KƏLƏMİN KÖK VƏ BİBƏRLƏ DUZA QOYULMASI
10 kq kələm, 3 kq kök, 2 kq göy bibər, 1 dəstə kərəviz və bir dəstə cəfəri nazik-nazik doğranır, enli ləyənə tökülüb (10 kq tərəvəzə 250 qram duz olmaq şərti ilə) duzlanır və 1-2 saat saxlanır. Sonra bu qarışıq bankalara yığılır, aralarına qara, ya da acı göy istiot, dəfnə yarpağı qoyulur, üstünə kələm yarpaqları yığılır, təmiz əski ilə örtülür və taxta parçası qoyulub ağır yüklə basılır. Turşuma qurtarandan sonra kələmi soyuq yerdə saxlamaq lazımdır.
İÇİ DOLDURULMUŞ BİBƏR
Bunu hazırlamaq üçün şirin bolqar bibəri yuyulur, saplaq tərəfdən kəsilib tumu çıxarılır və 2-3 dəqiqəliyə isti suya salınır. Sudan çıxarılmış bibərin içi əvvəldə göstərilmiş qarışıq ilə doldurulur və cərgə ilə şüşə, ya da emallı qablara yığılır, aralarına duz tökülür və sirkə əlavə edilir. İç üçün sarımsaq, acı və şirin göy istiot, cəfəri, nanə, şüyüd, kərəviz götürülür, doğranır və duzlanır.
HƏFTƏBECƏR
Həftəbecər hazırlamaq üçün təzə kələm, yerkökü, xörək çuğunduru, sarımsaq, acı göy istiot, faraş xiyar, keşniş, şüyüd, cəfəri, nanə, baş soğan, alma və kal pomidor eyni bərabərdə götürülüb təmizlənir, soyuq suda yuyulur, dilim şəklində doğranır, göyərti xırda-xırda kəsilir. Bu qayda ilə hazırlanmış tərəvəzə duz qatılıb şirəli saxsı qaba yığılır və üstünə sirkə tökülərək qapağı kip bağlanır. 5-7 gündən sonra həftəbecər hazır olur
Dostları ilə paylaş: |