Məhz şagirdin psixi inkişafının nitq inkişafından asılılığı dedikdə, nitq vasitəsi ilə təfəkkür fəaliyyətlərinin motivləşməsi nəzərdə tutulur. Bu motivləşmə nitqin sehirli gücü ilə öz həllini tapır. Nitq özü də şagirdlərdən dərin düşüncə, təfəkkür çevikliyi, məntiqi yanaşma və fikrini aydın şəkildə ifadə etmək qabiliyyəti tələb edir. Bu halda, şagirdin duyğu, qavrayış, hafizə, təfəkkür, təxəyyül və s. psixi prosesləri, diqqət, iradi səy, dözümlülük kimi keyfiyətləri üzə çıxır. Bu keyfiyətlərin təzühürü nitqdə əks olunur.
Fikrin xarici nitqə (yazılı və şifahi, dioloji və monoloji) ötürülməsi mürəkkəb prosesdir. Onun əmələ gəlməsində fizioloji (tələffüz orqanları), intonasiya (səsin qalxıb enməsi, ton, tembr, qrammatik, məntiqi və psixoloji fasilələr mimika və jestlər), qrammatika (söz, söz birləşməsi, cümlə) iştirak edir, həmçinin bu zaman əqli fəaliyyət də müstəsna əhəmiyyət kəsb edir. Bunlar əsasında xarici nitq formalaşmağa başlayır. Bu mülahizələr tam qənaətə gəlməyə əsas verir ki, nitqin yaranmasında təfəkkürdən daxili nitqə, oradan da şifahi və yazılı nitqə keçidi mühüm şərtdir. Xarici nitqin də öz növbəsində daxili nitqin inkişafına təsiri böyükdür. B.Q.Ananyevə görə daxili nitq xarici nitqin (əvvəl şifahi, sonra yazılı) mənimsənilməsi prosesində formalaşır. А.Н.Соколов B.Q.Ananyevin fikrini təsdiqləyir. O yazır: “ Daxili nitq xarici nitqdən (şifahi və yazılı) bilavasitə genetik asılılıqda olur. Onun psixoloji informasiyası kimi çıxış edir”.
Deyilənlər, şagirdin psixi inkişafının nitq inkişafından asılılığını əsaslandırır. Belə ki, fikrin şifahi şəkildə ifadəsi 3 mərhələdən keçərək formalaşır:
əqli əməliyyata başlanması;
düşüncələrin daxili nitq prosesində dil formaları ilə maddiləşdirilməsi, mənalandırılması, məntiqi ardıcıllıqla yerləşdirilməsi;
fikrin şifahi monoloji şəkildə ifadəsi.
Şagird şifahi monoloji nitqə yiyələndikcə tədricən onda obrazlı nitqə doğru meyl yaranır. Şagird əvvəlki vəziyyətdən çıxır, yeni situasiyaya düşür. İşlətdiyi ifadələrin, cümlələrin dinləyicilər tərəfindən bəyənildiyini gördükdə onda danışmaq, fikir söyləmək ehtiyacı yaranır. Şagird daha parlaq, daha xoşagələn ifadələr işlətməyə cəhd edir. Yeni sözlər, ifadələr axtarır, cümlələr qurur. Bu zaman hər hansı fikir başqasını doğurur, hər bir cümlədə digəri əriyir. Bir cümlədə başqa fikri açmaq, həmin cümlədə bir şey axtarmaq, düşünmək deməkdir.
Nitq konsrtuksiyaları, konkret cümlələr obrazların, əşyaların, hadisələrin xarakterini müəyyənləşdirdiyi kimi, həm də onları tipikləşdirən ən mühüm cəhətlərdir. Məlumdur ki, təlimin məqsədi şagirdlərdə biliklər sistemi yaratmaqdır. L.V.Zankov və L.S.Vıqotskiyə görə yaxşı təşkil olunmuş təlim şagirdlərin inkişafından irəli gedir. Onların təfəkkürünü və həmçinin nitqinin inkişafına imkanı yaradır. Şagird özlüyündə, necə deyərlər, həm yazıçıdır, həm heykəltəraşdır, həm də müsiqiçidir. Bəstəkarlar öz əsərlərini yaradarkən hansı hissləri, duyğuları keçirirlərsə, ondan hansı ləzzəti alırlarsa, şagird də sifahi və yazılı nitqini inşalar esselər vasitəsi ilə reallaşdırarkən təqribən ona bənzər hallar keçirir. Şagird bəhs etdiyi obyekti sözlərlə, obrazlı ifadələrlə, bədii cümlələrlə verməyə çalışır. Belə nitq də təfəkkür kimi dərketmə prosesinin ümumi qanunlarına tabedir. Obrazlı nitqdə proses canlı seyrdən başlanır. Şagird görür, onunla təmasda olur, yaşayır, sonra dilinə gətirir (ya qələmə alır). Dərhal da şagirdin təfəkküründə mücərrədləşdirmə və ümumiləşdirmə prosesi başlanır. Şagird yaxşı tanımadığı, mahiyyətinə dərindən varmadığı, bilmədiyi fakt və hadisə haqqında konkret danışma bilmir. Söylənilən fikirlər ümumi mülahizələr, dumanlı təsəvvürlər, yalnış faktlar, ağızdan-ağıza dolaşan söz-söhbət səviyyəsində meydana çıxar.
Şagirdlər söz, ifadə, cümlələr üzərində düşünməyi, onların ifadə etdikləri məna və məzmunu tutmağı, onların məntiqi təbiətini görməyi bacarmalıdırlar, yalnız belə olduqda nitq onların psixi inkişafının tənzimləyicisi ola bilər.
Bu işi ibtidai sinif şagirdləri üçün elə də asan deyildir. Bunun üçün müəllimin hazırlıqlı olması zəruridir. Bu işin optimal təşkili əvvəl müəllimin və onun uğurlu, yaradıcı əməyinin nəticəsi kimi, sonra şagirdlərin təlimdə böyük əhəmiyyəti olan nitq bacarıqlarının inkişafı kimi meydana çıxır.
İbtidai siniflərdə müntəzəm məşqlər, sistemli çalışmalar əsasında şagirdlər tədricən ədəbi dil normalarına uyğun nitq bacarıqlarına yiyələnirlər. Nitqini inkişaf etdirən şagirdlər həm bədii təfəkkürə, həm parlaq təxəyyülə, həm də zəngin mənəviyyata sahib ola bilirlər. İbtidai sinif şagirdlərinin idrakının potensial imkanları, proqram (kurikulum) və dərsliklərdə nəzərdə tutulan materiallar, onların xarakteri nitq üzərində işin müvəffəqiyətlə həyata keçirilməsinə zəmin yaradır. İbtidai sinif müəllimlərinin başlıca vəzifəsi məhz şagirdlərin nitq bacarıqlarını inkişafı etdirmək və bu zəmində bilik, bacarıq və vərdişlərin mənimsədilməsidir.
Şağırdin təlim-tərbiyəsinin mahiyyəti, onun təfəkkürünün inkişafı, şəxsiyyətinin formalaşması, ana dilinə necə yiyələnməsindən asılıdır. Belə ki, şagirdin nitqinin inkişafı ana dili zəminində daha uğurla həyata keçir. Azərbaycan dilinin zənginliklərindən istifadə etməklə şağırdlərin nitq bacarıqlarının dil dərslərində daha fəal fomalaşdırılması həmçinin müəllimin pedaqoji səriştəsindən xəbər verir. Fəal/interaktiv təlim üsullarının yaradıcı imkanları Azərbaycan dili dərslərində, o cümlədən hər bir dərsdə şağırdlərin nitq bacarıqlarının inkişafına şərait yaradır. Şağırdin düşüncəsinin inkişaf etməsi, ətraf aləmi dərk etməsi nitqinin formalaşması üçün nə qədər çox vacibdirsə, təfəkkürün inkişafı üçün də bir o qədər faydalıdır.
Nitq inkişafı ilə yanaşı, şagirdin danışarkən düz dayanması, məzmuna uyğun mimika, jest seçməsi, artıq hərəkətlərə yol verməməsi və s. kimi şifahi nitqdə gözlənilməli mühüm şərtlər də nəzərdən qaçırılmamalıdır. Şagirdlərdə başqalarının nitqini dinləmək bacarığının aşılanması da mühüm məsələdir və müəllim buna da diqqət yetirilməlidir. Bu məqsədlə onlara əvvəlcədən bəzi tapşırıqlar verilməlidir. Adətən, şagirdlər tapşırıqları qrup şəklində daha fəal yerinə yetirirlər. Ona görə də sinifdəki şagirdləri bir neçə qrupa ayırıb, birinciyə təbiət, ikinciyə bitkilər və çiçəklər, üçüncüyə quşlar, dördüncüyə balıqlar, beşinciyə fəsillər və s. haqqında hekayə və ya esse yazmalarına dair tapşırıqlar vermək olar.
Şagirdlər tapşırığa ayrılan vaxt ərzində kiçik hekayələr, esselər hazırlayırlar. Təqdimat zamanı digər qruplar hekayə və ya esseni dinləyərək suallar verirlər, suallar cavablandırılır. Hər kəs yoldaşlarının qurduğu hekayəyə və ya esseyə öz münasibətini bildirir, bu zaman onların həm şifahi, həm də yazılı nitq bacarıqları inkişaf edir. Nəticədə hər bir şagird ana dili vastəsi ilə hafizəsini, düşünmə qabiliyyətini, müəyyən hadisədən nəticə çıxarmaq, onu yekunlaşdırmaq, ümumuləşdirmək, digərindən fərqləndirmək bacarığını mənimsəyir. Bu prosesdə onların nitq bacarıqları daha məhsuldar inkişaf edir.
Müəllim nitqin insanları dinləmək, danışmaq, söyləmək, fikrini başqalarına anlatmaq üçün vasitə olduğunu şagirdlərə izah etməlidir. Belə olduqda şagirdlər başa düşür ki, nitq “düşündüklərimizi başqalarına bildirmək, söyləmək üçündür”.
Nitq inkişafı üzrə işin təşkilində müəllim başlıca simadır, onun nitqi şagirdlər üçün nümunədir. Odur ki, müəllimin nitqi düzgün, aydın, dəqiq,ifadəli olmalıdır. E.İ.Tixiyeva yazırdı: “Biz uşaqları dilimizin zəngin xəzinəsi ilə tanış etməliyik. Bunun üçün biz özümüz həmin xəzinədən istifadə etməyi bacrmalıyıq”.
Müəllim nitq inkişafı ilə bağlı zəruri nəzəri və metodik biliklərə yiyələnməlidir. Nitq inkişafı baxımından çalışmaların rəngarəngliyinə, iş formalarının müxtəlifliyinə diqqət yetirilməlidir. Bu işdə təsadüfiliyə yer vermək olmaz. Hər bir nitq inkişafı üzrə iş özündən əvvəlkinə əsaslanmalı və forma və məzmun etibarilə əvvəlkini inkişaf etdirməlidir. Şagird nitq inkişafı üzrə iş prosesində hansı sözdən necə istifadə etmənin vacibliyini anlamalıdır. İbtidai siniflərdə nitq inkişafı ana dili tədrisinin başlıca məqsədlərindən biri olduğu üçün oxu və dil dərslərində bu məsələyə ciddi fikir verilməlidir.
Bu sahədə iş apararkən diqqət yetirilməli ən mühüm məsələlərdən biri şagirdlər tərəfindən obrazlı ifadələrin qurulması, daha doğrusu, nitqin şagird beyninin məhsulu olmasıdır. Psixoloqlar müəyyən ediblər ki, ibtidai sinif şagirdləri əksər hallarda yeni, çətin və müstəqil düşüncə tələb edən işlərlə rastlaşdıqda başqalarını təqlid etməyə meyl edirlər. Ona görə də əgər müəllim vaxtında buna diqqət yetirməsə onda şagirdlərin öz işlərində başqalarının fikir və sözlərindən istifadə etməsi adət halını alacaqdır.
Şagird fikrini sübuta yetirməyi, əsaslandırmağı bacarmalı, cümləni nə üçün belə qurmasının izahını verməlidir. Belə olarsa, şagirdin öz nitqinə məsuliyəti artar, hətta onda başqasının nitqinə həssas, tənqidi münasibət yaranar. İbtidai sinif şagirdlərinə radio, televiziya və kino verilişlərini, lent yazılarını, müəllimi və sinif yoldaşlarının nitqini dinləmək, deyilənləri öyrənmək, işlətdikləri sözləri, fikirləri götür-qoy eləmək bacarıqları aşılanmalıdır. Nitqin məzmununa uyğun ifadə vasitələri (jest, mimika, intonasiya) seçmək hər zaman diqqətdə saxlanmalıdır. Beləliklə, ibtidai sinif şagirdlərində tədricən özünənəzarət və nitqə tənqidi münasibət tərbiyə olunacaqdır.
İ.O.Bayramov yazır ki, uşaqların nitqində ən çox müşahidə olunan məhdud cəhətlərdən biri də nitqin bədiilik etibarilə yoxsulluğudur. Bu qüsuru aradan qaldırmaq Azərbaycan dili tədrisinin əsas vəzifələrindən biridir.
Prof. A.N.Rəhimov da nitq inkişafı ilə bağlı tədqiqatlarında problemin həllinə təsir göstərəcək mülahizələr söylənilmişdir. Həmin mülahizələr obrazlı nitqin mahiyyətinin açılmasına dilin təsvir və ifadə vasitələri üzərində işin təşkilinə istiqamət verir. Müəllifə görə, bu problemin həllində şagirdlərin idrak səviyyəsinin nəzərə alınması vacibdir. Bunsuz nitqin inkişafında uğurlu nəticələr əldə etmək çətin və bəlkə də mümkün olmayan bir işdir.
Obrazlı nitq inkişafı üzrə işlər oxu və Azərbaycan dili (orfoepiya, orfoqrafiya, leksika, qrammatika), təsviri sənət, musiqi, təbiətşünaslıq fənlərinin bütün mövzu və bölmələri ilə əlaqələndirilməlidir. Xüsusilə Azərbaycan dilindən sifətin tədrisinin problem baxımından böyük əhəmiyyəti var. Y.Kərimov yazır: “Niqdə sifətin nə dərəcədə və necə işlənməsi onun keyfiyyətini (obrazlılığını, emosionallığını) göstərən mühüm amildir”. Deyilənlər bizə belə fikir söyləməyə əsas verir ki, nitqin inkişafı baxımından işlərə aşağıda qeyd olunan elementlərdən bu və ya digərinin daxil edilməsi zəruridir:
lüğət ehtiyatını zənginləşdirmək;
mətnə daha obrazlı ifadələr daxil etməyi bacarmaq;
digər şagirdlərin qurduğu obrazlı ifadələrə münasibət bildirmək və onun daha necə ifadə etmək mümkünlüyünü əsaslandırmaq və s.
Şagird hər şeyi öyrənməkdə və tərbiyə almaqda, başlıca olaraq, sözdən istifadə etdiyi üçün dil özünü təlim və tərbiyə üzrə işin mühüm vasitəsi kimi göstərir. Şagirdin təlim-tərbiyəsinin mahiyyəti, onun təfəkkürünün inkişafı, şəxsiyyətinin formalaşması, ana dilinə necə yiyələnməsindən asılıdır. Müşahidə və təcrübələr göstərir ki, ibtidai siniflərdə təlim-tərbiyə işlərinin müvəffəqiyyəti şagirdin ana dilini necə öyrətməyindən asılıdır. Böyüməkdə olan gənc nəslə məişətdə, əməkdə, ictimai fəaliyyətdə ana dilinin zənginliklərindən istifadə etməyi öyrətmək təlimin bütün mərhələlərində mühüm bir vəzifədir.