VƏTƏN ƏBƏDİ qoruqdur bu ölkədə təkcə ölmək havayıdır…



Yüklə 0,73 Mb.
səhifə2/10
tarix16.12.2016
ölçüsü0,73 Mb.
1   2   3   4   5   6   7   8   9   10

Gəlin, qaynana

Qəbristanda anamla yoldaşım yan-yana uyuyurlar…

Yan-yana uyuyur gəlin, qaynana,

Biri anam mənim, biri yoldaşım…

Torpaq onları da aldı qoynuna,

Əyildi qamətim, ağardı başım…
İkisi bir ildə getdi dünyadan,

Birdən hər ikisi xəyala döndü…

Getdi iki əziz, müqəddəs insan,

Ömrümün iki nur ulduzu söndü…


Deyirlər ev evə sığışar, inan,

Sığışmaz bir evə qaynana, gəlin.

Deyirlər onları başdan, binadan

Torpağı bir yerdən götütürlməyib…


Bəşəri bir dərddir gəlin, qaynana,

Necə mənasını açım mən onun?..

Eh, kimlər düşməyib onun oynuna,

Yurdlar viran qalıb hökmündən onun…


Qızlar olublar ki, günahsız, təmiz,

Yad evə köçdümü kimnə dönüblər…

Analar nə qədər anadır – əziz,

Qaynana oldumu cinə miniblər…


Yan-yana uyuyur gəlin, qaynana,

Onlar həyatda da yan-yana oldu…

Yan-yana uyuyur yoldaşım, anam,

Onlar həyatda da mehriban oldu…


Otuz il bir evdə yatıb durdular,

Otuz il bir yerdə çörək yedilər…

Nə biri birindən incik oldular,

Nə biri birinə yaman dedilər…


Nə bir yol sözləşib savaşdı onlar,

Nə aralarında sərinlik oldu…

Görənlər dedi ki, min yaşasınlar,

Bax, bu qaynanalıq, gəlinlik oldu…


Torpaq onları da aldı qoynuna,

Uçdular, getdilər bir yuxu kimi…

Yenə yan-yanadır gəlin, qaynana,

Bir vaxt torpaq üstdə olduğu kimi…




Mənə xatirə qalacaq…

Hamı çəkilib gedəcək,

Təkcə xatirən qalacaq.

Hamıdan da etibarlı,

Mənə xatirən qalacaq…
Hayqıracaq, çurğayacaq,

Varlığımı yandıracaq.

Şüşələri doğrayacaq,

Qapıları sındıracaq.


O gələcək daim dilə,

Susmaq nədir bilməyəcək.

Yaşayacaq mənim ilə

Ta ömrümün sonunadək.


Ağır günlər qovuşacaq,

Əriyəcək, bitişəcək,

Qırx da gəlib sovuşacaq,

İl də gəlib ötüşəcək.


Dövr edəcək dünya, zaman,

Güllər açılıb, solacaq.

Təkcə solub saralmayan

Sənin xatirən olacaq…


Ən çox anan dərd edəcək,

Bir də doğma bacıların.

Onlara da öyrədəcək

Həyat həsrət acıları…


Çox sağ olsun, ana-bacı,

Necə getsin axı onlar:

Hamının öz ehtiyacı,

Hamının öz qayğısı var…


Bir də dərddən nədir fayda,

Unutmaq da bir hünərdir.

Eh, unutmaq olmasaydı,

Görən insan nə edərdi?..


Unudula gedən gərək,

Unutmaqdır xilas ancaq.

Hamı çəkilib gedəcəək,

Təkcə xatirən qalacaq…


Böyüklər də, uşaqlar da,

Mənə ağıl verəcəklər:

«Hamı üçün ölüm vardır,

Bilməyirsən bunu məyər?..»


«De, bu dünya qalıb kimə,

Yaşamağın sonu budur…»

Ürək-dirək vermək, demə,

Unutmağın bir yoludur…


Beləcə günlər ötəcək,

Soyuyacaq bizim ocaq,

Hamı çəkilib gedəcək,

Təkcə xatirən qalacaq…


O soyumaq bilməyəcək,

Yer uçula, göy dağıla;

Oğullar da, gün gələcək,

Ev quracaq özlərinə…


Hərənin də zaman-zaman,

İsinəcək yurd-yuvası…

Belə qurub bunu quran,

Bunu yazan belə yazıb…


Olacaqdır hər birinin,

Can-ciyəri, uşaqları…

Kaş onları xoşbəxt görüm,

Daim yansın çıraqları…


Belədir yekun, nəticə,

Adın yaxın, özün uzaq.

Hər şey çəkilib gedəcək,

Bircə xatirən qalacaq…




Həyat-qorxunc oyun…

Bu aləmi görə-görə yaşadım,

Bu aləmi duya-duya dolandım.

Çox dərdləri gizli-gizli danışdım,

Çox odlara pünhan-pünhan qalandım…
Susa-susa bəzən dedim sözümü,

Dinə-dinə bəzən sözüm olmadı,

Bilə-bilə hərdən dartdım özümü,

Elə vaxtda ancaq özüm olmadım.


Papağı da daşımadım fors üçün,

Yox, ar üçün, namus üçün daşıdım.

Yaxşılığı eləmədim borc üçün,

Yox, yaxşılıq eləyəndə yaşadım.


Mən heç zaman düşünmədim xeyrimi,

Mən həmişə zərərimi götürdüm,

Heç vaxt reklam eləmədim şerimi,

Hər xəttini tale kimi bitirdim.


Kifirlərə baxa-baxa kor oldum,

Gözəllərə baxa-baxa göz açdım.

Birisinə xəlvət-xəlvət vuruldum,

Sonra isə aşkar-aşkar söz açdım.


Çox nadanlar çox rütbələr aldılar,

Böyükləri qılıqlayıb, tovlayıb…

Şöhrət gəldi, vurdum qulaq ardına,

Ad-san gəldi, düz kənardan qovladım…


Xalq, xalq deyib alver etdi çox gədə,

Öz nəfsini, öz xeyrini güdənlər…

«Vətən, millət», bağırmadım heç vədə,

Vətənlə də, allah, alver edərlər?!


Maşınım da, qatarım da çox idi,

Qıratlarım, düratlarım olmadı…

Günçıxandan günbatana şığıdım,

Uça-uça qanadlarım olmadı…


Hərdən fələk gülümsədi üzümə,

Nəfəs aldım qoca ərzin içində…

Öz əlimlə toy elədim özümə,

Xeyli üzdüm borcun, xərcin içində…


Ana-bacı dayaq durdu hər zaman,

Onlar uddu hər ağrımı, acımı…

Öz əlimlə dəfn elədim sonradan

Mən anamı, yoldaşımı, bacımı…


Tale isə hey atını səyirtdi,

Qamçı vurub keçdi mənim içimdən.

Bu yüklərdən şax qamətim əyildi,

Sındı çiynim bu yüklərin gücündən…


Mən beləcə ömr elədim həyatda,

Əyri yola, süni yola üymadım…

Pislərə də yaxşı oldum mən hətta,

Yamanlara yamanlığı qıymadım…


Həyat qorxunc oyun imiş, heç demə,

Hər adamın öz zamanı, vaxtı var:

Yaza-yaza saçlarıma düşdü dən,

Baxa-baxa taleyimə yağdı qar…




Sağ ola-ola

Öldün mənim üçün sağ ola-ola,

Ta sənin ölməyə ehtiyacın yox,

Yüz min allah gələ, loğman yığıla,

Nə bir dərmanın yox, nə əlacın yox…
Əbədi əlvida dedin həyata,

Məzarın sinəmdə qazıldı, qaldı…

Özünə yazılan nekroloqun da

Mənim gözlərimə yazıldı, qaldı…


Düz olar əlinlə yumsan gözünü,

Öz ayaqlarınla məzara getsən.

Daha insan sayma özün özünü,

Bir gəzər tabutsan, bir yığın ətsən.


Şairin incimə haqlı sözündən,

Bu həyat bir sınaq olub mənimçin.

Nə qədər ölən var – sağdın gözümdə,

Nə qədər sağ var ki, ölüb mənimçin…


Bu özü ölümdən betərdi, vallah,

Dünyanın qəribə işləri varmış,

Adam ola-ola itərmiş allah,

Adam dura-dura yoxa çıxarmış…






Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə