Xəbər bülleteni №24



Yüklə 2,41 Mb.
səhifə5/5
tarix12.12.2016
ölçüsü2,41 Mb.
1   2   3   4   5

Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında 7-9 dərəcə isti (gecələr 4-9 dərəcə isti, bəzi günlərdə 0-3 dərəcə şaxta, gündüzlər 10-15 dərəcə isti, bəzi günlərdə 20-25 dərəcəyədək yüksələcək);

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında 5-8 dərəcə isti (gecələr 3-8 dərəcə isti, bəzi günlərdə 0-5 dərəcə şaxta, gündüzlər 10-15 dərəcə isti, bəzi günlərdə 20-25 dərəcəyədək yüksələcək).

Ekspert Dövlət Gömrük Komitəsinin iradlarına cavab verdi

29.02.2016

qubad ibadoglu 1İqtisadçı Qubad İbadoğlu Dövlət Gömrük Komitəsinin fevralın 24-də yaydığı məlumata münasibət bildirib. Komitə məlumatda bildirib ki, bəzi mətbuat orqanlarında ölkənin xarici ticarət əlaqələrinə dair göstəriciləri digər dövlətlərin uyğun göstəriciləri ilə müqayisə olunur, göstəricilər arasında olan fərqlər barədə düzgün olmayan rəy formalaşdırılır: “Məsələnin mahiyyətinə varmadan, xarici ticarət göstəricilərinin formalaşdırılmasının mənbələrini, xarici ticarətin gömrük statistikasının metodologiyasını bilmədən rəsmi statistika göstəricilərinə şübhə ilə yanaşmaq düzgün deyil”.

Transparency.az bildirir ki, Qubad İbadoğlu qurumun məlumatındakı bəzi məqamlara diqqət çəkərək komitəni ictimaiyyətə kifayət qədər açıq olmamaqda suçlayır: “Dövlət Gömrük Komitəsi (DGK) iddia edir ki, Azərbaycanda müşahidə olunan hal Çin, Rusiya və digər MDB dövlətləri üçün də xarakterikdir. Qurum bu məqsədlə bütövlükdə MDB məkanı, Rusiya, Çin kimi gömrük statistikası beynəlxalq standartlara keçid dövrünü yaşayan ölkələrin 10-15 il bundan əvvəlki dövrdə qarşılaşdığı problemlərə istinad edir. Bununla da Azərbaycanın hazırkı problemlərini 10-15 il əvvəl həmin ölkələrdə qeydə alınan problemlərlə eyniləşdirir, bizdə hələ də bu sahədə inkişaf olmadığını təsdiq edir.

Bir çox ölkələrdə, hətta Rusiyada hökumət güzgü statistikası metodologiyası ilə müntəzəm tədqiqatlar aparmaqla gömrük statistikasına nəzarət edir, onun hər il dürüstləşdirilməsinə çalışır. Azərbaycanda isə DGK və digər dövlət orqanları özləri bu işi görmək və eləcə də bu sahənin tədqiqatçılarına minnətdar olmaq əvəzinə ekspertlərin bu istiqamətdəki tədqiqatlarına arqumentsiz cavablar yazmaqla məşğuldurlar. Əgər DGK bundan əvvəlki bəyanatlarında ekspertləri mənbə göstərməməkdə ittiham edirdisə, sonuncu məlumatda digər ölkələrin köhnə dövrləri xarakterizə edən statistik məlumatlarını təsvir etməklə özünə haqq qazandırır.

Qurumun məlumatında qeyd olunur ki, ölkənin ixracı və idxalı onunla xarici iqtisadi əlaqələrdə olan başqa bir ölkənin idxal və ixracına bərabər olmayanda onun nəticələrini hər ilin sonunda dəqiqləşdirib müəyyən edir, fərqlərin yaranma səbəblərini müvafiq ölkələrlə birlikdə işçi qrupu səviyyəsində müzakirə edir, araşdırır. Bəs onda DGK niyə bu istiqamətdə apardığı araşdırmaların nəticələrini dərc etmir? Əminəm ki, aparılan araşdırmanın nəticələri dərc olunsa, tapıntıların ekspertlərin əldə etdiyi nəticələrdən fərqlənmədiyini görəcəyik”.

Ekspert şərhində komitənin statistik uçot və qeydiyyat işini aparmasına diqqət çəkir: “Qurum qeyd edir ki, xarici ticarətin gömrük statistikası BMT və Avropa İttifaqının Statistika Xidmətinin metodoloji göstərişləri əsasında beynəlxalq standartlara uyğun aparılır. Elə biz də ona görə bu araşdırmanı davam edirik. Çünki əslində beynəlxalq standartlara uyğun olan gömrük statistikaları arasında qəbul edilən fərq 10 faizdən yuxarı olmamalıdır. Deməli, burda fərq yaradan başlıca amil statistik uçot və qeydiyyat işinin düzgün qurulmamasıdır. Əgər belə olmasaydı, idxalın aşağı düşdüyü dövrdə gömrük ödənişlərinin artımı müşahidə olunmazdı. Məlumatda yazılır ki, xarici ticarətin gömrük statistikasında idxal malın mənşə ölkəsi, ixrac təyinat ölkəsi üzrə aparılır. Bu metodoloji izahla razılaşaraq qeyd etməliyəm ki, belə hallar avtomobillərin və digər bu tip malların idxalı üçün xarakterikdir. Amma komitənin məlumatına görə, tədqiqat aparılan 2015-ci ildə Azərbaycana xaricdən gətirilən avtomobillərin sayı 2,4 dəfə azalıb. Bu azalma tendensiyası davam etməsəydi, bəlkə də bu amilin təsiri xüsusilə də Gürcüstan və Avropa İttifaqı ölkələri ilə ticarətdə əhəmiyyətli olardı.

Komitə fərq yaradan amillərdən biri kimi idxal olunan malın statistik dəyərinin CİF (malın dəyəri, sığorta və daşınma xərcləri), ixrac olunan malın statistik dəyərinin FOB (bortdan azad) ticarət şərtləri əsasında müəyyən edilməsini göstərir, amma özü də bilir ki, bu fərq bəzən bir neçə yüz milyon dollarla və ya 10 faizlərlə ifadə oluna bilməz. Elə bu və ya digər səbəbdən də ayrı-ayrı ölkələrin gömrük statistikaları arasında qəbul edilən fərq 10 faizdən yuxarı deyil. Əgər yuxarıdırsa, deməli, başqa səbəblər var. Əvvəllər 15 əsas ticarət tərəfdaşımız olan ölkələrlə idxal əməliyyatları üzrə güzgü metodologiyası əsasında apardığımız tədqiqatlara istinadla xatırlada bilərik ki, iki ölkənin göstəriciləri arasında fərq 2008-ci ildə 2,55 milyard dollar və ya 46,6 faiz, 2009-cu ildə 1,75 milyard dollar və ya 36,3 faiz, 2010-cu ildə 3,75 milyard dollar və ya 74,5 faiz, 2011-ci ildə 3,71 milyard dollar və ya 51,8 faiz, 2012-ci ildə 4,82 milyard dollar və ya 64,9 faiz, 2013-cü ildə 5,02 milyard və ya 62,3 faiz, 2014-cü ildə isə 4,94 milyard dollar və ya 69,5 faiz olub. Təhlil olunan 2008-2014-cü illər ərzində kənarlaşma məbləği 10,6 milyard dollar, kənarlaşma faizi isə orta hesabla 58 faiz təşkil edib. Göründüyü kimi, illər üzrə göstəricilərin hər birində və ümumilikdə yaranmış fərq 10 faizlik qəbul edilə bilən həddən 5-6 dəfə yüksəkdir.

2015-ci ildə məlumatlarına çıxış olan yalnız 3 ölkənin (Gürcüstan, Rusiya və Türkiyə) göstəriciləri əsasında fərq 1,6 milyard dollar təşkil edib. Digər ölkələrin məlumatlarına çıxış imkanı yaranan kimi yenidən 15 ölkə üzrə 2015-ci ilin göstəriciləri əsasında yaranmış fərqlə bağlı açıqlamalar olacaq”.

Qubad İbadoğlu komitənin daha bir arqumentinə cavab kimi kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların ölkəyə idxalı ilə yaranan fərq məqamına toxunur: “Azərbaycanda kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların idxalı dövriyyəsi çox cüzidir. Çünki bizdə fiziki şəxsə ölkəyə qeydiyyatsız gətirdiyi mallar üçün yol verilən hədd çox aşağıdır. İdxal və ixracın gömrük rəsmiləşdirilmə vaxtının fərqli olmasının nəticələrə təsiri İran istisna olmaqla çox zəifdir, çünki bu yalnız dekabr ayının sonunu və yanvarın əvvəlini xarakterizə edən bir neçə gün ərzində qeydiyyata təsir göstərə bilər. Tərəfdaş ölkələrlə aparılan idxal-ixrac əməliyyatları zamanı malların gömrük dəyərinin hesablanmasında bir-birindən fərqlənən üsulların və müxtəlif metodologiyaların tətbiqi sahəsində isə deyilənlərlə razılaşmaq olar. Çünki başqa ölkələrdə gömrük dəyəri əsasən invoys qiymətləri əsasında, Azərbaycanda isə DGK-nın özünün öz xidməti istifadəsi üçün təsdiq etdiyi qiymət siyahısı ilə həyata keçirilir. Bir çox hallarda illərlə yenilənməyən, mənşə ölkənin bazar konyunkturasındakı dəyişiklikləri çevik şəkildə nəzərə almayan bu qiymət cədvəli idxalçılardan əlavə gömrük rüsumları və əlavə dəyər vergisi almağa xidmət edir. Əslində həmin sənədi ya Nazirlər Kabineti, ya da İqtisadiyyat Nazirliyi qəbul etməli və mütəmadi yeniləməlidir”.

Qubad İbadoğlu şərhində bildirir ki, Dövlət Gömrük Komitəsi məlumatında malın statistik dəyərlərinin müxtəlif valyuta məzənnələri ilə hesablanmasını arqument kimi səsləndirib. Ekspert bu məqamı da şərh edib: “Bizim idxalatımızın valyuta tərkibi demək olar bircinslidir, çünki əməliyyatlar əsasən sərbəst dönərli valyutalarla (SDV) aparılır. Komitənin məlumatına görə, 2015-ci ildə SDV ilə hesablaşmaların ixracda payı 94,31 faiz, idxalda payı isə 81,29 faiz təşkil edib. Odur ki, bu amilin təsiri ilə də ciddi fərq yarana bilməz.

Azərbaycanda idxal göstəricilərinin xüsusilə də böhran dövründə dürüstləşdirilməsi çox əhəmiyyətlidir. Çünki bu, dövlət büdcəsində gömrük ödənişlərinin ciddi artımına və büdcə kəsirinin azalmasına xidmət edə bilər. Fevralın 23-də büdcənin dürüstləşdirilməsi zamanı komitənin yığımlarının 13,8% və ya 220 milyon manat artırılması reallığa uyğun gəlmir. Azərbaycanda idxal göstəricilərinin dürüstləşdirilməsi ilə bağlı tədqiqatlar göstərir ki, bu mənbədən ödənişləri ən azı 30 faiz artırmaq mümkündür”.

23 bank 60 milyon ABŞ dolları aldı

29.02.2016



merkezi bank
Fevralın 29-da Mərkəzi Bankın növbəti valyuta hərracı keçirilib. Rəsmi məlumata görə, 23 bankın qatıldığı hərracda 60 milyon ABŞ dolları məbləğində vəsait satılıb.

Transparency.az bildirir ki, bu il keçirilən hərraclarda Mərkəzi Bankın satdığı vəsaitin ümumi həcmi 685 milyon 488 min ABŞ dollarına çatıb.

Bu il Dövlət Neft Fondu da bir neçə hərrac təşkil edib. Həmin hərraclarda 871 milyon 346 min ABŞ dolları məbləğində vəsait alınıb.

İlham Əliyev nazirlərin toplantısında çıxış edib

29.02.2016

ilham eliyev
AZƏRTAC Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin ikinci toplantısından yeni məlumat yayıb. Toplantı fevralın 29-u Bakıda keçirilir. Prezident İlham Əliyev toplantıda deyib ki, Cənub Qaz Dəhlizi layihəsinin həyata keçirilməsi Azərbaycan, Gürcüstan, Türkiyə və digər ölkələr arasında səmərəli əməkdaşlığı daha da genişləndirəcək. “Enerji təhlükəsizliyi bu gün dünya siyasətində, beynəlxalq təşkilatların gündəliyində mühüm yer tutur” deyən dövlət başçısı Azərbaycanın bütün öhdəliklərinə sadiq olduğunu, ölkənin hər zaman bazar iqtisadiyyatı prinsiplərini daha da inkişaf etdirdiyini bildirib, bir məqamı da vurğulayıb ki, enerji əməkdaşlığı siyasi tələb məsələsi ola bilməz və bu məsələ hər hansı siyasi formatdan azad olmalıdır.

Prezident Azərbaycanın layihə üzvləri arasında güclü əməkdaşlıq qurduğunu və bu əməkdaşlığın iqtisadiyyatın digər sahələrində də uğurlara imkan yaradacağını deyib, enerji əməkdaşlığının Avropa İttifaqı ilə əlaqələrdə mühüm rol oynadığını bildirib.

Cənub Qaz Dəhlizi layihəsinin icrası zamanı yubanmalara, maneələrə yol verilməməsinin vacibliyinə diqqət çəkən dövlət başçısı bütün maneələri dəf etmək üçün hökumətlərin səylərini birləşdirməsinin zəruriliyini vurğulayıb. İlham Əliyev TANAP layihəsinin icrasının fəal mərhələdə olduğunu deyib, Trans-Adriatik layihəsinin də vaxtında həyata keçiriləcəyinə əminliyini ifadə edib. “Cənub Qaz Dəhlizi layihəsi XXI əsrin tarixi layihəsidir” deyən dövlət başçısı layihənin reallaşmasına verdikləri töhfələrə görə hökumətlərə minnətdarlıq edib.

Səhiyyə Nazirliyi şəkərli diabet üzrə tədbirlər planı təsdiqləyib

29.02.2016

sehiyye nazirliyi 1
Səhiyyə Nazirliyi şəkərli diabet üzrə 2016-2020-ci illər üçün dövlət proqramı çərçivəsində tədbirlər planı təsdiqləyib. Rəsmi məlumata görə, sənəddə yer alan tədbirlər sırasına şəkərli diabet xəstələrinin vahid elektron registrinin və məlumat bazasının, dərman preparatlarının təmini məqsədilə kompüter proqramının təkmilləşdirilməsi, şəkərli diabetin fəsadlarının profilaktikası üçün tibb müəssisələrində təlim məktəbləri şəbəkəsinin genişləndirilməsi, şəkərli diabet xəstələrinin insulin və digər şəkər salan dərman preparatları, özünənəzarət vasitələri ilə davamlı təmin edilməsi, pompa ilə təmin edilən uşaqların monitorinqi və onlara ləvazimatların verilməsi, şəkərli diabet xəstəliyinin kompensasiya mərhələsinin müəyyən edilməsi məqsədilə tibb müəssisələrinin qlükozalaşmış hemoqlobinin təyini üçün avadanlıq və reaktivlərlə təmin edilməsi, şəkərli diabetin diaqnostikası və müalicəsi üzrə klinik protokolların hazırlanması və tətbiqi daxildir.

Eyni zamanda “diabetik pəncə” kabinetlərinin bölgələrdə yaradılması, şəkərli diabetə düçar olmuş uşaq və gənclər üçün yay düşərgələrinin təşkili, onların tibb işçiləri və tibbi ləvazimatla təmin edilməsi, şəkərli diabetin profilaktikası, diaqnostikası və müalicəsi üzrə mütəxəssislərin hazırlanması, bölgələrdə şəkərli diabetin fəsadlarının profilaktikası və müalicəsinə həsr olunmuş konfransların keçirilməsi (endokrinoloqlar, cərrahlar, oftalmoloqlar, nevropatoloqlar, ginekoloqların iştirakı ilə), şəkərli diabetin profilaktikası, diaqnostikası və müalicəsi üzrə mütəxəssislərin hazırlanması, şəkərli diabetlə mübarizə üzrə mütəxəssislərin beynəlxalq konqres, konfrans və simpoziumlarda iştirakını təşkil etmək də tədbirlər planda yer alıb.

Tədbirlər planına əsasən, ilkin səhiyyə xidməti müəssisələrində çalışan tibb işçiləri üçün şəkərli diabetin aşkarlanması və müalicəsi üzrə treninqlər təşkil ediləcək, bu xəstəliyin profilaktikasına dair populyar ədəbiyyat, bukletlər, vərəqlər, plakatlar çap ediləcək, kütləvi informasiya vasitələri ilə şəkərli diabetin profilaktikasına dair məlumatlar veriləcək.

Səhiyyə Nazirliyinin məlumatına görə, hazırda 208 mindən çox şəkərli diabet xəstəsi, daim dövlət hesabına dərman və özünənəzarət vasitələri ilə təmin olunur.

Ermənistan iqtisadiyyatına dair statistik rəqəmlər açıqlanıb

29.02.2016



ermeni - iqtisadiErmənistan Milli Statistika Xidməti 2015-ci ilin yekunları ilə bağlı hesabat yayıb. Novator.az-ın məlumatına görə, hesabatda qeyd olunur ki, ötən il Ermənistan iqtisadiyyatı 3% artıb. Bu, dövlət büdcəsindəki proqnozdan 1,1% azdır.

Açıqlamaya əsasən, Ermənistanın ümumi daxili məhsulu (ÜDM) 2015-ci ildə 10,56 milyard dollara yaxın həcmdə olub. Adambaşına ÜDM 3 min 515 dollar həcmində qərarlaşıb. Büdcədə proqnoz 3 min 610 dolar idi.

Ötən il Ermənistanda 3,7% inflyasiya gedib.

Milli Statistika Xidməti qeyd edir ki, 2015-ci ildə iqtisadi artıma əsasən kənd və meşə təsərrüfatı, balıqçılıq sahəsində 11,4% artım təkan verib. Sənayedə, o cümlədən energetika sahəsində 6,3% artım qeydə alınıb.

Manata inamı necə qaytarmalı?

29.02.2016



vuqar bayramovİqtisadçı ekspert Vüqar Bayramov dollarla təklif edilən kreditlərin həcmini məhdudlaşdırmağın mümkün olduğunu yazır. Transparency.az-ın məlumatına görə, ekspert bir neçə addım təklif edir: “Manatla kredit vermək üçün bankların cəlb etdiyi vəsaitlərin valyuta strukturu dəyişdirilməlidir. Yəni bank manatla nə qədər çox vəsait cəlb edərsə, o qədər də çox milli valyuta ilə kreditlər təklif edəcək. Bu isə Mərkəzi Bankın mərkəzləşdirilmiş kreditlərinin həcminin artırılması ilə mümkündür.

Əvvəla, qurum bankları daha çox kreditlə təmin etməklə onlara həm daha ucuz borclanmaq, həm də manatla kredit təklif etmək imkanı yaratmalıdır. Bu halda bankların manat bazası genişləndiyi üçün milli valyuta ilə daha çox kreditlər təklif edə biləcək. Amma təəssüf ki, məzənnə və inflyasiya təzyiqindən ehtiyatlanan baş bankda kommersiya banklarını manatsız saxlamaq prinsipi hələ də davam edir.

İkincisi, mərkəzləşdirilmiş kreditlər şəffaf və açıq şəkildə bölüşdürülməlidir. Bütün banklara bu vəsaitlərə baryersiz çıxış imkanı verilməlidir”.

Ekspertin qənaətinə görə, növbəti addım manatla əmanətlərin indeksasiya olunmasıdır: “Təəssüf ki, Mərkəzi Bank dollarlaşmanın qarşısını alacaq bütün islahatlardan kənar durmağa çalışır. Halbuki zamanında indeksasiya sisteminin tətbiq edilməsi milli valyutaya təzyiqi ciddi şəkildə azaldardı. Bu mexanizmin tətbiqi vətəndaşlara öz depozitlərini milli valyutada saxlamaq imkanı verəcək. Çünki hələ də bir çoxlarında pulu dollar, yoxsa manatla saxlamaqda qərarsızlıq var. İndeksasiya bu qərarsızlığı aradan qaldıra bilər. Bu zaman indeksasiya ilə bağlı potensial və ya virtual xərcləri dövlət qarşılayır. Banklarda manatla yerləşdirilən əmanət dollara indeksasiya edilir. Müqavilə üzrə müddət başa çatdıqdan sonra əmanətçi manatla olan pulunu götürərkən milli valyuta dəyərdən düşərsə, yaranan fərqi məhz indeksasiya olunduğu üçün dövlət qarşılayır. Yəni manat dollara nisbətən ucuzlaşarsa, fərq qarşılanır, dəyər qazanarsa, əmanətçi dollarla ifadədə daha çox qazanır.

İndeksasiya banklarda olan əmanətlərə tətbiq edildiyindən və evdə saxlanan pulları əhatə etmədiyindən banklardakı depozitlərin də həcminin artmasına gətirib çıxaracaq. Vətəndaşların əksəriyyəti öz pullarını evdə deyil, banklarda saxlamağa üstünlük verəcək. Bu isə manatla əmanətlərə marağı artırar, vətəndaş pulunu bankda milli valyutada saxlamaqda maraqlı olar. Nəticədə banklara cəlb edilən milli valyutanın həcmi artar, banklar manatla daha çox kredit təklif etmək imkanı qazanar”.

Mərkəzi Bank ehtiyatların əriməsindən çəkinir

29.02.2016

samir eliyev 1“Mərkəzi Bankın hərraca tələbdən az dollar çıxarması valyuta ehtiyatlarının psixoloji həddi aşması qorxusudur”. Transparency.az-ın məlumatına görə, iqtisadçı ekspert Samir Əliyev belə yazır. Ekspertin hesablamalarına görə, qurumun fevral ayı üzrə valyuta ehtiyatında təxminən 370 milyon dollara yaxın azalma olacaq: “Mərkəzi Bankın qalan ehtiyatı 4 milyard dollara yaxınlaşacaq. Qurumun son günlər hərraca tələbdən az dollar çıxarmasının da səbəbi valyuta ehtiyatlarını psixoloji həddən — 4 milyard dollardan aşağı düşürməməkdir. Mərkəzi Bank valyuta satışını azaldandan bankların tələbində artım müşahidə edilir”.

Bu il keçirilən hərraclarda Mərkəzi Bankın satdığı vəsaitin ümumi həcmi 685 milyon 488 min ABŞ dollarına çatıb.



Dövlət Neft Fondu da bu il bir neçə hərrac təşkil edib. Həmin hərraclarda 871 milyon 346 min ABŞ dolları məbləğində vəsait alınıb.

Yüklə 2,41 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə