66. Diskusiya və polemika
Nitq prosesində diskussiya və polemika da mühüm rol oynayır. Hər hansı bir problemə, hadisəyə aid həqiqi fikrin meydana çıxmasında mübahisədən istifadə edilir. Diskussiya nisbətən geniş şəkildə dinləyicilərlə aparılan fikir mübadiləsidir. Diskussiya müəyyən ədəbi cərəyanın nümayəndələri arasında, kiçik idarə və müəssisələr arasında, müəyyən siyasi partiyalar arasında, müxalifətlə iqtidar arasında aparıla bilər. Hətta müəyyən bir kitabın, elmi məqalənin müzakirəsi də diskussiya xarakteri daşıya bilər.Polemika isə natiqlik sənətində barışmaz mövqe anlayışını ifadə edir. Yəni burada tərəflər öz fikrini, konsepsiyasını əks tərəfə qəbul etdirməyə çalışır. Bu, əlbəttə, zorla, güclə deyil, müəyyən inandırma yolu ilə, sübutla, faktlarla həyata keçirilməlidir. Məsələn, ulu öndərimiz Heydər Əliyevin xalq yazıçısı Hüseyn Abbaszadə ilə apardığı polemikanın bir hissəsini nəzərdən keçirək. Bu polemika dilimizin necə adlanması ilə əlaqədar aparılır.
Heydər Əliyev: — Hüseyn müəllim, o vaxt sən yazdın ki, türk dili olsun?
H.Abbaszadə: — Yox, Azərbaycan dili.
Heydər Əliyev: — Bəs niyə yazmadın?
H.Abbaszadə: — O vaxt «türk dili» deyənin dilini boğazından çıxarırdılar (gülüş).
Heydər Əliyev: — Çıxaraydılar da, nə olar, yazaydın da...
Sonra həmin polemika aşağıdakı şəkildə davam etdi:
Heydər Əliyev: — Amma bilirsən nə var?.. O vaxtlar biz əməkdaşlıq eləyirdik və keçən dəfə də mən dedim, «Azərbaycan dili» yazmaq üçün mən nə qədər mübarizə apardım. Amma, mən açıq üzünüzə deyirəm, hamınıza, senə də deyirəm, Bəxtiyar müəllimə də deyirəm, biriniz də o vaxt mənə gəlib demədiniz ki, «türk dili» yazmaq lazımdır?
H.Abbaszadə: — Düzdür.
Heydər Əliyev: — Heç biriniz deməmişdiniz.
H.Abbaszadə: — O vaxt qorxurduq deməyə.
Heydər Əliyev: — «Azərbaycan dili» demişdilər, onu demişdilər, amma, «türk dili» deməmişdilər»… (“Azərbaycan” qəzeti 10 noyabr, 1995-ci il).
Göründüyü kimi, polemikada mühüm yeri əsas məntiqi fikirlər, sübutlar, faktlar tutur. Həm də polemika iki şəxs arasında gedir. Bu onu göstərir ki, polemikanın əhatə dairəsi diskussiyanın əhatə dairəsinə görə məhduddur. Polemika məhkəmə natiqliyində müttəhimlə hakim arasında, akademik natiqlikdə aspirantla opponent arasında, hətta, müəllimlə tələbə, şagird arasında da baş verə bilər.
Dostları ilə paylaş: |