30.Subasar çəmən torpaqları
Subasar –çəmən torpaqları Kür və Araz çaylarının subasarlarında səth və qrunt sularının təsiri altında formalaşırlar. Lənkəran vilayəti və Böyük Qafqazın şimal-şərq yamaclarının çaylarının subasarlarında da göstərilən torpaqların ayrı-ayrı massivlərinə rast gəlmək mümkündür. Təsvir edilən torpaqların yayıldığı ərazilərdə çay sularının torpaq səthini basması (əsasən daşqınlar dövründə) və bu prosesin davametmə müddətindən asılı olaraq normal torpaqəmələgəlmə ritmi bir çox hallarda pozulur.
Respublikamızın subasar çəmən-meşə torpaqlarından fərqli olaraq subasar-çəmən torpaqları çəmən və kol bitkiləri altında formalaşırlar. Zəngin ot bitkiləri göstərilən torpaqların üzvi maddələr və kül elementləri ilə zənginləşməsində böyük rol oynayır. Qrunt suları səthə nisbətən yaxın yerləşir və adətən zəif dərəcədə minerallaşmış olur. Təsvir edilən torpaqların yayıldığı ərazilərdə kobud çeşidlənmiş qumlu-gillicəli, yaxud qumlu-çaqıl daşlı çınqıllı gətirmələrdən ibarət olan müasir allüvial çöküntülər əsas torpaqəmələgətirici süxurlar rolunu oynayır.
Subasar rejimin ifadə olunma dərəcəsinə və torpaqəmələgəlmə prosesinin inkişaf xüsusiyyətlərinə görə subasar-çəmən torpaqları tipi daxilində aşağıdakı yarımtiplər fərqləndirilir: laylı-ibtidai subasar-çəmən, laylı subasar-çəmən, çimli subasar-çəmən və suvarılan subasar-çəmən torpaqları. Həmin yarımtiplərin V.H.Həsənov tərəfindən verilmiş təsvirini nəzərdən keçirək.
Dostları ilə paylaş: |