Xasiyyətnamə - Fəridə Fazil qızı Məhərrəmova
Filologiya elmləri doktoru, professor, Azərbaycan Respublikasının əməkdar müəllim, Şöhrət ordenli Yeni Azərbaycan Partiyası Qadınlar Şurasının sədri, Fəridə Fazil qızı Məhərrəmova 1990-cı ilin dekabrından Azərbaycan Dövlət Pedaqoji Kollecinin direktorudur. Həmin dövrdən indiyədək kollecə ləyaqətlə rəhbərlik edir.
Bu illərdə Fəridə xanım özünü pedaqoji aləmdə bacarıqlı və işgüzar təhsil işçisi kimi göstərmiş,vəzifəsinin icrasında təlim prosesinin təşkili və maddi-texniki bazanın genişləndirilməsinə xüsusi diqqət yetirmişdir. Rəhbərlik etdiyi tədris müəssisəsində təlim prosesinin təşkilində müntəzəm olaraq yenilikçi ideyaların tətbiqi ilə seçilmişdir.
Yeni tədris metodlarının hazırlanması, eksperimentlərin keçirilməsi, əldə edilən nəticələrin kollec daxilində və respublika orta ixtisas təhsili məktəbləri arasında yayılması sahəsində onun şəxsi təcrübəsi və təşəbbüsü pedaqoji ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir. Onun rəhbərlik etdiyi təhsil ocağı təhsil islahatlarının önündə gedir.
Pedaqoji təmayüllü orta ixtisas məktəbləri üçün bir sıra fənn proqramlarının, tədris vəsaitlərinin hazırlanması işini düzgün təşkil edir. Onun müasir tələblərə cavab verən yüksək peşəkarlıqla apardığı iş Azərbaycan Dövlət Pedaqoji Kollecinin respublikada pedaqoji təmayüllü orta ixtisas məktəbləri arasında baza müəssisəsinə, pilot məktəbinə çevrilməsinə səbəb olmuşdur.
Fəridə Məhərrəmova orta ixtisas təhsili sisteminin iş təcrübəsindən, onun təkmilləşdirilməsi yollarından bəhs edən bir çox məqalənin, eyni zamanda çoxlu sayda elmi məqalənin, on bir kitabın və orta ümumtəhsil məktəblərinin 11-ci sinifləri üçün ədəbiyyat dərsliyinin müəlliflərindən biridir.
Bacarıqlı təhsil işçisi olmaqla, Fəridə Məhərrəmova işlədiyi kollektivin dərin hörmətini qazanmış tələbkar və eyni zamanda, qayğıkeş bir rəhbər kimi tanınmışdır.
Fəridə Məhərrəmova Respublika təhsil işçiləri sırasında nüfuzlu mütəxəssisdir. O, müstəqil respublikamızın təhsil sisteminin inkişafında, ölkəmizin milli təhsil siyasətinin formalaşdırılmasında üzərinə düşən bütün vəzifələri bacarıqlı alim-pedaqoq səriştəsi ilə yerinə yetirir.Yeni təhsil qanununun hazırlanmasında da Fəridə xanımın zəhməti və fəaliyyəti olmuşdur.
Fəridə Məhərrəmovanın iş təcrübəsini, yenilikçilik və təşkilatçılıq məharətini nəzərə alaraq Təhsil Nazirliyi onu orta ixtisas təhsili sistemində aparılan islahatlar çərçivəsində təhsilin dünya standartlarına uyğun qurulması məqsədilə yaradılan yeni normativ sənədlər hazırlanması üzrə işçi qrupuna sədr təyin etmişdir. Fəridə xanım on iki kitabın, yüzdən artıq, publistik, elmi, pedaqoji məqalənin müəllimidir. O, 2004-cü ildən BDU-nun filologiya fakülrəsinin Azərbaycan ədəbiyyatı kafedrasının professoru kimi fəaliyyət göstərir.
2006-cı ildən Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunun Dissertasiya Şurasının üzvüdür.
O, 2004-cü ildən Rusiya Federasiyası Pedaqogika və Sosialogiya Akademiyasının müxbir üzvüdür.
Fəridə Məhərrəmova ölkənin ictimai həyatında da yaxından iştirak edir. Onun mənəvi-siyasi cəhətdən yetkin ziyalı sözü respublika müəllimlərinin, qadınlarının və YAP-ın qurultaylarında, nüfuzlu yığıncaqlarda həmkarları və ictimaiyyət arasında həmişə rəğbətlə qarşılanır. O, YAP Siyasi Şurasının üzvü, Yeni Azərbaycan Partiyası Qadınlar Şurasının sədridir.
Azərbaycan Pedaqoji Kollecində direktor işlədiyi illər ərzində Fəridə xanım Respublika Təhsil Nazirliyinin, Ailə,qadın, uşaq Komitəsinin Yasamal rayon İcra Hakimiyyətinin fəxri fərmanları ilə təltif edilmişdir.
Respublika Prezidentinin sərəncamı ilə ona Azərbaycan Respublikasının Əməkdar Müəllimi fəxri adı verilmiş, 2008-ci ildə “Şöhrət” ordeni ilə təltif edilmişdir.