B - bilirəm İB- istəyirəm bilim Ö- öyrəndim
Müəllim lövhədə 3 sütundan ibarət cədvəl qurur və aşağıdakı bölmələri qeyd edir: - Bilirəm / İstəyirəm bilim / Öyrəndim.
Şagirdlər problemlə bağlı bildiklərini söyləyir və cavablar birinci sütunda qeyd olunur.
Həmin məsələ ilə bağlı bilmək istədikləri isə 2-ci sütuna yazılır.
Dərsin sonunda bir daha həmin cədvələ diqqət yetirilir və mövzu ilə bağlı öyrəndikləri üçüncü sütunda qeyd edilir.
“Anlayışın müəyyən edilməsi” – bu üsul tapmaca rolunu oynayan üsuldur. Müəllim hər hansı bir karta şagirdlərin tapacağı sözü yazır və onun üzünü lövhəyə çevirərək lövhədən asır. Sonra müəllim şagirdə anlayışı aça bilən 2 və ya 3 istiqamətləndirici sözü sadalayır. Şagirdlər həmin sözlərə uyğun gizlədilmiş sözü tapırlar.
“Venn diaqramı” – bu üsulun qrafik təsviri bir-biri ilə kəsişən iki dövrədən ibarətdir. Bunun mahiyyəti odur ki, dairələrin kəsişdiyi yerdə hər hansı iki anlayışın oxşar, dairələrin özlərində isə anlayışların hər birinə məxsus fərqli cəhətlər yazılır. Yəni, Venn diaqramı əşya və hadisələri müqayisə etmək, onların oxşar və fərqli cəhətlərini müəyyənləşdirmək üçün istifadə olunan üsuldur.
“Layihələrin hazırlanması” – bu üsul şagirdlərin tədqiqatçılıq bacarığının inkişaf etdirilməsi üçün vacibdir. Müəllim hər hansı bir mövzunu və ya problemi müəyyən edir və şagirdə layihə hazırlamağı tapşırır.
“Problemli vəziyyət” – bu üsul tənqidi təfəkkürü, təhliletmə və ümumiləşdirmə vərdişlərini inkişaf etdirir.
Müəllim əvvəlcədən problemi və müzakirə üçün sualları hazırlayır. Şagirdlər 4-5 nəfərlik qruplara bölünür. Problemli vəziyyət əks olunmuş işçi vərəqləri uşaqlara paylanır. Hər qrup təklif edilən vəziyyətlərdən birini müzakirə edir və həlli yolunu göstərir. Qruplar öz işlərini bitirdikdən sonra sinifdə ümumi müzakirə aparılır.
“Karusel”- dərsdən əvvəl müəllim iri kağızlarda mövzuya aid qrupların sayına uyğun suallar yazır. Sonra müəllim onlara müxtəlif sual yazılmış bir kağız verir. Qrup üzvləri sualı oxuyur və bir cavab yazır. Kağızlar saat əqrəbi istiqamətində müəllimin köməyilə qruplara ötürülür. Müəllim bu kağızları yazı lövhəsinə yapışdırır və bütün sinif cavabları müzakirə edir.