Yeniyetmə və gənclərdə addiktiv davranışın motivasiyası və təzahür
xüsusiyyətləri
Nuralı Çələbiyev
psixologiya üzrə fəlsəfə doktoru,dosent
Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialı
n_chelebiyev@mail.ru
İnsan psixikası çox çevik, tez uyğunlaşma qabiliyyətinə, yüksək səmərəliliyə və
böyük ehtiyatlara malik, özünü bərpa edən sistemdir. Bununla belə, bu qəribə sistemin
özünəməxsus zəif tərəfləri və müəyyən həddə qədər dözümlülük sərhədləri vardır. Bir çox
hallarda insanların qarşılaşdığı davamlı stresslər və psixotravmatik vəziyyətlər bu sərhədlərin
dağılmasına gətirib çıxarır. Normal vəziyyətlərdə insan psixikasının müdafiə mexanizmləri
qeyri-adekvat, destruktiv hərəkətləri tənzimləmək gücündə olsa da, kritik vəziyyətlərdə və
uzun müddət psixikaya təsir göstərən destruktiv amillər insanın normal psixi həyatında
neqativ dəyişkənliyə-müxtəlif deviant davranış formalarının yaranmasına səbəb olur.
Zəmanəmizdə deviant davranışın digər bir sıra formaları kimi, addiktiv (addiction-
zərərli vərdiş,meyl) davranış formalarının da yeniyetmə və gənclərin həyat üslubuna, yaşam
tərzinin bir hissəsinə çevrilmə riski get-gedə artmaqdadır. Asılılıq meylləri yaradan addiktiv
davranışın “internet-addiksiya”, “kompyuter addiksiyası”, “qeyri-kimyəvi və kimyəvi
addiksiya”, “qumar oyunları addiksiyası”, “televiziya və serial addiksiyası” və s. kimi
formaları geniş yayılmaqdadır.
Addiktiv davranış problemini təddiq edən bir sıra alimlər (H.Selye, E.P.İlin,
L.P.Qrimak, T.P.Korolenko, A.S.Timofeyeva, K.Chermin və b.) bu davranış tipini insanın
özünə və cəmiyyətə zərər vuran deviant davranış formalarından biri kimi səciyyələndirirlər.
Addiktiv davranış dedikdə, insanın öz psixi vəziyyətində müxtəlif vasitələrdən -psixikaya
təsir göstərən formakoloji və qeyri-formakoloji vasitələrdən istifadə etməklə reallıqdan qaçma
cəhdləri nəzərdə tutulur.
İnsanlarda addiktiv davranış meyllərinin meydana gəlməsinin motivləri geniş və
əhatəlidir. Burada insanaların fərdi xüsusiyyətlərinin və mühit təsirlərinin xarakteri başlıca
amil kimi nəzərdən keçirilə bilər. Zəif sinir sitemi tipinə və psixikaya malik olan insanlar
gündəlik həyatda qarşılaşdıqları çətinliklər qarşısında daha çox acizlik göstərir, əhval
düşkünlüyünün yaratdığı diskomfort vəziyyətlərdən çıxış yolunu əhvalı yüksəldən müxtəlif
stimullyantlardan istifadə də görürlər. Belə vəziyyətlərdə insanların daha çox istifadə
etdikləri addiktiv vasitələr alkoqol və narkotikadır.
Yeniyetmə və gənclərdə davranış qüsurlarının meydana gəlməsində normal yaş
böhranlarının, sinir sistemi tipinin, ailədaxili münasibətlərin, onların daxil olduqları sosial
qrupların güclü təsiri vardır. Bu cəhətdən əlverişsiz həyat şəraitinin, ailə tərbiyəsinin, uşaq və
yeniyetmə ilə ünsiyyət üslubunun xarakteri daha təsirli amil kimi tərbiyə işində daim nəzərə
alınmalıdır. İnsanı asılı həyat yaşamağa məhkim edən addiktiv davranış mexanizmlərinin
kökləri uşaqlıq yaş dövrləri, ailə tərbiyəsinin xüsusiyyətləri ilə bağlıdır. Əgər uşaq
valideynlərindən dəstək, emosional istilik görmürsə, onda psixoloji müdafiəsizlik hissi baş
qaldırır. Uşaq böyüdükcə, bu hiss onun həyatda qarşılaşdığı insanlara köçürülür və yaranmış
diskomfort yeniyetmə və gəncləri fəallığı artıran, süni komfort və eyforiya vəziyyəti
yaradan müxtəlif maddələrdən istifadəyə təhrik edir.
Addiktivlik probleminin mahiyyətinin düzgün dərk edilməməsi insanlar, bütövlükdə
cəmiyyət üçün çox ciddi mənfi nəticələrə gətirib cıxara bilər. Alkoqolizm, narkomaniya,
siqaret aludəçiliyi, toksikomaniya kimi addiksiyalar doğurduğu fəsadlara görə daha ağır
nəticələrə səbəb olur.