1. Dil, nitq və təfəkkür Nitq inkişafı anlayışı



Yüklə 31,12 Kb.
səhifə1/3
tarix01.05.2023
ölçüsü31,12 Kb.
#105306
  1   2   3
II mühazirə


II Mövzu
Dil, nitq və təfəkkür. Nitq inkişafı anlayışı. Şagirdin psixi inkişafının nitq inkişafından asılılığı
Plan
1.Dil, nitq və təfəkkür
2.Nitq inkişafı anlayışı
3.Şagirdin psixi inkişafının nitq inkişafından asılılığı
Dil xalqın varlığı, onun milli sərvətidir. Dil hər hansı məlumatı mənimsəmək üçün başlıca alətdir. İsveçrə linqvisti Ferdinand de Sössür (XIX əsr) “Ümumi dilçilik kursu” adlı əsərində ilk dəfə dil və nitq arasındakı münasibəti linqvistik baxımdan düzgün qiymətləndirmişdir: “Dil fəaliyyətinin öyrənilməsi iki hissəyə ayrılır: onlardan biri əsas olmaqla, predmeti dildir, yəni mahiyyətcə ictimaidir və fərddən asılı deyil..., digəri ikinci dərəcəli olmaqla, predmeti nitq fəaliyyətinin fərdi cəhətidir, yəni danışıq da daxil olmaqla nitqdir”. Linqvist alim dil və nitqi iki müxtəlif hadisə hesab etmiş, göstərmişdir ki, dil qrammatik sistem və lüğət tərkibindən, yəni dil vahidlərindən ibarətdir, nitq həmin vahidlərdən ünsiyyət məqsədilə istifadədir.
Dil və nitq eyni bir hadisənin nitq fəaliyyətinin bir-biri ilə qarşılıqlı əlaqədə olan iki cəhətidir. Nitqin aydınlığı və təsirli ola bilməsi üçün dil, öz növbəsində dilin mövcudluğu üçün nitq zəruridir. Hər hansı dilin sistemini yalnız nitqdəki təzahürünə görə müəyyənləşdirmək olur. Dil insanlar arasında ən mühüm ünsiyyət vasitəsidir, nitq isə ünsiyyətin özüdür. Dil və nitq anlayışları bir-biri ilə qarşılıqlı əlaqədədır, bir-birinə qarşılıqlı təsir göstərir, bir-birini tamamlayır. Hər ikisi birbaşa insanların münasibəti, davranışı və nitqi ilə bağlıdır. Dil cəmiyyətdə insanlar arasında ünsiyyət vasitəsi olduğuna, cəmiyyətin bütün üzvlərinə eyni dərəcədə xidmət etdiyinə görə mövcuddur.
Dil insan cəmiyyətinin varlığının ayrılmaz əlamətidir, bütövlüyün komponentidir. Dilin dörd: nominativ, kommunikativ, məlumatverici, və tənzimedici- funksiyası da məhz insan cəmiyyətinə xidmət edir. Dil, dil sistemi və nitq fəaliyyətinin birliyi sayəsində mövcuddur. O, fəaliyyət prosesində həyata tətbiq edilmirsə, cansızdır. Dilin ümumiliyi, universallığı, ünsiyyət vasitəsi və fikir mübadiləsi kimi cəhətləri onun praktik mahiyyətini göstərir.
Dil və nitq arasında əlaqə obyektiv zərurət kimi mövcuddur, çünki, dil öz varlığını nitqdə, nitq isə öz mənbəyini dildə tapır. Nitq prosesi olmasa, dil, dil olmasa, nitq prosesi təzahür edə bilməz. Nitq hadisəsi dilin təkamülü üçün şərait yaradır. Dilin lüğət tərkibində və qrammatik quruluşunda baş verən dəyişikliklər ancaq nitqdə meydana gəlir və sabitləşir. Dil inkişafın məhsulu, nitq inkişafın mənbəyidir.
Nitq dilin əməli fəaliyyət forması, fikrin birbaşa gerçəkliyidir. Nitq dilin dinamik hissəsidir. Dil sistemdir, nitqdə işlədilən dil ünsürləri də sistem təşkil edir. Lakin dil və nitq sistemləri arasında fərq var. Dil sistemi müvafiq qaydaların və vahidlərin mürəkkəb qarşılıqlı əlaqələrindən ibarətdir. Nitq fəaliyyətdə, işdə olan dildir. Nitq dil işarələrinin ardıcıllığı və verilən informasiyanın təbiətinə uyğunluğudur. Hamının nitqi eyni ola bilməz. Hər bir şəxsin nitqi fərdidir, başqasının nitqindən fərqlənir.
F.Sössür bildirirdi ki, nitq insanların bir-biri ilə ünsiyyət prosesində fərdi şəkildə meydana çıxan ayrıca aktdır. Dil və nitq məfhumları bir-biri ilə qarşılıqlı əlaqədar olsa da, onları eyniləşdirmək olmaz. Nitq dil vahidlərinin fəallaşmasının məhsuludur. Dil və nitq bir-biri ilə dialektik vəhdətdə olsa da, bir-birini tamamlasa da, onlar arasında müəyyən fərqlər mövcuddur:

  • Dil ünsiyyət vasitəsi, nitq isə ünsiyyət prosesidir. Nitq insanlar arasında dil vasitəsilə həyata keçirilən fikir mübadiləsi və ünsiyyətin özüdür.

  • Ünsiyyət vasitələri imkan vəziyyətində dildir. Nitq dil normalarına əsaslanır, dil sistemi isə öz növbəsində nitq fəaliyyətində təzahür edir, təkmilləşir.

  • Dil həcmcə nitqdən genişdir.

  • Dil ümumxalq, nitq fərdi səciyyə daşıyır.

  • Nitq insan fikrinin ifadəçisidir, təfəkkürü formalaşdırır.

  • Dilin əsas mahiyyəti ünsiyyət vasitəsi olmasıdır, nitqin əsas cəhəti məmnunluq, aydınlıq, mənalılıq, təsirlilik və dəqiqlikdir.

Dil ictimai tarixi təcrübənin mövcudluğu, saxlanması və verilməsidir, nitqə adlandırmaq, ümumiləşdirmək və kommunikativ funksionallıq kimi əlamətlər xasdır.

  • Dil ictimai, ümumi, nitq isə fərdi hadisədir. Nitq dil vasitəsi ilə fərdin öz fikrini ifadə etmə, anlama və qavrama aktıdır. Hər şəxsin öz danışıq manerası var.

  • Dil imkana, nitq gerçəkliyə uyğun gəlir.

  • Dil ümumi, nitq psixi və xüsusi hadisədir.

  • Dil sabit, nitq dinamikdir.

Dil dilçiliyin, nitq psixologiyanın tədqiqat obyektidir. Nitq milli səciyyəlidir, millətin ayrılmaz əlamətidir.
Beləliklə, ictimai hadisə olan dil nitqdə reallaşır. Şagird öz fikirlərini nitq vasitəsi başqasına çatdırır. Dil öz ünsiyyət funksiyasını nitqdə yerinə yetirir. Nitq isə dilin qayda-qanunları əsasında qurulur. Bu qayda-qanunlardan stifadə etməklə gözəl nitqə yiyələnmək ibtida siniflərdə tədrisin başlıca şərtlərindən biridir.
Nitq dilin kommunikativ keyfiyyətinin toplusu və sistemidir. Yüksək səviyyədə inkişaf etmiş nitq təfəkkürün inkişafı ilə sıx bağlıdır. İnsanlar nitq vasitəsilə həm öz fikirlərini bir-birinə çatdırır, həm də onların təfəkkürü nitqlə ünsiyyət prosesində təşəkkül tapır, formalaşır. Tədqiqatçı-alimlər, metodistlər, psixoloqlar dil, nitq və təfəkkürün vəhdəti haqqında, nitq inkişafı haqqında xeyli tədqiqatlar aparmış və bunu əsaslandırmışlar. Digər tərəfdən, dil təfəkkürlə sıx vəhdətdə olduğuna görə ünsiyət prosesi kimi özünü göstərən nitq də təfəkkürlə sıx vəhdətdə olur. Şagird düşündüklərini ifadə edir, düşündükləri isə onun fikridir. Fikir təfəkkürün məhsuludur, nitq isə təfəkkürün sözlər vasitəsi ilə təzahürüdür. Buradan belə nəticə çıxır ki, nitqin inkişafı təfəkkürün inkişafı ilə əlaqəlidir. Ona görə də şagirdlərin nitqini inkişaf etdirmək üçün onların təfəkkürünü inkişaf etdirmək lazımdır. Digər tərəfdən təfəkkürün inkişafına səbəb olan amillərdən bir də nitqdir. Şagird nitq prosesində digərləri ilə ünsiyətdə olur, onları dinləyir, yeni- yeni anlayışlara, biliklərə yiyələnir. Bu anlayışlar, məfhümlar isə onun təfəkkürünü zənginləşdirir. Beləliklə, təfəkkür nitqin inkişafına, nitqin inkişafı isə təfəkkürün inkişafına səbəb olur. Dil, nitq və təfəkkürün inkişafı bir neçə ilin işi deyildir, bu şagirdin həyatı boyu davam edən bir prosesdir. İndiki şagird həyatı boyu yeni-yeni sözlər, anlayışlarla tanış olur ki, bu da onun nitq və təfəkkürünü inkişaf etdirir.
Rus pedaqoqu K.D. Uşinski nitqin inkişafında dilin əhəmiyyətini nəzərə almağı tövsiyə edərək, dəyərli fikirlər söyləmişdir: “... xalqın dili onun mənəvi həyatının heç bir vaxt solmayan və daim yenidən çiçəklənən tarix hüdudlarından çox uzaqlarda başlanmış boyasıdır. Dildə bütün xalq və onun bütün vətəni canlanmış olur. Vətənin göyü, onun havası, fiziki hadisələri, iqlimi və tufanları xalq ruhunun bütün yaradıcılıq qüvvəsi ilə ana dilində fikirlərə, şəkillərə və səslərə çevrilir. Lakin xalq dilinin parlaq, aydın dərinliklərində doğma ölkənin tək bir təbiəti deyil, həm də xalqın mənəvi həyatının bütün tarixi əks olunur”.

Yüklə 31,12 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin