1.Azərbaycanın təbii-coğrafi şəraiti.
Azərbaycan ölkəsinin tarixi əraziləri Cənubi Qafqazın şərq və cənubi-qərb hissəsini və indiki İran dövlətinin şimali-qərbini əhatə edir. Ümumi sahəsi 410 min km2, əhalisinin sayı 60 milyondan artıq olan bu ölkənin şimal hüdudları Dərbəndə, cənub hüdudları isə Həmədana qədər uzanır. Şərqdə Xəzər dənizi və Qazvin şəhəri, qərbdə isə indiki Gürcüstan və Türkiyə ilə həmsərhəddir.
1813-1828-ci illərdə Çar Rusiyası ilə İran Qacarlar dövləti arasında baş vermiş müharibələr nəticəsində Araz çayından şimaldakı Azərbaycan torpaqları (130 min kv. km) Rusiya tərəfindən işğal edildi. İşğal nəticəsində təxminən 410 min kv. km olan ərazimiz iki hissəyə bölündü.
Hazırda bu tarixi ərazinin yalnız 86,6 min km2 hissəsində müstəqil Azərbaycan Respublikası fəaliyyət göstərir ki, onun da əhalisinin sayı artıq 9,8 milyonu keçmişdir. Yerdə qalan Azərbaycan torpaqlarının böyük bir hissəsi - Cənubi Azərbaycan indiki İran İslam Respublikasının tərkibindədir ki, onun da ərazisi 280 min km2 və əhalisi - 35 milyondan artıqdır. Bundan savayı 28 min km2 Azərbaycan torpaqları indiki Ermənistan, 8 min km2 - Gürcüstan və 7 min km2 -dən artıq ərazilərimiz Rusiya Federasiyasının Dağıstan Respublikasının tərkibində qalmaqdadır. İraqın şimalında Kərkük və Türkiyənin şərqində bir neçə vilayət də tarixən Azərbaycan türklərinin yaşadığı ərazilərdir. Araz çayı Azərbaycan ərazilərini iki hissəyə bölür.
Arazdan başqa şimaldan Kür, cənubdan isə Qızıl Üzən (farslar ona Səfidrud deyirlər) Azərbaycanın ən böyük çaylarıdır. Bundan əlavə, ölkədə 200-dən artıq çay vardır ki, onların hamısı başlanğıcını dağlardan götürür. Azərbaycanın cənubunda şor sulu Urmiya gölü yerləşir. Onun sahəsi 5900 kvadrat kilometr, uzunluğu 140 km, maksimal eni 40 kilometrdir. Gölün sutoplayıcı hövzəsinin ümumi sahəsi 50 min kvadrat kilometrdir. Maksimal dərinliyi 15 metr olan bu gölün səviyyəsi yalnız yağmurlu payız və yaz aylarında qalxır. Yayda isə su səthinin intensiv buxarlanması nəticəsində gölün su səviyyəsi kəskin azalır. Son zamanlar İran dövlətinin bu bölgədə apardığı ekoloji siyasət Urmiya gölünü tam qurumaq təhlükəsi qarşısında qoymuşdur. Azərbaycan relyefinə görə dağlıq ölkədir. Azərbaycanın ərazisinə daxil olan Böyük Qafqaz dağlarının şərq qolu sonra cənub istiqamətində uzanır və Kiçik Qafqaz dağ silsiləsini təşkil edir. Silsilə cənuba doğru uzanaraq indiki İran və İraqın sərhəddini təşkil edən Zaqros dağları ilə bitir. Azərbaycan ölkəsinin cənubqərb sərhədləri Zaqros dağlarından keçir. Azərbaycanda Şahdağ, Qarabağ yaylası, Murovdağ, Talış, Qaradağ, Savalan, Səhənd və sair dağlar, Kür-Araz, Lənkəran, Ərdəbil, həmçinin Urmiya gölü hövzəsi dərinliyi, Sulduz, Miyanə, Zəncanrud vadiləri və sairə kimi böyük ovalıqlar vardır. Dağlar arasında yerləşən çay vadiləri yararlı torpaqlara malikdirlər və bu ərazilərdə hələ qədim zamanlardan əkinçilik və maldarlığın inkişafı üçün əlverişli şərait mövcud olmuşdur. Azərbaycanın dağlıq relyefə malik olması səbəbindən tarixən geniş miqyasda suvarma sisteminin yaradılması mümkün olmamış, ayrı-ayrı vadi və ovalıqlarda yerli əhəmiyyətə malik olan xırda suvarma şəbəkələri mövcud olmuşdur. Bu səbəbdən, Azərbaycan ərazisində yaranmış ilk qədim dövlətlərin siyasi təsir dairəsi ayrı-ayrı regionların sərhəddindən kənara çıxaraq bütün Azərbaycan ərazilərini əhatə edə bilməmişdir.
Tarixən Azərbaycan iqtisadiyyatının inkişafını dağ ilə aranın qarşılıqlı əlaqəsi, mal mübadiləsi təmin etmiş, dağlarda yerləşən otlaqlar, yaylaqlar köçəri və yarım köçəri maldarlığı əhalinin bir qisminin ənənəvi təsərrüfat formasına çevirmişdir. Azərbaycanın zəngin flora (heyvanat) və fauna (bitki) aləmi vardır. Meşələri, xüsusilə dağ meşələri ov heyvanları ilə zəngin olmuşdur ki, bu da qədim insanların bu ərazilərdə erkən məskunlaşmasına şərait yaratmışdır. Meşələrdə bitən qarağac, dəmirağac, dağdağan və başqa nadir ağaclardan qədim zamanlardan başlayaraq qab-qacaq, nəqliyyat vasitələri, qoşqu ləvazimatı, bəzi silahların, tikinti materiallarının hazırlanmasında istifadə olunurdu.
Dostları ilə paylaş: |