2. Yerli özünüidarəetmənin təşkili modelləri və xüsusiyyətləri Qabaqcıl Qərb ölkələrində yerli özünüidarənin iki modeli formalaşmışdır. Birinci model ingilis-sakson modeli adlanır və Böyük Britaniya, ABŞ, Kanada və digər ölkələrdə istifadə edilir. Bu model ondan ibarətdir ki, yerli özünüidarə orqanları qeyri-dövlət orqanları sayılır. Əsas etibarilə lokal yerli əhəmiyyətli işlərlə məşğul olur. Burada yerli özünüidarə orqanları muxtar və azad şəkildə fəaliyyət göstərir. Yerli özünüidarə orqanları müəyyən şərtlərlə ümumdövlət proqramlarının həyata keçirməsinə cəlb olunur.
Digər model isə Fransa, Türkiyə, Ərəbistan, Afrika və Latın Amerikasının əksər ölkələrində istifadə edilir. Bunun mahiyyəti ondan ibarətdir ki, yerlərdə birbaşa dövlət idarəçiliyi ilə yerli özünüidarə uzlaşdırılmış formada fəaliyyət göstərir. Birbaşa dövlət idarəçiliyi ya regional səviyyədə, ya da bütün inzibati-ərazi vahidlərində təşəkkül tapır. Mərkəzi hakimiyyətin yerlərdəki nümayəndələri ayrı-ayrı dövlət xidmətlərinin fəaliyyətinə rəhbərlik və koordinasiya etməklə yanaşı, həm də yerli özünüidarə orqanları üzərində nəzarəti də həyata keçirirlər.
Yerlərdə birbaşa mərkəzi dövlət hakimiyyətini şəhər və rayon icra hakimiyyətləri, onların nümayəndəlikləri aparır. Onlar müvafiq ərazilərdə vətəndaşların hüquq və azadlıqlarını, qanuni mənafelərini, bu ərazinin iqtisadi, sosial və mədəni inkişafını, dövlət mənafelərinin və yerli mənafelərin uzlaşdırılmasını təmin edirlər. Dövlətin yerlərdə siyasətini həyata keçirmək məqsədilə yerli icra hakimiyyətinin sərəncamına dövlət əmlakı verilir. Bu əmlakın tərkibinə dövlət büdcəsindən ayrılmış vəsaitlər və məqsədli fondların vəsaiti, dövlət yaşayış fondu, mühəndis-kommunikasiya, infrastuktur obyektləri, torpaq sahələri, təbii obyektlər, xalq təhsili, mədəniyyət, səhiyyə, idman müəssisələri və müvafiq ərazinin iqtisadi inkişafını, əhalinin kommunal-məişət və sosial-mədəni tələbatının ödənilməsi üçün lazım olan digər əmlak ola bilər.
Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin, Təhsil Nazirliyinin, Mədəniyyət və Turizm Nazirliyinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Səhiyyə Nazirliyinin və Dövlət Sosial Müdafiə Fondunun yerli orqanları ikili tabelikdə olur. Bu qurumların yerli şöbə və idarəetmə rəhbərlərini yerli icra hakimiyyəti başçısının razılığına əsasən həmin təşkilatların mərkəzi icra hakimiyyəti orqanı (nazirlik və ya baş idarə) təyin edir.
Yerli özünüidarəetmənin həyata keçirilməsinin birbaşa forması yerli referendumlar (rəy sorğusu), seçkilər, yığıncaqlar və toplantılar vasitəsilə, yerli özünüidarəetmənin həyata keçirilməsinin dolayı (vasitəli) forması isə yerli özünüidarəetmə orqanları sistemi vasitəsilə reallaşdırılır. Bəzi müəlliflərə görə sakinlərin yerli özünüidarəetmədə birbaşa iştirakına imkan yaradan ərazi ictimai özünüidarəetmə orqanları özünüidarəetmənin xüsusi forması kimi qiymətləndirilir.
Yerli özünüidarəetmə təsisatı çərçivəsində yerli özünüidarəetmənin həyata keçirilməsi formalarının məcmusu yerli özünüidarəetmə sistemini əmələ gətirir.
Müstəqil Azərbaycan Respublikasının 12 noyabr 1995-ci il tarixli referendum yolu ilə qəbul olunmuş yeni Konstitusiyası Azərbaycanda hərtərəfli yerli özünüidarəetmə sisteminin formalaşdırılmasına imkan verməklə birlikdə, onun hüquqi bazasını ən ali səviyyədə təmin etməkdədir. Belə ki, həmin Konstitusiyanın IV bölməsi və IX fəsli bütövlükdə yerli özünüidarəetməyə həsr edilmişdir. Respublikamızda yerli özünüidarəetmənin təşkilinin birbaşa və dolayı formaları Konstitusiya səviyyəsində təsbit edilmişdir. Hər bir ölkədə yerli özünüidarəetmənin həyata keçirilməsi onun təşkilati əsaslarının (icraedici, qərarverici və s.) orqanlarının yaradılması ilə sıx bağlıdır. Yerli özünüidarəetmə institutu kimi onun "həyata keçirilməsi" və "təşkilati əsasları" terminləri də Azərbaycan dövlətşünaslığı üçün yenidir. Bu anlayışların məzmununa və həcminə tam olaraq nələrin daxil olduğu haqqında beynəlxalq təcrübədə yekdil fikir formalaşdırılmamışdır. Lakin əksəriyyət yerli özünüidarəetmənin təşkilati əsasları dedikdə aşağıdakıların başa düşülməsini təklif edir.
1. Yerli özünüidarəetmə orqanları və onların strukturunu;
2. Yerli özünüidarəetmə orqanlarının fəaliyyət forma, qayda və prinsiplərini;
3. Yerli özünüidarəetmə (bələdiyyə) xidmətlərinin təşkilini;
4. Yerli özünüidarəetmənin həyata keçirilməsinin birbaşa formaları və onların reallaşdırma prosedurunu.
Sakinlərin yerli özünüidarəetmə hüququnu həyata keçirməsinin birbaşa formaları aşağıdakılardır:
1. Yerli referendum və ya rəy sorğusu;
2. Yerli seçkilərdə iştirak (söhbət aktiv, həm də passiv seçki hüququnun həyata keçirilməsindən gedir);
3. Ərazi ictimai idarəetmədə iştirak;
4. Vətəndaş iclaslarında, toplantılarında iştirak;
5. Mitinqlərin, nümayişlərin, yürüş və piketlərin təşkili və onlarda iştirak;
6. Bələdiyyə xidmətlərinin həyata keçirilməsi;
7. Yerli özünüidarəetmənin nümayəndəli orqanlarında iştirak;
8. Əhalinin bələdiyyə aktı yaratma təşəbbüsü;
9. Vətəndaşların bələdiyyə orqanına müraciəti;
10. Yerli özünüidarəetmənin nümayəndəli orqanlarının açıq iclaslarında və kütləvi dinləmələrdə iştirak.
Yerli referendum və ya yerli rəy sorğusu-yerli səviyyədə daha vacib və mühüm sayılan məsələlər ilə əlaqədar bölgə sakinlərinin ümumi səsverməsidir. 2 iyul 1999-cu ildə qəbul olunmuş "Bələdiyyələrin statusu haqqında" Qanunla Azərbaycanda da yerli referendumun bir başqa forması olan yerli rəy sorğusunun keçirilməsi təsbit edilmişdir. Həmin qanuna görə yerli rəy sorğusu - yerli əhəmiyyətli məsələlərə dair, bələdiyyə nizamnaməsinə uyğun olaraq bələdiyyənin nümayəndəli orqanının təşəbbüsü ilə və ya əhalinin tələbi əsasında keçirilə bilər. Bələdiyyə ərazisində yaşayan və seçki hüququ olan bütün vətəndaşların yerli rəy sorğusunda iştirak etmək hüququ vardır. Yerli rəy sorğusunda vətəndaşlar bilavasitə və könüllülük əsasında iştirak edirlər. Səsvermə gizli və ya açıq keçirilir, vətəndaşların öz iradəsini ifadə etməsi üzərində nəzarətə yol verilmir. Yerli rəy sorğusu müəyyən dərəcədə "Bələdiyyə statusu haqqında" Qanunla tənzimlənsə də, ayrıca bir qanuna ehtiyac duyulmuşdu. Belə bir qanun 30 dekabr 1999-cu ildə qəbul edilmiş "Yerli rəy sorğusu haqqında" Qanun oldu. Həmin qanuna görə irqindən, milliyyətindən, dilindən, dinindən, cinsindən, mənşəyindən, təhsilindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, bələdiyyə ərazisində yaşayan və seçki hüququna malik olan vətəndaşların yerli rəy sorğusunda iştirakına heç bir məhdudiyyət qoyulmur. Bu zaman, Azərbaycan Respublikası qanunları ilə fəaliyyət qabiliyyətsizliyi təsdiq edilmiş vətəndaşlar istisna təşkil edir (8).