1. Tədris metodları (müəllimin fəaliyyəti). İnformasiya metodları və şagirdlərin axtarıcı fəaliyyətinin idarə olunması metodları bura aiddir. Riyaziyyatın tədris metodları dedikdə şagirdlərə riyazi bilik, bacarıq və vərdişlər sisteminin verilməsi üsulları başa düşülür. Tədris metodlarına müəllimin söhbəti, nəqli, izahı və mühazirəsi, məşq xarakterli müstəqil işlərinin idarə olunması, şagirdlərin tədris ədəbiyyatı üzərində işinə rəhbərlik və sair aid edilir. Riyaziyyatın tədris metodlarına şagirdlərin “nümunə” üzrə hərəkət etməyi öyrənməsi lazım gələn hallarda və ya tədris materialını onların müstəqil mənimsəyə bilmədiyi hallarda müraciət etmək lazımdır.
2. Öyrənmə metodları (şagirdlərin fəaliyyəti). Riyaziyyatın öyrənilməsi metodları dedikdə şagirdlərin özlərinin riyazi xarakterli fəal və müstəqil idrak fəaliyyətlərinin reallaşdırılması üsulları başa düşülür. Riyaziyyatın öyrənilməsi metodları iki qrupa bölünür: 1) Riyaziyyatın öyrənilməsinin elmi metodları (şüurlu riyazi fəaliyyət üsulları): müşahidə və təcrübə, müqayisə, analiz və sintez və s. həmçinin elmi-tədqiqat metodları: induktiv, deduktiv, traduktiv ve intuitiv idrak.
2) Riyaziyyatın öyrənilməsinin tədris metodları, yəni riyaziyyatın təliminin səmərəsini reallaşdırmaq məqsədinə orta məktəbdə riyaziyyatın tədrisi metodikasında yaradılmışdır: evristik metod, fəal təlim metodu (model üzrə təlim) proqramlaşdırılmış təlim və s.
9.Riyaziyyat təlimində evristik metodun tətbiqi.
Evristika yeni elm sahəsi olub fəlsəfə, kibernetika, psixologiya və pedaqogika elmlərinin qovuşmasından yaranmışdır. Bu elm sahələrinin mütəxəssisləri evristikaya öz mövqelərindən yanaşır, onun əsas anlayışları və müddəalarının özünəməxsus İzah edirlər. Məsələn, kibernetiklər evristikanı–məsələnin həlli sisteminin (insan, yaxud maşının) səmərəliliyini artıran üsul və yol sayırlar. Psixoloqlar evristikanı psixologiyanın yaradıcı təfəkkürü öyrənən bölməsi hesab edirlər. Pedaqoqlar və metodistlər evristikanı məsələ həll etməyin üsul və vasitələri haqqında elm adlandırırlar. Filosoflar “evristika” dedikdə yenini kəşf etməyə imkan verən qaydalar, yaxud hökmlər başa düşürlər.
Qeyd edək ki, evristikanın, əsasını psixologiyanın yaradıcı, yaxud produktiv təfəkkür adlanan bölməsi təşkil edir. Evristik fəaliyyət, yaxud evristik proseslər, təfəkkür əməliyyatlarını özünün əsas komponenti kimi öz daxilinə almaqla yanaşı bir sıra spesifik cəhətlərə malikdir. Buna görə də evristik fəaliyyətə insan təfəkkürünün elə müxtəlifliyi kimi baxılır ki, bu vaxt yeni fəaliyyət sistemi yaranır, yaxud insanı əhatə edən obyektlərin (yaxud öyrənilən elmin obyektlərinin) əvvəllər məlum olmayan qanunauyğunluqları kəşf olunur.
Evristik fəaliyyətin elmdə və riyaziyyatın öyrənilməsi təcrübəsində rolu amerika riyaziyyatçısı D.Poyanın kitablarında müfəssəl işıqlandırılmışdır. O, evristikanı xüsusi bilik sahəsi kimi xarakterizə edir. Evristikanın məqsədi kəşf və ixtiralara aparan qayda və metodları tədqiq etməkdir. Maraqlıdır ki, onun mülahizəsinə görə yaradıcı təfəkkür prosesinin strukturunun öyrənilməsində əsas metod, məsələ həllində şəxsi təcrübənin tədqiqi və başqalarının məsələni necə həll etmələri üzrə müşahidə aparmaqdır. Müəllif kəşflərə gətirən bəzi qaydaları çıxarmağa səy göstərir. Məsələ həllinə dair kitabın sonunda verilmiş sxem maraqlıdır. Sxem müvəffəqiyyət əldə etmək üçün əməlləri hansı ardıcıllıqla icra etməyi göstərir. Bu mərhələlər aşağıdakılardır:
1. Məsələnin qoyuluşunun başa düşülməsi.
2. Həllin planının tərtibi.
3. Planın həyata keçirilməsi.
4. Alınmış həllin öyrənilməsi.
Məsələni həll edən hər bir şəxs bu mərhələlərin icrası gedişində aşağıdakı suallara cavab verməlidir: Nə məchuldur? Nə verilmişdir? Şərt nədən ibarətdir? Bu məsələ bir qədər başqa şəkildə də olsa əvvəllər mənə rast gəlmişdirmi? Bu məsələyə oxşar məsələ varmı? Ondan istifadə etmək olmazmı? Göründüyü kimi bu sxem, əsasən evristik fəaliyyətin bir prinsipinin, keçmiş təcrübənin bu və ya başqa şəkildə istifadə olunmasını nəzərdə tutur.
Məlumdur ki, riyaziyyatın öyrənilməsi prosesində məktəblilər tez-tez müxtəlif çətinliklərlə qarşılaşırlar. Lakin evristik təlimdə bu çətinliklər adətən öyrənilmə üçün stimul təşkil edir. Belə ki, bu və ya digər məsələnin həlli, yaxud teoremin isbatı üçün şagirdin bilik ehtiyatı kifayət etmirsə, onlar bu boşluğu doldurmağa səy göstərir, bu və ya digər xassəni müstəqil “tapır” və bununla da onun öyrənilməsinin faydalılığını aşkar edirlər. Bu halda, müəllimin rolu şagirdin işini elə təşkil etmək və istiqamətləndirməkdən ibarət olur ki, onun qarşılaşdığı çətinliklər, şagirdin qüvvəsinə uyğun olsun. Evristik metodu geniş tətbiq edən müəllimlərin təcrübəsi göstərir ki, bu, şagirdlərin tədris fəaliyyətinə təsir edir. Evristikada “zövq” əldə edərək, şagirdlər artıq “hazır göstərişlər» üzrə işi maraqsız, cansıxıcı iş kimi qiymətləndirməyə” başlayırlar. Onların dərsdə və eləcə də ev şəraitindəki tədris fəaliyyətində əhəmiyyətli cəhəti məsələnin bu və ya digər həll üsulunun müstəqil “kəşf” etməsindən ibarətdir. Evristik metod və priyomların tətbiq olunduğu işlərə şagirdlərin marağı aşkar şəkildə artır.