Xəbər bülleteni №24


Qəbul imtahanlarının vaxtı açıqlanıb



Yüklə 2,41 Mb.
səhifə2/5
tarix12.12.2016
ölçüsü2,41 Mb.
1   2   3   4   5

Qəbul imtahanlarının vaxtı açıqlanıb


23.02.2016

tqdk
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası builki imtahanların tarixlərini açıqlayıb. Qurumun yaydığı məlumatda bildirilir ki, ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə ərizə qəbulu (I-IV qruplar) aprelin 1-dən başlayır, 28-də bitir. Jurnalistika ixtisasını seçən abituriyentlər həmin müddətdə qeydiyyatdan keçməlidir.

V qrup üzrə ərizə qəbulu mayın 3-dən 17-dək aparılacaq.

Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə elektron qeydiyyat I qrup üzrə 15-30 aprel, V qrup üzrə 6-19 may arasında olacaq.

Əvvəlki illərin məzunları II və III qruplar üzrə mayın 15-də, I və IV qruplar üzrə mayın 22-də imtahan verəcək.

Bu ilin məzunları üçün I və IV qruplar üzrə iyulun 15-də, II və III qruplar üzrə iyulun 23-də imtahan günüdür.

Jurnalistika ixtisasını seçən abituriyentlər iyulun 29-da qabiliyyət imtahanı verəcək.

Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə qabiliyyət imtahanı V qrup üçün 15 iyul-5 avqust, I qrup üçün 25 iyul-5 avqust müəyyən edilib.

Ətraflı

Milli Məclis 2016-cı ilin dövlət büdcəsini yenilədi

23.02.2016



mm 1Fevralın 23-də Milli Məclis 2016-cı ilin dövlət büdcəsinə dəyişikliklər edib. Yeniliyə görə, icmal büdcənin gəlirləri 15 milyard 738,6 milyon manat nəzərdə tutulur, bu da təsdiq edilmiş büdcəyə nisbətən 981,5 milyon manat və ya 5,9 faiz azdır. Azalma əsasən bir barrel xam neftin qiymətinin təsdiq edilmiş proqnozla müqayisədə 2 dəfə aşağı götürülməsi nəticəsində Dövlət Neft Fondunun gəlirlərinin 3 milyard 230,3 milyon manat düşməsi hesabınadır.

Dövlət və icmal büdcələrin hesablanması zamanı xam neftin satış qiyməti bir barrel üçün 25 ABŞ dolları götürülür. 2016-cı il üçün dövlət büdcəsinin dəqiqləşdirilmiş gəlirləri 16 milyard 822 milyon manat proqnozlaşdırılır, bu da təsdiq olunmuş proqnozla müqayisədə 2 milyard 256 milyon manat və ya 15,5 faiz çoxdur.

2016-cı ildə Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 7 milyard 10 milyon manat daxilolma proqnozlaşdırılır (41,7 faiz). Bu, 2016-cı il üzrə təsdiq olunmuş proqnozdan 408 milyon manat və ya 6,2 faiz çoxdur.

Dövlət büdcəsi gəlirlərinin 1 milyard 810 milyon manatı və ya 10,7 faizi Gömrük Komitəsinin xətti ilə daxilolmaların payına düşəcək. Bu, təsdiq olunmuş büdcədə nəzərdə tutulduğundan 220 milyon manat və ya 13,8 faiz çoxdur.

2016-cı ildə dövlət büdcəsi gəlirlərinin 45,3 faizi Dövlət Neft Fondunun transferti hesabına formalaşacaq.

Yenilənmiş dövlət büdcəsində xərclər 18 milyard 459 milyon manatdır. Kəsirin yuxarı həddi 1 milyard 673 milyon manat hesablanıb.

Ziyafət Əsgərov Məhkəmə-Hüquq Şurasının üzvü təyin edildi

23.02.2016



ziyafet esgerov 1
Parlamentin 23 fevral iclasında Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov Məhkəmə-Hüquq Şurasının üzvü təyin edilib. APA-nın məlumatına görə, müzakirə zamanı deputat, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev təyinata etiraz edərək deyib ki, hakimiyyətin bir qanadına digər hakimiyyət qanadının nümayəndəsinin təyin olunması düzgün deyil: “Bu, konstitusiya pozuntusudur. Ziyafət Əsgərov sədrin birinci müavin kimi Milli Məclisin işinin təşkili ilə məşğul olmalıdır: “Məhkəmə-Hüquq Şurasının üzvləri hakimlərdən ibarət olmalıdır. Biz mütləq Məhkəmə-Hüquq Şurası qanununa yenidən baxmalıyıq”.

Sədr Oqtay Əsədov, deputatlar Siyavuş Novruzov və Əli Hüseynli isə çıxış edərək bildiriblər ki, bu təyinatda heç bir konstitusiya pozuntusu yoxdur və Ziyafət Əsgərovun Məhkəmə-Hüquq Şurasında təmsil olunması hüquq sahəsində islahatlara dəstəkdir”.

Transparency.az bildirir ki, Məhkəmə-Hüquq Şurası vakant hakim vəzifələrinə hakim olmayan namizədlərin seçilməsinin təşkili, hakimlərin fəaliyyətinin qiymətləndirilməsi, onların iş yerinin dəyişdirilməsi, vəzifədə irəli çəkilməsi, intizam məsuliyyətinə cəlb edilməsi funksiyalarını həyata keçirən orqandır.

2005-ci ilin fevral ayından fəaliyyətə başlayan Məhkəmə-Hüquq Şurasının bu günədək 13 üzvü vardı: Fikrət Məmmədov, ədliyyə naziri (sədr); Ramiz Rzayev, Ali Məhkəmənin sədri; Fuad Ələsgərov, Prezident Administrasiyasının hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri; Rafael Qvaladze, Konstitusiya Məhkəməsinin hakimi; Şəlalə Məmmədova, Ali Məhkəmənin hakimi; Şahin Yusifov, Ali Məhkəmənin hakimi; Rizvan Səfərov, Bakı Apellyasiya Məhkəməsinin hakimi; Ramiz Süleymanov, Naxçıvan Ali Məhkəməsinin sədri; Azər Cəfərov, ədliyyə nazirinin müavini; Namiq Əsgərov, baş prokurorun müavini; Xəqani Tağıyev, Salyan Rayon Məhkəməsinin sədri; İlham Əhmədov, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin hakimi; Ramiz İbrahimov, Vəkillər Kollegiyasının üzvü, 4 saylı hüquq məsləhətxanasının müdiri.

Parlament prezidentin etirazı ilə razılaşdı

23.02.2016



mm
Fevralın 23-də Milli Məclis prezident İlham Əliyevin “Valyuta tənzimi haqqında” qanunda dəyişikliklərə etirazına baxıb. Etiraz qəbul olunub.

“Valyuta tənzimi haqqında” qanuna dəyişikliklərə Milli Məclis yanvarın 19-da səs vermişdi. Layihə prezident İlham Əliyevin təşəbbüsü olmuşdu. Transparency.az bildirir ki, əsas dəyişikliyə əsasən, qanunun icbari yığımı nəzərdə tutan maddəsi yeni redaksiyada verilmişdi. Yenilik bəzi kateqoriya şəxslər istisna olmaqla rezident və qeyri-rezident fiziki və hüquqi şəxslərin Azərbaycandan kənara xarici valyuta köçürməsi üçün əməliyyat məbləğinin 20 faizi miqdarında icbari yığımın tam məbləğdə dövlət büdcəsinə ödənilməsini nəzərdə tuturdu.

Rəsmi məlumata görə, dövlət başçısı “Valyuta tənzimi haqqında” qanuna dəyişiklikləri sahibkarların və investorların çoxsaylı müraciətlərini nəzərə alaraq imzalamayıb.

Ekspert Mərkəzi Bankın dollar-manat siyasətini yanlış sayır

23.02.2016

vuqar bayramov“Mərkəzi Bank məhdudlaşdırma siyasətindən genişləndirmə siyasətinə keçməlidir”. Transparency.az-ın məlumatına görə, iqtisadçı ekspert Vüqar Bayramov belə yazır. Ekspert Mərkəzi Bankın dollar-manat siyasətindəki son addımlarını yanlış saydığını vurğulayaraq yazır ki, qurum ilk devalvasiyadan bəri zəruri islahatlar yolu tutmayıb: “Ötən iki-üç ayda Mərkəzi Bankın siyasəti dollarlaşma prosesinin qarşısının alınması deyil, sürətlənməsinə hesablanıb. Dollarla depozitlərin payı ümumi əmanət portfelində 85 faizi keçib. Bu, əmanətlərin valyuta strukturu baxımından çox kritik həddir.

Üzən valyuta rejiminə keçmək istəyən Mərkəzi Bank əslində manata təzyiq səbəbindən prosesi yubatmağa çalışır. Yanvarın 25-dən sonra manatın dollara məzənnəsi möhkəmlənir, nəticədə ötən ilin sonu və bu ilin əvvəlində yüksək kursla dollar alanlar daha çox ziyan etməmək üçün xarici valyutanı manata çevirir. Halbuki real üzən məzənnəyə keçməyən Mərkəzi Bank vaxtında qara bazarın yaranmasına və vətəndaşların yüksək məzənnə ilə dollar almasına imkan verməməli idi. Manatın məzənnəsində yanvarın 25-dən sonra müşahidə edilən möhkəmlənmələr psixoloji faktorla bağlı olsa da, əhalinin dollar təklifi də diqqətdən yayınmamalıdır. Amma ev təsərrüfatlarının milli valyuta tələbi hesabına bu prosesin nə qədər davam etdirilə bilməsi sual altındadır. Çünki müəyyən müddət sonra büdcə xərcləmələri manat təklifini, idxal isə dollar tələbini artıracaq”.

Ekspert Mərkəzi Bankın devalvasiyadan sonrakı siyasətinin manata inam üzərində qurulmadığını, dollarlaşma prosesinə dəstək verdiyini yazır: “Banklardakı əmanətlərin dollara indeksasiyası ilə bağlı təklifimiz birinci devalvasiyadan öncə verilsə də, Mərkəzi Bank hələ də bu istiqamətdə bir addım atmayıb. Bu, evlərdə saxlanan manatın banklara yönəlməsinə, milli valyutaya təzyiqin azalmasına xidmət edə bilərdi. Amma qurumun son bir ildəki siyasəti manata təzyiqi artırmaq üzərində quruldu. Manat bazasını son bir ildə inzibati metodlardan istifadə etməklə 2 dəfə azaldan bank “az manat, dollara az tələb” prinsipi ilə vətəndaşları, xüsusən də biznesi milli valyutasız qoyub. Dəfələrlə qeyd etdiyimiz kimi, məhdudlaşdırıcı siyasətdən genişləndirmə siyasətinə keçid olduqca vacibdir. Artıq manatın məzənnəsi dünya bazarı ilə də əlaqəsini itirib. Bivalyuta səbətinə malik olan Mərkəzi Bank dolların son günlər qlobal valyuta bazarında möhkəmlənməsinə baxmayaraq manatı ABŞ puluna nisbətən möhkəmləndirir. Deməli, 2016-cı ildə manatın məzənnəsində neftin dünya bazar qiyməti istisnasız əsas faktor olacaq”.

Ən yaşamalı şəhərlərin adları açıqlanıb

23.02.2016

“Mercer” konsaltinq şirkəti dünyada ən yaşamalı şəhərlərin reytinqi açıqlayıb. Novator.az xəbər verir ki, reytinq cədvəlində birinci yeri Avstriyanın paytaxtı Vyana tutur.

Vyana 17-ci dəfədir ən yaşamalı şəhərlər sırasında birinci yerdə dayanır.

Siyahıda sonrakı yerlərdə Sürix (İsveçrə), Oklend (Yeni Zelandiya), Münhen (Almaniya) və Vankuver (Kanada) gəlir.

“Mercer” konsaltinq şirkətinin təhlilinə görə, yaşamaq üçün ən pis şəhər İraqın paytaxtı Bağdaddır.

Reytinq cədvəli tərtib olunarkən əsas meyarlar kimi sabitlik, səhiyyə, təhsil, cinayətkarlığın səviyyəsi, asudə vaxtın təşkili, nəqliyyat vəziyyəti, ümumilikdə 10 meyar götürülüb.

Azərbaycan-İran sənədləri imzalanıb

23.02.2016



iran seferi 1
Fevralın 23-də Tehrana səfər edən dövlət başçısı İlham Əliyev İran prezidenti Həsən Ruhani ilə təkbətək görüş keçirib. Sonra geniş tərkibdə danışıqlar olub.

AZƏRTAC xəbər verir ki, geniş tərkibdə görüşün ardınca bu sənədlər imzalanıb:

“Azərbaycan Respublikası Hökuməti və İran İslam Respublikası Hökuməti arasında fövqəladə halların nəticələrinin aradan qaldırılması, məhdudlaşdırılması və təsirinin azaldılması sahəsində əməkdaşlıq haqqında Saziş”;

“Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında gömrük məsələlərində qarşılıqlı inzibati yardım haqqında Saziş”;

“Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında baytarlıq və heyvan sağlamlığı sahəsində əməkdaşlıq haqqında Saziş”;

“Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında elektrik enerjisinin satışı haqqında Çərçivə Sazişi”;

“Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında Azərbaycan və İran dəmir yollarının əlaqələndirilməsi haqqında Çərçivə Sazişi”;

“Azərbaycan Dəmir Yolları” QSC ilə İran İslam Respublikasının Dəmir Yolları arasında Azərbaycan-İran dövlət sərhədində Astara çayı üzərində dəmir yolu körpüsünün tikintisi haqqında Müqavilə”;

“Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə İran İslam Respublikasının Qadın və Ailə Məsələləri üzrə Vitse-Prezidentliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu”;

“Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə İran İslam Respublikasının Səhiyyə və Tibbi Təhsil Nazirliyi arasında səhiyyə və tibb elmi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”;

“Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə İran İslam Respublikasının Kooperasiya, Əmək və Sosial Rifah Nazirliyi arasında Anlaşma Memorandumu”;

“Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə İran Milli Neft Şirkəti arasında Anlaşma Memorandumu”;

“Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə Qədir İnvestisiya Şirkəti arasında Anlaşma Memorandumu”.

Sənədlərin imzalanması mərasimi başa çatdıqdan sonra Həsən Ruhani və İlham Əliyev mətbuata bəyanatlarla çıxış ediblər.

Qanunsuz pensiya təyinatına görə cinayət işi açılıb

23.02.2016



bash-prokurorluqDövlət Sosial Müdafiə Fondunun Masallı rayon şöbəsinin bir qrup əməkdaşının saxta məhkəmə qətnamələri əsasında təyinatlar aparması barədə material Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində araşdırılıb. Baş Prokurorluğun mətbuat xidməti bildirir ki, araşdırmalar zamanı 2003-2013-cü illər ərzində 85 rayon sakininə övladlığa götürmə və pensiya stajlarının artırılmasına dair saxta məhkəmə qətnamələri əsasında pensiya təyinatları aparıldığı üzə çıxıb.

Fakta görə Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 320.1-ci (rəsmi sənədləri, möhürləri, ştampları, blankları saxtalaşdırma, hazırlama və ya satma) maddələri ilə iş başlanıb. Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Müharibə əlilləri və şəhid ailələrinə yeni evlər verildi

23.02.2016

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Qazax rayonunda 8, Ağstafa rayonunda 4 yeni fərdi yaşayış evini Qarabağ müharibəsi əlillərinin və şəhid ailələrinin istifadəsinə verib. Rəsmi məlumat fevralın 23-də yayılıb.

Evlərin təqdim olunması tədbirlərində əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov, Qazax və Ağstafa icra hakimiyyətlərinin məsul şəxsləri, əlil ictimai birliklərinin, yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər. Tədbirdə çıxış edən Natiq Məmmədov deyib ki, ilin əvvəlindən 22 nəfər Qarabağ müharibəsi əlili və şəhid ailəsinin mənzillə təminatı həyata keçirilib.



ev 1

ev 2

Tehran bəyanatları

24.02.2016

tehranda gorush 1
“Hər iki ölkədə çox ciddi iqtisadi islahatlar aparılır, biznes mühiti yaxşılaşır. Belə olan halda qarşılıqlı sərmayə qoyuluşu üçün yeni imkanlar yaranacaq”. Fevralın 23-ü Tehranda İran prezidenti Həsən Ruhani ilə birgə brifinq keçirən dövlət başçısı İlham Əliyev belə deyib.

Həsən Ruhani jurnalistlərə deyib ki, İlham Əliyevin səfəri İrana qarşı nüvə sanksiyalarının aradan qaldırılması və bu barədə razılaşmanın icraya başlamasından sonraya təsadüf edir: “Bu da iki ölkə arasında münasibətlərin daha geniş spektrdə inkişaf etməsinə səbəb olacaq. İki ölkə arasında müştərək iqtisadi komissiyanın son iki ildəki fəaliyyəti bizi çox sevindirir. Onların gərgin əməyinin nəticəsində bu gün iki ölkə arasında on bir sənəd imzalanır (Azərbaycan-İran sənədləri imzalanıb). Bu sənədlərin imzalanması ölkələrimiz arasında münasibətlərin daha da dərinləşməsinə xidmət edir.

Biz bu gün keçirdiyimiz həm təkbətək, həm də geniş tərkibdə görüşlərdə ölkələrimiz arasında siyasi, iqtisadi, mədəni və digər sahələrə aid məsələləri bir daha nəzərdən keçirdik. Həmin görüşlərdə iki ölkə arasında tranzit daşımaları, o cümlədən Şimal-Cənub nəqliyyat dəhlizi çərçivəsində əməkdaşlıq sahəsində fikir mübadiləsi apardıq. Eyni zamanda 2016-cı ilin sonunadək Astara-Astara dəmir yolu xəttinin birləşdirilməsi barədə razılığa gəldik, bu da iki ölkənin iqtisadi münasibətlərində yeni bir səhifənin açılmasına səbəb olacaq.

Biz ölkələrimiz arasında energetika və neft-qaz sahələrində əməkdaşlıqla bağlı geniş fikir mübadiləsi apardıq. Xəzər dənizinin enerji ehtiyatlarından birgə istifadə barədə fikir mübadiləsi etdik, həmçinin iki ölkə arasında bank və sığorta sahəsində əməkdaşlıq məsələlərini nəzərdən keçirdik. Eyni zamanda Araz, Ənzəli və Maku azad iqtisadi-ticarət zonalarında birgə fəaliyyət ilə bağlı fikir mübadiləsi apardıq. Biz iki ölkə arasında siyasi, iqtisadi münasibətlərin inkişafı ilə yanaşı xalqlarımızın gediş-gəlişinin asanlaşdırılması, ölkələrimizin elmi mərkəzləri arasında əməkdaşlığın genişləndirilməsi, o cümlədən mədəniyyət sahəsində əlaqələrin daha da dərinləşdirilməsi məsələlərini müzakirə etdik. Xalqlarımızın gediş-gəlişinin asanlaşdırılması istiqamətində fikir mübadiləsi çərçivəsində dəniz nəqliyyatı ilə də get-gəlin artırılması barədə ətraflı söhbət etdik”.

AZƏRTAC-ın məlumatına görə, İlham Əliyev imzalanan sənədlərin icrasının iki ölkənin əlaqələrini daha da gücləndirəcəyini vurğulayıb. O qeyd edib ki, Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılması işində çox önəmli addımlar atılıb: “Bu yolun istifadəyə verilməsi nəticəsində biz qitələri gözəl nəqliyyat infrastrukturu ilə birləşdirəcəyik. Azərbaycanın üzərinə düşən vəzifə bu ilin sonuna qədər icra ediləcək və biz dəmir yolumuzu İran sərhədinə qədər çəkəcəyik.

Neft-qaz sektorunda çox gözəl perspektivlər var. İran Azərbaycanın neft-qaz yataqlarına investisiyalar qoyur. Biz gələcək əməkdaşlıq haqqında çox gözəl fikir mübadiləsi apardıq. Xəzər dənizində yerləşən neft-qaz yataqlarının birgə işlənməsi məsələsi də müzakirə olundu və yaxşı nəticələr gözlənir. Xəzər dənizi bizim ümumi sərvətimizdir, bundan sonra da əməkdaşlıq, təhlükəsizlik və sülh dənizi olmalıdır.

Energetika sahəsində çox gözəl işlər görülür və gözəl perspektivlər var. Bu sahədəki əməkdaşlıq ancaq İran-Azərbaycan əməkdaşlığı ilə məhdudlaşmır. Qonşu ölkələr də bu layihəyə qoşula bilərlər və belə olan halda bu, gözəl transmilli, regional layihəyə çevriləcək.

Qarşılıqlı sərmayə qoyuluşu üçün çox gözəl imkanlar var. Hər iki ölkədə hazırda çox ciddi iqtisadi islahatlar aparılır, biznes mühiti yaxşılaşır. Belə olan halda qarşılıqlı sərmayə qoyuluşu üçün yeni imkanlar yaranacaq. Maliyyə, bank, sığorta, turizm, əczaçılıq sektorlarında da gələcək fəaliyyət üçün gözəl imkanlar var”.

Fevralın 23-də İlham Əliyev İran İslam Respublikasının ali rəhbəri Seyid Əli Xamneyi ilə də bir araya gəlib. Görüşdə iki ölkə arasında əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsi perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb, regionda təhlükəsizliyin və sabitliyin təmin olunmasında birgə səylərin vacibliyi vurğulanıb. Həmin gün İlham Əliyevin İrana rəsmi səfəri başa çatıb.

Dolların rəsmi satış kursu 1 manat 56 qəpikdən aşağı düşüb

24.02.2016

merkezi bank
Dolların rəsmi satış kursu 1 manat 56 qəpikdən aşağı düşüb. Fevralın 24-də Mərkəzi Bank 1 dolların məzənnəsini 1,5593 manat müəyyən edib. Transparency.az bəzi başqa valyutalar üzrə məzənnələri də diqqətə çatdırır:

1 avro – 1,7179 manat

1 Rusiya rublu – 0,0204 manat

1 türk lirəsi – 0,5295 manat

1 gürcü larisi – 0,6282 manat

100 İran rialı – 0,0052 manat

1 ingilis funt sterlinqi – 2,1797 manat

1 İsveçrə frankı – 1,5701 manat.

“Amnesty İnternational” Azərbaycana nə qiymət verdi?

24.02.2016



emnesti 1“Amnesty İnternational” beynəlxalq insan haqları təşkilatı 2015-2016-cı illər üzrə hesabat açıqlayıb. Hesabatda deyilir ki, 2015-ci ildə 98 ölkədə insanlar işgəncələrə və pis rəftarın başqa formalarına məruz qalıb, 30 ölkə qaçqınları zorla gəldikləri yerlərə qaytarıb, 18 ölkədə müharibə cinayətləri törədilib.

“Azadlıq” radiosunun məlumatına görə, 160 ölkəni əhatə edən hesabatın Azərbaycana aid bölümündə vətəndaş cəmiyyəti və fərqli siyasi düşüncə üzərinə hücumların davam etdiyi vurğulanır: “Azı 18 vicdan məhbusu hələ də dəmir barmaqlıqlar arxasında qalıb. Azərbaycan hakimiyyəti müstəqil jurnalistləri və fəalları istər ölkə daxilində, istərsə də xaricdə təqib edir, beynəlxalq insan haqları təşkilatlarının nümayəndələrinin ölkəyə buraxılmaması və ya ölkədən qovulması halları var”.

Hesabatda noyabrın 1-də keçirilmiş parlament seçkisindən də söz açılır və bildirilir ki, hakimiyyətin təzyiq və təqiblərinə məruz qalan müxalifətin boykotu şəraitində hakim Yeni Azərbaycan Partiyası rahat qələbə qazanıb, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu seçkinin monitorinqindən imtina edib: “Bu müddət ərzində “Human Rights Watch” və “Amnesty İnternational” təşkilatlarının nümayəndə heyətlərinin ölkəyə girişinə icazə verilməyib. Sentyabr ayında Avropa Parlamentinin siyasi məhbusları azad etməyə çağıran qətnaməsinin qəbulundan sonra hökumət Avropa Komissiyasının Bakıya səfərini ləğv edib. Oktyabr ayında Avropa Şurası Azərbaycanda insan haqları məsələləri ilə məşğul olan müştərək qrupdan çıxıb”.

Sənəddə qeyd olunur ki, hesablarının dondurulması və üzvlərinin mühakimələri ucbatından aparıcı QHT-lərin fəaliyyəti qeyri-mümkün olub, bir neçə QHT rəhbəri həbsxanalara salınıb və ya mühacirət etməyə məcbur edilib.

Hesabatda deyilir ki, Azərbaycanda bütün əsas media vasitələri hökumətin nəzarətində qalır, müstəqil media qurumları isə qısnama, hədə, təqib və bağlanma təhdidləri ilə üzləşirlər. Qeyd olunur ki, hökumət xaricdə fəaliyyət göstərən jurnalistlərin və siyasi fəalların qisasını onların qohumlarından alır: “Fevralın 13-ü Berlində prezident İlham Əliyevin əleyhinə piketdə iştirak etmiş bloqçu Tural Sadıqlının qardaşı Elgiz Sadıqlı narkotik maddə ittiham ilə həbs olunub, beynəlxalq hiddətdən sonra azad edilib. “Meydan TV”nin xaricdə yaşayan direktoru Emin Millinin qayını Nazim Ağabəyov iyulun 23-də narkotik maddə ittihamı ilə həbs olunub. Onun başqa bir qohumu Polad Abdullayev də tutulub, lakin bir neçə gündən sonra sərbəst buraxılıb. Amma bundan əvvəl Emin Millinin bütün qohumları ondan imtina etdikləri barədə məktub yazıblar.

İyul ayında mühacirətdə yaşayan jurnalist, Türkiyədən yayımlanan “Azərbaycan saatı” teleproqramının aparıcısı Qənimət Zahidin üç qohumu polisə müqavimət və narkotik maddə ittihamları ilə tutulub. Oktyabr ayında “Meydan TV”nin mühacirətdə olan redaktoru Günel Mövludun qardaşları həbs edilib”.

Hesabatında deyilir ki, Azərbaycanda sərbəst toplaşmaq azadlığı qaba şəkildə pozulur.

Neftin qiymətində enmə var

24.02.2016

neftDünya birjalarında neftin qiyməti düşüb. Nyu-York birjasında “Layt” markalı neftin bir barreli 0,25 dollar ucuzlaşaraq 31,08 dollar, London birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 1,42 dollar azalaraq 32,71 dollar olub.

“AzəriLayt” markalı neftin bir barreli isə 1,88 dollar ucuzlaşaraq 33,54 dollara satılır.

Xəbəri fevralın 24-də AZƏRTAC yayıb.

Bir ildə dollar 98,8 faiz, avro 79 faiz bahalaşıb

24.02.2016

dollar, avro 1Fevralın 24-də Mərkəzi Bank 2015-ci il üzrə pul siyasəti icmalını açıqlayıb. Transparency.az-ın məlumatına görə, icmalda qeyd olunur ki, 2015-ci ildə Mərkəzi Bank qlobal iqtisadiyyatda, o cümlədən dünya enerji bazarlarında və tərəfdaş ölkələrdə baş verən proseslərin Azərbaycan iqtisadiyyatına mənfi təsirlərinin güclənməsi şəraitində fəaliyyət göstərib: “2015-ci il qlobal iqtisadi artımın zəifləməsi, dünya əmtəə qiymətlərinin kəskin ucuzlaşması, bir sıra ölkələrdə valyuta ehtiyatlarının azalması və məzənnələrin qeyri-sabitliyi ilə xarakterik olub. Neftin dünya qiyməti son onilliyin ən aşağı səviyyəsinə enib.

Uzunmüddətli xarakter daşıyan xarici şokların güclənməsi milli iqtisadiyyatın dayanıqlığının möhkəmləndirilməsi çağırışlarını daha da aktuallaşdırıb. Yüksək neft qiymətləri dövründə valyuta bazarında yaranmış balansın dəyişməsi və tərəfdaş ölkələrdə baş verən silsilə devalvasiyalar məzənnə siyasətinə və məzənnə rejiminə yenidən baxılması zərurətini yaradıb. Məzənnə siyasəti və məzənnə rejimi üzrə tədiyyə balansının tarazlaşdırılmasına, ölkənin strateji valyuta ehtiyatlarının qorunmasına və milli iqtisadiyyatın rəqabət qabiliyyətinin gücləndirilməsinə xidmət edən qərarlar qəbul edilib”.

İcmalın pul və məzənnə siyasətinə dair hissəsində qeyd olunur ki, 2015-ci ildə valyuta bazarında xarici valyuta təklifi əhəmiyyətli dərəcədə azalıb, xarici valyutaya tələb isə kəskin artıb. Hesabata görə, 2015-ci ildə Mərkəzi Bank 8,4 milyard ABŞ dolları həcmində valyuta satıb və ilin sonuna xarici valyuta ehtiyatlarının həcmi 5 milyard dollara enib.



Yüklə 2,41 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə