Elektrik və optika kafedrasının elmi işlərinin istiqaməti əsasən nadir torpaq metallarının iştirakı ilə AIVBVI(AIV=Ge, Sn, Pb; BVI=Se, Te, S) qrup birləşmələri əsasında yeni yarımkeçirici materialların alınması, optimal texnologiyanın işlənilməsi, onların fiziki-kimyəvi analizi və elektrofiziki xassələrinin tədqiqindən ibarətdir. 1980-1990-cı illərdə nadir torpaq metalları NTM aşqar kimi müxtəlif metalların möhkəmliyini, ərimə temperaturunun artırılması və s. məqsədlər üçün istifadə olunurdu. İlk dəfə prof.M.İ.Murquzov hələ Kiyevdə olarkən öz elmi işlərini NTM-nın iştirakı ilə olan yarımkeçirici materialların alınması, tədqiqi məsələsinə həsr etmişdir. O elmi işlərini NTM-nın elektron konfiqurasiyası modeli əsasında qurmuş və AIVBVI-qrup yarımkeçirici birləşmələrinin bu model əsasında bir sıra xassələrini izahını vermişdir. Azərbaycana bu sahədə olan tədqiqat işlərini ilk dəfə prof.M.İ.Murquzov gətirmiş və bu baza əsasında 1989-cu ildə Elektrik və optika kafedrası nəzdində “NTMM-nin fizikası” elmi tədqiqat laboratoriyası yaradılmışdır. Laboratoriyanın əsas elmi istiqaməti NTM-nın iştirakı ilə AIVBVI –qrup yarımkeçirici birləşmə və onların bərk məhlullarının alınması, kinetik xassələrinin və elektron quruluşunun “Elektron konfiqurasiyası modeli” əsasında elmi izahını verməklə bərabər praktik əhəmiyyət kəsb edən tərkibləri müəyyən etmək, tətbiqini tövsiyə etməkdir.
Kafedranın və elmi tədqiqat laboratoriyasının əməkdaşları Rusiya EA-nın “Radiotexnika və Elektronika”, Ukrayna EA-nın “Metalşünaslıq Problemləri” , Azərbaycan MEA-nın Fizika, Radiasiya Problemləri, Kimya Problemləri, Neft - Kimya Prosesləri İnstitutları, BDU, AzTU, ADNA və s. təşkilatlarla sıx əməkdaşlıq edir. Laboratoriyanın texniki bazası alınan yarımkeçirici matıerialların T=77-900K temperatur intervalında kinetik xassələrinin kompleks şəkildə tədqiq olunmasına imkan verir. Təcrübədən alınmış bu makroskopik parametrlər əsasında analiz aparılmış və maddələrin elektron təbiətinin formalaşmasında, istilik, qalvanomaqnit və optik xassələrinin araşdırılması əsasında praktik əhəmiyyət kəsb edən tərkiblər müəyyən olunmuşdur.
Aparılan tədqiqat işlərində üç və dördkomponentli, mürəkkəb yarımkeçirici maddələrin fiziki xassələrinin formalaşmasında bir sıra ümumi qanunauyğunluqlar müəyyən olunmuşdur. NTM-atomlarının elektron konfiqurasiyasının formalaşmasında dərində yerləşən 4f orbitasının mühüm rolu araşdırılmışdır. Aparılan təcrübələr nəticəsində müəyyən olunmuşdur ki, NTM atomları ilə daha kiçik dozalarda aşqarlanmış yarımkeçirici tərkiblərin həssaslığı daha yüksəkdir və tərkiblərə daxil edilən dozanın miqdarından asılı olaraq maddələrin fiziki xassələrini tənzimləmək mümkündür. Həmçinin 4f orbitin dolması ilə fiziki-kimyəvi xassələr arasında funksional asılılıq müəyyənləşdirilmişdir.
Bu müddət ərzində 5 nəfər elmlər doktoru və 15 nəfər fəlsəfə doktoru elmi dərəcəsi almışdır. 15-müəlliflik şəhadətnaməsi alınmışdır. 120-dən çox yeni yarımkeçirici materiallar alınmış və onların kompleks: fiziki-kimyəvi və fiziki xassələri öyrənilmişdir. Bu sahədə 5 monoqrafiya və 250-dən çox məqalə və tezis nəşr olunmuşdur. Bir sıra beynəlxalq konfranslarda məruzələr edilmişdir.