Xəbər bülleteni №20


Manatı əvvəlki səviyyədə saxlamaq qeyri-mümkün idi



Yüklə 0,49 Mb.
səhifə2/7
tarix06.05.2017
ölçüsü0,49 Mb.
#16986
1   2   3   4   5   6   7

Manatı əvvəlki səviyyədə saxlamaq qeyri-mümkün idi

2015-ci ildə Azərbaycan iqtisadiyyatı inkişaf edib. Əlbəttə ki, əvvəlki illərdə olan inkişaf əldə edilməyib. Bu da mümkün deyildi. Çünki neftin qiyməti 3-4 dəfə aşağı düşüb. Manatın məzənnəsi devalvasiyaya uğrayıb. Bu da qaçılmaz idi. Çünki neftin qiymətinin 3-4 dəfə aşağı düşməsi imkan vermirdi ki, manatın məzənnəsi əvvəlki səviyyədə qalsın. Eyni zamanda bizim qonşu ölkələrdə də milli valyutalar 100 faiz, bəzi hallarda ondan da çox dərəcədə devalvasiyaya uğrayıb. Belə olan halda Azərbaycanda istehsal olunan məhsullar öz rəqabət qabiliyyətini itirirdi, bizim istehsalçılara çox böyük təzyiq göstərilirdi. Sadəcə olaraq manatı əvvəlki səviyyədə saxlamaq qeyri-mümkün idi. Yəni bu qaçılmaz bir addım idi. Bunun səbəbi Azərbaycandan kənarda yaranıb. Neftin qiymətinin kəskin şəkildə aşağı düşməsini mən şəxsən iqtisadi amillərlə, sırf iqtisadi amillərlə bağlaya bilmərəm. Çünki dünya iqtisadiyyatı o qədər tənəzzülə uğramayıb ki, neftin qiyməti 3-4 dəfə aşağı düşsün. Mənim fikrimcə, burada ilk növbədə siyasi amillər öz rolunu oynayıb. Kimsə kiminləsə mübarizə aparır, biz isə bundan əziyyət çəkirik. Ona görə bu da, əlbəttə ki, bizim iqtisadi vəziyyətimizə mənfi təsir göstərib. Ancaq biz çalışacağıq ki, bu məzənnənin dəyişməsi ilə bağlı mənfi fəsadların aşağı salınması üçün daha da fəal iş görək.

Buna baxmayaraq Azərbaycan iqtisadiyyatı artıb. Ümumi daxili məhsul 1 faizdən çox, sənaye istehsalı 2,4 faiz, qeyri-neft sənayesi isə 8,4 faiz artıb. Bu məni çox sevindirir. Çünki bu, son illər ərzində qeyri-neft sektorunun inkişafı deməkdir, aparılan islahatların nəticəsidir. Qeyri-neft sənayesinin 8,4 faiz artması bizim əsas göstəricimizdir.

Keçən il ölkə iqtisadiyyatına 20 milyard dollara yaxın sərmayə qoyulub. Bunun yarısı xarici sərmayədir. Bu da çox müsbət haldır. Azərbaycan xarici investorlar üçün cəlbedici ölkə kimi öz potensialını təqdim edir. Başqa iqtisadi göstəricilər də müsbət dinamikanı göstərir. Yəni 2015-ci ildə bütün bu geosiyasi və iqtisadi amilləri nəzərə alsaq, iqtisadi inkişafa nail olmaq özlüyündə böyük nailiyyətdir.



Bütün sosial proqramlar icra edilib

Keçən il bütün sosial proqramlar icra edilib. Heç bir ixtisar olmayıb. İnsanlara daha da böyük məbləğdə ünvanlı dövlət sosial yardımı verilib. Bu sahədə də islahatlar aparılıb və bu yardımı alan insanların sayı azalıb. Bunun hesabına həqiqətən bu yardıma möhtac olan ailələrə daha da böyük məbləğdə yardım verilir. Bu gün 112 min ailə, təqribən 500 minə yaxın insan hər ay dövlətdən orta hesabla 152 manat yardım alır və il ərzində verilən bu məbləğ 7 faiz artıb. Sosial infrastruktur layihələri icra edilib. Baxmayaraq ki, bizim gəlirlərimiz azalıb, ancaq bu sahəyə biz vəsaiti təşkil edə bilmişik. Altmışa yaxın tibb müəssisəsi tikilib-təmir edilib, 20-dən çox məktəb təmir edilib-tikilib və hazırda 23 məktəbdə təmir işləri aparılır. Uşaq bağçalarının tikintisi davam edir. Yəni sosial infrastruktur layihələri Dövlət İnvestisiya Proqramında nəzərdə tutulub və onlar icra edildi, bu il də icra edilməlidir.

Regionların inkişafı 2015-ci ildə sürətlə gedib. Mən dəfələrlə bölgələrdə olmuşam. Vəziyyətlə tanış olurdum, görürdüm ki, hər bir yerdə inkişaf, tərəqqi var, yeni sənaye müəssisələri açılır. Yüz mindən çox yeni iş yerləri açılıb ki, onlardan 84 mini daimi iş yeridir.

Neftdən asılılıq azalır

Biz 2016-cı ildə iqtisadi inkişaf templərini təmin etməliyik. Xüsusilə qeyri-neft sektorunun inkişafı böyük əhəmiyyət daşıyır. Son illər ərzində bu istiqamətdə böyük işlər aparılıb. Əgər biz vaxtilə qeyri-neft sektorunun inkişafı ilə məşğul olmasaydıq, bu gün iqtisadi inkişafımız o qədər də uğurlu olmazdı. İqtisadi şaxələndirmə, qeyri-neft sektorunun inkişafı 2016-cı ildə iqtisadi sahədə əsas prioritet olacaq. Əminəm ki, biz bu il ərzində bu istiqamətdə daha da böyük uğurlara nail olacağıq.

Ümumiyyətlə, ümumi daxili məhsulumuzun strukturu müsbətə doğru dəyişir, qeyri-neft sektorunun çəkisi artır. Bu, müsbət haldır. Neftdən asılılıq azalır. Ancaq biz bu asılılığı minimum səviyyəyə endirməliyik ki, gələcəkdə neftin qiymətindən asılı olmayaq. Vəzifə bundan ibarətdir. Hesab edirəm ki, biz düşünülmüş siyasət, gərgin iş nəticəsində buna nail ola biləcəyik.

Bu il biz xarici investisiyaları Azərbaycana daha böyük həcmdə cəlb etməliyik. Düzdür, bu gün dünya miqyasında xarici investisiyalar uğrunda mübarizə aparılır. Ancaq Azərbaycan xarici sərmayə üçün çox gözəl ölkədir, xarici sərmayələr qorunur. Düzdür, sərmayələr daha çox neft-qaz sektoruna qoyulur. Ancaq eyni zamanda son vaxtlar qeyri-neft sektoruna da xarici sərmayə qoyulması müşahidə olunur. Biz çalışmalıyıq ki, xarici sərmayəni ölkəmizə cəlb edək, xüsusilə qeyri-neft sektoruna. O sahələrə ki, öz növbəsində bu sahələrin inkişafı ixrac potensialımızı gücləndirəcək və idxaldan asılılığımızı azaldacaq. Hesab edirəm ki, kənd təsərrüfatı sektoruna, sənaye sektoruna, xidmət sektoruna xarici sərmayəni cəlb etmək bizim üçün daha da məqbul sayıla bilər və hökumət bu istiqamətdə ciddi iş aparmalıdır. Əvvəlki illərdə daha çox bizə olan müraciətlər əsasında xarici sərmayəni cəlb edirdik. Xarici investorlar gəlirdilər, təkliflər verirdilər, müvafiq orqanlar buna baxırdılar və ondan sonra qərar qəbul olunurdu. Ancaq indiki şəraitdə biz özümüz fəal işləməliyik. Bizim iqtisadi qurumlarımız, eyni zamanda, xaricdəki səfirliklərimiz də bu işlərə qoşulmalıdırlar, potensial investorlara Azərbaycan haqqında daha da geniş məlumat verilməlidir. Bizim imkanlarımız, artan iqtisadi inkişafımız, genişlənən daxili bazarımız, eyni zamanda regional bazarlar potensial investorlar üçün cəlbedici ola bilər. Bir sözlə, bu istiqamətdə çox ciddi iş aparılmalıdır və nəticələr olmalıdır.

Eyni zamanda yerli sahibkarlar da Azərbaycan iqtisadiyyatına daha çox sərmayə qoymalıdırlar. Son vaxtlar biz bunu görürük. Xüsusilə dövlətdən verilən güzəştli kreditlər hesabına biz bunu görürük. Əlbəttə, bu, dövlət siyasətidir. Bu kreditlər sahibkarlara verildikdə də onların qarşısında şərt qoyulur ki, sərmayəni məhz bu və ya digər sahəyə yatırsınlar. Ancaq bizim artıq geniş biznes təbəqəmiz, iş adamlarımız var. Onlar da öz sərmayələrini ölkə iqtisadiyyatına qoymalıdırlar. İlk növbədə sərmayəni iqtisadiyyatın real sektoruna — istehsal sahələrinin yaradılmasına, kənd təsərrüfatına, sənayenin inkişafına və xidmət sektoruna yatırmalıdırlar. Dövlət qurumları isə — həm mərkəzi dövlət orqanları, həm yerlərdəki icra orqanları onlar üçün bütün şəraiti yaratmalıdırlar. Onların işinə müdaxilə etməməlidirlər, əksinə, onları təşviq etməlidirlər və mütəmadi qaydada məlumat verməlidirlər ki, hər bir bölgə üzrə nə qədər investisiya qoyulub, investisiyanın mənbəyi nədir.

Valyuta ehtiyatlarını qorumalıyıq

Biz ölkəmizin valyuta ehtiyatlarını qoruyuruq və qorumalıyıq. Əvvəlki illərdə Neft Fondundan dövlət büdcəsinə böyük məbləğdə transfert olunurdu. Bunun da təbii səbəbləri var idi. Biz çalışırdıq ki, əsas infrastruktur layihələrini maksimum tez bir zamanda icra edək və buna nail ola bilmişik. Bu gün deyə bilərəm ki, Azərbaycanda əsas infrastruktur layihələri icra edilib. Elektrik enerjisi ilə bağlı generasiya güclərimiz kifayət qədər böyükdür, qazlaşdırma uğurla aparılır, içməli su layihələri, yolların tikintisi. Yəni Dövlət Neft Fondunun transfertlərinin məqsədi bundan ibarət idi ki, infrastruktur, biznesin inkişafı üçün daha yaxşı şərait yaradılsın və biz buna nail ola bilmişik. İndiki şəraitdə biz Neft Fondunun vəsaitini qorumalıyıq. Əvvəlki illərdə apardığımız siyasət davam etdirilə bilməz. Neft Fondundan dövlət büdcəsinə transfertlər bu il azalır və biz gələcəkdə də xüsusilə hər bir layihəyə, onun əhəmiyyətinə baxmalıyıq və məhz ondan sonra qərar qəbul edilməlidir.

Vergi bazası genişləndirilməlidir. Buna nail olmaq üçün kifayət qədər ehtiyatlar var. Biz qeyri-formal iqtisadi fəaliyyəti leqal müstəviyə gətirməliyik və bu istiqamətdə çox ciddi addımlar atılmalıdır. Vergi Məcəlləsinə edilmiş bir sıra dəyişikliklər artıq qüvvəyə minib və daha da gözəl imkanlar yaradır.

Gömrük rəsmiləşdirilməsi və bütün idxal-ixrac əməliyyatları tam şəffaf aparılmalıdır. İnhisarçılığa qarşı daha da ciddi mübarizə aparılmalıdır. Hesab edirəm ki, bax, biz bu üç istiqamət üzrə fəal işləsək, büdcə gəlirlərimizin məbləğini böyük dərəcədə artıra bilərik. Hesab edirəm ki, büdcəyə mövcud proqnozlardan daha çox vəsait daxil olmalıdır.

2016-cı ilin Dövlət İnvestisiya Proqramı yaxın günlərdə mənə təqdim edilməlidir. Bu proqramda əsas infrastruktur layihələri öz əksini tapacaq. Həmçinin dövlət sərmayəsi ölkəyə tez bir zamanda gəlir gətirə və idxalı əvəzləyə biləcək sahələrə qoyulmalıdır.

Maliyyə nəzarəti daha da gücləndirilməlidir. Xüsusilə Hesablama Palatasının işi daha da səmərəli şəkildə təşkil edilməlidir. Dövlət qurumlarının, dövlət şirkətlərinin xərclərinə çox ciddi nəzarət olmalıdır. Deyə bilmərəm ki, əvvəlki illərdə nəzarət lazımi səviyyədə idi. Bəzi hallarda dövlət qurumları, dövlət şirkətlərimiz lazım olmayan, səmərəsiz xərclər edirdilər. Buna son qoyulmalıdır. Burada maliyyə nəzarəti çox güclü, ciddi olmalıdır. Pozuntulara yol verən şəxslər ciddi cəzalandırılmalıdırlar.

Azərbaycanda bir neçə dövlət qurumu, dövlət şirkəti var ki, onlar ölkə iqtisadiyyatı üçün strateji əhəmiyyət daşıyır, dövlət inhisarındadır. Ancaq orada, o şirkətlərdə idarəetmə qaydaları dəyişdirilməlidir. Korporativ idarəetmə prinsipləri tətbiq edilməlidir. Dünyanın inkişaf etmiş ölkələrinin aparıcı korporasiyalarının təcrübəsi öyrənilməli və tətbiq edilməlidir. Bu şirkətlər tam şəffaf fəaliyyət göstərməlidirlər.

Biz nağd pul dövriyyəsi sferasını azaltmalıyıq. Nağdsız ödəmələr genişləndirilməlidir. Müxtəlif vasitələr var. Buna nail olmaq üçün o cümlədən fiskal təşviq mexanizmləri tətbiq edilməlidir ki, şirkətlər maraqlı olsunlar ki, nağdsız əməliyyatlar aparılsın.

Biznes mühitinin yaxşılaşdırılması istiqamətində əlavə tədbirlər görülməlidir. Ötən il çox ciddi addımlar atılıb. Lisenziyaların sayı azaldılıb. İcazələrin sayı azaldılır. Bürokratik əngəllər aradan götürülür. Bu il də bu istiqamətdə daha da ciddi işlər aparılmalıdır və biznes ictimaiyyətinin təklifləri də nəzərə alınmalıdır. Onlarla mütəmadi qaydada əlaqələr saxlanılır. Ancaq indiki şəraitdə onların fikirləri hesab edirəm ki, daha da böyük əhəmiyyət daşıya bilər. Hansı problemlər var, onların biznes fəaliyyəti üçün əngəllər nədən ibarətdir ki, bunu biz aradan götürək və biznes mühitini daha da yaxşılaşdıraq.

Sahibkarlara güzəştli kreditlərin verilməsi təmin edilməlidir. Keçən il güzəştli şərtlərlə təxminən 250 milyon manat məbləğində kreditlər verilib. Bunun böyük əksəriyyəti aqrar sektora, regionlara verilib. 5 min 240 sahibkara güzəştli kreditlər verilib. Bu il bu siyasət davam etdirilməlidir. Əlbəttə, indi bizim maliyyə imkanlarımız əvvəlki illərdəki kimi deyil, ancaq biz bu sahəyə mütləq vəsait təşkil etməliyik. Çünki bu, iqtisadiyyatın real sektoruna qoyulan sərmayədir. Bu sərmayə qoyuluşunda dövlət siyasəti tam öz əksini tapır. Çünki biz dövlət üçün lazım olan sahələri inkişaf etdirməliyik ki, idxalı əvəzləyə biləcək, ixrac qabiliyyətli məhsulları yetişdirək. Ona görə güzəştli kreditlərin məqsədyönlü şəkildə verilməsi öz müsbət rolunu oynayır. Bu ilin dövlət büdcəsində bu məqsədlər üçün ən azı keçən ilin səviyyəsində vəsait ayrılmalıdır. Nəzərə alsaq ki, verilən bu kreditlərin böyük hissəsi əvvəlcə götürülmüş və qaytarılmış kreditlər hesabına verilir, burada büdcə yükü o qədər də böyük olmayacaq. Olsa da yenə də bu çox önəmli və öz səmərəsini verən sahədir.



Bank sektorunda islahatlar aparılmalıdır

Mən bu barədə əvvəllər də öz fikirlərimi bildirmişdim. İndiki şəraitdə buna daha da böyük ehtiyac var. Özəl banklar daha çox iqtisadiyyatın real sektoruna kreditlər ayırsınlar. Dövlət özəl bankları dəstəkləyir. Ümumiyyətlə, bank sektorunda islahatlar aparılmalıdır. Bank sektorunda konsolidasiya aparılmalıdır. Özəl banklar ölkə iqtisadiyyatının inkişafında daha da fəal iştirak etməlidirlər. Əlbəttə ki, özəl banklar gəlir qazanmalıdırlar. Onlar üçün başqa alətlər bəlkə daha da cəlbedici ola bilər. Ancaq dövlət maraqları hər şeydən üstündür. Ona görə özəl banklara tövsiyə olunmalıdır ki, daha çox iqtisadiyyatın real sektoruna vəsait ayırsınlar. Bu gün də əgər onların kredit portfelinə baxsaq görərik ki, iqtisadiyyatın real sektoruna daha da çox vəsait ayrılır. Ancaq hesab edirəm ki, biz bunu, bu siyasəti daha da gücləndirməliyik. Çünki bu gün ölkə qarşısında duran əsas vəzifələr qeyri-neft sektorunun inkişafı, idxalı əvəzləyən, ixrac qabiliyyətli məhsulların istehsalıdır ki, bu məhsullar ixrac edilərək ölkəmizə valyuta gətirir. Çünki valyuta gəlirlərimiz kəskin şəkildə aşağı düşüb. Bu sahədə, əlbəttə ki, ilk növbədə kənd təsərrüfatı, emal sənayesi istiqamətinə, tikinti materialları istiqamətinə vəsait ayrılmalıdır ki, biz özümüzü bu məhsullarla daxili istehsal hesabına tam təmin edək.

İstehlak qiymətlərinə çox ciddi nəzarət etmək lazımdır. Manatın məzənnəsinin dəyişməsi ilə bağlı bəzi işbazlar qiymətləri süni şəkildə qaldırmaq istəyirlər. Əlbəttə ki, biz ərzaq məhsulları ilə bağlı müəyyən dərəcədə idxaldan asılıyıq. Hələ ki, özümüzü tam 100 faiz təmin edə bilməmişik. Ancaq o məhsullar ki, Azərbaycanda istehsal olunur, orada qiymət artımı ümumiyyətlə mümkün deyil, olmamalıdır. Ümumiyyətlə, mən bilirəm, məlumat da gəlir ki, natəmiz insanlar, işbazlar bax bu məzənnə məsələsindən sui-istifadə etmək istəyirlər. Buna son qoyulmalıdır. Süni bahalaşmaya son qoyulmalıdır və burada çox ciddi cəza tədbirləri görülməlidir. Biz sadəcə olaraq cərimələrlə kifayətlənməməliyik. Prokurorluq orqanları çox ciddi məşğul olsun. Bu vəziyyətdən öz şəxsi maraqları üçün istifadə etmək istəyənlərə qarşı çox ciddi cəza tədbirləri görülməlidir. Mətbuatda da bu, işıqlandırılmalıdır ki, buna son qoyulsun.

Bu il pensiya və əməkhaqqının qaldırılması nəzərdə tutulmalıdır. Hökumət təkliflər hazırlasın. Əlbəttə, indiki şəraitdə bunu etmək o qədər də asan məsələ deyil. Ancaq mən dəfələrlə demişəm ki, biz çox güclü sosial siyasət aparırıq. Sosial infrastrukturun yaradılması, ünvanlı dövlət sosial yardımının təmin edilməsi üçün çox ciddi addımlar atılıb. Böyük vəsait tələb edən addımlar atılıb. Ona görə pensiyaların və əmək haqlarının qaldırılması məsələsinə hökumət baxmalıdır, təkliflər verməlidir. Əlbəttə ki, dövlət büdcəsinə də düzəlişlər ediləcək, dürüstləşmə aparılacaq. Orada həm sosial təminat məsələləri və investisiya yönümlü məsələlər öz həllini tapmalıdır.



Bəzi hallarda süni şəkildə iş yerləri yaradılır

Bu il biz struktur islahatları aparmalıyıq. Buna ehtiyac var. Ümumiyyətlə, daha da çevik, operativ idarəetmə mexanizmi işlənməlidir. Bəzi hallarda bəzi qurumlar bir-birinin fəaliyyətini təkrarlayırlar. Buna yol vermək olmaz.

Struktur islahatları mütləq aparılmalıdır. Bəzi hallarda süni şəkildə iş yerləri yaradılır. Misal üçün, insanlar işləmirlər, amma onlara maaş yazılır. Sonra o maaş onun-bunun cibinə gedir. Bu hallara son qoyulmalıdır. Ona görə çox ciddi maliyyə nəzarəti, ictimai nəzarət, dövlət nəzarəti olmalıdır. Buna son qoyulmalıdır. Lazım olmayan qurumlar ləğv edilməlidir və bu istiqamətdə yaxın gələcəkdə addımlar atılacaq.

Dollar bir az da bahalaşdı

12.01.2016

dollar 01Yanvarın 12-də Mərkəzi Bank 1 dolların məzənnəsini ötən gün müəyyən olunmuş 1,5642 manatdan 1,5685 manata qaldırıb. Avro isə cüzi zəifləyib. Transparency.az bildirir ki, Mərkəzi Bank 1 avronun rəsmi kursunu 1,7072 manatdan 1,7069 manata salıb.

Neft üzüaşağı gedir

12.01.2016

neft 1Dünya birjalarında neftin 12 yanvar qiymətləri açıqlanıb. Nyu-Yorkun NYMEX birjasında “Layt” markalı neftin bir barreli 1,91 dollar ucuzlaşaraq 30,59 dollar, Londonun İCE birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 2,14 dollar azalaraq 30,67 dollar olub.

“AzəriLayt” markalı neftin bir barreli 1,19 dollar ucuzlaşaraq 32,81 dollara düşüb.

Xəbəri AZƏRTAC yayıb.

“Günəşli”də itkin düşmüş mexanikin meyiti tapılıb

12.01.2016

deniz 01Azərbaycana məxsus “Cabbar Həşimov” gəmisi yanvarın 11-i Türkmənistan sahillərindən 55 kilometr uzaqlıqda kişi meyiti aşkar edib. Dərhal yaxınlıqda olan Türkmənistana məxsus “Caspian Rovşan” gəmisinə məlumat ötürülüb və meyit gəminin göyərtəsinə qaldırılaraq Türkmənbaşı dəniz limanına aparılıb.

Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, meyitin şəxsiyyəti müəyyənləşdirilib. Məlum olub ki, bu, “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində itkin düşən 1958-ci il təvəllüdlü mexanik Qasımov Mübariz Dilqəm oğlunun meyitidir.

2015-ci il dekabrın 4-də 10 saylı dərin dəniz özülündə sualtı qaz xəttinin dayaq borusu qırılıb, nəticədə boru kəməri zədələnib və şiddətli yanğın baş verib. Özüldəki 63 işçidən 30-u itkin düşüb. İndiyədək 11 nəfərin meyiti tapılıb.

Həmin gün “Neft daşları”ndakı 501 nömrəli özüldə də faciə baş verib. Güclü tufan nəticəsində dalğalar estakada döşəməsini üstündəki yaşayış köşkü ilə birlikdə dənizə atıb. Köşkdəki 3 nəfər itkin düşüb.

Vergilər Nazirliyi reydlərlə bağlı məlumat yayıb

12.01.2016



vn 1
Vergilər Nazirliyi aksiz markaları ilə markalanmalı olan malların dövriyyəsinə nəzarət reydləri keçirir. Analitik-informasiya şöbəsinin rəsmi məlumatına görə, 6-8 yanvarda Vergilər Nazirliyi Bakı şəhəri də daxil olmaqla bütün rayon və şəhərlərdə vergi nəzarəti tədbirləri keçirib, ümumilikdə 145 vergi ödəyicisində, o cümlədən “Ameqo” MMC topdansatış bazası, “Sonalar Sonası” şadlıq evi, “Favorit” marketində bir sıra qanun pozuntuları aşkar edib: “Keçirilmiş tədbirlər zamanı 84 vergi ödəyicisinin aksizli malları az miqdarda nağd qaydada satdığı müəyyən edilib, barələrində 8 400 manat məbləğində inzibati cərimə tətbiq olunub.

47 vergi ödəyicisi üzrə mal qalığının yoxlanılması zamanı 234 752,8 manat dəyərində 57 542 ədəd alkoqollu içkilər və tütün məmulatlarının əldə edilməsini (alınmasını) və dəyərinin nağdsız qaydada ödənilməsini təsdiqləyən sənədlər təqdim olunmadığından onlar götürülərək məsul saxlamaya verilib və toplanmış materiallar Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinə göndərilib.

Bakının Nəsimi rayonunda “NAİQİN-K TOVUZ BALTİYA” MMC-yə məxsus “Tovuz Konyak” evində əməliyyat tədbiri keçirilib, külli miqdarda spirtli içkilərin nağd qaydada satışının həyata keçirildiyi müəyyən edildiyindən məsələ ilə bağlı cinayət işi başlanıb”.

Ekspert hökumətə yol da göstərdi, maliyyə mənbəyi də

12.01.2016

vuqar bayramovMərkəzi Bank dollarla olan kreditlər üçün kompensasiya ödəyə bilər. Transparency.az-ın məlumatına görə, iqtisadçı ekspert Vüqar Bayramov bu yöndə təklif verib. Ekspert ölkənin kredit portfelini təhlil edərək bildirir ki, manatla əməkhaqqı alan vətəndaşın bu yükə dözməsi elə də asan deyil: “Azərbaycanda bütün valyuta növləri daxil olmaqla ümumi kredit portfelinin dəyəri 19 milyard 744 milyon manat, xarici valyutada olan kreditlərin cəmi isə 7 milyard 477 milyon dollardır. Bu o deməkdir ki, dollarla olan kreditlər ikinci devalvasiyadan öncə milli valyuta ifadəsində 7 milyard 851 milyon manat idi, hazırda rəsmi məzənnə ilə 11 milyard 664 milyon manatadək yüksəlib. İkinci devalvasiyadan sonra vətəndaşlar və iş adamları banklara əlavə olaraq 3 milyard 813 milyon manat vəsait ödəməlidir. Mərkəzi Bankı kompensasiya verməsə, vətəndaşlar və biznes subyektləri daxil olmaqla kredit borcu olanların bu fərqi örtməsi çətindir. Qazaxıstanda olduğu kimi ən azı istehlak kreditləri, yəni əhalinin götürdüyü kreditlər üzrə fərq tam kompensasiya edilməlidir.

İkinci devalvasiyadan öncə banklarda olan əmanətlərin həcmi 7 milyard 89 milyon manat idi. Bunun cəmi 20 faizi, yəni 1 milyard 417 milyon manatı milli valyutada saxlanırdı. Deməli, banklarda xarici valyuta ilə olan əmanətlərin məbləği təxminən 5 milyard 401 milyon dollar idi. Qeyd oluna bilər ki, xarici valyutada saxlanan əmanətlər də manat ifadəsində artıb. Amma etiraf etmək lazımdır ki, istehlak krediti götürən vətəndaşların çoxunun banklarda əmanətləri yoxdur və son devalvasiya sadəcə onların kredit borclarını artırıb”.

Ekspert dollarla olan kreditlərdəki fərqi kompensasiya etmək üçün Dövlət Neft Fondunu mənbə göstərir. Vüqar Bayramov yazır ki, bu imkan ikinci devalvasiyadan sonra fondun xərclərinin azalması hesabına yaranır: “Dövlət Neft Fondunun bu il üçün xərcləri 8 milyard 181 milyon manatdır. Gəlirlər dollarla, xərclər isə manatladır. Əgər ikinci devalvasiya olmasaydı, fond bazarda 7 milyard 791 milyon dollar satıb büdcə öhdəliklərini yerinə yetirməli idi. Hazırda isə cəmi 5 milyard 244 milyon dollar xərcləməli olacaq. Deməli, ikinci devalvasiyadan sonra fond 2 milyard 547 milyon dollara qənaət edəcək. Bu isə Mərkəzi Bankın rəsmi məzənnəsi ilə 3 milyard 973 milyon manat qənaət deməkdir. Bu qənaət dollarla olan istehlak kreditləri üzrə fərqi kompensasiya etməyə imkan verir.

Problemli kreditlərin həcminin artmaması, bank sektorunun son devalvasiyadan ciddi zərərlə çıxmaması və ən əsası, əhalinin ödəmə qabiliyyətinin zəifləməməsi üçün Mərkəzi Bankın kompensasiya ödəməsi olduqca vacibdir. Kompensasiya ilə manatın sonuncu dəyərsizləşməsinin neqativ təsirlərini ciddi şəkildə aradan qaldırmaq olar”.

“Yeni Müsavat” dövriliyini azaldır, kənar müəlliflərlə üzülüşür

12.01.2016



rauf arifoglu 1“Yeni Müsavat”ın baş redaktoru Rauf Arifoğlu qəzetin 12 yanvar sayına açıqlamasında manatın devalvasiyası fonunda redaksiyanın ağır duruma düşdüyünü deyib: “Ölkədə yaranmış vəziyyət yazılı mətbuatın onsuz da böhranlı olan durumunu daha da kritikləşdirib. Üzləşdiyimiz hal Azərbaycanın çap mediasız qala biləcəyinin siqnallarını verir. Heç bir strateji qaynaq yoxdur ki, nəinki inkişaf edə bilək, ümumiyyətlə mövcudluğu davam etdirək. Strateji qaynaq adlandıra biləcəyimiz Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondundan stabil aldığımız dəstəkdir. Lakin keçən il bu zamanlarla müqayisə olunanda bizim KİVDF-dən layihə əsasında aldığımız dəstək 103 faiz kiçilib. “Yeni Müsavat” il ərzində KİVDF-dən 120 min manat alır. Keçən il bu zamanlar, yanvarın 12-də 120 min manat 150 min dolların ekvivalenti idi. Bu gün isə həmin məbləğ 80 min dollar məbləğində alıcılıq qabiliyyətinə malikdir. Bu kiçilmə media quruluşu, xəbər istehsalçısı olaraq bizi də kiçildib”.

Azərbaycan jurnalistlərini ölkənin kasıb təbəqəsi adlandıran baş redaktor onların öz zəhmətləri və yazıları hesabına redaksiyalardan o qədər də yüksək olmayan qonorar aldıqlarını, bununla da ölkənin maliyyə-bank sisteminin imkan verdiyi qədər özlərinə həyat qurduqlarını vurğulayıb: “Müəyyən kreditlər almışdılar, ipotekalara girmişdilər. Elə jurnalist vardı ki, bir neçə bankdan borc götürərək ev, maşın, eləcə də evinə başqa əşyalar almışdı. İş yerindən aldığı məvacib hesabına onların ödənişi ilə məşğul idi. Amma devalvasiya bütün bu planları da alt-üst etdi. Jurnalistlərin artıq yaradıcılıq haqda düşünəcək halları qalmayıb. Çünki 2015-ci il ərzində, fevral və dekabr aylarında, onların həyatını dəyişəcək devalvasiyalar baş verdi. Ona görə də onların aldığı məvacib ödədikləri kreditə ekvivalent deyil və çox kritik vəziyyətə düşüblər”.

Baş redaktorun sözlərinə görə, son nəticədə həm satışdan, həm də reklamdan gələn cüzi gəlir ikiqat azaldığı üçün “Yeni Müsavat”da kritik vəziyyət yaranıb: “İndiki zamanda biz dövriliyi azaldırıq. Əvvəl həftədə 7 dəfə nəşr olunurduqsa, hazırda 6 dəfə nəşr olunuruq. Gələn ayın 1-dən 5 dəfəyə keçmək məcburiyyətindəyik. Eyni zamanda kənar müəlliflərlə vidalaşmağa qərar vermişik, çünki onlara qonorar ödəmək imkanımız yoxdur. Öncə illərini qəzetə vermiş yazar və əməkdaşlarımızı düşünmək zorundayıq. Eyni zamanda da qəzetin qiymətini 10 qəpik qaldırma siyasətinə getmişik”.


Yüklə 0,49 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin