Psixologiya beyində obyektiv aləmin subyektiv surəti kimi əmələ gələn psixikanın faktları, qanunauyğunluqları və mexanizmləri haqqında elmdir. Yəni psixologiya psixika haqqında elmdir.
2.Psixologiyanın inkişaf mərhələləri Psixologiya elmi öz inkişafında müxtəlif mərhələlərdən keçmişdir:
1.Elməqədərki mərhələ. Qədim dövrdən başlayaraq bizim eradan
əvvəlki VII-VI əsrlərə qədərki dövrü əhatə edir. Bu dövrdə ruh
haqqında təsəvvürlər çoxsaylı mif və əfsanələrdə, nağıl və ilkin dini
inamlarda öz əksini tapmışdır.
2.İlkin elmi təsəvvürlər mərhələsi. Bu dövr e. ə. VII-VI əsrlərdən
başlayaraq XVIII əsrin sonuna qədər olan dövrü əhatə edir. Bu dövrdə
psixologiya elmi fəlsəfənin tərkibində inkişaf etmişdir. İkinci
mərhələnin başa çatması ilə bağlı psixoloji ədəbiyyatda fikir və
mövqelər fərqlidir. Bəziləri onun XVIII əsrin sonları, bəziləri isə XIX
əsrin ortaları başa çatdığını qəbul edir.
3.Psixologiya elminin inkişafının III mərhələsi. Almaniyada
V.Vundtun ilk eksperimental psixologiya laboratoriyasının yaratması
ilə başlayır. Eksperimental psixologiya laboratoriyası yarandıqdan
sonra psixologiya müstəqil, obyektiv və eksperimental elm sahəsinə
çevrildi. Lakin V.Vundtun qurduğu psixoloji model insanın ruhi aləmi,
emosional haləti, şəxsiyyətin strukturu ilə bağlı yeni faktlar verə
bilmədi. Belə vəziyyət alimləri psixikanın tədqiqi ilə bağlı yeni
metodlar axtarmağa sövq etdi. Bu dövrü psixoloqlar metodoloji
böhran dövrü adlandırırlar. Vahid məqsədə gələ bilməmələri
nəticəsində XX əsrin əvvəllərində psixologiyada bir neçə istiqamət
meydana çıxdı. Nəticədə psixologiyada psixoanaliz, biheviorizm,
geştalt psixologiya, marksist psixologiya istiqamətləri və məktəbləri
yarandı.