Xəbər bülleteni №20



Yüklə 0,49 Mb.
səhifə7/7
tarix06.05.2017
ölçüsü0,49 Mb.
1   2   3   4   5   6   7

Bu il Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə fermerlərə, iş adamlarına ən azı 250 milyon manat güzəştli kredit veriləcək. Onların da vəsaitlərini nəzərə alsaq, iqtisadiyyatın real sektoruna, o cümlədən regionlarda qoyulacaq investisiyaların həcmi təqribən 1 milyard manata yaxın olmalıdır. İqtisadiyyat Nazirliyi 1 milyard 500 milyon manat həcmində investisiya layihələrini tərtib edib, hazırlayıb. Bu layihələr tezliklə icra edilməlidir. Hesab edirəm ki, Azərbaycanın iş adamları ilk növbədə Azərbaycana sərmayə qoymalıdırlar ki, bu sahədə biz qısa müddət – bir-iki il ərzində öz ehtiyaclarımızı tam bağlaya bilək. Vəzifə bundan ibarətdir”.

Mərkəzi Bank manatı yenə ucuzlaşdırdı

19.01.2016

amb 1Yanvarın 19-da Mərkəzi Bank manatın məzənnəsini yenə aşağı salıb. Transparency.az bildirir ki, rəsmi kursla 100 dollar 158 manat 70 qəpikdən 160 manat 28 qəpiyə qalxıb. 100 avronun rəsmi qiyməti isə 173 manat 93 qəpikdən 174 manat 51 qəpiyə yüksəlib.

2015-ci ildə Azərbaycan manatı iki dəfə devalvasiyaya uğrayaraq dollar qarşısında xeyli ucuzlaşıb. 21 fevral devalvasiyası zamanı manatın dollara rəsmi məzənnəsi 78 qəpikdən 1 manat 5 qəpiyə qaldırılıb, Mərkəzi Bankın 21 dekabr qərarı ilə isə manat üzə məzənnə rejiminə keçirilib və dollar qarşısında rəsmi kurs 1 manat 55 qəpiyə qalxıb.

Prokurorluq yeni həbslər aparıb

19.01.2016



bash prokurorluqBaş Prokurorluğun məlumatına görə, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin araşdırması zamanı Bakıda fəaliyyət göstərən “Fazil” firmasının istehsal etdiyi “Rossiyskoye №40” və “Rossiyskoye №10” kombinə edilmiş xüsusi yağ nümunələrinin etiketində qeyd olunan məhsullarda süd yağının miqdarının müvafiq olaraq 40% və 10% göstərildiyi halda bu göstəricilərin dəfələrlə az, yəni müvafiq olaraq 0,49% və 1,22% olması müəyyən edilib: “Toplanmış materiallar Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə göndərilib. Araşdırma zamanı fakta görə Cinayət Məcəlləsinin 200.1 (istehlakçıları aldatma və ya pis keyfiyyətli məhsul istehsal etmə və satma), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb, “Fazil” firmasının direktoru Tahir Sadıxov şübhəli şəxs qismində saxlanıb. Hazırda qeyd olunan cinayətin törədilməsində iştirak etmiş digər təqsirkar şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir”.

Başqa bir məlumata əsasən, “Giləzi Quşçuluq” Məhdud Məsuliyyətli Cəmiyyətinin satış üzrə direktoru Elçin Əliyevin 1 qutu (360 ədəd) yumurtanın qiymətini 41 manatdan 56 manat 60 qəpiyə qaldıraraq çox sayda təsərrüfat subyektlərinə və fiziki şəxslərə ümumilikdə 211 min 790 manat artıq qiymətə, “Hacıqabul Quşçuluq Şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyətinin satış üzrə meneceri Amid Babaşovun isə 1 qutu yumurtanın qiymətini 41 manatdan 56 manat 50 qəpiyə qaldıraraq ümumilikdə 141 min 63 manat artıq qiymətə satışını apardığı üzə çıxıb: “Giləzi Quşçuluq” MMC-nin direktoru Elvin Eminov, cəmiyyətin satış üzrə direktoru Elçin Əliyev və “Hacıqabul Quşçuluq Şirkəti” MMC-nin satış üzrə meneceri Amid Babaşov Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 200.2.3-cü (külli miqdarda ziyan vurmaqla istehlakçıları aldatma və ya pis keyfiyyətli məhsul istehsal etmə və satma) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib. Elçin Əliyev və Amid Babaşov barəsində məhkəmənin qərarı ilə həbs, Elvin Eminov barəsində isə polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilib”.

Azərbaycan nefti 30 dollardan aşağı düşdü

19.01.2016



neft 1Dünya birjalarında neft yenə ucuzlaşıb. Nyu-York birjasında “Layt” markalı neftin bir barrelinin qiyməti 0,30 dollar azalaraq 29,12 dollar, Londonun İCE birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,39 dollar düşərək 28,55 dollar olub.

“AzəriLayt” markalı neftin bir barreli isə 0,82 dollar ucuzlaşaraq 29,91 dollara düşüb.

Xəbəri yanvarın 19-da AZƏRTAC yayıb.

Dövlət komitəsində illik hesabat müşavirəsi

19.01.2016

Əmlak Məsələləri Dövlət Komitəsində 2015-ci il ərzində görülmüş işlər və qarşıda duran vəzifələrə dair geniş müşavirə keçirilib. Rəsmi məlumata görə, komitə sədri Kərəm Həsənov çıxışında deyib ki, ötən il mülkiyyət hüquqlarının tənzimlənməsində vahid idarəçiliyin təmin edilməsi məqsədilə qeydiyyat prosesində “bir pəncərə” prinsipinin tətbiqinə başlanıb: “Artıq daşınmaz əmlakın qeydiyyatı və torpaq idarəçiliyi ilə bağlı bütün hüquqi əməliyyatlar bir ünvanda – Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin müvafiq ərazi idarələrində aparılır. Bu isə sənədləşdirmə prosesində optimallıq, çeviklik və rahatlığın kifayət qədər artmasını təmin edib”.

Kərəm Həsənov qeyd edib ki, torpaqların vahid elektron informasiya sisteminin yaradılması ölkə üzrə bir mərkəzdən torpaqların idarə olunması, mühafizəsi, istifadəsi üzrə kompleks tədbirləri həyata keçirməyə imkan yaradacaq: “Azərbaycanın kadastr tarixində ilk dəfə olaraq Bakı şəhərinin mükəmməl elektron kadastr məlumat bazası yaradılıb. Elektron kadastr məlumat bazasında parsel-torpaq sahəsi haqqında bütün məlumatlar əks olunub.

Gəncə və Şəki şəhərlərində icra olunan “Kadastr və daşınmaz əmlakın qeydiyyatı” layihəsinin bu il yekunlaşması nəzərdə tutulur. Komitənin kadastr fəaliyyəti ilə bağlı hədəfi 2020-ci ilədək ölkə ərazisindəki bütün torpaqların elektron kadastr uçotu sisteminin yaradılmasından ibarətdir”.

Müşavirədə qeyd olunub ki, daşınmaz əmlakın qeydiyyatında çeviklik və müasirliyin artırılması məqsədilə ötən il 3 SMS xidmət istifadəyə verilib: “Ümumilikdə isə komitənin fəaliyyət istiqamətləri üzrə göstərdiyi 31 elektron xidmət vasitəsilə hüquqi və fiziki şəxslərdən 300 minə yaxın elektron müraciət daxil olub və icra edilib. Eyni zamanda komitənin 2 onlayn xidməti də vətəndaşların istifadəsindədir.

Qeydiyyat sahəsində komitənin sosial tədbiri olan və paralel olaraq paytaxt və regionlarda hər ay keçirilən “Kütləvi çıxarış” kampaniyası da qeydiyyat sahəsində xidmətlərin vətəndaşların birbaşa ünvanlarında göstərilməsi ilə əlçatanlığın daha da artırılmasını təmin edib. Kampaniya çərçivəsində 6000-dən çox vətəndaşın mülkiyyət sənədləri dövlət reyestrindən çıxarışlarla əvəz edilib. 2015-ci ildə kampaniya respublikanın 16 şəhər və ya rayonunda keçirilib. Daşınmaz əmlakın qeydiyyatı sahəsində fəaliyyət göstərən mobil ofis xidmətləri vasitəsilə isə respublika üzrə vətəndaşlardan 86 mindən çox müraciət qəbul edilib”.

Müşavirədə fəaliyyət sahələri üzrə ötən il qeydə alınmış bəzi statistik göstəricilər barədə məlumat verilib. Bildirilib ki, 2015-ci ilin yanvar-dekabr aylarında 685 kiçik dövlət müəssisə və obyekti, yarımçıq tikililər və nəqliyyat vasitələri, 456 müəssisə və obyektin yerləşdiyi torpaq sahəsi, keçirilmiş 50 pul hərracında 20 səhmdar cəmiyyətin səhmləri özəlləşdirilib. Ötən dövr ərzində 464 qeyri-yaşayış sahəsi və 298 torpaq sahəsi icarəyə verilib. Hesabat dövründə 5 dövlət müəssisəsi investisiya müsabiqəsi vasitəsi ilə özəlləşdirilib.

Hesabata görə, dövlət mülkiyyətində olan torpaq sahələrinin səmərəli istifadəsinə nəzarət, torpaqlardan əsassız və qeyri-qanuni istifadə hallarının, torpaq qanunvericiliyinə zidd özbaşına tikintilərin qarşısının alınması məqsədilə mütəmadi olaraq monitorinqlər aparılıb: “156 fiziki və hüquqi şəxs barəsində inzibati protokol tərtib edilərək icraata götürülüb, 153 min manata yaxın cərimə tətbiq olunub”.



emlak 1

emlak 2

Parlamentin iclası gedir

19.01.2016

mm 1
Yanvarın 19-da Milli Məclisin növbədənkənar iclası keçirilir. AZƏRTAC xəbər verir ki, Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə birinci zərfə daxil olan qanun layihələri barədə belə deyib: “Bizə təqdim edilən zərfə daxil olan qanun layihələri sistemli təhlilin nəticəsidir. “Əmanətlərin sığortalanması haqqında” qanun bir neçə il əvvəl Milli Məclisə təqdim edilib. Yeni daxil olunmuş layihədə bu qanuna dəyişiklik edilməsi nəzərdə tutulur. Əvvəllər 500 manata qədər olan hissədən başqa qalan hissədən faizlər tutulurdu. Yeni qanun layihəsinə əsasən isə əmanətlərə görə olan dividendlərdən heç bir faiz tutulmayacaq.

Əmanətlərin Sığortalanması Fondunun daha da təkmilləşdirilməsi, bankların şəraitinin yaxşılaşdırılması ilə bağlı maddələr də nəzərdə tutulub. Çətinliklər olanda onların sığortalanması məsələsini də hökumət öz üzərinə götürür.

Həmçinin “Əmanətlərin tam sığortalanması haqqında” yeni qanun layihəsi də Milli Məclisə təqdim olunub. Bu qanun imkan verəcək ki, insanlar heç bir narahatlıq hiss etmədən əmanətlərinə sahib olsunlar və gələcəkdə ondan daha rahat istifadə etsinlər”.

Komitə sədri qeyd edib ki, Vergi Məcəlləsinə nəzərdən tutulan dəyişikliklər Azərbaycana investisiya axınının təmin edilməsinə, yeni iqtisadi sahələrin, real sektorun yaradılmasına yönəldilib.

Müzakirələr davam etdirilir.

Əmanətləri tam sığortalayan qanun qəbul edildi

19.01.2016

mm
Parlamentin 19 yanvar iclasında “Əmanətlərin tam sığortalanması haqqında” qanun qəbul edilib. Transparency.az bildirir ki, qanunun 3-cü maddəsinə görə, faizləri Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasında əmanətlər üzrə müəyyən edilmiş illik faiz dərəcəsi həddində olan bütün qorunan əmanətlər məbləğindən asılı olmayaraq 3 il müddətində tam sığortalanır.

4-cü maddədə qeyd olunur ki, qorunan əmanətçilərin əmanətləri üzrə illik faiz dərəcələri Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının müəyyən etdiyi illik faiz dərəcəsi həddindən yuxarı olduqda, həmin əmanətçilər əmanətləri üzrə tam sığorta təminatı əldə etmək istədikdə onların müraciəti əsasında müddəti qurtarmamış əmanət müqavilələrində qanunun 3-cü maddəsinə uyğun olaraq müvafiq dəyişikliklər edilməlidir. Müddəti qurtarmamış əmanət müqavilələrində dəyişikliklər edildikdə dəyişikliklər edildiyi günə qüvvədə olan müqavilənin şərtlərinə uyğun olaraq faizlər tam məbləğdə hesablanıb ödənilir.

Əmanətlərin Sığortalanması Fondunun iştirakçı banklarında sığorta hadisəsi baş verdikdə sığortalanmamış əmanətlər üzrə kompensasiyalar “Əmanətlərin sığortalanması haqqında” qanuna müvafiq qaydada ödənilir.

Növbədənkənar iclas yeniliklərə səs verdi

19.01.2016

parlament 1
Yanvarın 19-u Milli Məclisin növbədənkənar iclasında deputatlar Vergi, İnzibati Xətalar məcəllələrində, “Əmanətlərin sığortalanması haqqında”, “Valyuta tənzimi haqqında”, “Dövlət satınalmaları haqqında”, “Gömrük tarifi haqqında” qanunlarda dəyişikliklər edilməsi barədə layihələri də nəzərdən keçiriblər.

“Əmanətlərin sığortalanması haqqında” qanunda yeniliyə əsasən, əmanətlərə görə olan dividendlərdən heç bir faiz tutulmayacaq.

Vergi Məcəlləsinin 102-ci maddəsinə edilən dəyişikliklərə əsasən, fevralın 1-dən etibarən üç il müddətində yerli və xarici bankın Azərbaycanda fəaliyyət göstərən filialı tərəfindən fiziki şəxslərin əmanəti üzrə ödənilən illik faiz gəlirləri, habelə emitet tərəfindən investisiya qiymətli kağızlar üzrə ödənilən dividend diskont (istiqrazların nominallığından aşağı yerləşdirilməsi nəticəsində yaranmış fərq) və faiz gəlirləri vergidən azad edilir.

Vergi Məcəlləsində daha bir dəyişikliyə əsasən, investisiya təşviqi sənədini almış hüquqi şəxs və fərdi sahibkar həmin sənədi aldığı andan mülkiyyətində və ya istifadəsində olan müvafiq torpaqlara görə 7 il müddətinə torpaq vergisini ödəməkdən azaddır.

“Valyuta tənzimi haqqında” qanuna edilən dəyişikliklərə görə, bank materiallarının Azərbaycana gətirilməsi və Azərbaycandan çıxarılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə razılaşdırılmaqla müəyyən edilir. Rezident və qeyri-rezident fiziki və hüquqi şəxs (dövlətin tam mülkiyyətində olan, habelə kapitalından dövlətin iştirak payı 50 faizdən çox olan müəssisə və təşkilatlar istisna olmaqla) birbaşa investisiya əməliyyatı üzrə əməliyyatın məbləğinin 20 faizi miqdarında icbari yığımı tam məbləğdə dövlət büdcəsinə ödəməklə Azərbaycandan kənara xarici valyutanı köçürə bilər.

İnzibati Xətalar Məcəlləsində dəyişikliyə əsasən, ödəniş kartı ilə qanunda nəzərdə tutulan hallarda aparılan valyuta əməliyyatları üzrə icbari yığımın ödənilməməsinə görə fiziki və hüquqi şəxslər ödənilməmiş məbləğin yüz faizi miqdarında cərimə edilir.

“Dövlət satınalmaları haqqında” qanunda düzəlişə əsasən, satınalan təşkilat tender təkliflərini qiymətləndirərkən və müqayisə edərkən tenderin əsas şərtlər toplusunda müəyyənləşdirilən keyfiyyət tələblərinə cavab verən yerli mallar (işlər və xidmətlər) üzrə tender təkliflərinin xeyrinə xaricdən idxal olunan eyni malların təklif edilən qiymətinin 20 faizinə qədər həcmində güzəştli düzəliş tətbiq edilir.

“Gömrük tarifi haqqında” qanunda dəyişikliklər də qəbul edilib.

Xəbəri AZƏRTAC yayıb.

Maaşlar, sosial müavinətlər və müharibə əlillərinə verilən prezident təqaüdü artırıldı

19.01.2016

Yanvarın 19-da prezident İlham Əliyev Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyi Daxili Qoşunlar Baş İdarəsinin, Xüsusi Dövlət Mühafizə Xidmətinin hərbi qulluqçularının və bu qurumlarda çalışan, dövlət qulluqçusu olmayan mülki işçilərin, eyni zamanda dövlət büdcəsindən maliyyələşdirilən kənd təsərrüfatı, meşə təsərrüfatı, meliorasiya və su təsərrüfatı, ətraf mühitin mühafizəsi, hidrometeorologiya və balıqartırma sahələrində çalışan işçilərin aylıq maaşlarının fevralın 1-dən 10 faiz artırılması haqda sərəncamlar imzalayıb.

Dövlət başçısının digər sərəncamları ilə sosial müavinətlərin məbləği 10 faiz artırılıb, müharibə əlillərinə verilən prezident təqaüdünün məbləği isə I qrup əlillərə 165 manat, II qrup əlillərə 143 manat, III qrup əlillərə 110 manat həcmində müəyyənləşib.

2015-ci il üzrə makroiqtisadi göstəricilər



19.01.2016

statistika_komitesi_2015-ci il üzrə makroiqtisadi göstəricilər açıqlanıb (Tam hesabat). Transparency.az Dövlət Statistika Komitəsinə istinadla bildirir ki, 2015-ci ildə ölkədə fəaliyyət göstərən müəssisə, təşkilat və fiziki şəxslər 54,4 milyard manatlıq və ya 2014-cü illə müqayisədə 1,1 faiz çox ümumi daxili məhsul istehsal edib.

Əlavə dəyərin 33,9 faizi sənayedə, 12,1 faizi tikintidə, 10 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri, 6,2 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 5,4 faizi nəqliyyat və anbar təsərrüfatı, 2,7 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 2 faizi informasiya və rabitə, 19,4 faizi isə digər sahələrdə istehsal edilib. Məhsula və idxala xalis vergilər ÜDM-in 8,3 faizini təşkil edib. Ümumi daxili məhsulun əhalinin hər nəfərinə düşən həcmi 5703,7 manata bərabər olub.

Yüklə 0,49 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə