YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR
FƏSİL 5.
Azərbaycanda davamlı enerji siyasəti
5.1. Azərbaycanda ümumi enerji istehlakı
Azərbaycanın ümumi enerji təhcizatı 2007-2011-ci illər ərzində aşağıda-
kı diaqramda göstərilmişdi.
Şəkil 5.1. 2007-2011-ci illər üzrə Azərbaycanın ümumi enerji təhcizatı
(Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi)
Diaqramdan göründüyü kimi Azərbaycanda ümumi enerji təhcizatı 2008-
ci ildə ən yüksək həddə çatmış, sonrakı iki il ərzində azalma müşahidə olun-
muş və sonuncu 2011-ci ildə yenidən artmışdır. 2008-ci ildəki artımın əsas
səbəbi Azərbaycanın ÜDM-un əvvəlki illərə nisbətən kəskin artması, sonrakı
iki il ərzində azalmanın səbəbi isə energetika sektorunda aparılan islahatlardır.
Ümumi enerji təhcizatında əsas yeri son istehlak tutur. 2011-ci ildə son
istehlak ümumi enerji təhcizatının 58,2%-ni təşkil edib. Son istehlakdan son-
ra ikinci ən böyük payı isə 23,2%-lə transformasiya sektorunun prosesləri
- 119 -
YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR
tutur. Transformasiya prosesləri təbii enerji resurslarının elektrik və istilik
enerjisinə çevrilməsi prosesləridir.
Bu sahədə son illərdə əsasən azalma müşahidə olunmuşdur ki, bu da
energetika sektorunda aparılan islahatlarla əlaqəlidir. 2011-ci ildə ümumi
enerji təhcizatında itkilər və energetika sektoru müvafiq olaraq 9% və 7,5%
təşkil etmişdi. İtkilərin payı son üç il ərzində azalsa da Avropanın inkişaf
etmiş ölkələriylə müqayisədə hələ də xeyli böyük paya sahibdi.
Azərbaycanda enerji məqsədi ilə son istehlak 2011-ci ildə 7290,4 min
ton neft ekvivalenti təşkil etmişdi. Enerji məqsədi ilə son istehlakın 2007-
2011-ci illər üzrə dinamikası və bölgüsü Diaqram 2-də göstərilmişdir.
Şəkil 5.2. 2007-2011-ci illər üzrə Azərbaycanda enerji məqsədi ilə son istehlak
Mənbə: Azərbaycan Dövlət Statistika Komitəsi
Azərbaycanda ən çox enerji istehlak edən sektor ev təsərrüfatlarıdır.
Ev təsərrüfatlarının enerji məqsədli son istehlakda payı təxminən 50%-ə
bərabərdir. Nəqliyyat sektorunun son istehlakda payı artan dinamikay-
la müşahidə olunur. 2011-ci ildə bu pay 27%-ə bərabər olmuşdur. Bunun
əksinə olaraq sənaye sektorunun payında 2009 və 2010-cu illərdə azalma
müşahidə olunmuşdur və 2011-ci ildə13%-ə bərabər olmuşdur.
- 120 -
YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR
5.2. Azərbaycanın ümumi enerji səmərəliliyi göstəriciləri
Ölkənin ümumi enerji səmərəliliyini dəyərləndirmək üçün dünya
təcrübəsində onun enerji intensivliyi göstəricisindən istifadə olunur. Ümu-
mi enerji intensivliyi ölkədə istehlak olunan enerji miqdarının onun ÜDM-
na nisbətinə bərabərdir və 1 dollar ÜDM üçün istifadə olunan enerji miq-
darını göstərir.
Azərbaycanın 2000-2011-ci illər ərzində enerji intensivliyi göstəriciləri
aşağıdakı şəkildə göstərilmişdir. Göründüyü kimi 2000-ci illə müqayisədə
Azərbaycanda enerji səmərəliliyi göstəricisi xeyli yaxşılaşmışdır. Ener-
ji intensivliyində kəskin azalmanın əsas səbəbi son illər ərzində ÜDM-un
kəskin artmasıdır. Digər bir səbəb elektrik enerjisi istehsalında tamamilə
təbii qazdan istifadəyə keçilməsi, sayğaclaşma kimi energetika sektorunda
aparılan islahatlardır.
Şəkil 5.3. Azərbaycanda ümumi enerji intensivliyi
(kne son enerji istehlakı/dollar AQP ÜDM)
Azərbaycanın enerji intensivliyinin digər ölkələrin eyni göstəricisi ilə
müqayisəsi Diaqram 4-də göstərilmişdir.
Azərbaycan enerji səmərəliliyinə görə dünya ölkələri arasında orta möv-
qeni tutur və dünyanın bəzi inkişaf etmiş ölkələriylə müqayisədə heç də geri
qalmır. Bu sıralamada son yerləri Səudiyyə Ərəbistanı, Bəhreyn, Qazaxıstan,
Türkmənistan və Özbəkistan kimi karbohidrogen resursları ilə zəngin olan
- 121 -
YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR
ölkələr tutur. İlk yerlərdə isə İsveçrə, İtaliya və Danimarka kimi Avropanın
inkişaf etmiş ölkələri qərarlaşır.
Azərbaycanın ümumi enerji istehlakı və səmərəliliyi göstəricilərinin
Yaponiya, Almaniya, Birləşmiş Krallıq, İtaliya kimi dünyanın inkişaf etmiş
ölkələri ilə müqayisəsi göstərir ki, Azərbaycanda kifayət qədər enerjiyə
qənaət potensialı var. Bu potensialın iqtisadiyyatın hansı sahələrində daha
çox olmasını müəyyənləşdirmək üçün bu sahələri ayrılıqda tədqiq etməyə
ehtiyac var.
5.3. Ev təsərrüfatlarında enerji səmərəliliyi
2010-cu ildə Azərbaycanda ev təsərrüfatlarının enerji istehlakı
3409.2 min tne olmuşdur ki, bu da ümumi son enerji istehlakının 46,8%-
nə bərabərdir. Diqram 2-dən də göründüyü kimi son beş il ərzində ev
təsərrüfatlarının enerji istehlakı son enerji istehlakının təxminən yarısına
bərabər olmuşdur. Ev təsərrüfatlarında enerji istehlakının 79,6%-ni təbii
qaz, 14,9%-ni elektrik enerjisi, 5,5%-ni isə digər yanacaq növləri təşkil et-
mişdir. Son beş il ərzində ev təsərrüfatlarının enerji istehlakı növbəti diaq-
ramda göstərilmişdir.
Şəkil 5.4. 2007-2011-ci illər ərzində ev təsərrüfatlarının enerji istehlakı
Mənbə: Azərbaycan Dövlət Statistika Komitəsi
- 122 -
YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR
Diaqramdan görünür ki, Azərbaycanda ev təsərrüfatları enerji istehlak-
larında elektrik enerjisindən tədricən təbii qaza keçirlər. Belə ki 2007-ci
ildə elektrik enerjisinin ümumi istehlakda payı 22,1% olmuşdursa, 2011-ci
ildə bu rəqəm 14,9%-ə qədər geriləmişdi. Bunun əksinə olaraq təbii qazın
payı 71,3%-dən 79,6%-ə qədər artmışdır. Bundan başqa ev təsərrüfatlarının
enerji istehlakı 2008-ci ildə 2007-ci ilə nisbətən xeyli artmış sonrakı 2009-
cu il ərzində isə xeyli azalmışdır. Bu dinamikanın səbəbini anlamaq üçün
Diaqram 6-da verilmiş ümumi istehlakda daha böyük paya sahib olan təbii
qazın 2000-2011-ci illər ərzində istehlak dinamikasını baxaq.
Şəkil 5.5. 2000-2011-ci illər ərzində Azərbaycanda ev
təsərrüfatları tərəfindən təbii qaz istehlakı
Mənbə: Azəriqaz SC
Diaqram 6 son illərdə Azərbaycanda təbii qaz bazarındakı islahatları
özündə əks etdirir. Belə ki, 2000-2005-ci illərdə və 2010-2011-ci illərdə qaz
istehlakında artım müşahidə olunur. Bu artımların səbəbi əhalinin, yaşayış
sahələrinin və yeni qazlaşdırılan mənzillərin sayının artmasıdır. 2008-ci ildə
artım isə digər illərdə müqayisədə kifayət qədər böyükdür ki, təbii qazın
paylanması və əhaliyə çatdırılmasına qoyulan investisiyalara baxsaq görərik
ki, bu ildə investisiyanın miqdarı digər illərə nisbətən xeyli çoxdur.
- 123 -
YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR
Diaqramda fərqli rənglərlə göstərilmiş 2004, 2005 və 2009-cu illər təbii
qazın qiymətinin artırıldığı illərdir. Göründüyü kimi 2004 və 2005-ci illərdə
bu artım əhalinin təbii qaz istehlakına mənfi təsir göstərməyib, yalnız 2009-
cu ildəki artım təbii qaz istehlakında azalmaya səbəb olub. Bunun səbəbi isə
2005-ci ildən kütləviləşməyə başlayan və artıq tamamlanmaqda olan sayğac-
laşma prosesidir. 2005-ci ildə əhalinin yalnız 8,5%-i sayğacdan istifadə edirdi
və əhalinin digər hissəsi istehlakdan asılı olmayaraq sabit məbləğdə ödəniş
edirdilər. Bu səbəbdən 2004 və 2005-ci illərdə qiymət artımının qaz isteh-
lakına neqativ təsiri müşahidə olunmur. Lakin 2009-cu ildə artıq təbii qaz
abunəçilərinin 99,2%-ində sayğaclaşma prosesi başa çatmışdı və bu ildəki
qiymət artımı əhalinin təbii qazdan daha səmərəli istifadə etməsinə gətirib
çıxardı. 2006 və 2007-ci illərdəki azalmanın səbəbi də bu illərdə sürətlənən
sayğaclaşma prosesidir. Belə ki, bu illərdə sayğaclaşma müvafiq olaraq 33%
və 81,4% olmuşdur. Hal hazırda isə bu rəqəm 99,8%-ə bərabərdir.
Ev təsərrüfatları üçün enerji səmərəliliyinin əsas göstəricisi hər kv. m ya-
şayış sahəsinə görə istehlak olunan enerji miqdarıdır. Azərbaycanda 2009-
cu ildə bu rəqəm təxminən 26 kne-nə bərabər olmuşdu. Bu göstəricinin
Avropa ölkələrinin eyni göstəriciləri ilə müqaisəsi aşağıdakı diaqramda
göstərilmişdir.
Şəkil 5.6. 2009-cu il Azərbaycanda və bəzi Avropa ölkələrində
yaşayış binalarında bir kv. m-ə düşən enerji istehlakı, kne ilə
- 124 -
YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR
Sonuncu diaqramdan Azərbaycanda ev təsərrüfatlarının enerji
səmərəliliyi göstəricisinin Avropa ölkələri ilə müqayisədə xeyli aşağı oldu-
ğu görünür. Azərbaycanın göstəricisinə yaxın göstəricisi olan ölkələr Ru-
muniya, Latviya, Finlandiya, Estoniya kimi iqlimi soyuq olan ölkələrdir.
Azərbaycanla təxminən eyni iqlim qurşağında yerləşən İtaliya, İspani-
ya və Portuqaliya kimi ölkələrin göstəriciləri isə Avropa üzrə ən yüksək
göstəricilərdir.
Diaqram 7-yə əsasən demək olar ki, Azərbaycan ev təsərrüfatlarında
enerji səmərəliliyini Azərbaycanla eyni coğrafi enlikdə yerləşən Avropa
ölkələrinin səviyyəsinə çatdırsa, o zaman ev təsərrüfatlarında 50%-dən ar-
tıq, başqa sözlə ən azı 1,7 mln. tne miqdarında enerjiyə qənaət edə bilər.
Bu da Azərbaycanın ümumi son enerji istehlakının təxminən 25%-nə
bərabərdir.
Azərbaycanda yaşayış binalarında enerji səmərəliliyinin Avropaya
nisbətən aşağı olmasının əsas səbəblərdən biri Azərbaycanın və Avro-
panın mövcud və yeni inşa olunan binaları arasındakı fərqlərdir. Belə ki,
Avropa ölkələri enerji ehtiyacını əsasən idxal hesabına ödədiklərindən
bu ölkələrdə enerji səmərəliliyi ilə bağlı ciddi standartlar tətbiq olunur.
Yeni inşa olunan binalarda bu standarlara ciddi nəzarət olunur və möv-
cud binalar da əsaslı təmir olunaraq bu standartlara uyğunlaşdırılır. Dünya
təcrübəsinə görə əhalinin əsas enerji istehlakı, ümumi istehlakın təxminən
50-60%-i yaşayış sahəsinin qızdırılmasına sərf olunur. Bu səbəbdən Av-
ropada yaşayış binalarında istiliyin itməməsinə xüsusi əhəmiyyət veri-
lir. Buna nail olmaq üçün binalarda xüsusi istilik keçirməyən örtükdən
və qapı-pəncərə sistemlərindən istifadə olunur. Nəticədə əhali daha az
enerji sərf etməklə yaşayış sahəsində istədiyi tempraturu saxlaya bilir.
Azərbaycanda isə mövcud binaların böyük bir hissəsi müstəqillikdən
əvvəlki dövrdə və qeyd olunan texnologiyalar tətbiq olunmamaqla inşa
olunmuşdur. Bu binaların qeyri-yaşayış sahələrində pəncərə və qapıların
yaxşı vəziyətdə olmaması istiliyin itməsini daha da sürətləndirir. Tikinti
şirkətlərinin yeni inşa etdikləri binalarda enerji səmərəliliyi yüksək olan
texnologiyadan istifadədə maraqlı olmamaları da enerji səmərəliliyinin
aşağı olma səbəblərindən biridir. Azərbaycanda ev təsərrüfatlarında enerji
səmərəliliyinin aşağı olmasın digər bir səbəbi isə aşağı səmərəliliyə ma-
- 125 -
YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR
lik elektriklə işləyən alətlərdən istfadə edilməsidir. Azərbaycanda ev
təsərrüfatlarında enerji səmərəliliyinin artırılmasının qarşısında bəzi
maneələr dayanır. Əhalinin və tikinti şirkətlərinin enerjiyə qənaət po-
tensialı barədə kifayət qədər məlumatları yoxdur. Enerji səmərəliliyi
ilə əlaqəli aparılmış tədqiqatların nəticələrini yaymaq və insanları bu
barədə marifləndirmək bu maneəni aradan qaldırmaq və yüksək enerji
səmərəliliyinə nail olmaq üçün çox əhəmiyyətlidir. Digər tərəfdən yaşayış
binalarında enerji səmərəliliyi ilə bağlı standartlara əməl olunmur. Enerji
səmərəliliyini artırmaq üçün yeni inşa olunan binalarda məcburi standart-
ları tətbiq olunmalı, eləcə də mövcud binalarda monitorinqlər keçirilərək
standartlara uyğun olmayan binalar müəyyənləşdirilməli və standartlara
uyğunlaşdırılmalıdır. Qeyd olunan standartlar yeni texnologiyalara uyğun
hazırlanmalı və periodik olaraq yenilənməlidir. Standartlaşdırma aparıl-
dıqdan sonra binalarda enerji səmərəliliyinə görə qiymətləndirilmələr də
aparıla bilər ki, bunun nəticəsində əhali mənzil alarkən potensial enerji
xərcləri barədə məlumatlana bilər. Enerji səmərəliliyinin artırılması-
nın qarşısındakı digər bir maneə isə maliyyə problemləridir. Belə ki, ev
təsərrüfatları enerji effektiv texnologiyanı tətbiq və istifadə etmək istəsə
belə, bunun üçün kifayət qədər maliyyə vəsaitinə sahib olmaya bilər.
Dövlət tərəfindən bu kimi layihələrə güzəştli kreditlərin və subsidiyaların
verilməsi ilə bu problem həll oluna bilər.
Azərbaycan enerji resursları ilə zəngin bir ölkə olduğundan, ölkəmizdə
enerji qiymətləri Avropa ölkələri ilə müqayisədə aşağıdır. Buna görə də
əhali enerji istehlak edərkən qənaət barədə çox da fikirləşmir. Bu səbəbdən
əhaliyə enerjiyə qənaəti təbliğ edərkən nəticədə qənaət edə biləcəkləri
maliyyə vəsaiti ilə yanaşı, enerjiyə qənaət etməklə ətraf mühiti və ekologi-
yanı qoruya biləcəklərini də onlara xatırlatmaq lazımdır. Bu siyasət artıq bir
çox ölkədə özünü doğruldub.
Rusiyada son ilərdə aparılmış araşdırmanın nəticələrinə görə bu ölkədə
ev təsərrüfatlarında 50% enerjiyə qənaət etmək mümkündür, bu potensia-
lın 80%-dən çoxu iqtisadi, 46%-i isə maliyyə cəhətdən səmərəlidir. Gürcüs-
tanda aparılan başqa bir araşdırmaya görə bu ölkdədə yalnız elektrik lam-
palarını daha səmərəli lampalarla əvəz etməklə ildə 370 GVt saata qədər
enerjiyə qənaət etmək mümkündür. Bu ölkələrdəki yaşayış binalarının və
istifadə olunan texnologiyanin Azərbaycandakılarla bənzərliyini nəzərə al-
- 126 -
YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR
saq, Azərbaycanda ev təsərrüfatlarında enerji səmərəliliyinin potensialını
təssəvür etmək elə də çətin deyil.
5.4. Nəqliyyat Sektoru
Azərbaycanda nəqliyyat sektoru son enerji istehlakına görə ev
təsərrüfatlarından sonra ən böyük paya sahibdir. Bu sektorda yük daşıması və
enerji istehlakı son illərdə kəskin artmışdır. Bunun da əsas səbəbi Bakı-Cey-
han neft kəmərinin istifadəyə verilməsi olmuşdur. 2000-2011-ci illər ərzində
yük daşımasının dinamikası aşağıdakı diaqramda verilmişdir. Hal hazırda yük
daşımasının 70-75%-i boru kəmərinin payına düşür, bu rəqəm 2006-cı ildə
5-6% təşkil edirdi. Avtomobillə, dəmir yolu ilə və dənizlə yük daşıması ümumi
yük daşımasının müvafiq olaraq 11-12%, 8-9% və 4-5%-ni təşkil edir.
Şəkil 5.7. 2000-2011-ci illər ərzində Azərbaycanda yük daşınması
Mənbə: Azərbaycan Dövlət Statistika Komitəsi
Bu illər ərzində sərnişin daşınması isə Diaqram 9-da göstərilmişdir.
2000-2011-ci illər ərzində sərnişin daşınmasında demək olar ki, sabit artım
müşahidə olunur. Sərnişin daşıması 80% avtomobil, 9% hava, 8% metro, 3%
dəmir yolu ilə həyata keçirilir. Avtomobil nəqliyyatı üzrə sərnişin daşınma-
sında isə avtobus və taksilərin payı müvafiq olaraq 95% və 5%-ə bərabərdir.
- 127 -
YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR
Şəkil 5.8. 2000-2011-ci illər ərzində Azərbaycanda sərnişin daşınması.
Mənbə: Azərbaycan Dövlət Statistika Komitəsi
2007-2011-ci illər ərzində nəqliyyat sektorunda istehlak olunan enerji
miqdarı Diaqram 10-da verilmişdir. Göründüyü kimi enerji istehlakında ən
böyük pay avtomobil benzininə məxsusdur. Enerji istehlakında digər yerləri
isə dizel yanacağı, ağ neft tipli reaktiv mühərrik yanacağı, elektrik enerjisi,
mayeləşdirilmiş neft qazları və yanacağın sair növləri tutur.
Şəkil 5.9. 2007-2011-ci illər ərzində nəqliyyat sektorunda istehlak olunan
enerji miqdarı və enerji resurslarının bölgüsü
Enerji istehlakında əsas payı avtomobil benzini tutduğundan
Azərbaycanda nəqliyyat sistemində enerji səmərəliliyini artırmaq üçün
avtomobillərlə bağlı digər göstəriciləri tədqiq etmək və bu sahədəki
- 128 -
YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR
problemləri aradan qaldırmaq lazımdır. Azərbaycanda nəqliyyat sektorun-
dakı problemlərdən bəziləri aşağıdakılardan ibarətdir:
• Azərbaycanda istifadə olunan avtomobillərin yaşı xeyli çoxdur və enerji
səmərəliliyi aşağıdır;
• Şəxsi avtomobillərin sayı sürətlə artır və nəticədə ictimai nəqliyyatdan
şəxsi avtomobillərə keçid artır;
• İctimai nəqliyyat sistemindəki problemlər;
• Əhali enerji səmərəli nəqliyyat vasitələrindən istifadəyə maraqlı deyil və
istehlakçılar qeyri-səmərəli avtomobillərə daha çox meyl edirlər.
2002-2011-ci illər ərzində Azərbaycanda şəxsi avtomobillərin sayı Di-
aqram 11-də göstərilmişdir. Azərbaycanda istifadə olunan şəxsi avtomobil
sayı 2002-ci ildə təxminən 350 minə bərabər olmuşdusa, bu rəqəm 2011-ci
ildə bu rəqəm 850 mini keçmişdir. Qeyd olunduğu kimi şəxsi avtomobillərlə
bağlı əsas problemlərdən biri ölkədə istifadə olunan avtomobillərin
əksəriyyətinin yaşının çox olması və enerji istehlakına görə qeyri-səmərəli
olmasıdır. Diaqram 11-dən də görünür ki, Azərbaycanda istifadə olunan
avtomobillərin əksəriyyəti MDB ölkələrinin istehsalıdır və bu avtomobillər
Avropa, Şərqi Asiya və Amerikada istehsal olunan avtomobillərə nisbətən
qeyri-səmərəlidir. Məlumat üçün qeyd edək ki, Rusiya istehsalı olan 1,3-1,5
litr mühərrikli VAZ və QAZ markalı avtomobillər Avropa istehsalı bənzər
avtomibillərə nisbətən 1,5 dəfə daha çox enerji istehlak edir.
Şəkil 5.10. 2002-2011-ci illərdə şəxsi avtomobillərin sayı və istehlak olunduqları regionlar
Mənbə: Azərbaycan Dövlət Statistika Komitəsi
- 129 -
YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR
Nəqliyyat sektorunda enerji səmərəliliyini artırmaq üçün aşağıdakı
təklifləri dəyərləndirmək olar:
1. İctimai nəqliyyat sistemini daha da mükəmməlləşdirmək – son
dövrlərdə ictimai nəqliyyat sistemində (intellektual idarəetmə də
nəzərə alınmaqla) bir sıra yeniliklər həyata keçirilir və işlər görü-
lür. Bunlara misal olaraq şəhərdaxili və şəhərlərarası avtobusların
yenilənməsi, yeni dayanacaqların inşa olunması, bu dayanacaqlarda
avtobusların iş qrafiklərinin göstərilməsi, eləcə də yeni metro stansi-
yalarının istifadəyə verilməsini və s. misal göstərmək olar. Lakin icti-
mai nəqliyyat sistemində hələ də bir sıra problemlər mövcuddur. Bu
problemlərin müəyyən edilməsi və ictimai nəqliyyatda xidmətin Av-
ropa ölkələri səviyyəsinə çatdırılması əhalinin bu nəqliyyatlardan daha
çox istifadəsinə gətirib çıxara bilər.
2. Ölkəyə idxal olunan və hazırda istifadə olunan nəqliyyat vasitələrinə
enerji səmərəliliyi və istixanana qazları emissiyası standartları-
nın sərtləşdirilməsi – artıqqeyd olunduğu kimi ölkəyə idxal olunan
nəqliyyat vasitələrinin böyük bir hissəsi yaşı çox olan və enerjini qeyri-
səmərəli istehlak edən nəqliyyat vasitələridir. Bu sahədə standartların
tətbiqi və standartlara uyğun olmayan nəqliyyat vasitələrinin idxalına və
istifadəsinə qadağa və ya yüksək məbləğdə rüsumların təyin olunması bu
problemin həllini sürətləndirə bilər. Bundan əlavə ölkəyə enerji səmərəli
nəqliyyat vasitələrinin idxalını stimullaşdırmaq da problemin həllinə
müsbət təsir göstərə bilər.
3. Əhalinin maarifləndirilməsi – digər sahələrində olduğu kimi nəqliyyat
sektorunda da əhalinin maarifləndirilməsi enerji səmərəliliyinin artı-
rılması istiqamətində atılması vacib olan addımlardan biridir. Əhalini
daha səmərəli nəqliyyat vasitələrindən istifadə və ictimai nəqliyyatdan
istifadəyə təşviq edilməsi enerji səmərəliliyini arzuolunan səviyyəyə çat-
dırmaq üçün çox əhəmiyyətlidir.
Rusiyada Beynəlxalq Maliyyə Korporasiyası və Dünya Bankının hesab-
lamalarına görə nəqliyyat sektorunda 41% enerjiyə qənaət etmək mümkün-
dür ki, bunun da 95%-i iqtisadi, 84%-i isə maliyyə cəhətdən səmərəlidir.
İnvestisiyanın özünü ödəmə müddəti isə 6-7 ilə bərabərdir. Azərbaycanda
istehlak olunan avtomobillərin böyük əksəriyyətinin Rusiya istehsalı oldu-
- 130 -
YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR
ğunu və nəqliyyat sistemlərimizdəki oxşarlığı nəzərə alsaq Azərbaycanda da
bu sektorda 40-45% enerjiyə qənaət potensialı olduğunu təxmin edə bilərik.
5.5. Sənaye sektoru
Sənaye sektoru son enerji istehlakına görə Azərbaycanda üçüncü
yerdədir. Bu sektorda ən böyük payı neft sektoru təşkil edir. Azərbaycanda
sənaye sektorunda istehsal olunan əlavə dəyər Diaqram 12-də göstərilmişdir.
Göründüyü kimi Azərbaycanda sənaye sektorunda 2007-2011-ci illər
ərzində sürətli artım müşahidə olunur. Yalnız 2009-cu ildə sənaye sektoru-
nun əlavə dəyərində azalma olmuş, lakin sonrakı illərdə yenidən artım baş
vermişdir. Bu artımın əsas səbəbi təbii ki, neft-qaz sektorunun inkişafı ilə
əlaqədardır.
Şəkil 5.11. Azərbaycanda sənaye sektorunda əlavə dəyər (mln. manatla)
Mənbə: Azərbaycan Dövlət Statistika Komitəsi
Sənaye sektorunda enerji səmərəliliyinin əsas göstəricisi sənaye sektoru-
nun hər dollar əlavə dəyərinə sərf olunan enerji miqdarıdır. Azərbaycanda
bu göstəricinin dinamikası aşağıdakı diaqramda göstərilmişdir.
2007-2011-ci illər üzrə Azərbaycanda sənaye sektorunda ener-
ji səmərəliliyində böyük artım müşahidə olunur. 2007-ci ildə bir dollar
əlavə dəyər üçün 0,06 kne enerji tələb olunurdusa 2011-ci ildə bu rəqəm
təxminən 0,024 kne-nə bərabər olmuşdu. Azərbaycanın bu göstərici üzrə
dünya ölkələri arasındakı mövqeyi növbəti diaqramda öz əksini tapmışdır.
- 131 -
YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR
Şəkil 5.12. Azərbaycanda sənaye sektorunda enerji
səmərəliliyinin dinamikası, 2007-2011-ci illər üzrə (kne/$-la)
Göründüyü kimi Azərbaycanda sənaye sektorunda ümumi enerji
səmərəliliyi göstəricisi əksər dünya ölkələrindən xeyli yaxşıdır. Göstərilən
ölkələrdən yalnız İsveçrə bu göstərici üzrə Azərbaycandan öndədir.
Şəkil 5.13. Sənaye sektorunda enerji intensivliyi (2009, kne/$ əlavə dəyər)
- 132 -
YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR
Bu siyahıda son yerləri MDB ölkələri - Rusiya, Qazaxıstan, Tacikistan,
Qırğızıstan, Özbəkistan və Ukrayina tutur. İlk yerləri isə Avropanın inkişaf
etmiş ölkələri İsveçrə, Danimarka, Norveç tutur. Azərbaycanın bu siyahıda
ilk yerlərdən birini tutmasının əsas səbəblərindən biri Azərbaycanda sənaye
sektorunun əsas hissəsini sənayenin digər sahələrinə nisbətən çox da enerji
tutumlu olmayan neft sektorunun təşkil etməsidir. Məsələn Diaqram 4-də
verilmiş ümumi enerji səmərəliliyi göstəricisində son yerlərdən birini tutan
karbohidrogen resurslarla zəngin Səudiyyə Ərəbistanının bu göstərici üzrə
Avropanın inkişaf etmiş ölkələri ilə təxminən bir səviyyədə olması bunu bir
daha sübut edir.
Azərbaycanda sənaye sektoru üzrə ümumi enerji səmərəliliyi göstəricisi
əksər inkişaf etmiş ölkələrdən yaxşı olsa da, qeyri neft sektorunda daha
ətraflı araşdırma aparılmasına və ayrı-ayrı şirkətlərdə enerji auditlərinin
keçirilməsinə ehtiyac var. Yalnız bu auditlərdən sonra şirkətlər enerji
səmərəliliyi barədə dəqiq məlumat əldə edə bilərlər.
Sənaye sektorunda enerji səmərəliliyinin artırılması şirkətlərin məhsulları
daha az xərclə istehsal etməsinə gətirib çıxaracaq və nəticədə məhsullar bazar-
da daha çox rəqabətliliyə malik olacaq. Lakin özəl sektorda enerji səmərəliliyi
layihələrinin reallaşmasının qarşısında bir sıra maneələr dayanır. Bunlardan ən
önəmlisi bu tip layihələrin böyük həcmdə investisiya tələb etməsi və investi-
siyanın özünü gec ödəməsidir. Digər bir maneə isə şirkət rəhbərlərinin bəzən
enerjiyə qənaətlə bağlı doğru təsəvvürlərinin olmamasıdır.
Dostları ilə paylaş: |