Xəbər bülleteni №24



Yüklə 2,41 Mb.
səhifə3/5
tarix12.12.2016
ölçüsü2,41 Mb.
1   2   3   4   5

İcmalda bildirilir ki, 2015-ci il ərzində ABŞ dolları manata qarşı 98,8 faiz, avro isə 79 faiz bahalaşıb.

Hərrac yarımçıq yekunlaşdı

24.02.2016

Mərkəzi Bank fevralın 24-də keçirdiyi valyuta hərracına 30 milyon ABŞ dolları çıxarıb. Rəsmi məlumata görə, hərracda 14 bank iştirak edib, məcmu tələb 66,760 milyon ABŞ dolları olub. Mərkəzi Bank sifarişlərin 44,9 faizini təmin edə bilib.

Transparency.az bildirir ki, bu, son bir ayda Mərkəzi Bankın keçirdiyi 14-cü hərracdır. Əvvəlki 13 hərracda satılan vəsaitin ümumi həcmi 545 milyon 488 min ABŞ dolları olub.

Ümid Avropa Məhkəməsinə qaldı

24.02.2016



intiqam 1Fevralın 24-də Ali Məhkəmə hüquq müdafiəçisi İntiqam Əliyevin şikayətinə baxıb. Şikayətdə İntiqam Əliyevə bəraət hökmünün çıxarılması istənib. Hakim Gülzar Rzayevanın sədrliyi ilə keçirilən prosesdə şikayət təmin olunmayıb. Xəbəri Azadliq.org yayıb. Vəkil Cavad Cavadlı bildirib ki, Ali Məhkəmənin qərarını alan kimi Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edəcək.

İntiqam Əliyev 2014-cü il avqustun 8-dən həbsdədir. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İntiqam Əliyev vergidən yayınma, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, qanunsuz sahibkarlıq, mənimsəmədə təqsirli bilinərək 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi İntiqam Əliyevin şikayətini təmin etməyib, birinci instansiya məhkəməsinin hökmünü qüvvədə saxlayıb.

“Göy qurşağı”nda 53 mənzil istifadəyə verildi

24.02.2016

Fevralın 24-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 53 mənzili Qarabağ müharibəsi və 20 Yanvar əlillərinin, şəhid ailələrinin istifadəsinə verib. Nazirliyin məlumatında bildirilir ki, mənzillər Abşeron rayonunun Məmmədli kəndindəki “Göy qurşağı” yaşayış kompleksindən tender yolu ilə satın alınaraq təmir edilib.

Yeni mənzil sahiblərinin 12-si Qarabağ müharibəsi əlili, 4-ü 20 Yanvar əlili, 37 nəfəri isə şəhid ailəsidir. Məlumata görə, müharibə əlilləri və şəhid ailələri üçün paytaxtda və ayrı-ayrı rayonlarda çoxmənzilli yaşayış binaları da inşa olunur.

Nazirliyin son bir ayda 75 nəfər müharibə əlili və şəhid ailəsini mənzillə təmin etdiyi bildirilir.

menzil (1)

menzil (3)

menzil (2)

DSMF-nin yeni büdcəsi

24.02.2016

dsmf bina
Dövlət Sosial Müdafiə Fondunun 2016-cı il üçün yeni büdcəsi bəlli olub. Rəsmi məlumata görə, fondun gəlir və xərcləri 3 milyard 307,4 milyon manat proqnozlaşdırılır, bu da 2016-cı ilin təsdiq olunmuş proqnoz göstəricisinə nisbətən 228,8 milyon manat və ya 7,4 faiz çoxdur. Artımın 82,8 milyon manatı və ya 36,2 faizi məcburi dövlət sosial sığorta haqları, 146 milyon manatı və ya 63,8 faizi dövlət büdcəsindən ayırmalar (transfert) hesabına təmin ediləcək.

2016-cı il üçün yeni büdcədə əhaliyə ödənişlər 3 milyard 239 milyon manat nəzərdə tutulur, bu da təsdiq olunmuş proqnoz göstəricisinə nisbətən 7,6 faiz və ya 227,8 milyon manat çoxdur.

Əmək pensiyalarının ödənişi xərcləri 3 milyard 136,1 milyon manat olmaqla 2016-cı il üçün təsdiq olunmuş proqnoz göstəricisinə nisbətən 7,3 faiz və ya 212,5 milyon manat artımla proqnozlaşdırılır. Xərc artımında yaşa görə əmək pensiyasının baza hissəsinin 110 manat təyin edilməsi ilə bağlı olaraq bütün növ əmək pensiyalarının baza hissəsinin və baza hissəsinə əlavələrin yenidən hesablanması, müəyyən kateqoriyadan olan hərbi qulluqçu və xüsusi rütbəli şəxslərin vəzifə maaşlarındakı artıma müvafiq qulluq stajına görə əmək pensiyalarına əlavələrin artırılması, eləcə də əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi xərclərinin dürüstləşdirilməsi nəzərə alınıb.

Yeni büdcədə məcburi dövlət sosial sığorta haqları hesabına ödənilən müavinətlərin bütün növləri üzrə də artım nəzərdə tutulub. Müavinətlərin ödənişi xərcləri 102,9 milyon manat olmaqla 2016-cı il üçün təsdiq olunmuş proqnoz göstəricisinə nisbətən 17,5 faiz və ya 15,3 milyon manat artımla nəzərdə tutulub.

Pensiya və müavinətlərin əhaliyə çatdırılması, bank əməliyyatlarının aparılması üzrə xidmət haqqı xərclərində 0,9 milyon manat və ya 4,5 faiz artım nəzərdə tutulub, bu istiqamət üzrə xərclər 20,1 milyon manat ilkin məbləğə qarşı 21 milyon manat həcmində proqnozlaşdırılıb.

ÜDM-in əhalinin hər nəfərinə düşən həcmi: bizdə və dünyada

24.02.2016

udm

Dövlət Statistika Komitəsinin yanvar hesabatına görə, Azərbaycanda istehsal edilən ümumi daxili məhsulun əhalinin hər nəfərinə düşən həcmi 265 ABŞ dollarına yaxın olub. Ötən ilin yekununda isə bu göstərici 3680 dollara yaxın idi.

İkinci devalvasiyadan öncə Azərbaycan Beynəlxalq Valyuta Fondunun hesabatında 185 ölkə arasında 83-cü yerdə gəlirdi və ölkədə ümumi daxili məhsulun əhalinin hər nəfərinə düşən həcmi 6 min 576 dollar göstərilirdi.

Bəs dünya ölkələrində bu göstərici necədir? Transparency.az bildirir ki, Beynəlxalq Valyuta Fondunun 2015-ci il hesabatına əsasən, Lüksemburq ümumi daxili məhsulun əhalinin hər nəfərinə düşən həcminə görə 50 öncül arasında birinci yerdə durur. Bu ölkədə ümumi daxili məhsulun əhalinin hər nəfərinə düşən həcmi 96 min 269 dollardır.

İkinci yerdə İsveçrə gəlir. İsveçrədə ümumi daxili məhsulun əhalinin hər nəfərinə düşən həcmi 84 min 70 dollar həcmində qərarlaşır.

Üçüncü sırada 81 min 603 dollarla Qətər dayanır.

İlk onluqdakı digər ölkələrdə ümumi daxili məhsulun əhalinin hər nəfərinə düşən həcmi belədir:

Norveç – 80 min 749 dollar

ABŞ – 56 min 421 dollar

İslandiya – 54 min 331 dollar

Sinqapur – 53 min 604 dollar

Danimarka – 52 min 822 dollar

Avstraliya – 52 min 454 dollar

İsveç – 49 min 582 dollar.

50 öncül ölkə arasında keçmiş SSRİ məkanından Estoniya və Litva da var. Estoniyada ümumi daxili məhsulun əhalinin hər nəfərinə düşən həcmi 17 min 562 dollardır və ölkə 41-ci sırada qərar tutur. Litva 14 min 560 dollarla 49-cudur.

Azərbaycanın qonşularına gəlincə, Rusiya Beynəlxalq Valyuta Fondunun siyahısında 185 ölkə arasında 74-cüdür. Bu ölkədə ümumi daxili məhsulun əhalinin hər nəfərinə düşən həcmi 8 min 184 dollardır.

Türkiyə siyahıda 67-cidir (9 min 680 dollar). İran 95-ci yerdə gəlir (4 min 983 dollar). Gürcüstan 120-ci (3 min 87 dollar), Ermənistan 127-ci (2 min 819 dollar) sıradadır.

Xarici valyutada kreditləri necə cilovlamalı?

24.02.2016

samir eliyev 1Xarici valyutada ipoteka və istehlak kreditləri qadağan edilməlidirmi? İqtisadçı ekspert Samir Əliyev bu məsələ ilə bağlı rəy və təkliflərini yayıb. Transparency.az-ın məlumatına görə, ekspert prosesin bir neçə qonşu ölkədə başladığını, Azərbaycanda da mövzunun aktuallaşdığını vurğulayır: “Fevralın 28-dən Qırğızıstanda ipoteka və istehlak kreditlərinin xarici valyutada verilməsi qadağan edilir. Oxşar addımlar bu və ya digər şəkildə Rusiyada, Belarusda, Qazaxıstanda da atılıb. Bu tip qadağaların səbəbi aydındır: milli valyutaların dəyərsizləşməsi valyuta krediti götürən müştərilərin ödəmə qabiliyyətini çətinləşdirir, bankların aktivlərini pisləşdirir, iqtisadiyyatın dollarlaşması isə ölkənin xarici təzyiqlərə müqavimətini azaldır.

Azərbaycanda 2015-ci ilin sonuna xarici valyutada olan kreditlərin həcmi 10,7 milyard manat olub, bunun da 3 milyard manatı istehlak kreditlərinin payına düşüb. Həmin vəsaitin müəyyən hissəsi indidən ümidsiz borc sayıla bilər. Amma valyuta kreditlərinin ödənməməsi çox ciddi məsələdir və həllini tapmalıdır. Problemin bankların və əhalinin üstünə atılması düzgün deyil. Çünki bunun fəsadları təkcə bank sektoru üçün deyil, ümumilikdə ölkənin makroiqtisadi sabitliyi üçün ağır nəticələrə gətirib çıxara bilər”.

Ekspert ölkədə xarici valyuta ilə kreditə qadağanın nə qədər səmərəli olacağını proqnozlaşdırmağı müşkül sayır: “Çünki ortada vətəndaşların, bankların və ölkə iqtisadiyyatının mənafeyinə təsir edəcək mətləblər var. Məsələyə ancaq mövcud problemin həlli kontekstində baxmaq olmaz. Problem həm dərindir, həm də təcili həll tələb edir. Hər bir halda hökumətin qarşısında duran vəzifə iqtisadiyyatın dollarlaşmasını səngitmək və valyuta kreditləşməsinin payının azaldılması istiqamətində səyləri gücləndirməkdir. Bunun üçün iqtisadi alətlərlə yanaşı inzibati mexanizmlərdən istifadə edilə bilər. Ancaq metodlar yalnız qadağalara köklənməməli, daha yumşaq formada seçilməli, yəni müəyyən məhdudiyyətlərə əsaslanmalıdır”.

Qadağa tətbiq etməzdən öncə ekspert bəzi məhdudiyyət imkanları nəzərdə keçirməyi tövsiyə edir:

- xarici valyutada gəlirləri olmayan müştərilərə valyuta kreditlərinin verilməsinin müvəqqəti qadağan edilməsi;

- fiziki və hüquqi şəxslərdən cəlb edilmiş və xarici valyutada olan vəsaitlər üzrə məcburi ehtiyat normasının 0,5%-dən 5%-ə qaldırılması;

- xarici valyutada kredit verilməsinə qadağanın ancaq ipoteka kreditlərinə şamil edilməsi;

- risk dərəcəsi üzrə ölçülmüş aktivlərin hesablanmasında xarici valyutada verilmiş istehlak kreditlərinə daha yüksək əmsalın tətbiqi (bu əmsal 2 dəfə artırıla bilər) və bununla da kapitala tələbatın artırılması;

- ölkə daxilində istifadə edilən kredit kartları üçün ancaq milli valyutada kreditlərin ayrılması;

- aktivlərin təsnifləşdirilməsi zamanı xarici valyutada olan aktivlər üzrə keyfiyyət meyarlarının sərtləşdirilməsi;

- milli valyutada olan kreditlərin faiz dərəcələrinə Mərkəzi Bankın tətbiq etdiyi yuxarı həddi götürməli (hazırda istehlak kreditləri üzrə 29%, mikrokreditlər üzrə 25%-dir), əvəzində xarici valyutada olan kreditlər üzrə daha da endirməli (bu hədd mikrokreditlər üçün 17-18%, istehlak kreditləri üçün 20% ola bilər).

Samir Əliyev məhdudlaşdırıcı tədbirlərin tətbiqi zamanı xüsusi halların nəzərə alınmasını vacib sayır: “İxracatçı şirkətlər və xarici valyutada gəlirləri olan şəxslər fərqləndirilməlidir. Hansısa məhdudiyyəti tətbiq etməzdən öncə Mərkəzi Bank bankları və digər kredit qurumlarını zəruri manat vəsaiti ilə təmin etməlidir. Hər bir halda addımlar kompleks şəkildə atılmalıdır. Ayrı-ayrı tədbirlər problemi nəinki həll edə bilməz, hətta daha da dərinləşdirər. Mərkəzi Bank prosesə hərtərəfli yanaşmalı, milli valyutanın sabitliyini təmin edəcək addımlara üstünlük verməlidir”.

Dollar, avro və rubl bahalaşıb

25.02.2016



valyutaFevralın 25-də dolların rəsmi satış kursu 1 manat 56 qəpiyi ötüb. Ötən gün Mərkəzi Bank 1 dolların məzənnəsini 1,5593 manat müəyyən etmişdi, indi isə rəsmi kurs 1,5624 manatdır.

Transparency.az bildirir ki, avro da bahalaşıb. Fevralın 24-də 1 avro 1,7179 manata təklif olunub, bugünkü satış kursu isə 1,7236 manatdır.

1 Rusiya rublu fevralın 25-i ilə (0,0204 manat) müqayisədə cüzi bahalaşaraq 0,0205 manat olub.

Ermənistan hökumətinə 3 yeni nazir gəldi

25.02.2016

sazish 1
Ermənistanda hakim Respublika Partiyası ilə Daşnaksütun Partiyası arasında uzunmüddətli əməkdaşlıq razılaşması imzalanıb. Fevralın 24-ü Respublika Partiyasının sədri, prezident Serj Sərkisyanın iqamətgahında imzalanan razılaşma əsasında Daşnaksütun Partiyasına 3 nazir, 2 qubernator postu verilir.

Transparency.az-ın məlumatına görə, həmin gün axşam Serj Sərkisyan Karen Çşmarityanı iqtisadiyyat naziri postundan çıxararaq onun yerinə daşnak Arsvik Minasyanı təyin edib. Digər daşnak Levon Mkrtçyan elm və təhsil naziri postunda Armen Aşotyanı əvəzləyib.

Daşnaklara verilən postlardan biri də ərazi idarəçiliyi və inkişaf naziri kürsüsüdür. Fevralın 19-da Ermənistan parlamenti hökumətin strukturunda dəyişiklik edib, Fövqəladə Hallar və Ərazi İdarəçiliyi Nazirliyi bölünüb. Yeniliyə əsasən, Fövqəladə Hallar Nazirliyi bərpa olunub, eyni zamanda Ərazi İdarəçiliyi və İnkişaf Nazirliyi yaradılıb.

Serj Sərkisyanın 24 fevral sərəncamları ilə əvvəlki fövqəladə hallar və ərazi idarəçiliyi naziri Armen Yeritsyan fövqəladə hallar naziri olub, daşnak David Lokyan isə ərazi idarəçiliyi və inkişaf naziri postu alıb.

Şirak və Araqatsotn vilayətlərinin qubernatoru vəzifələrini isə daşnaklardan Ovsep Simonyan və Qaqik Gözəlyan tutacaq.

Qiymətləri təsdiqlənmiş dərman vasitələrinin sayı 5651-ə çatdı

25.02.2016

derman 1Qiymətləri təsdiqlənmiş daha 1940 dərman vasitəsi fevralın 25-dən yeni qiymətlərlə satılır. İqtisadiyyat Nazirliyinin rəsmi məlumatına görə, bununla da Tarif (qiymət) Şurasında qiymətləri təsdiqlənmiş və yeni qiymətlərlə satışda olan dərman vasitələrinin sayı 5651-ə çatıb.

İndiyədək qiyməti təsdiqlənmiş dərman vasitələrinin həm tərkib üzrə, həm də ticarət adına görə ümumi siyahısı Tarif (qiymət) Şurasının rəsmi internet səhifəsində yerləşdirilib.

Azərbaycan-İran sazişində nələr var?

25.02.2016

İqtisadiyyat Nazirliyi xəbər verir ki, prezident İlham Əliyevin İran İslam Respublikasına 23 fevral səfəri zamanı “Araz çayı üzərində “Xudafərin” və “Qız qalası” hidroqovşaqlarının və su-elektrik stansiyalarının tikintisinin davam etdirilməsi, istismarı, energetika və su ehtiyatlarından istifadə sahəsində əməkdaşlıq haqqında” sazişin mətni razılaşdırılıb. Sənədi Azərbaycan-İran hökumətlərarası komissiyasının həmsədrləri — Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayevlə İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezi imzalayıblar.

Rəsmi açıqlamaya görə, sazişdə Azərbaycan və İranın suverenliyi və ərazi bütövlüyünə hörmət prinsipləri bəyan edilir, BMT qətnamələrinə uyğun olaraq Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsinin zəruriliyi, hər iki tərəfin “Xudafərin” və “Qız qalası” hidroqovşaqları boyu bütün su və enerji ehtiyatlarına bərabər hüquqları vurğulanır.

Sənəddə həmçinin hidroqovşaqların və su-elektrik stansiyalarının tikintisinin başa çatdırılması, eləcə də Azərbaycanın ərazi bütövlüyü bərpa edilənədək İranın hidroqovşaqlarda və su-elektrik stansiyalarında su və enerji ehtiyatlarının qorunmasını və istismarını təmin etməsi və tərəflərin bu obyektlərdən bərabər əsaslarla yararlanması əks olunub.

Sazişə əsasən, tikinti işlərinə nəzarət və istismar prosesində azərbaycanlı mütəxəssislər iştirak edəcək.



tehran sazishi 1

Yeni xidmət haqqında ilkin hesabat yayılıb

25.02.2016

tsek 1Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “Tibbi-Sosial Ekspert Komissiyalarında aparılmış sonuncu müayinəyə dair məlumatın verilməsi” elektron xidməti ilə bağlı açıqlama yayıb. Qeyd olunur ki, qısa müddət ərzində e-xidmətdən 16585 istifadə qeydə alınıb.

Nazirliyin açıqlamasına görə, istənilən şəxs “Tibbi-Sosial Ekspert Komissiyalarında aparılmış sonuncu müayinəyə dair məlumatın verilməsi” e-xidmətini seçib müvafiq bölmələrdə yalnız şəxsiyyəti təsdiq edən sənədin nömrəsini və doğum tarixlərini göstərib aidiyyəti məlumatı rahat şəkildə ala bilir. Bu zaman vətəndaşa keçirilmiş sonuncu müayinənin nəticəsi və növbəti əlillik müayinəsinin nə zaman keçiriləcəyi (əlillik müddətsiz təyin edilibsə, o zaman onun müddətsiz olması) ilə bağlı məlumat verilir.

Əlillik müayinəsinin nəticəsi barədə məlumatı nazirliyin 142 — “Çağrı mərkəzi”nə zəng etməklə daha asan əldə olunmasına da imkan yaradılıb. Tibbi-Sosial Ekspert Komissiyalarında əlilliyinin və ya sağlamlıq imkanları məhdudluğunun müayinəsi aparılmış istənilən vətəndaş “Çağrı mərkəzi”nə zəng edərək 0 düyməsini yığdıqdan sonra özünün şəxsiyyət vəsiqəsinin nömrəsini və doğum tarixini daxil edib aparılmış müayinənin nəticəsi (hansı tarixdə və neçənci dərəcə əlillik qrupunun təyin olunması, əlilliyin nə qədər müddətə müəyyən edilməsi) barədə məlumat ala bilər.

Yanvarda sənaye məhsullarının istehsalçı qiymətləri 2,8 faiz artıb

25.02.2016

dsk 1Dövlət Statistika Komitəsi sənaye məhsullarının istehsalçı qiymətləri haqqında açıqlama yayıb. Transparency.az-ın məlumatına görə, açıqlamada qeyd olunur ki, yanvar ayında mədən sənayesi üzrə istehsalçı qiymətləri 2,8 faiz, emal sənayesi üzrə 3 faiz artıb, su təchizatı, tullantıların təmizlənməsi və emalı və elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahələri üzrə isə qiymətlərdə dəyişiklik baş verməyib. Ümumilikdə sənaye məhsullarının istehsalı əvvəlki ayla müqayisədə 2,8 faiz bahalaşıb.

Mədən sənayesində istehsalçı qiymətləri xam neft və təbii qaz hasilatı üzrə 2,8 faiz yüksəlib, daş, qum, çınqıl, duz və digər mədən sənayesi məhsullarının hasilatı üzrə 0,2 faiz azalıb.

Ay ərzində emal sənayesində istehsal kimya sənayesi üzrə 20,1 faiz, tütün məmulatlarının istehsalı üzrə 15,1 faiz, qida məhsullarının istehsalı üzrə 8,5 faiz, içki istehsalı üzrə 5,8 faiz, metallurgiya sənayesi üzrə 5,1 faiz, toxuculuq sənayesi üzrə 3,1 faiz, ağac emalı və ağacdan məmulatların istehsalı üzrə 2,1 faiz, kompüter və elektron avadanlıqlarının istehsalı üzrə 1,1 faiz, tikinti materiallarının istehsalı üzrə 0,9 faiz, neft məhsullarının istehsalı üzrə 0,8 faiz, geyim istehsalı üzrə 0,6 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı üzrə 0,5 faiz, elektrik avadanlıqlarının istehsalı üzrə 0,3 faiz bahalaşıb, poliqrafiya fəaliyyəti üzrə istehsal isə 0,4 faiz ucuzlaşıb. Emal sənayesinin digər fəaliyyət növləri üzrə istehsalçı qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Rusiyada gecikdirilən əməkhaqqı borcu bir ayda 21% artıb

25.02.2016

borcRusiyada 2016-cı il fevralın 1-nə gecikdirilən əməkhaqqı borcu yanvar ayında 760 milyon rubl (21%) artaraq 4 milyard 332 milyon rubla çatıb. Fevralın 25-də Federal Statistika Xidməti belə məlumat yayıb. Novator.az bildirir ki, komitənin hesabatına görə, gecikdirilən əməkhaqqı borcu yanvarın 1-nə 3 milyard 572 milyon rubl olub.

Statistika qurumunun məlumatında deyilir ki, fevralın 1-nə işçilərə gecikdirilən əməkhaqqı borcu olan təşkilatların sayı yanvar ayı (463) ilə müqayisədə artıb (525).

Fevralın 1-nə təşkilatların əməkhaqqı borcu olduğu işçilərin sayı ilin əvvəlindən 8 min 371 nəfər artaraq 65 min 904 nəfərdən 74 min 275 nəfərə yüksəlib.

Hakimiyyətdə qadınlar

25.02.2016

hakimiyyet 1Dövlət Statistika Komitəsinin hesabatına görə, Azərbaycan əhalisinin (9 milyon 705,6 min nəfər) 50,2 faizi qadınlardır. Bəs Azərbaycanın hakimiyyət sistemində – qanunverici, icra, məhkəmə orqanları və yerli özünüidarə qurumlarında qadınlar necə təmsil olunur?

Ölkənin 125 nəfərlik parlamentində 20 qadın deputat var. Onlardan biri – Bahar Muradova Milli Məclis sədrinin müavini və komitə sədridir. Qanunverici orqanda təmsil olunan digər 19 qadın bunlardır: Ülviyyə Həmzəyeva, Mehriban Əliyeva, Aytən Mustafayeva, Məlahət İbrahimqızı, Sədaqət Vəliyeva, Dilarə Cəbrayılova, Sevinc Fətəliyeva, Zeynəb Xanlarova, Elmira Axundova, Jalə Əliyeva, Gövhər Baxşəliyeva, Sahibə Qafarova, Sona Əliyeva, Sevinc Hüseynova, Qənirə Paşayeva, Ülviyyə Ağayeva, Kamilə Əliyeva, Aqiyə Naxçıvanlı (həm də komitə sədridir), Flora Qasımova.

Hökumətin üst qatı olan Nazirlər Kabineti, mərkəzi icra hakimiyyəti orqanları sistemində 47 yüksək vəzifəli şəxs arasında 2 qadın yer alır. Hicran Hüseynova Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə, Məleykə Abbaszadə isə Tələbə Qəbulu üzrə Dövlət Komitəsinə sədrlik edir.

Prezident Administrasiyası və ona bağlı qurumlarda 5 qadın yüksək statuslu vəzifə sahibidir. Dilarə Seyidzadə Prezident Katibliyinin rəhbəri, Fatma Abdullazadə Prezident Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin, Səadət Yusifova siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri postunu tutur. Əfv Məsələləri Komissiyasının katibi (Kəmalə İsmayılova) və prezidentin 1 köməkçisi (Cəmilə Abbasova) qadındır.

Ölkədə yalnız bir qadın icra başçısı vəzifəsində çalışır: İradə Gülməmmədova. O, Abşeron Rayon İcra Hakimiyyətinin başçısıdır. Vaxtilə daha 4 qadın icra başçısı olub: Dilrubə Camalova – Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı (1993-2000); Sədaqət Qəhrəmanova – Əli Bayramlı (indiki Şirvan) Şəhər İcra hakimiyyətinin başçısı (1995-2005); Səmayə Piriyeva – Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı (1999-2000); Fidumə Hüseynova – Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı (2003-2005).

Konstitusiya Məhkəməsinin 9 üzvündən 1-i (Südabə Həsənova) qadındır.

Hazırda 14 üzvü olan Məhkəmə-Hüquq Şurasının 1 üzvü – Şəlalə Məmmədova qadındır. O, Ali Məhkəmənin Mülki Kollegiyasına rəhbərlik edir.

2002-ci ildə yaradılmış ombudsman institutuna həmin vaxtdan qadın rəhbərlik edir: Elmira Süleymanova.

Dövlət Statistika Komitəsinin 2015-ci ildə açıqladığı son hesabata görə, dövlət qulluğunda çalışanlar arasında qadınların xüsusi çəkisi 27,7 faiz olub. Həmin hesabatda qadınların məşğul əhalinin ümumi sayındakı xüsusi çəkisi 48,4 faiz göstərilir.

Yerli özünüidarə qurumlarına gəlincə, 2014-cü ilin dekabrında keçirilmiş son seçkilərdə 9439 qadın bələdiyyədə təmsil olunmaq hüququ qazanıb. Bu, ümumi üzvlərin 35 faizi deməkdir. 2009-cü ilədək qadınların bələdiyyələrdə təmsilçilik faizi 4, 2014-cü ilədək təxminən 27 faiz olub.

Yeri gəlmişkən, Azərbaycanın ən qədim siyasi təşkilatı olan Müsavat Partiyasının nizamnaməsi bütün seçkili kollegial orqanlarda yerlərin ən azı 25 faizinin qadınlar üçün ayrılmasını nəzərdə tutur.

Büdcədə yenilik Neft Fondunu təhlükəyə atır

25.02.2016

rovshen_agayevİqtisadçı ekspert Rövşən Ağayev 2016-cı ilin büdcəsinə dəyişiklikləri şərh edib. Transparency.az-ın məlumatına görə, ekspert yazır ki, icmal büdcə göstəriciləri qanunverici qaydada təsdiqlənmir: “İcmal büdcəyə dövlət büdcəsi, Sosial Müdafiə Fondunun büdcəsi, Neft Fondunun büdcəsi və Naxçıvan Muxtar Respublikasının büdcəsi daxildir. Məsələ bundadır ki, Maliyyə Nazirliyi büdcənin izahı ilə bağlı hazırladığı bütün sənədlərdə icmal büdcənin gəlirləri, xərcləri və kəsiri haqda məlumat verir. Amma məsələn, qanunvericilikdə icmal büdcənin kəsirinin tənzimlənməsinə dair hər hansı hüquqi müddəa yoxdur. Vəziyyət dəyişməlidir: Büdcə Məcəlləsi qəbul edilməli, Dövlət Neft Fondunun büdcəsinin təsdiqlənməsi və onun icrasına nəzarət səlahiyyəti prezidentdən parlamentə keçməlidir.

Parlamentin isə dövlət büdcəsi haqqında deyil, icmal büdcə haqqında 3 illik qanunların qəbulu praktikasına keçməsi çox mühümdür. Bəlkə bu yolla büdcənin ortamüddətli planlaşdırmasına peşəkar yanaşmanı təmin etmək mümkün olar.

Büdcə qanunvericiliyi icmal büdcənin kəsirinə mütləq limit qoymalıdır. Yeni büdcə dəyişikliyindən sonra icmal büdcənin kəsiri 2016-cı il üçün proqnozlaşdırılan ümumi daxili məhsulun (ÜDM) 16%-nə çatır, icmal büdcə üçün 8,8 milyard manat kəsir proqnoz edilir. Bu, həddən artıq yüksək göstəricidir. Müqayisə üçün deyim ki, Avropa İttifaqına üzv dövlətlərin büdcə kəsiri üçün hədd ÜDM-ə nisbətən 3% müəyyən edilib.

Büdcə qanunvericiliyi Neft Fondundan büdcəyə transfertlərin həcminə, icmal büdcə vasitəsilə daxili və xarici borclanmanın ÜDM-ə nisbətinə mütləq limitlər tətbiq etməlidir. Əks halda neftin qiymətlərinin artmadığı şəraitdə yaxın 2-3 ildə Neft Fondunun xarici aktivlərinin daxili istifadə hesabına sürətlə tükənməsinin, büdcə təminatlı borcların kəskin artımının şahidi olacağıq. Belə ssenari yaxın onillikdə ölkənin maliyyə sistemi və makroiqtisadi vəziyyəti üçün ciddi problemlər vəd edir.



Yüklə 2,41 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə