43. II Dünya müharibəsinin II mərhələsində hərbi əməliyyatlar. 1941-ci ilin dekabrın 7 də Yaponiya Havay adalarında yerləşən Perl-Xarbordakı hərbi dəniz bazasını bombardman etdi. Buna cavab olaraq dekabrın 7-də ABŞ Yaponiyaya müharibə elan etdi. Dekabrın 8-də Fransa və İngiltərə Yaponiyaya, İtaliya və Almaniya isə ABŞ-a müharibə elan etdilər. Sakit okeanda müharibənin yeni mərhələsi başlandı.
İkinci dünya müharibəsində dönüşün ilk əsaslı addımları Sakit okeanın mərkəzində 1942-ci ilin iyununda Miduey adası yaxınlığındakı döyüşdə yaponların ABŞ donanması tərəfindən məğlub edilməsi ilə atıldı. Bu döyüşdən sonra yaponlar bir daha Sakit okeanda hücum əməliyyatlarına başlaya bilmədilər.
1942-ci ilin iyununda almanlar Xarkovu tutduqdan sonra Volqaya doğru irəliləməyə başladılar.Almanlar Stalinqradı tutmaqla Moskvanı Bakının neftindən və Şimali Qafqazın taxılından məhrum etmək yolu ilə SSRİ-ni məğlub etməyi fikirləşirdilər. 1942-ci ilin iyulun 17-də Stalingrad və iyulun 25-də Qafqaz uğrunda şiddətli müdafiə döyüşləri başlandı. Faşistlər «Edelveys» planını həyata keçirmək istəyirdilər. 1942-ci il sentyabrın 9-da SSRİ-nin Ali Baş komandanlığı Cənubi Qafqaz respublikalarında, o cümlədən Azərbaycanda hərbi vəziyyət elan etdi. Bakı müdafiə rayonu yaradıldı. Düşmənin 1942 və 1943-cü ildə dəfələrlə Bakının səmasına soxulmaq cəhdi baş tutmadı.
Cənubi Qafqaz cəbhəsində 66 min azərbaycanlı vuruşurdu. Mozdoku tutduqdan sonra güclü müqavimətə rast gələn düşmən hücum taktikasını dəyişdi. Bakıya deyil, Nalçik-Orconikidze istiqamətində yeridi. 1942-ci ilin oktyabrında Sovet ordusu Orconikidze yaxınlığında faşistləri darmadağın etdi və onlar şimala doğru qovuldular.
Almanlar Stalingrad istiqamətində bir milyondan çox əsgər və zabit toplamışdı. Sentyabrda artıq Stalinqradın özündə döyüşlər gedirdi. Sovet komandanlığının Stalinqradı müdafiə etmək planı "Uran" adlanırdı. 1942-ci ilin noyabrın 19-20-də Stalinqrad, Don və Cənub-Qərb cəbhəsinin qoşunları hücuma keçərək noyabrın 22-də Stalinqradın şimalındakı Kalaç rayonunda almanların 330 min əsgər və zabitini əsir aldılar. Bu hücum zamanı e.ə. 216-cı ildə olmuş Kanna döyüşündə tətbiq edilmiş Hannibalın “aypara” taktikasından istifadə edilmişdi. Hitler mühasirədə olanlara kömək etmək üçün Şimali Qafqazdan Manşteynin rəhbərliyi altında böyük bir zərbə qrupunu göndərdi. Lakin Stalinqradın cənubundakı Tormosovo Kotelnikov rayonunda sovet qoşun hissələri tərəfindən onlar darmadağın edildilər. Almanların mühasirəni yarmaq cəhdi baş tutmadı. 1943-cü il yanvarın 15-dən fevralın 2-dək keçirilən hərbi əməliyyatlarda mühasirəyə düşmüş qoşun hissələri məhv edildi. Strateji üstünlük sovet ordusu tərəfinə keçdi. İkinci dünya müharibəsində Antihitler koalisiyasının xeyrinə qəti olaraq əsaslı dönüş başlanmış oldu.
Nasist ordusu mənən və ruhən sarsıldı. Yaponiya SSRİ əleyhinə hücuma keçmək planından birdəfəlik əl çəkdi. İşğal altında olan yerlərdə müqavimət hərəkatı gücləndi..Stalinqraddan sonra ən parlaq qələbə Leninqradın mühasirəsinin yarılması oldu. Blokada illərində şəhərin 850 minə yaxın dinc sakini həlak oldu.
1943-cü ilin yayında alman komandanlığı strateji təşəbbüsü yenidən əlinə almaq üçün cəhd etdi. Almaniya tərəfindən Kursk ətrafında «Kursk qövsü» adlandırılan çıxıntı şəkilli mövqedə yerləşən sovet qoşunlarını mühasirəyə alıb məhv etmək üçün hücum planı ("Sitadel"-«Qala») tərtib olundu. Sovet komandanlığı bundan xəbər tutaraq almanların hücum edəcəyi istiqamətlərdə böyük qüvvələr topladı. 1943-cü il iyulun 5-də sübh çağı alman qoşunları hücuma keçdilər. Kursk-Oryol döyüşü başlandı. Almanlar böyük itkilər hesabına çox az irəliləyə bildilər. Proxorovka kəndi yanında İkinci dünya müharibəsinin ən böyük tank döyüşü oldu. Döyüşdə hər iki tərəfdən 1200-ə yaxın tank iştirak edirdi. Almanlar taqətdən salındı və iyulun 12-də sovet qoşunları əks-hücuma keçdi. Avqustun 5-də Oryol və Belqorod, 23-də isə Xarkov azad olundu. Kursk döyüşü ilə sovet alman müharibəsinin gedişində əsaslı dönüş başa çatdı, strateji təşəbbüs qəti olaraq sovet komandanlığının əlinə keçdi. Sentyabrın sonunda sovet qoşunları Dneprə çıxaraq çayı keçdilər. Noyabrın 6-da Kiyev azad edildi.
ABŞ və Böyük Britaniya ikinci cəbhənin açılmasına tələsmirdilər. İngiltərənin 1940-cı ilin mayından baş naziri olan Çörçil ikinci cəbhənin Balkan yarımadasından açılmasını istəyirdi, Stalin isə onun Şimali Fransadan-Normandiyadan açılması təklifini irəli sürürdü.
Sovet Ordusunun uğurlu hücumu müttəfiqlərə Şimali Afrikada hücuma keçmək üçün əlverişli şərait yaratdı. 1941-ci ilin noyabrında ingilislər Tobrukun blokadasını ləğv etdilər. 1942-ci ilin oktyabrın 23-də Əl-Əlameyn yaxınlığındakı döyüşdə Montqomerinin başçılıq etdiyi ingilis-amerikan qoşunları alman-italyan qoşunları üzərində parlaq qələbə çaldılar. 1943-cü ilin fevralında onlar Liviya-Tunis sərhəddinə çıxdılar. Bu "ox" dövlətlərinin Yaxın Şərqi tutmaq planının qarşısını aldı. Fransızlar "Fakel" əməliyyatına uyğun olaraq Eyzenhauerin başçılığı ilə Əlcəzair şəhərini tutdular. Tunis alındı. Bu alman-italyan qoşunlarının Şimali Afrikada çox böyük məğlubiyyəti demək idi.
Şimali Afrikanın faşistlərdən azad edilməsi müttəfiqlərə imkan verdi ki, İtaliyaya qoşun çıxartsınlar. İnqilaba yol verməmək üçün 1943-cü ilin sentyabrın 3-də müttəfiqlərlə barışıq haqqında saziş bağladı. İtaliya danışıqsız təslim oldu.
1942-ci ilin avqustunda ABŞ Solomon adasına desant çıxartdı. Artıq 1942-ci ilin payızında ABŞ dənizdə bir neçə qələbə qazandı. Lakin hərbi əməliyyatlar yavaş getdiyinə görə 1944-cü ilin əvvəllərinə qədər davam etdi. ABŞ 1943-cü ilin iyununda Yeni Qvineyanı, noyabrında Kilberti adasını azad etdi. Dekabrda Yeni Britaniya adası azad edildi. Bu dövrdə yaponlara qarşı Şərqi və Cənub-Şərqi Asiyada milli azadlıq hərəkatı başlandı. 1944-cü ildə müharibə həlledici mərhələyə qədəm qoydu.