ASAN xidmət" — Azərbaycan Respublikasında dövlət orqanları tərəfindən vətəndaşlara göstərilən xidmətlərin həyata keçirilməsini təmin edən mərkəzlər.[1]> ASAN sözünün açılışı ingiliscə "Azerbaijan Service and Assessment Network"dir (azərb. Azərbaycan Xidmət və Qiymətləndirmə Şəbəkəsi). "ASAN xidmət" Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə tabedir. İlk "ASAN xidmət" mərkəzi 2013-cü ildə fəaliyyətə başlayıb. Hal-hazırda 20 mərkəz fəaliyyət göstərir. Onlardan beşi Bakıda, on beşi isə Azərbaycanın bölgələrindədir. "ASAN xidmət"ə indiyə qədər 39 milyondan çox müraciət edilib.[2] Xidmətlərin göstərilməsində könüllülər də cəlb olunur. "ASAN xidmət" mərkəzlərində müxtəlif dövlət orqanlarının vətəndaşlara göstərdiyi xidmətlərdən başqa funksional yardımçı xidmətlər də təklif olunur. Həmçinin mərkəzlərdə sosial layihələr də keçirilir.