Tarixi qaynaqlardan məlum olur ki, lap qədim zamanlardan məzmunlu, aydın, yığcam, təsirli nitqə malik olan adamlar cəmiyyət tərəfindən həmişə yüksək qiymətləndirilmişdir. Nitqin gözəlliyi və ona sahib olmağın yolları böyük şəxsiyyətlərin daima diqqəti mərkəzində olmuşdur.
Miladdan əvvəl Qədim Misirdə, Hindistanda, Çində, Babilistanda və digər bir sıra yerlərdə görkəmli natiqlər yetişmişdir. Lakin natiqlik sənətinin, gözəl nitqin, nitq mədəniyyətinin əsl vətəni qədim Yunanıstan olmuşdur. Natiqlik də bir elm kimi Yunanıstanda meydana gəlmiş, inkişaf etmişdir. Qədim Yunanıstanın ictimai-siyasi həyatındakı mübarizələr, iqtisadiyyatda baş verən irəliləyiş, elmi tərəqqi ilə bağlı Afina şəhər dövlətində natiqlik sənəti inkişaf etməyə başlayır. Ölkəni idarə edənlər ideyalarını müdafiə etmək, məqsədlərini kütlələrə çatdırmaq məqsədilə sözdən, natiqlik sənətindən təsirli və kəsərli silah kimi istifadə etməyə çalışırdılar.
Eramızdan əvvəl VII-IV əsrlərdə fəaliyyət göstərən yunan natiqlik məktəbi Aristotel, Antifont, Andokid, Lisiy, İsey, İsokrat, Molon, Kvintilian, Demosfen, Hipeorid, Likurq, Esxil, Dinarx kimi görkəmli natiqlər yetirmişdir. Onlar natiqlik sənətini, onun nəzəriyyəsini, təlimini qurmuş və sistemini yaratmışlar. Həmin məktəblərdə dərs deyən Aristotel, Qorqiy, Frasimax, İsokrat, Demosfen, Esxin kimi görkəmli natiqlər bu sənəti həm nəzəri, həm də praktik şəkildə öyrənənlərə aşılamışlar. Bu dövrdə natiqlik sənətinin nəzəriyyəsindən bəhs edən “Ritorika” elmi də yaranır və inkişaf edir.
Antik yunan natiqlik sənətinin yaranması və inkişafında Aristotelin xüsusi rolu olmuşdur. Aristotel e.ə.335-ci ildə “Ritorika” adlı əsərini yazıb natiqlik sənətinin elmi əsaslarını vermiş, sənəti insan fəaliyyətinin xüsusi növü kimi qiymətləndirmiş, natiq nitqinin quruluşunu, üslubunu, orfoepiyasını, ifadəlilik vasitələrini geniş şəkildə izah etmişdir. “Ritorika” əsəri üç hissədən ibarətdir:
b) Natiq üçün lazım olan şəxsi keyfiyyət və qabiliyyət;
c) Nitqin texnikası, vasitələri və priyomları.
Qədim Yunanıstanda natiqlik sənətinin inkişafına güclü təsir göstərən səbəblərdən biri də Solon qanunları olmuşdur. Bu qanunlara görə hər bir afinalı məhkəmədə öz hüququnu müdafiə etməyi bacarmalı idi. Belə bir tələb əsasında afinalılar hüquqi biliklərə yiyələnməyə, həm də öz hüquqlarını müdafiə etmək üçün aydın, təsirli, məntiqli, rabitəli danışmağa xüsusi səy göstərirdilər. O zaman məhkəmədə vəkillər fəaliyyət göstərmədiyindən vətəndaşlara loqoqraflar kömək edirdilər. Loqoqraflar hüquqi təhsil almış adamlar idilər, onlar xüsusi muzdla məhkəmədə baxılacaq işin məzmun və mahiyyəti ilə bağlı nitqlər yazırdılar. İşi məhkəməyə düşən afinalı həmin nitqi əzbərləyir və məhkəmə prosesində özünü müdafiə edirdi. Lisi, Hiperid, Esxin, Trasimax, Demosfen öz dövrlərinin görkəmli loqoqrafları, natiqləri olmuşlar.
Demosfenin natiqlik sənətinə yiyələnməsi heç də asan yolla olmamışdır. Belə ki xalq qarşısında gənc natiqin ilk çıxışı uğursuz qurtarır: səs-küy, gülüş izdihamı ona nitqini bitirməyə imkan vermir. Bu uğursuzluq tamamilə təbii idi. Çünki Demosfenin səsi çox aşağı tonda idi, danışığı ifadəsiz idi. O kəkəliyir, “r” və “1” səslərini düzgün tələffüz etmirdi. Onun çiyinlərini çəkmək vərdişi var idi və ictimaiyyət qarşısında özünü idarə edə bilmirdi. Onun xalq yığıncağı qarşısındakı ikinci çıxış etmək səyi dil baxımından uğursuz olmuşdur. O ruhdan düşmüş və üzünü örtmüş halda, evə tələsir və heç hiss etmirdi də ki, onun izi ilə məşhur Afina aktyoru gəlir. Onlar birlikdə yol gedirlər. Demosfen öz uğursuzluğu barədə dostuna acı-acı şikayətlənməyə başlayır və deyir ki, xalq dilin dərin məzmununu qiymətləndirmir və anlamır.