını səmərəli təşkil
etmək, mədəni həyata və yaradıcılıq fəaliyyətinə qovuşmasını
tə'min etmək məqsədilə məktəbdənkənar müəssisələrin, uşaq və
gənclər idman, mədəniyyət və sağlamlıq ocaqlarının və digər
istirahət yerlərinin geniş şəbəkəsini yaradır və inkişaf etdirir,
bu obyektlərdən pulsuz və güzəştli istifadə qaydalarını müəyyən
edir.
Xüsusi dövlət əhəmiyyətli işlərin görülməsi ilə bağlı hallar
istisna olmaqla uşaqların məktəbdənkənar istirahət və asudə
vaxtlarının təşkili ilə bağlı yerlərin ləğvi və başqa məqsədlər
üçün istifadə olunması qadağandır.

Maddə 26. Uşaqların ictimai təşkilatlarda birləşmək hüququ

Uşaqların təhsil və ya yaşayış yerlərində Azərbaycan
Respublikasının qanunvericiliyində müəyyən edilmiş qaydada
ictimai birliklər və ictimai özfəaliyyət orqanları yaratmaq və
onlarda birləşmək hüququ vardır.
Uşaqların və uşaq ictimai birliklərinin və ictimai özfəaliyyət
orqanlarının siyasi fəaliyyətə cəlb edilməsinə yol verilmir.

Maddə 27. Uşağın şərəf və ləyaqətinin müdafiəsi hüququ

Hər bir uşağın şərəf və ləyaqətini müdafiə etmək hüququ
vardır. Təhsil müəssisələrində, məktəbəqədər və məktəbdənkənar
müəssisələrdə intizam qaydaları ədalət prinsipinə əsaslanmalı,
tərbiyəedici və qarşılıqlı hörmət ruhunda olmalıdır. Uşaqların
təhqir edilməsi, şəxsiyyətlərinin alçaldılması yolverilməzdir.
Uşaqların şərəf və ləyaqətinə qəsd edilməsi Azərbaycan
Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş məs'uliyyətə
səbəb olur.

Maddə 28. Uşağın istismardan və zərərli tə'sirlərdən


mühafizəsi

Dövlət sosial, hüquqi, iqtisadi, tibbi və tərbiyəvi


vasitələrlə uşaqları istismarın bütün növlərindən, ağır, zərərli
və təhlükəli əməkdən mühafizə edir.
Uşaqlara qarşı fiziki və psixi zorakılıq, uşaqların cinsi
istismarı, onların alkoqolizmə, dilənçiliyə, qumara, fahişəliyə,
narkomaniyaya, toksikomaniyaya cəlb edilməsi, cinayətkar
məqsədlər üçün onlardan istifadə edilməsi Azərbaycan
Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş müvafiq
məs'uliyyətə səbəb olur.

Maddə 29. Uşaqlara sosial yardımlar

Dövlət uşaqlara birdəfəlik ödəmələr, aylıq müavinətlər,
kompensasiyalar formasında sosial yardımlar verir.
Ehtiyacı olan uşaqlara müvafiq icra hakimiyyəti orqanları
əlavə yardım və imtiyazlar tətbiq edə bilər.
Sosial yardımlar uşaqların mənafelərinə uyğun sərf
olunmalıdır.

IV FƏSİL. ƏLVERİŞSİZ ŞƏRAİTƏ DÜŞMÜŞ UŞAQLARIN MÜDAFİƏSİ

Maddə 30. Əlverişsiz şəraitdə yaşayan uşaqların müdafiəsi
üzrə dövlət proqramları

Dövlət hərbi əməliyyatlar, epidemiya, təbii və ekoloji


fəlakətlər zonasında yaşayan və ya onların tə'sirinə mə'ruz
qalan, habelə yetim uşaqların, natamam (valideynlərdən biri
olmayan), aztə'minatlı ailələrin uşaqlarının, şəhid uşaqlarının
müdafiəsini xüsusi proqramlar əsasında tə'min edir.

Maddə 31. Valideyn himayəsindən məhrum olmuş uşaqların


müdafiəsi tədbirləri

Valideyn himayəsindən məhrum olmuş uşaqların müdafiəsi onların


övladlığa, qəyyumluğa, himayəçiliyə, digər ailəyə verilməsi,
bunlar mümkün olmadıqda isə uşaqlara baxan müvafiq müəssisələrdə
yerləşdirilməsi üsulu ilə tə'min edilir.
Müdafiə üsulu müəyyən edilərkən uşağın etnik mənşəyi, dini və
mədəni mənsubiyyəti, dili, tərbiyəsinin varisliyi nəzərə
alınmalıdır.
Uşaq müəssisələrində saxlanan valideyn himayəsindən məhrum
olmuş uşaqlar tam dövlət tə'minatdadırlar. Onlar Azərbaycan
Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş güzəşt və
imtiyazlardan istifadə edirlər.

Maddə 32. Övladlığa götürmə

Uşağın övladlığa götürülməsinə onun mənafeyi naminə
Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş
qaydada yol verilir. Övladlığa götürən şəxs uşağın normal
inkişafı və tərbiyəsi üçün müvafiq imkanlara malik olmalıdır.
Şəxsi mənfəət əldə etmək məqsədilə uşağın övladlığa götürülməsi
qadağandır. Övladlığa götürənin sirri dövlət tərəfindən qorunur.
Azərbaycan Respublikasının vətəndaşı olan uşağın əcnəbilər
tərəfindən övladlığa götürülməsinin, habelə Azərbaycan
Respublikası vətəndaşının əcnəbi uşağı övladlığa götürməsinin
qaydaları dövlətlərarası müqavilələr və Azərbaycan
Respublikasının qanunvericiliyi ilə müəyyən edilir.

Maddə 33. İnternat müəssisələrində uşaqların saxlanmasının və


tərbiyəsinin şərtləri

Uşaq evlərində, internat tipli uşaq müəssisələrində uşaqların


tə'lim-tərbiyəsinin təşkili və keyfiyyətinə görə həmin
müəssisələrin rəhbərləri məs'uliyyət daşıyırlar.
Antipedaqoji və əxlaqsız hərəktlərə yol vermiş şəxslərin
uşaq müəssisələrində işləməsinə yol verilmir.
Uşaq evlərində və uşaq internat müəssisələrində uşaqların
hərtərəfli fiziki və mə'nəvi inkişafı, şəxsiyyətinin formalaşması
məqsədilə ailə şəraitinə yaxınlaşan zəruri maddi və
mə'nəvi-psixoloji şərait yaradılır.

Maddə 34. İnternat müəssisələri mə'zunlarının müdafiəsi

İnternat müəssisələrinin valideyn himayəsindən məhrum olmuş
mə'zunlarının hüquq və mənafelərinin müdafiəsi bu müəssisələrin
rəhbərləri və himayə orqanları tərəfindən həyata keçirilir.
Təhsilini davam etdirməyə gedən və ya işə düzələn internat
müəssisələrinin mə'zunlarının Azərbaycan Respublikasının
qanunvericiliyində müəyyən olunmuş miqdarda tə'minat almaq hüququ
vardır.
Yaşayış sahəsi olmayan mə'zunların yetkinlik yaşına çatana
qədər bu müəssisələrdə qalmasına icazə verilir.

Maddə 35. Əlil, əqli və fiziki çatışmazlıqları olan uşaqların


müdafiəsi

Əlil, əqli və ya fiziki çatışmazlıqları olan uşaqların


növbədənkənar, pulsuz və ya güzəştlə tibbi, defektoloji və
psixoloji yardım almaq hüququ vardır.
Dövlət bu uşaqların sosial və psixoloji reabilitasiyasına,
imkanlarına uyğun təhsil almalarına, peşə seçmələrinə, əməyə cəlb
olunmalarına köməklik göstərir, uşaq əlilliyinin qarşısını almaq
üçün müvafiq tədbirlər görür.

Maddə 36. Əlil uşağa qulluq edən şəxslərə verilən


güzəştlər

16 yaşınadək əlil uşağa qulluq dövrü pensiya hüququ verən iş


stajına daxil edilir və uşağa qulluq edən şəxsə Azərbaycan
Respublikasının qanunvericiliyində müəyyən edilmiş məbləğdə
müavinət ödənilir.

Maddə 37. Hərbi münaqişələr dövründə uşaqların müdafiəsi

Azərbaycan dövləti onun hərbi münaqişələrə cəlb edildiyi
ərazidə olan uşaqların müdafiəsini beynəlxalq hüquqi normalara
uyğun olaraq tə'min etməyi öz üzərinə götürür.
Hərbi idarələr döyüş əməliyyatları zonasında olan uşaqların
təhlükəsiz yerlərə köçürülməsi, onların həyatının və
sağlamlığının mühafizəsi üçün bütün mümkün imkanlardan istifadə
etməlidirlər.
15 yaşına çatmamış uşaqların hərbi əməliyyatlarda birbaşa
iştirakı qadağan edilir. Uşaqların hərbi-təhsil məktəblərinə cəlb
edilməsi qaydaları Azərbaycan Respublikasının müvafiq
qanunvericiliyi ilə müəyyən edilir.

Maddə 38. Təbii fəlakətlər, bədbəxt hadisələr və qəzalar


nəticəsində zərər çəkmiş uşaqların müdafiəsi

Dövlət təbii fəlakətlər, bədbəxt hadisə və qəzalar


nəticəsində əlverişsiz şəraitə düşmüş və ya zərər çəkmiş uşaqlara
tə'cili əvəzsiz kömək göstərir, onların təhlükəsiz yerlərə
köçürülməsi üçün tə'xirəsalınmaz tədbirlər görür.
Belə uşaqlar valideynlərini itirdikdə onlar valideyn
himayəsindən məhrum olmuş digər uşaqlar üçün nəzərdə tutulmuş
qaydada dövlət tərəfindən müdafiə olunurlar.

Maddə 39. Qaçqın və ya məcburi köçkün uşaqların müdafiəsi

Qaçqın və ya məcburi köçkün olan uşaqların müvafiq status
almaq hüququ var. Dövlət onları lazımi müdafiə və humanitar
yardımla tə'min etmək üçün tə'cili müvafiq tədbirlər görür, belə
uşaqların valideynlərinin axtarılmasını təşkil edir, bu məqsədlə
beynəlxalq təşkilatlarla əməkdaşlıq edir, qeyri-dövlət
təşkilatlarının fəaliyyətinə zəruri köməklik göstərir.

Maddə 40. İnzibati hüquq pozuntusu törətmiş uşaqların


işlərinə baxılmasının xüsusiyyətləri

İnzibati hüquq pozuntusu törətmiş uşaqların işlərinə


Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş
qaydada və orqanlar tərəfindən baxılır. Həmin uşaqlar barəsində
qərar çıxarılarkən uşağa humanist mövqedən yanaşılmalıdır.
Tənbeh tədbirləri seçilərkən işin halları, uşağın yaşı,
həyat şəraiti, səhhəti, psixi inkişafı və təhsili nəzərə
alınmalıdır.

Maddə 41. Xüsusi tərbiyə müəssisələrində olan uşaqların


hüquqları

Uşaqların xüsusi tə'lim-tərbiyə, yaxud ixtisaslaşdırılmış


tibb müəssisələrinə göndərilməsinə yalnız Azərbaycan
Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada yol
verilir.
Xüsusi tə'lim-tərbiyə və ya ixtisaslaşdırılmış tibb
müəssisələrində olan uşaqların onlarla humanist davranması,
səhhətinin mühafizəsi, zəruri təhsil və peşə hazırlığı almaq,
mə'zuniyyət, yazışma, valideynləri və qohumları ilə görüşmək
hüququ vardır.

Maddə 42. Cinayət icraatı qaydalarının uşaqlara tətbiqinin


xüsusiyyətləri

Uşaqlar barəsində istintaq hərəkətləri onların ləyaqət və


mənliyini qoruyan, yaşını və fərdi xüsusiyyətlərini nəzərə alan
xüsusi metodika əsasında aparılmalıdır. Uşaq şübhə edilən şəxs,
müttəhim qismində cəlb edildiyi və ya tutulduğu andan müdafiəçi
ilə tə'min olunur. Azərbaycan Respublikasının qanunvericiliyi ilə
müəyyən edilmiş hallarda istintaq hərəkətləri uşağın
valideynlərinin digər qanuni nümayəndələrinin və ya müəlliminin
iştirakı ilə aparılır. Uşağa psixi və fiziki tə'sir göstərmək,
onu şahid ifadəsi verməyə və ya təqsirli olmasını boynuna almağa
məcbur etmək qadağandır.
Uşağa azadlıqdan məhrumetmə cəzası tətbiq edilərkən işin
hallarından asılı olaraq azadlıqdan məhrumetmə cəzasının qanunda
nəzərdə tutulmuş aşağı həddi tə'yin edilə bilər.
Həbs və ya məhkum edilmiş uşağı onun mənafeyinin tələb etdiyi
hallardan başqa yaşlılarla bir yerdə saxlamaq qadağan edilir.
Uşaqların saxlandığı azadlıqdan məhrumetmə yerlərinin
müdiriyyəti onların vicdanlı və layiqli vətəndaş kimi yetişməsi,
müvafiq təhsil və peşə vərdişləri əldə etməsi üçün müvafiq şərait
yaratmalıdırlar.

V FƏSİL. YEKUN MÜDDƏALAR

Maddə 43. Uşaq hüquqlarına əməl edilməsi üzərində nəzarətin
və uşaq baxımsızlığına qarşı mübarizənin təşkili

Uşaq hüquqlarına əməl edilməsi üzərində nəzarətin və uşaq


baxımsızlığına qarşı mübarizənin təşkili müvafiq icra hakimiyyəti
orqanları tərəfindən həyata keçirilir.

Maddə 44. Bu Qanunun pozulmasına görə məs'uliyyət

Bu Qanunun tələblərinin pozulmasında təqsirkar olan şəxslər
Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq
məs'uliyyət daşıyırlar.

Maddə 45. Beynəlxalq müqavilələr

Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası
müqavilələrlə bu Qanun arasında ziddiyyət yaranarsa, həmin
beynəlxalq müqavilələr tətbiq edilir.

HEYDƏR ƏLİYEV


Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 19 may 1998-ci il
Yüklə 56,49 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin