2. Dilin funksiyaları. Kommunikasiya Ritorika. Ritorikanın tarixi



Yüklə 28,38 Kb.
səhifə5/10
tarix01.01.2022
ölçüsü28,38 Kb.
#50549
növüYazı
1   2   3   4   5   6   7   8   9   10
ritorika

7. Roma natiqlik məktəbi

Roma natiqlik məktəbinin yaranmasında əsas amilləri Yunanıstanın zəifləməsi və yüksək təbəqənin ondan üz döndərməsi oldu. Romanın güclü inkişafı, Yunanıstanı öz əyalətinə çevirməsi natiqlik məktəbinin yaranmasına gətirib çıxardı. Roma natiqlik məktəbi yunan natiqlik məktəbinə nisbətən daha azad və demokratik idi. Əgər Yunanıstanda yalnız qullar nitq söyləyib özünü müdafiə edirdisə, Romada hər bir vətəndaş bu hüquqa malik idi. Lakin buna baxmayaraq, nitqin priyomları, məktəblərdə tədris, yunan ritorlarının əsərləri bir mənbə kimi Roma natiqlərinə öz təsirini göstərirdi.

Bu dövrdə Romada Katon, Antoni Mark, Qay Qrakx, Tiberi Qrakx və başqa natiqlər yetişmişdi. Tədqiqatçılar bu natiqlərin əsərlərini araşdırarkən bəlli olub ki, bəzi natiqlərin əsərləri tam şəkildə, bəzisinin isə yaradıcılığından kiçik, cüzi bir hissə miras qalmışdır. Roma natiqlik sənətinin ən görkəmli nümayəndəsi Mark Tulli Siseron hesab olunur. Elm aləmində yüz beş nitqinin olması haqqında məlumat olan, lakin onlardan əlli səkkizinin bizə gəlib çatması onun haqqında söz deməyə əsas verir. Mark Tulli Siseron ilk nitqini 81-ci ildə, iyirmi yeddi yaşında olarkən söyləmişdir. Bu nitq Publinin mülki işi ilə bağlı olmuşdur. İkinci nitqi isə Romada dövlətli adamlardan biri olan Sekst Rostsinin ölümü ilə əlaqədar olmuşdur. Roma küçələrinin birində qətlə yetirilən Rostsinin oğluna da sui-qəsd hazırlanır. Təsadüf nəticəsində sağ qalan oğul, qəsdçilər tərəfindən “ata qatili” kimi ittiham olunur. O dövrün adlı-sanlı natiqləri susduğu halda gənc natiq Mark Tulli Siseron müdafiə nitqi söyləyir. Sonra qədim Yunanıstana səfər edir, Antioxun mühazirələrinə qulaq asır və təcrübəsini daha da artırır.

Siseron həm də dövlət işlərində çalışıb xalqın hörmətini qazanmışdı. Dövlət xəzinəsinə nəzarətçi kimi rəhbər vəzifədə çalışan Siseron xalqa və vətəninə namusla xidmət etmişdir. Siserondan sonra bu vəzifəyə gələn Verres xalqı soyur, talayırdı. Siseron isə xalqın təkidi ilə onu məhkəməyə verir. Məhkəmə Verresi külli miqdarda pulla cərimə edir. Siseron sonra daha böyük xalq məclislərində, yığıncaqlarında çıxışlar edib, böyük hörmət qazanır. Hətta tarixdə böyük sərkərdə kimi tanınan Qney Pompeyin baş komandan seçilməsi zamanı nitq söyləyən Siseron danışmağı özünə şərəf bilir. Xalqın ona göstərdiyi hörməti yüksək qiymətləndirir.

Siseron öz siyasi nitqlərini 64-cü ildə konsul seçiləndən sonra söyləməyə başlayır. Bu illər onun yaradıcılığının çiçəklənmə dövrü hesab olunur. Siyasi arenada isə Siseron ən böyük səhvini edir. Lutsi Katilianın təşkil etdiyi sui-qəsddə iştirak edənlərdən beş nəfəri məhkəməsiz edam etdirir. Bu onun düşmənlərinin fəallaşmasına səbəb olur. Katilianın tərəfdarı Klodi xalq tribunu seçilir və Siserona qarşı hücuma keçir. Siseron Romanı tərk edir, Yunanıstana gəlir. Onun evi, malikanəsi müsadirə olunur. Bir il yeddi aydan sonra Romaya qayıdan Siseron evini, malikanəsini məhkəmə vasitəsilə geri qaytarır. Onun Romaya qayıtmasına yaxından köməklik edən nüfuzlu şəxslərdən asılı vəziyyətə düşür. Hətta, Publi Setsi kimi şəxslər haqqında müdafiə nitqi də söyləyir. Kiligiyada prokonsul (51-ci ildə) işləyir. Vaxtı qurtaran kimi yenə Romaya qayıdır. Qalmaqallı Roma yenə Siseronu rahat buraxmır, hakimiyyət uğrunda mübarizə, xalq iğtişaşları məşhur natiqi ağuşuna alır.

Siseron Mark Antoniyə qarşı cidd-cəhdlə mübarizə aparmağa başlayır, alovlu nitqlər söyləyir. Böyük Demosfenin şərəfinə bu nitqlərini «filippika» adlandırır. Bu çıxışlar isə ona həyatı bahasına başa gəlir. Mark Antoni hakimiyyətdə nüfuzlu bir şəxs kimi məşhur olur. Bu nüfuzundan istifadə edərək alovlu natiq, vətənpərvər, dövlət xadimi Siseronun başını və yazı yazan sağ əlini kəsdirir. Bu tarixdə ən dəhşətli ölümlərdən biri idi. Onun yazdığı «Natiq haqqında», «Brut», «Natiq», məşhur «Ritorikası» natiqlik sənətində əbədi, həmişəyaşar bir həyat qazandı. Roma imperatorluğu natiqlik sənətinin süquta uğramasına səbəb oldu.


Yüklə 28,38 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin