Üzvi kimya fənni, onun əsas inkişaf mərhələləri və istiqamətləri. Dərs vəsaiti



Yüklə 24,17 Kb.
səhifə1/3
tarix16.06.2022
ölçüsü24,17 Kb.
#61610
növüDərs
  1   2   3
birinci sual


  1. Üzvi kimya fənni, onun əsas inkişaf mərhələləri və istiqamətləri.

Dərs vəsaiti
Üzvi kimya, üzvi maddələri və onların çevrilmələrinin qanunauyğunluqlarını öyrənən elmdir.
Tərkibi karbon elementi ilə yanaşı, digər elementlərdən (əsasən, hidrogendən, oksigendən, azotdan, kükürddən və b.) ibarət olan maddələrə üzvi birləşmələr deyilir. Lakin tərkibində karbon olan digər birləşmələr də (karbon oksidləri, karbidlər, karbonat turşusu, onun duzları və s.) vardır ki, onlar qeyri-üzvi maddələrə aid olduğundan qeyri-üzvi kimya kursunda öyrənilir. Üzvi birləşmələri havasız şəraitdə qızdırdıqda parçalanır və kömürləşir, oksigendə yandıqda isə karbon qazı əmələ gətirir. Bu əlamətlərə görə üzvi birləşmələri qeyri-üzvi birləşmələrdən fərqləndirmək olur.
Təbiətdə rast gəlinən bir sıra üzvi birləşmələr insanlara çox qədimdən məlumdur. İnsanlar min illər boyu meyvəni qıcqırtmaqla şərab əldə etmiş, sonuncunu turşutmaqla sirkə, şəkər qamışından şəkər, bitkilərdən efir yağları və boyaqlar almış, bitki və heyvan yağlarını qida kimi işlətmişlər.
Üzvi kimya sərbəst elm kimi XIX əsrin birinci yarısında meydana gəlmişdir. O dövrə qədər maddələri alınma mənbələrinə (mənşələrinə) görə mineral maddələr, bitki mənşəli maddələr, heyvan mənşəli maddələr və s. kimi qruplaşdırırdılar. Hər qrup isə ayrılıqda öyrənilirdi.
Kimyada analiz üsullarının təkmilləşməsi və inkişafı mineral maddələrdən fərqli olaraq, bitki və heyvan mənşəli maddələrin əksəriyyətinin tərkibində karbon olduğunu müəyyən etməyə imkan verdi. İsveç kimyaçısı İ.Y.Berselius həmin maddələri üzvi maddələr adladırdı, onlara aid məlumatları ümumiləşdirdi və 1827-ci ildə “Üzvi kimyadan rəhbərlik” adlı dərslik nəşr etdirdi. Lakin, bu kitabda çoxlu yanlış fikirlər və ifadələr var idi. Berseliusun dövründə üzvi maddələrin quruluşunu müəyyən etmək, təbiətdə mövcud olan maddələri süni yolla almaq mümkün hesab olunmurdu. Üzvi maddələrin varlığı xüsusi “həyati qüvvənin” təsiri ilə əlaqələndirilirdi. Həyat qüvvəsi (vitalist) nəzəriyyəsinə görə iddia edilirdi ki, üzvi maddələri süni yolla almaq mümkün deyildir. Buna əsaslanan Berselius üzvi kimyanı “həyat qüvvəsinin” təsirindən yaranan, bitki və heyvan mənşəli maddələrin kimyası kimi təsvir edirdi. Bu olduqca məhdud ideya idi. Berseliusun bu idealist nəzəriyyəsi kimyanın inkişafına ləngidici təsir göstərmişdir.
Vitalist nəzəriyyəyə ilk zərbə 1828-ci ildə vuruldu. Berseliusun şagirdi alman alimi F.Völer ammonium-sianatın suda məhlulunu qaynatmaqla süni yolla üzvi maddə olan karbamid (sidik cövhəri) aldı. Lakin vitalistlər bu kəşfi kölgə altına almaq məqsədilə iddia edirdilər ki, karbamid canlı orqanizmin öz məhsulu olduğu üçün alına bilmişdir. Völerin kəşfindən sonra kimyaçı alimlər bir sıra mövcud üzvi maddələri də sintez yolu ilə ala bildilər. 1842-ci ildə N.N.Zinin anilini, 1845-ci ildə alman kimyaçısı A.Kolbe və ingilis alimi E.Frankland asetat (sirkə) turşusunu, 1854-cü ildə fransız M.Bertlo süni yağ almağa nail oldu. Beləliklə, bu və ya digər tədqiqatlar “həyat qüvvəsi” haqqındakı vitalist nəzəriyyəni tamamilə alt-üst etdi. Alimlər belə bir nəticəyə gəldilər ki, üzvi maddələri də, qeyri-üzvi maddələr kimi müxtəlif üsullarla sintez etmək mümkündür.
Hazırda üzvi maddələrin sintezi sahəsində böyük müvəffəqiyyətlər qazanılmış və praktik əhəmiyyət kəsb edən bir sıra üzvi birləşmələr: sintetik qətranlar, kauçuklar, plastik kütlələr, boyaqlar, vitaminlər, dərmanlar, partlayıcı maddələr və s. sintez edilmişdir ki, bunlardan bir çoxuna vaxtilə üzvi birləşmələrin yeganə laboratoriyası hesab olunan canlı orqanizmlərdə və təbiətdə rast gəlinmir. Xalq təsərrüfatının elə bir sahəsi tapılmaz ki, orada sintez yolu ilə alınmış üzvi birləşmələr bu və ya digər dərəcədə istifadə edilməsin. Təkcə bunu qeyd etmək kifayətdir ki, bircə gün belə üzvi maddələrdən istifadə olunması dayandırılarsa, onda bəşəriyyət çox böyük çətinliklərə düçar olar.
Üzvi kimya sahəsində əldə edilən müvəffəqiyyətlər praktiki cəhətlə yanaşı, çox böyük nəzəri əhəmiyyətə də malikdir. O, canlı həyatın mahiyyətini və üzvi aləmin təbiətini anlamağın fəlsəfi problemi ilə bilavasitə qarşılaşır. Üzvi kimyanın tədqiqat üsulları canlı orqanizmi təşkil edən mürəkkəb birləşmələrin incə təbiətini öyrənmək və orqanizmdə gedən ayrı-ayrı prosesləri tənzimləmək imkanı yaradır. Mürəkkəb quruluşlu üzvi birləşmələrin sintezi və öyrənilməsi işi müasir şəraitdə daha böyük sürətlə inkişaf etdirilir. Üzvi kimya bioloji kimya və digər təbiət elmləri ilə əlaqəli şəkildə inkişaf edir və onun yeni-yeni sahələri yaranır.
Üzvi birləşmələrin sintezi əsasən ucuz xammal olan təbii ehtiyatlar (daş kömür, neft, koks, təbii qazlar, torf və bir sıra kənd təsərrüfat məhsulları) və onlardan alınmış yarımməhsullar əsasında aparılır.



Yüklə 24,17 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin