60 . Azərbaycan dili orfoqrafiyasının xüsusiyyətləri Orfoqrafiya- yunan sözü olub, orfos-düzgün, qrafio-yazı deməkdir. Orfoqrafiya- sözlərin düzgün yazılışını öyrənən elm sahəsidir.
Orfoqrafiya yazılı ədəbi dilin hamı tərəfindən qəbul edilmiş söz və onun qrammatik formalarının (morfemlərinin) vahid yazılış qaydalarının sistemidir. Orfoqrafiya təliminin məqsədi şagirdlərə ədəbi dil normalarına, yəni orfoqrafik qaydalara uyğun yazı bacarıqlarının öyrədilməsi, yazılı nitq mədəniyyətinin formalaşdırılmasıdır.
Şagirdlərin şəxsiyyət kimi formalaşmalarında orfoqrafik savadlılığın rolu böyükdür. Müəllimlərin gərgin əməyi sayəsində şagirdlər savadlı yazı bacarıqlarına və vərdişlərinə yiyələnirlər. Orfoqrafiya qaydaları vahid olduğu üçün yazılı nitq vasitəsilə ünsiyyət asanlaşır. Orfoqrafiya yazılı nitqdə fikrin düzgün və dəqiq çatdırılmasına xidmət edir.
İbtidai siniflərdə orfoqrafiya təliminin başlıca didaktik vəzifəsi şagirdlərə düzgün yazı qaydalarını öyrətməkdən ibarətdir. Düzgün yazı qaydaları dedikdə isə bura aşağıdakılar daxildir:
Saitlərin yazılışına aid qaydalar
Samitlərin yazılışına aid qaydalar
Sözün müxtəlif yerlərindəki qoşa sait və samitlərin yazılışı
Şəkilçilərin yazılışı
Rəqəmlə yazılan miqdar saylarında şəkilçilərin yazılışı
Mürəkkəb sözlərin yazılışı
Köməkçi sözlərin yazılışı
Birinci hərfi böyük yazılan sözlər
İxtisarların (abreviaturlar) yazılışı
Sözün sətirdən-sətrə keçirilməsi qaydaları
Həmin qaydaların mənimsənilməsi bir sıra bilik və bacarıqlara istinad edir. Orfoqrafik vərdişlərin yaradılması mürəkkəb prosesdir.
Qeyd etmək lazımdır ki, orfoqrafiya qaydalarına riayət etmək hamı üçün məcburidir. Orfoqrafiya lüğəti dövlət tərəfindən təsdiq olunur. İbtidai siniflərdə orfoepiya və orfoqrafiya ilə bağlı məlumatlar verilərkən, praktik işlər aparılarkən fonetikaya istinad olunmalıdır.
“Ana dilindəki söz vahidlərini tələffüzə uyğun şəkildə yazmaq ciddi səhvdir. Bu barədə ciddi akademik müddəalar mövcuddur. Ümumiyyətlə, "söz necə tələffüz edilirsə, o cür də yazılmalıdır" prinsipi əsas götürülsə, müxtəlif vaxtlarda saysız-hesabsız fərdi orfoqrafiyalar meydana çıxacaq. Unutmaq olmaz ki, sözlərin deyilişi ilə tələffüzü arasında tam eyniyyət mövcud deyildir.
orfoqrafiya orfoepiyadan fərqli olaraq bir dilin qrammatik vahidlərinin strukturu haqqında aydın təsəvvür yaradır, morfem-leksem kombinasiyasının düzgün şəkildə "hissə"lərə ayrılmasını təmin edir".